Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bakıda biznesmenin oğlunu oğurlayıb 500 min dollar tələb edən şəxslərdən ŞOK SÖZLƏR

Bakıda biznesmenin oğlunu oğurlayıb 500 min dollar tələb edən şəxslərdən ŞOK SÖZLƏR

Bu ilin iyul ayında Bakı şəhərində Rusiyada gül biznesi ilə məşğul olan iş adamı Mirəkbər Seyidovun Bakıda yaşayan oğlunu oğurlayan şəxslər barəsində Cinayət Məcəlləsinin 145.2.4 (adam oğurluğu – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və182.4 (hədə-qorxu ilə tələb etmə – xüsusilə külli miqdarda əmlak tələb etməklə) maddələri ilə açılmış iş üzrə məhkəmə prosesi yekunlaşıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə bir sıra maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, təqsirləndirilən şəxslər Rafiq Hüseynov iş adamı M.Seyidovun bacısı oğludur və Bakıda xalça biznesi ilə məşğuldur. Cinayət əməlinin digər törədicisi Anar Mehdiyev də onun kimi xalça biznesi ilə məşğuldur və onlar biznesmenin 17 yaşlı oğlunu əvvəlcədən planlaşdırdıqları ssenari üzrə oğurlayıblar. Belə ki, Rafiq biznes ortağına dayısı oğlunun əqli geriliyinin olduğunu və onu aldadaraq Bakının kənarındakı mənzilə salıb dayısından külli miqdarda pul ala biləcəklərini deyib.

Cinayət planının hazırlanması

Öncədən qeyd edək ki, təqsirləndirilən şəxslərin ikisi də Naxçıvan MR Şərur rayon sakinidir və evli, ali təhsilli, əvvəllər məhkum olunmamış insanlardır.

R.Hüseynov məhkəmədəki ifadəsində deyib: “Sədərək ticarət mərkəzində xalça satışı ilə məşğulam. Pandemiya baş verdiyindən işlərim pozulmuşdu və təxminən 80.000-100.000 manat borcum yaranmışdı. Dayım Mirəkbər 1988-ci ildən Novosibirsk şəhərində yaşayır və orada gül alqı-satqısı ilə məşğul olur. Dayımın imkanı yaxşı olduğundan borcum yarandığı vaxtdan bir neçə dəfə ondan xahiş etmişdim ki, mənə maddi köməklik etsin, lakin dayım hər dəfə müxtəlif bəhanələrlə mənə köməklik etmədi. Dayımın ailəsi Rusiyada yaşayır və adətən yay aylarında Bakı şəhərinə gəlirlər. Təxminən bu ilin qış aylarında onlar Bakı şəhərinə gəldilər. Dayım oğlu Mirhəsənlə aramızda yaxşı münasibət olub və arabir görüşmüşük. O, əqli cəhətdən inkişafdan qalıb, belə ki, 19 yaşı olsa da, ağlı təxminən 12-13 yaşında uşaq ağlıdır. Dayımın xahişi ilə bir neçə ay əvvəl onu qadınlar olan yeyib-içmək məclisinə aparmışdım və həmin vaxtdan sonra Mirhəsən mütamadi olaraq mənimlə əlaqə saxlayıb xahiş edirdi ki, onu yeyib-içməyə aparım. Mən də tez-tez onunla görüşürdüm, hər dəfə də Mirhəsən özü zəng edib görüşmək istəyirdi. Həmçinin dostum Anarla da tez-tez görüşüb işlərlə bağlı ümumi söhbətlər edirdim. Anara Rusiyada dayımın mağazasından və avtomobilindən bir neçə dəfə pul oğurlandığını, lakin buna baxmayaraq dayımın şikayət etmədiyini demişdim. Anar da bir həmkəndli kimi dayımı tanıyırdı və maddi rifahı barədə məlumatı vardı. Hadisədən təxminən 1 həftə əvvəl Anar mənə dayımoğlu ilə yeyib-içməyə gedən zaman hansısa bir yerdə onu saxlayıb əvəzində dayımdan pul tələb etməyi təklif etdi. Mən Anara bu əmələrimizdən polisin xəbər tutacağını, camaat içində biabır olacağımızı dedim. Bu söhbətdən təxminən 2-3 gün sonra Anarla yenə görüşdük. Söhbət zamanı o, Mirhəsənin onsuz da onunla öz təşəbbüsü ilə tez-tez yeyib-içməyə getdiyini, nə vaxtsa Mirhəsən yenə yeyib-içməyə getməyi təklif edən zaman bir yerə yeməyə gedib orada Mirhəsənin inandırıcı bir şəklini çəkib dayım Mirəkbərə göndərib ondan külli miqdarda pul tələb etməyi təklif etdim və bildirdim ki, əldə edəcəyimiz pulun bir hissəsini ona verəcəm. Anar dərhal razılaşdı. Daha sonra tələb edəcəyimiz pulun məbləğini müzakirə etdik, Anara dedim ki, elə məbləğ olmalıdır ki, dayım hüquq mühafizə orqanına şikayət etməsin və istəyəcəyimiz məbləğdə pulu versin. Bu səbəbdən mən Mirhəsəni qaytarmaq müqabilində 500.000 ABŞ dolları tələb edəcəyimizi bildirdim. Bunun Mirəkbər üçün elə də böyük pul olmadığını fikirləşdim. Daha sonra isə Anara həmin puldan 200.000 ABŞ dollarını özünə ev alması üçün verəcəyimi dedim”.

Xanım dostu kirayə ev tapdı

Rafiq Hüseynov ifadəsində bildirib ki, dayısı oğlunu saxlamaq üçün ev axtarıb: “Mirhəsəni saxlamaq üçün ev lazım olduğundan mən köhnə tanışım, Ramana qəsəbəsində yaşayan Nigar adlı qadının mobil telefonuna zəng edərək Anar adlı dostumun qonağımım gələcəyini və buna görə ona kirayə ev tapmaq lazım olduğunu dedim. Nigar demişdir ki, rəfiqəsi Sevinc adlı tanışının evini 3 günlük kirayə verər. Həmin evdə təxminən 4 il əvvəl Nigarla görüşmüşdüm. Nigar bizə Sevincə məxsus Ramana qəsəbəsində yerləşən evin açarını verdi, ona 100 manat kirayə pulu ödədim. Belə ki, evin bir sutkası 30 manat idi. Nigarın deməsinə görə Sevinc həmin vaxt rayonda idi. Mn Nigara zərurət olsa, yəni qalma müddəti uzansa hər sutkaya görə əlavə pul ödəyəcəyimi bildirdim. Çünki, dayımdan hədə-qorxu ilə pulu nə zaman alacağımı dəqiq bilmirdim. 08 iyun 2021-ci il tarixdə səhər saatlarında Anarla Qara Qarayev metrostansiyasının yanında görüşdük. Mirhəsən demək olar ki, hər gün zəng edib onu restorana aparmağımı istəyirdi. Biz onu evdə saxlayan zaman inandırıcı görünməsi üçün əllərini yapışqanlı lentlə bağlamaq üçün “1001 xırdavat” mağazasından yapışqanlı lent aldıq. Daha sonra ərzaq mağazasından çörək, qril, keks, siqaret və sok alıb kirayə tutduğumuz evə getdik. Yapışqanlı lenti və ərzağı həmin evdə qoyub Neftçilər metrostansiyasının yanında adını bilmədiyim kafeyə getdik. Həmin gün saat təxminən 16 radələrində Mirhəsən yenə vatsapla zəng edərək restorana getməyi təklif etdi. Bundan Mirhəsənlə Nizami rayonundakı «Komfort» restoranının yanında görüşdük. Orada Mirhəsən Anarla ilk dəfə görüb tanış oldu, bundan sonra Ramana qəsəbəsindəki evə getdik. Evdə yemək yeyəndən sonra Mirhəsənin əl-ayağını bağlayıb divanda otuzdurduq. Yeni aldığımız və üzərinə Rusiya nömrsəi qoyub vatsapda qeydiyyatdan keçdiyimiz telefonu Anara verdim və o, şəkilləri çəkdi. Mirhəsən nə baş verdiyini başa düşmürdü, Onun ayaqları və qolları 1-2 dəqiqə ərzində bağlı qalıb və həmin zaman heç bir başqa zorakılıq tətbiq edilməyib”.

