Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda avtobus sürücülərinin qrafik davası: biri ölüb, digəri həbs olunub

Bakıda avtobus sürücülərinin qrafik davası: biri ölüb, digəri həbs olunub

Qrafik üstündə iş yoldaşını qətlə yetirən şəxs 18 il azadlıqdan məhrum edilib. Hadisə avtobus sürücüləri arasında yaranan mübahisədən sonra baş verib. Tərəflərdən biri dəmir barmaqlıqlar arxasına yollanıb, digəri isə dünyasını dəyişib. 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Məmməd Məmmədov son sözünü deyib.
O, hadisəni bilərəkdən törətmədiyini deyib. Lakin bu da onu dəmir barmaqlıqlar arxasından xilas etməyib.
Son sözündə iş yoldaşı olmuş 23 yaşlı Zülfüqar Əzizlini bilərəkdən vurmadığını deyib.
O, qeyd edib ki, iş yoldaşı ilə mübahisə edərkən özündə olmayıb: “Gündəlik 150 manat plan verirdik. Özəl şirkətdir. Qrafik üstündə aramızda mübahisə oldu. Mənim maşınımda mübahisə etdik. Onu öldürmək məqsədim olmayıb. Törətdiyim əməldən çox peşmanam” .
Hadisə baş verən günü yenidən xatırlayan M.Məmmədov bunları əlavə edib: “Bıçağı ona vurmaq istəmirdim. Mübahisə etdik. Mən maşında olan bıçağı götürdüm. Onu qorxutmaq istədim. Necə oldusa, bıçaq ona dəydi. Bu, xuliqanlıq zəminində olmayıb. Bir hadisədir, başımıza gəldi. Onu bilərək vurmadım. Özüm maşında həkimə apardım. Sonra bir dəfə də xəstəxanaya qayıdıb, onun vəziyyəti ilə maraqlandım. Belə olmasını istəməzdim. Peşman olduğumu bir daha deyirəm”.
Qətlə yetirilən 23 yaşlı Zülfüqar Əzizli subay olub və ailəsinin tək övladı imiş.
Hakim qeyd edib ki, təqsirləndirilən şəxsin himayəsində 5 uşaq var. Təqsirləndirilən şəxsin özünü qismən günahkar bildiyini deyən hakim əlavə edib ki, M.Məmmədov hadisəni törətdikdən sonra Z.Əzizlini xəstəxanaya aparıb. Bu hallar da nəzərə alınaraq ,M.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə zamanı məlum olub ki, M.Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb. O, narkotik maddədən istifadəyə görə 2 il azadlıqdan məhrum edilibmiş.
Qeyd edək ki, hadisə Nərimanov rayonun İsmayil Hidayətzadə küçəsindəki 3 saylı binanın qarşısında baş verib.
4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı Məmməd Məmmədov, eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini bıçaqlayıb. Sonuncu xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın