Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Bakıda gizli lotoxanalar var

Bakıda gizli lotoxanalar var

Binəqədi və Yasamal rayonlarında müxtəlif adlı belə obyektlər fəaliyyət göstərir

Bu məsəli yəqin ki, çoxları bilir – özüm deyib, özüm eşidirəm. Deyəsən, elə redaksiyamıza Bakının müxtəlif ərazilərində yaşayan sakinlərin ünvanladıqları şikayət ərizələrini bizdən, həmin şikayətlər əsasında hazırlayıb qəzetimizdə dərc etdiyimiz materialları da şikayətçilərin özlərindən başqa oxuyan yoxdur. Əgər belə olmasaydı paytaxtın bu və ya digər rayon ərazilərində yerləşən və tərəfimizdən dəqiq ünvanları dəfələrlə qeyd olunan lotoxanaların, əxlaqsızlıq yuvalarının və digər bu kimi pritonların bağlanması və ya ən azından fəaliyyətlərinin araşdırılması istiqamətində müvafiq hüquq-mühafizə orqanları tərəfindən müəyyən tədbirlər görülərdi. Lakin bu baş vermir. Ötən materiallarda qeyd etdiyimiz kimi, bu gün Bakının Nəsimi, Yasamal və Binəqədi rayonları ərazisində bu kimi “müəssisələrə” xüsusilə çox rast gəlmək olur. Həm də bu rayonların hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa hər kəs bu pritonları görür, tanıyır və onların fəaliyyətlərinin nədən ibarət olduğunu da çox gözəl bilir. Elə redaksiyamıza yeni daxil olmuş məlumatlar da bu kimi bilgilərə malik olan sakinlər tərəfindən təqdim edilib. Məlumatların birində Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, A.Kunanbayev-69 ünvanında yerləşən “VİP-club” çay evindən bəhs olunur. Mənbə bildirir ki, bu gün “VİP-club”-da daha çox populyar olan oyun lotodur.Məlum olduğu kimi hələ bir neçə il bundan əvvəl bu oyun paytaxtda ən çox oynanılan qumar oynu idi. Lakin bir müddət sonra ölkə prezidentinin müvafiq fərmanı ilə loto oyunlarının da ictimai yerlərdə oynanılmasına qadağa qoyuldu. Buna baxmayaraq, “VİP-club” pulla oynanılan loto oyunu ilə yenidən müştəriləri cəlb etməkdədir. Təbii ki, istənilən bir kazinoda olduğu kimi burada da qalib hər zaman “daşları torbadan çıxaran”, yəni obyekti işlədənlər olur. Lakin ara-sıra kiminsə bəxtinin “üzünə gülməsi” “VİP-club”un müştəri qıtlığından əziyyət çəkməməsi üçün yetərli olur. Başa düşmək olmur ki, Binəqədi RİH-nin rəhbərliyi, eləcə də rayonun hüquq-mühafizə orqanları ölkə prezidentinin sərəncamının belə kobud şəkildə pozulmasına niyə göz yumurlar?! Aldığımız digər bir məlumatda isə eynilə bu cür fəaliyyət göstərən daha bir “çay evi”nin də Yasamal rayonu ərazisində, Əlibəy Hüseynzadə (keçmiş Qubanov) küçəsində, metronun “Nizami” stansiyasının bilavasitə yaxınlığında yerləşdiyi xəbər verilir. Redaksiyamıza təqdim olunan foto şəkillərdə isə bu “çay evi”nin olduqca maraqlı reklam lövhəsi əks olunub. Belə ki, lövhədə çay dəsgahına aid olan atributlarla yanaşı, stolüstü oyun ləvazimatları da yer alıb. Bu isə aydındır ki, məkanın sadəcə çayxana kimi fəaliyyət göstərmədiyinə aşkar bir işarədir. Məlumatda həmçinin qeyd olunur ki, daha çox “klassik tərz”ə üstünlük verilən bu məkanda loto oyunları vasitəsilə həyata keçirilir. Məkan sahibləri isə bu oyunlardan “yer pulu” alırlar. Yenə də qeyd etməliyik ki, rayon rəhbərliyinin və hüquq-mühafizə orqanlarının bu qanunsuzluqlara son qoymaq yönümündə fəaliyyətsizliyi yerli sakinlərin haqlı iradlarına səbəb olur. Xüsusilə də bu cür lotorxanalarda yaş məhdudiyyəti olmadığından onlar azyaşlıları və gəncləri də asanlıqla tora sala bilirlər. Bu hal olduqca böyük narahatlıq doğurur. Gənclərin təsir altına düşərək qumara qurşanması onları təhsildən də yayındırır. Çox vaxt işbazlar belə yerləri məktəb və ya universitetlərə yaxın yerlərdə yaradırlar ki, gənc uşaqları da oyuna sala bilsinlər. Səslənən iddialara görə, bir çox tələbələr evdən təhsil haqlarını götürüb lotoxanalara üz tuturlar. Təəssüflər olsun ki, bu bəlanın birdəfəlik kökünün kəsilməsi üçün hələ də müvafiq qurumlar tərəfindən lazımi ölçülər götürülmür. Ümidvarıq ki, müvafiq qurumlar qazetimizdə gedən məqalədən sonra dərhal həmin lotoxanaların fəaliyyətinə qadağa qoyacaqlar.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın