Bazar , Oktyabr 20 2019
Ana səhifə / Araşdırma / Bakı, yataq otağı, 150 min dollar… – CİNAYƏT İŞİ

Bakı, yataq otağı, 150 min dollar… – CİNAYƏT İŞİ

“Onun həyat tərzi tamam dəyişmişdi. Heç yerdə işləmirdi, maddi vəziyyəti günbəgün yaxşılaşırdı, tez-tez Türkiyəyə istirahətə gedirdi. Sonradan bilmişəm ki, atamın evindən oğurladığı pullarla özünə yaxşı gün ağlayıb. Bu oğurluğu Aqil törədib. Hər iki oğurluq eyni üsulla həyata keçirilib, ev axtarılmayıb, səliqə-səhman pozulmayıb, mənzilin qapısı açarla açılıb”.

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya vətəndaşı olan iş adamının evindən külli miqdarda pul oğurlamaqda ittiham olunan 28 yaşlı Aqil Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Aqil Vəkilov dostu Ramil Səmədovun Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan atası Baxman Səmədova məxsus mənzildə külli miqdarda pul saxladığını öyrənib. Mənzilin giriş qapısının açarını gizli yolla ələ keçirərək surətini çıxarıb. Həmin açarla 2015-ci ilin noyabr-dekabr aylarında və ötən ilin fevral ayında qapını açıb, yataq otağındakı çarpayının altında saxlanılan, içərisində külli miqdarda pul olan sellofan torbadan ümumilikdə 150 min dollar götürüb.

 

“Bu oğurluğu mən törətməmişəm”

Təqsirləndirilən şəxs qismində dindirilən Aqil Vəkilov istintaq zamanı ziddiyyətli ifadələr verib. İlkin ifadəsində Baxman Səmədovun evindən oğurluq etmədiyini, ümumiyyətlə, həmin mənzilə daxil olmadığını göstərib. Sonradan isə sözügedən mənzildən pul oğurladığını etiraf edib: “Oktyabrın 19-da Ramilgilin evinə Nurlana çatası pulu götürmək üçün getmişdim. Mənzilə keçmədim, pulun hansı otaqdan götürüldüyünü görmədim. Ramilin bacısı Səbinənin verdiyi 9500 dolları götürüb aşağı düşdüm, maşında məni gözləyən Nurlana verdim. Məndə heç vaxt onların giriş qapısının açarı olmayıb. Ramilin maşınını bir-iki dəfə idarə etmişəm. Amma mənə ancaq maşının açarlarını verib, evinin, atasının evinin açarlarını verməyib. 2015-ci ilin noyabr-dekabr aylarında Ramilin atası evindən oğurluq etməmişəm”.

A.Vəkilovun ifadəsinə görə, Ramilgilin evlərindən oğurluq olunması barədə Türkiyədə istirahət edərkən xəbər tutub. Belə ki, “Skype” vasitəsilə əlaqə saxlayan zaman Ramil ona evlərindən 60 min manat oğurlandığını, amma polisə xəbər vermədiklərini deyib: “Ramil dedi ki, oğuluqda əmisi oğlanlarından şübhələnirlər. Amma atalarına deməyə qorxurlar. Əgər desələr, ataları onlardan şübhələnəcək. Həmçinin Nurlana verilən 9500 dollardan da atalarının xəbəri olmayıb. Bu oğurluğu mən törətməmişəm, xəbərim yoxdur”.

 

“Dedilər, get, pulları götür, biz də and içək ki, evdən oğurluq olub”

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Ramilgil oğurluq səhnəsi yaratmaq üçün variant axtarıblar, sonda isə bu oyunda ondan istifadə ediblər: “Bu problemdən qurtulmaq üçün variant fikirləşmək lazım olduğunu deyirdilər. Bununla bağlı aramızda bir neçə dəfə ümumi söhbətlər olmuşdu. Amma fevralın 11-nə qədər Baxmanın evinə girib pul götürməli olacağımı Ramilgil mənə deməmişdilər. Fevralın 10-da zəng vurub soruşdu ki, gəlirsən? Mən də günortadan sonra öz maşınımla Ağdaşdan Bakıya gəldim. İtimi də özümlə götürüb Ramilgilə qalxdım. Səbinə ilə Ramil mənə “belə bir planımız var, Baxmanın evində masanın üstünə pul qoyulub, sən o pulu götürməlisən, biz də and içək ki, evdən oğurluq olub” dedilər. Baxmanın evinin açarını mənə verdilər. Mən də razılaşdım. Ramilin verdiyi açarla mənzilin qapısını açdım, masanın üstündəki 100 dollarlıq bağlamanı götürüb dərhal çıxdım. Ramilgilə qayıdıb bağlamanı onlara verdim. Səbinə mənə minnətdarlığını da bildirdi”.

 

“Ailə üzvlərim Bakıda yaşayırdı”

Zərərçəkmiş şəxs qismində dindirilən Baxman Səmədov ifadəsində əslən Ağdaş rayonundan olduğunu, işləmək üçün Rusiyanın İrkutsk şəhərinə getdiyini, uzun illərdir orada yaşadığını, ailə qurduğunu, iki övladı olduğunu göstərib: “İrena Petrovna ilə ailə qurdum. Birgə nikahdan iki övladımız var. Rusiya vətəndaşı olsam da, Azərbaycanla heç vaxt əlaqəmi kəsməmişəm. Oğlum Ramil 2005-ci ildə Rusiyada təhsilini bitirdikdən yaşamaq üçün Azərbaycana gəldi. Ondan bir neçə il sonra həyat yoldaşımla qızım da Azərbaycana köçdü”.

“Oğurluq olana qədər qapının kilidini dəyişməmişdim”

Zərərçəkmişin ifadəsinə görə, oğlu Azərbaycana köçəndən sonra həmyerlisi, əslən Ağdaş rayonundan olan Aqil Vəkilovla dostluq etməyə başlayıb:

“Oğlumun xətrinə ailəvi şəkildə Aqilin toyunda da iştirak etdik. O vaxta kimi Aqili tanımırdım. Oğlum Ramil üçün 3 otaqlı mənzil almışdım. Evləndikdən sonra həmin mənzildə yaşayırdı. Bundan başqa, ailə üzvlərim Rusiyada yaşadığı dövrdə Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 60 saylı binadan da mənzil almışdım. Rusiyada gələndə həmin evdə qalırdıq. Mənzilin açarının bir nüsxəsi oğlumda idi. Oğurluq hadisəsi olana qədər qapının kilidini heç vaxt dəyişməmişdim”.

 

“Qazandığım bütün pulları o mənizldə saxlayırdım”

B.Səmədov deyib ki, Rusiyada qazandığı bütün pulları sözügedən mənzildə yataq otağındakı çarpayının altında gizlədib. 300 min dollar pulu iki hissəyə bölməklə sellofan torbanın içərisində saxlayıb. Pulların harada saxlandığını ailə üzvləri də bilib. Onlara deyib ki, pul lazım olarsa, həmin yerdən götürə bilərlər.

Ötən ilin fevral ayının 12-də Ağdaşda qardaşıgildə olarkən oğlu Ramil ona zəng vuraraq evdən pul götürüb-götürmədiyini soruşub: “Ramil soruşdu ki, ata, evdə nə qədər pul var idi? Dedim 300 min dollar. Çünki həmin günə qədər Aqilin 60 min dollar oğurladığını, Nurlana pul verildiyini bilmirdim”.

 

“Bunlar hamısı Aqilin planı olub”

Zərərçəkmiş ifadəsində oğurluq hadisəsinin Aqil Vəkilov tərəfindən törədildiyini deyib: “Oğlum telefonda “evimizə giriblər” dedi. Ramildən “pulun hamısını götürüblər?” soruşanda dedi ki, bir tərəfdə 50 min, bir tərəfdə isə 100 min qalıb. Anladım ki, 150 min aparıblar. Mənim evimdən oğurluğu Aqil edib. Evin yanındakı videomüşahidə kameralarına baxanda görünür ki, Aqil bir cavan oğlanla birlikdə bizim yaşadığımız evin yanına gəliblər. Təxminən iki dəqiqə sonra həmin oğlan qayıdır, 16 dəqiqə sonra isə Aqil gəlir, hər iki əlini ciblərinin üzərinə qoymaqla pullara nəzarət edir, yoxlayır. Bunlar hamısı müşahidə kamerasında əks olunub. Bütün bunlar Aqilin planı olub. Özünü müdafiə etmək üçün istintaqa yalan məlumatlar verib. Aqil həmişə kasıb həyat sürüb. Amma 2015-ci ilin dekabr ayından sonra birdən-birə varlanmağa başlayıb. Anasını, qardaşını Türkiyəyə istirahətə göndərib. Maşın alıb, ev tikməyə başlayıb. Halbuki, heç yerdə işləməyib. Kasıb bir adam birdən-birə varlanıb. Aqil evin açarını gizli əldə edib, nüsxəsini çıxarıb. Evin açarını Ramilin ona verməsi, evə daxil olmağı ailə üzvlərimin onu təhrik etməsi barədə dedikləri yalandır”.

 

“Cibində heç vaxt pulu olmurdu, birdən-birə varlandı”

Şahid qismində dindirilən Ramil Səmədov ifadəsində həmyerlisi Aqili 2011-ci ildə Ağdaşda istirahət edərkən tanıdığını, o zamandan etibarən aralarında dostluq münasibəti yarandığını bildirib. Atasının Rusiyada sahibkarlıqla məşğul olmasını, ailə üzvləri ilə birgə Bakı şəhərində yaşadıqlarını ona deyib: “Aqil deyirdi ki, “Aqua Park”ın yanında yeni tikilən binada evləri var. Onu qonşu kimi qəbul etmişdim. Elə bilirdim bizimlə qonşuluqda yaşayır. Əvvəl görüşmək istəmirdim, əl çəkmirdi. Cibində heç vaxt pulu olmurdu. Çayxanaya gedəndə də pulu mən verirdim. Bir müddət Rusiyaya işləməyə getmişdi”.

 

“Pulun yerini bilirdim, sayını bilmirdim”

Şahidin ifadəsinə görə, Rusiyadan qayıdandan sonra Aqil yenidən onunla əlaqə saxlayıb, görüşüblər. Atası dəfələrlə ona evə heç kimi gətirməməyi, o cümlədən Aqildən uzaq durmağı tapşırıb: “Bir müddət sonra gördüm ki, Aqil pullanıb, özünü yaxşı dost kimi göstərir, qonaqlıqlar verirdi. Necə pul qazandığını soruşmağı özümə ayıb bilirdim deyə soruşmurdum”.

R.Səmədov ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Qusarda olarkən anası İrena zəng vurub evdən 60 min manat oğurlandığını deyib: “Çarpayının altında atam həmişə pul saxlayırdı. Pulun yerini bilsəm də, sayını bilmirdim, heç vaxt o pullara əlimi vurmamışam. Yalnız anamın o pullara əl vurmağa icazəsi vardı. Evə gəlib baxanda gördüm ki, səliqə-səhman pozulmayıb, oğru pulların yerini bilib, 60 min oğurlayıb, qalanına əl vurmayıb”.

 

“Özümü məxfi əməkdaş kimi göstərirdi”

R.Səmədov ifadəsində Aqilin özünü məxfi əməkdaş kimi göstərdiyini, sadəlöhvlüyündən istifadə etdiyini deyib: “Ağlıma da gəlməzdi ki, Aqil qapını açıb oğurluq edər. Həmin ərəfədə Aqil Türkiyədə idi. Axır vaxtlar ona çox bağlanmışdım, böyük qardaş hesab edirdim özümə. Atama demədiyim sözləri ona deyirdim. Aqildən Türkiyəyə niyə getdiyini soruşanda özünü məxfi əməkdaş kimi göstərir, məxfi işlərlə məşğul olduğunu deyir, mənim sadəlöhvlüyümdən istifadə edib aldadırdı”.

 

“Aqili atamın evinə girməyə təhrik etməmişəm”

Evdəki oğurluğa gəlincə isə, R.Səmədovun ifadəsinə görə, Aqil onlara hadisə ilə bağlı atasına heç nə deməməyi, bu işlə özü məşğul olacağını bildirib: “Deyirdi oğrunu çalışıb özüm tapacağam. Həmin ərəfədə anam evə falçı gətirdi. Falçı dedi ki, oğurluğu evə gəlib-gedən adam törədib. 2015-ci ilin dekabr ayından etibarən Aqil “Mercedes” markalı maşın sürməyə başladı. Həyat tərzi dəyişmişdi, “xaski” cinsli it almışdı, tez-tez Türkiyəyə istirahətə gedirdi, öz kefində idi. Heç yerdə işləmirdi, amma maddi vəziyyəti yaxşı idi. Atamın evindən oğurladığı pullarla özünə yaxşı gün ağlayırdı.

Bu oğurluğu Aqil törədib. Yalnız Aqil açarı gizli oğurlayıb surətini çıxara bilərdi. Hər iki oğurluq eyni üsulla həyata keçirilib, ev axtarılmayıb, səliqə-səhman pozulmayıb, mənzilin qapısı açarla açılıb. Aqilin ifadəsində göstərdikləri yalandır. Onu atamın evinə daxil olmağa mənim, anamın və bacımın təhrik etməsi ilə bağlı dedikləri yalandır. Cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün mənə və ailə üzvlərimə şər atır. Mən heç vaxt Aqilə açar verməmişəm, atamın evinə girməsinə təhrik etməmişəm. Aqillə aramızda heç vaxt bu məzmunda danışıq, razılaşma olmayıb”.

Son sözlə çıxış edən A.Vəkilov ona qarşı irəli sürülən ittihamın saxta olduğunu deyib.

Məhkəmənin hökmü ilə Aqil Vəkilov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Sentyabrda Türkiyədə ev alan azərbaycanlıların sayı azalıb

Bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 118 mənzil alıblar. Türkiyə Statistika İdarəsinin verdiyi məlumata …

Bir cavab yazın