İzi itirmək üçün telefonları sındırdı

Daha sonra Ramanıdakı evi tərk edən Rafiq izi itirmək üçün Rusiya nömrəsini qoyduğu yeni telefonla birgə şəhərin mərkəzinə gəlib: “Mən evdən çıxanda Anar Mirhəsənin əl-ayağını açdı, onun cibindəki telefonu götürdük. Həmin gün saat 18 radələrində Neftçilər metrostansiyasının yaxınlığındakı “Xəzri” restoranına getdim, orada dayıma vatsapla: “Salam aleykum. Sizin oğlunuz hal hazırda əlimizdədir. Sizinlə şəxsi heç bir qərəzliyimiz yoxdur. Şərtlərimizə əməl etdiyiniz təqdirdə oğlunuz sağ-salamat evinizə çatacaqdır. Şərtlərimiz sizin üçün böyük məbləğ olmayan 500.000 ABŞ dollarını Bakı şəhərində iyunun 11-ə hazır edin. Pul 100 dollarlıq əskinazla olmalıdır. Əgər polisə və digər orqanlara xəbər versəniz, pullar nömrələnərsə, pul torbasına çip yerləşdirilərsə, hər hansı izləmə olarsa Novosibirskdə və Bakıda olan ailənizi təhlükə altına salacaqsınız. Sizdən yalnız tələb olunan məbləğ qarşılığında heç bir kəs zərər görməyəcək. İyunun 11 axşam sizə gələn SMS-lə pulu qeyd olunacaq ünvana Bakı şəhərində çatdırdığınız təqdirdə pullar yoxlanıb və izlənmədiyi halda oğlunuz az müddətdə evinizə çatacaqdır”. Məzmununda mesaj göndərdim. Bundan sonra mesaj yazdığım telefonu və Mirhəsənə məxsus “Samsung” markalı telefonu ayağımla tapdalayıb qırdım və Xəzər Universitetinin yanındakı zibilliyə atdımr. Bundan sonra restorana qayıtdım. 10-15 dəqiqə sonra dayım Rusiya Federasiyasından “Whatsapp”la videozəng etdi. Həmin vaxt kənara çəkilərək telefona cavab verdim, dayım məndən oğlunun hazırda harada olduğunu soruşdu, ona Mirhəsənin yanımda olmadığını bildirdim. Heç nə demədən əlaqəni kəsdi. Daha sonra dayımın yoldaşı zəng edib oğlunu soruşdu, ona da Mirhəsənin yanımda olmadığını dedim. Məndən xahiş etdilər ki, Mirhəsənin tapılmasına kömək edim, mən də yalandan dedim ki, ola bilər onun telefonunda enerji bitib. Dayım arvadının nigaran olmasını hiss edib, məsələnin üstünün açılacağından da narahat olduğum üçün onların yaşadığı evə getdim ki, ab-havaya baxım. Evə getməyimə həmçinin səbəb Mirhəsənin mənimlə olmadığına əmin olmalarına və hadisə barədə heç kimin məndən şübhələnməməsi idi. Gedərkən Anara dedim ki, Mirhəsənin yanında qalsın. Evə çatan zaman anamın və digər qohumlarımın orada olduğunu gördüm, dayıma göndərdiyim şəkil qohumlarımın bəzilərində, məsələn qardaşımda da vardı. Evdəki danışıqlardan başa düşdüm ki, həmin şəkili dayım öz qayını İlhama da göndərib. Artıq işin böyüyəcəyini, polisə məlumat veriləcəyini anlayıb Anarla əlaqə saxladım, ona Mirhəsəni taksi ilə əvvəlcədən danışdığımız qaydada evə gətirməsini dedim və özünün də görünməməsini bildirdim. Belə etməkdə məqsədimiz Mirhəsənin sadəcə həyətdə azması barədə fikir formalaşdırmaq idi. Biz əvvəlcədən dayısımın heç kimə, heç nə deməyərək sakitcə qorxub, pulu biz deyən yerə göndərəcəyini fikirləşsək də dayısımın və qohumlarımın hay-küy saldığını görüb, hamının, o cümlədən polisin bu hadisədən xəbər tutacağından və danışıqlara əsasən polisə müraciət olunacağından, bununla da ifşa olunacağımızdan qorxduğumuz üçün Mirhəsəni evə qaytardıq. Mirhəsən evə girən zaman hamı sevindi. Anası ondan harada olduğunu soruşduqda Mirhəsən cavabında mənimlə restoranda olduğunu dedi”.

Məhkəmə ağır cəza verdi

R.Hüseynov əlavə edib ki, Mirhəsənin hadisələri dərk etməyəcəyini fikirləşdiyindən ona qarşı məlum cinayəti törədib və məqsədi yalnız pul almaq olub. Lakin sonradan başa düşüb ki, niyyətini axıradək həyata keçirə bilməyəcək.

İfadə verən Anar Mehdiyev də Rafiqlə eyni məzmunda danışıb.

Hadisə barəsində polisə məlumat verildikdən sonra R.Hüseynov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət edilib və o, əməlini etiraf edib, daha sonra onunla birgə əməli törədən Anar Mehdiyev də saxlanılıb.

Məhkəmədə ifadə verən Mirəkbər Seyidov bacısı oğlu Rafiqin ondan borc pul istəmədiyini, lakin dayı kimi ona bir çox hallarda dəstək olduğunu, Rusiyada gül mağazalarının olduğunu və Rafiqin düşündüyü kimi böyük qazanc əldə etmədiyini, yalnız mart ayında mövsümi pul qazandığını bildirib. O, hadisə barədə məlumat alan kimi dərhal qohumlarının polisə müraciət etmələrini tapşırdığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Hüseynov və Anar Mehdiyevin hər biri 15 il müddətə azadlıqdan məhrum ediliblər.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …