Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Araşdırma / Bakıda hər gün baş verən yanğınların səbəbi: gizli terrormu, qəzamı…

Bakıda hər gün baş verən yanğınların səbəbi: gizli terrormu, qəzamı…

İbrahim Kərbalayev: “Tərəfimizdən mütəmadi şəkildə maarifləndirmə işləri aparılır”; Nüsrət Qasımov: “İnsanlar qayda-qanuna əməl etmədikləri üçün belə hallar yaşanır”

2018-ci başlayandan Bakıda ard-arda yanğın hadisələri baş verir. Ötən günlər ərzində paytaxt ərazisində baş verən müxtəlif miqyaslı yanğınlar zamanı ölən və yaralanan da olub. Yanğın hadisələri son on gündə demək olar ki, hər gün baş verib. Ötən on gündə baş verən yanğınların  statistikasına nəzər salaq:

Yanvarın 25-də Bakının Nəsimi rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və dəhliz 3 m² sahədə yandı. Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas edildi.

Yenə də yanvarın 25-də Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 5 p.m kabel yandı. Yanğınsöndürənlər tərəfindən 13 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub, 1 nəfər xilas edildi.

Yanvarın 27-də Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında yerləşən mağazada güclü partlayış baş verdi. Partlayışın qaz sızması səbəbindən baş verdiyi bildirildi. Hadisə nəticəsində yanıq xəsarətləri alan Zahid Mahmudov bir neçə gün sonra xəstəxanada dünyasını dəyişdi.

28 yanvar tarixində  Bakıda yenə yanğın hadisəsi baş verdi. Bu dəfə  yanğın hadisəsi Qaradağ rayonu, Buta Qəsəbəsində ümumi sahəsi 100 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı evdə yaşandı. Nəticədə evin 1 otağı 40 m² sahədə yandı. Evin qalan hissəsi isə yanğından mühafizə olundu.

Yanvarın 29-da Bakının Nəsimi rayonunda ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yandı. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti aldı.

Yanvarın 30-da Bakıda iki yerdə yanğın oldu. Belə ki, Bakının Sabunçu rayonunda birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 3 m2 sahədə yandı. Eyni gündə  Nizami rayonunda Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının ərazisində məişət tullantıları 5 m2 sahədə yandı.

Fevral ayı da yanğın hadisələri ilə başlayıb. Belə ki, ayın 1-də Yasamal rayonunda mağaza, 2-də isə Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yandı. Yanğın zamanı iki nəfər tüstüdən zəhərləndi, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı isə təhlükəsiz əraziyə təxliyə olundu. Fevralın 3-də Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanında yerləşən binanın girişindəki mağazada yanğın hadisəsi zamanı köməksiz qalmış azyaşlıları xilas edən Nəsimi RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları – polis serjantları Qoşqar İsmayılov və Kamran Əhmədli tüstüdən zəhərləniblər. Fevralın 5-də yenə də Nəsimi rayonu Salatın Əsgərova küçəsində ikimərtəbəli fərdi yaşayış evində də yanğın baş verib.

Bütün bu hadisələrin baş vermə səbəbləri sırasında ilk yerdə vətəndaşların qazdan istifadəsi zamanı yol verdikləri ehtiyatsızlıq göstərilir. Həmçinin, müxtəlif ərazilərdə qaz verilişinin xəbərdarlıq edilmədən kəısilməsi və az sonra verilməsi də açıq qalan sobalarda qaz partlayışına səbəb olur. Ekspertlər hesab edirlər ki, ard-arda baş verən yanğınların terror və digər bu kimi məsələlərlə əlaqəsi yoxdur.

Ekspert Nüsrət Qasımov ile ilgili görsel sonucu

“Azəriqaz” İstehsalar Birliyinin mətbuat xidmətindən rəhbəri İbrahim Kərbalayev hesab edir ki, kütləvi halda qazla bağlı yanğın hadisələri yoxdur. O,  “Yeni Müsavat”a açıqlamasında aşağıdakıları bildirdi: “Son 10 gündə yanğın hadisələri baş verdiyini söyləyirsiniz. Ancaq qeyd edim ki, belə bir kütləvi hal yoxdur. Buna baxmayaraq əməkdaşlarımız tərəfindən aidiyyəti qurumlarla birlikdə, o cümlədən vətəndaşlarla təbii qazın alqı-satqı müqaviləsi bağlanan zaman təhlükəsizlik qaydaları ilə bağlı xəbərdarlıqlar olunur, monitorinqlər keçirilir. Əməkdaşlarımız tərəfindən kütləvi informasiya vasitələri ilə təhlükəsizlik qaydaları çatdırılıb,  tərəfimizdən mütəmadi şəkildə maarifləndirmə işləri aparılır”.

Ekspert Nüsrət Qasımov ile ilgili görsel sonucu

Ekspert Nüsrət Qasımov isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu hadisələr əsasən vətəndaşların məsuliyyətsizliyinin nəticəsidir: “Fikir verin ki, yolda da piyada keçidi olduğu halda insanlar özlərini sürətlə gedən maşının altına atırlar. Bu səhlənkarlıq, qanuna məhəl qoymamağın nəticələridir. Qazdan təhlükəsiz istifadə qaydaları ilə bağlı gözəl qanunlar var. Ancaq buna riayət etmirlər. Zəhərlənmənin də 99 faizi bununla bağlıdır. Yanğına gəlincə isə qeyd edim ki, bunun da fərqli səbəbləri var. İnsanlar yeni ev tikən, təmir etdirən və ya elektrik şəbəkəsinə qoşulan zaman müvafiq “n” kəsiyində olan naqilləri seçmirlər. Yaxud da mis deyil, alüminium naqillərdən istifadə edirlər ki, bu da yanğına səbəb olur. Qış aylarında xətlər daha çox yüklənir. Kondisionerlər, paltaryuyan, qabyuyan maşınlar və digər elektriklə işləyən cihazlardan istifadə olunur nəticədə bu elektrik xətlərinin gücü çatmır və yanğın baş verir. Sovet vaxtı belə hal yox idi. Çox yüklənmə nəticədə qısa qapanmaya da səbəb olur. Yaxud da həddindən çox yüklənir transformatorlar, işıq şitləri yanır. Bunlar da yanğına yol açır. Sovet vaxtı yanğından mühafizə idarəsi vardı ki, onlar 3 aydan bir evləri gəzib, naqilləri yoxlayıb, qazın üstündə paltar qurudanları maarifləndirirdilər. İndi isə belə qurum da mövcud deyil. Yalnız mətbuat, müvafiq qurumlar və ekspertlər çalışırlar. Nəticədə 2016-cı ildə 400-dən çox yanğın, zəhərlənmə halı baş vermişdisə, 2017-ci ildə bu, yarıbayarı azalıb. Yəni demək olmaz ki, maarifləndirmənin nəticəsi yoxdur. Sadəcə olaraq aramızda səhlənkar adamlar qalıblar ki, onlar qayda-qanuna məhəl qoymurlar”.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …