Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Bakıda kollektor şirkəti vətəndaşa qarşı böyük cinayət törətdi – şok təfərrüat

Bakıda kollektor şirkəti vətəndaşa qarşı böyük cinayət törətdi – şok təfərrüat

Krediti ödəyə bilməyən şəxs girov götürüldü; Əkrəm Həsənov: “Buna görə onlar barəsində cinayət işi başlanmalı və cəzalandırılmalıdırlar”

Bakıda krediti ödəyə bilməyən şəxsi girov götürüblər. Paytaxtın Nizami rayonunda yaşayan Bəhruz Sadiqi 2 il əvvəl bankdan kredit götürüb. Lakin ödənişdə gecikmələr olduğu üçün bank tərəfindən məhkəməyə verilib. Bəhruz Sadiqi də icra məmuru ilə danışaraq deyilən məbləği ödəyəcəyini bildirib.

Lakin bank kollektor agentliklərdən birinə müraciət edərək, Bəhruz Sadiqidən kredit borcunu almasını istəyib. “Bakı Kollektor Agentliyi”nin əməkdaşları da onu razılığa gəlmək üçün ofisə dəvət ediblər. Bəhruzun sözlərinə görə, telefonda mülayim danışsalar da, ofisə çatdıqdan sonra ona müxtəlif təzyiqlər göstərməyə başlayıblar. Hətta mobil telefonunu əlindən alaraq bir neçə saat girov da saxlayıblar. Günorta isə ona başqa bir telefon veriblər ki, zəng vurub pul istəsin.

Yalnız polis əraziyə gəldikdən və agentliyin əməkdaşları borcu ödəyəcəyinə dair ərizə yazdırdıqdan sonra Bəhruz Sadiqini buraxıblar. “Xəzər TV” əməkdaşları məsələ ilə bağlı “Bakı Kollektor Agentliyi”nin mövqeyini öyrənməyə çalışıb. Lakin çəkilişə mane olmaqla yanaşı, suallara cavab verməkdən də yayınıblar. Ərazi üzrə Nəsimi rayonu 19-cu polis bölməsindən isə bildirildi ki, Bəhruz Sadiqi və yoldaşları bölməyə dəvət ediliblər, araşdırma aparılır.

Image result for Əkrəm Həsənov

Azərbaycanda 2016-cı ildə yaradılmış “Antikollektor” MMC-nin təsisçişi, bank sektoru üzrə ixtisaslaşmış iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, Bəhruz Sadiqiyə qarşı atılan addımlar qanunsuz olmaqla yanaşı, faktiki olaraq cinayət əməlidir: “Azərbaycanda kollektor şirkətlərinin fəaliyyəti qanunsuzdur. Yəni vətəndaşı çağırıb girov götürməsələr, ona hədə-qorxu gəlməsələr, döyməsələr belə, ümumən kollektor şirkətlərinin fəaliyyəti qanunsuzdur. Bank tərəfindən vətəndaş, onun borcu haqda 3-cü şəxsə, o cümlədən kollektor şirkətinə məlumat verilməsi ”Bank sirri haqda” Qanunun pozulmasıdır. Banklar müştəriləri haqqında məlumatı kimsəyə verə bilməz. Yəni vətəndaşın banka borcu haqda məlumatı kimsəyə verib deyə bilməzlər ki, get borcumuzu tələb elə, ona zəng elə, çağır və pulu al. Bu, tam qanunsuz bir əməldir”.

Ekspertin sözlərinə görə, bank sirrinin pozulması faktlarının qanunsuzluğunu məhkəmə qaydasında təsbit ediblər: “Bizim şirkətə müraciət edən vətəndaşlardan bir neçəsi bank sirrinin pozulmasından şikayət etmişdilər. Onların iş yerlərinə, 3-cü şəxslərə banka borcları olması haqda məlumatların banklar tərəfindən verildiyini demişdilər. Məhkəmələrdə həmin banklara qarşı iddialar qaldırdıq, vətəndaşların xeyrinə qərar çıxarıldı. Iddiaçı vətəndaşlara bank sirrinin yayılmasından vurulan mənəvi zərərə görə kompensasiya ödənilməsi də qət olundu. Banklar vətəndaşlara 1000-2000 manat mənəvi zərərə görə kompensasiya ödədilər”.

Tanınmış hüquqşünas deyir ki, banklar yalnız bir halda vətəndaşın banka borcu haqda 3-cü şəxsə məlumat verirlər: “Banklar hüquqşünaslara, nümayəndələrə etibarnamə verə bilər ki, borclu müştərisinə qarşı məhkəmə iddiası qaldırsın. Burada bank sirrinin posulmasından söhbət gedə bilməz, çünki belə işlər üzrə məhkəmə açıq keçirilir. Amma bank müştərisinin borcu haqda məlumat verə bilməz. Vətəndaş Bəhruz Sadiqiyə münasibətdə bank sirri pozulub. Vətəndaşın kollektor agentliyinə dəvət olunması, orada saxlanılması, telefonunun əlindən alınması, zor tətbiq olunması cinayətdir. Azərbaycanda hüquq-mühafizə orqanlarından başqa heç kəs vətəndaşı saxlaya bilməz. Vətəndaşa zor tətbiq olunması qanunla nəzərdə tutulan hallarda ola bilər. Kollektorların fəaliyyəti qanunsuz olmaqla yanaşı, həm də hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin mənimsənilməsidir. Dövlət içində dövlətdirlər və dövlət orqanlarının funksiyalarını üzərlərinə götürüblər. Bu, kobud qanun pozuntusu, cinayətdir. Buna görə də vətəndaşa qarşı yol verdikləri hərəkətlərə görə barələrində cinayət işi başlanmalı və cəzalandırılmalıdırlar”.

Ə.Həsənovun sözlərinə görə, vətəndaşların da hazırda hökm sürən durumda günah payları var: “Vətəndaşa zəng edib kollektor şirkətinə çağırırlar. Sual olunur – vətəndaş kollektordan pul alıb? Cavab – yox! Deməli, vətəndaş həmin çağırışa əhəmiyyət verməməli, çağırdıqları yerə getməməlidir. Vətəndaşın banka borcu varsa, yalnız və yalnız bankın çağırışı ilə bankın ofisinə, filialına gedə bilər. Vətəndaşa kimsə zəng vurur, vətəndaş zəng edən şəxsi heç tanımır, zəng edən də deyir ki, banka borcunu ver. Vətəndaş həmin şəxsə sual verməlidir – axı sən kimsən? Vətəndaş, ümumiyyətlə, tanımadığı şəxslə banka borcunu müzakirə etməməlidir. Həmin şəxs vətəndaşa təzyiq edirsə, vətəndaş dərhal polisin 102 xidmətinə müraciət etməlidir. Deməlidir ki, filan nömrədən zəng edib onu narahat edirlər. Amma əksər vətəndaşlar neyləyir? Tanımadığı, borc almadığı hansısa kollektor şirkətinə gedir və orada zorakılığa məruz qalır, təzyiqlərlə üz-üzə qalıb şəxsiyyəti təhqir olunur. Halbuki Azərbaycan qanunvericiliyi borc məsələsində olduqca konkretdir. Yəni borcun qaytarılmasının bir yolu var – məhkəmə. Vəssalam. Vətəndaşın banka borcu varsa, vətəndaş borcu ödəmirsə, bank borcu almaq üçün yalnız məhkəməyə müraciət edə bilər. Məhkəmə qərar verərsə ki, vətəndaş borcu ödəməlidir, həmin qərarı məhkəmə icra məmuruna göndərməlidir. İcra məmuru da vətəndaşdan borcu tələb etməlidir. Bu halda da vətəndaşdan borc o halda tələb oluna bilər ki, o, borcu ödəmək imkanı olsun. Vətəndaşın imkanı yoxdursa, ”Müflisləşmə və iflas haqqında”, “İcra haqqında” qanunlara görə ondan borc tələb oluna bilməz.

“İcra haqqında” Qanunda göstərilib ki, əmlak yoxdursa, gəlir yoxdursa, vətəndaşı təqib etmək olmaz, borc vətəndaşın üzərindən götürülməlidir. Azərbaycan qanunları bunu tələb edir”.

Müsahibimiz deyir ki, vətəndaş Bəhruz Sadiqinin işində bank məhkəməyə müraciət edib və iddia təmin olunub. İş icra məmuruna ötürülüb. İcra məmuru isə vicdanlı olub və görüb ki, vətəndaşın heç bir əmlakı yoxdur. Borcu ödəmək qabiliyyəti də yoxdur. Buna görə də vətəndaşa qarşı hər hansı tədbir görülməyib: “Bundan sonra bank görüb ki, iddiasının təmini mümkün deyil, kollektor şirkətinə müraciət edib. Bu, qanunsuzluqdur və vətəndaş müraciət edəcəyi təqdirdə bankdan ona vurulmuş mənəvi zərəri tələb edə bilərik. Eyni zamanda bankın müraciət etdiyi kollektor şirkətinin vətəndaşa qarşı əməlində cinayət tərkibi var və vətəndaş məsələ ilə bağlı DİN-ə müraciət etməlidir”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın