Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakı sakinlərinin son pullarını əllərindən alan quldur dəstə yaxalanıb

Bakı sakinlərinin son pullarını əllərindən alan quldur dəstə yaxalanıb

Oğurluğu özünə peşə seçən uşaqlıq dostları cızdıqları planı reallaşdırmaq üçün çox zaman gecələr “ov”a çıxırdılar. Bəzən günün günorta çağı qəsəbə sakinlərinə, yaxından tanıdıqları adamlara qarşı da soyğunçuluq edirdilər. Söhbət heç də imkanlı şəxsləri hədəfə götürən oğrulardan deyil, əlindəki olan-qalan pulla aptekə üz tutan, “pulumu qaytar, evə dərman almalıyam” deyənə acımayan “peşəkar”lardan gedir.

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan dəstə üzvləri – 27 yaşlı Adil Şahbalıyev, 27 yaşlı yaşlı Emin Mirzəyev, 26 yaşlı Emin Allahverdiyev və 27 yaşlı Novruz Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

İstintaq yolu ilə müəyyən edilib ki, Adil Şahbalıyev ötən ilin noyabr ayında Lökbatan qəsəbəsində tanışı Səbinə Məmmədzadəyə zor tətbiq edərək onun “iPhone 5S”markalı mobil telefonunu, ödəmə kartlarını və çantasındakı 110 manat pulunu götürməklə soyğunçuluq edib.

Bu hadisədən bir müddət sonra onunla eyni qəsəbədə yaşayan Orxan Zülfiqarzadəyə hədə-qorxu gələrək pul tələb edib. Orxan pulu olmadığını dedikdə isə əl atıb onun cibindəki 20 manat pulunu çıxarıb.

A.Şahbalıyevin quldurluq əməlləri bununla bitməyib. O, 6 yanvar 2016-cı ildə Ceyhun İsmayılov və Novruz Əkbərovla birlikdə Emin Mirzəyevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə Salyan şosesi istiqamətində hərəkət edərkən Kamran Ələkbərovun yol kənarında dayandığını görüb. Onun pullarını əlindən almaq məqsədilə avtomobili saxlayıb, pusquda dayanıblar. Ətrafda kimsənin olmadığını görən A.Şahbalıyev Ceyhunla birgə Kamrana yaxınlaşaraq onun qollarını burub yerə yıxıb və gödəkçəsinin cibindəki 300 dolları ələ keçiriblər.

Dəstə üzvlərinin sonuncu cinayəti də elə həmin gecəyə təsadüf edib. Bu dəfəki oğurluq öz dəst-xətti ilə digərlərindən fərqlənib. Belə ki, hədəfə götürülən Novruz Əkbərovun bibisinin evi olub. Aralarındakı razılaşmaya əsasən, E.Mirzəyev, E.Allahverdiyev və Novruz pusquda dayanıblar, Adillə Ceyhun isə Samirə Əkbərovanın mənzilinə soxulublar. Mənzildə olan 700 manat pulu və dolabdakı bir cüt qızıl sırğanı götürdükdən sonra hadisə yerindən uzaqlaşıblar.

Törətdikləri cinayət əməlinə görə onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq) və 180.2.1 (soyğunçuluq) maddələri ilə ittiham irəli sürülüb.

C.İsmayılov barəsində isə axtarış elan edilib.

 

“Maşının arxasınca qışqırır, pulunu tələb edirdi”

Təqsirləndirilən şəxs qismində dindirilən Adil Şahbalayev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Emin Mirzəyevi, Emin Allahverdiyev və Ceyhun İsmayılovu uşaq vaxtlarından, Novruzu isə üç-dörd il əvvəl tanıdığını deyib. İfadəsində gecə saatlarında E.Mirzəyevin idarə etdiyi maşınla Lökbatana gedərkən yolun kənarında “Gümüş”ün dayandığını görüb: ”Onu cinsi azlığın nümayəndəsi kimi tanıyırdım. Adı Kamran olsa da “Gümüş” deyirdilər. Kamranın İran vətəndaşı ilə danışdığını görüb Eminə dedim ki, maşını saxlasın. Emin maşını saxladı, Kamranın yanında dayanan şəxsin ona pul verdiyini gördüm. Novruza təklif etdim ki, pulu Kamranın əlindən alsın. Novruzla Ceyhun Kamrangilə yaxınlaşdılar. Bir neçə dəqiqədən sonra geri qayıdıb avtomobilə əyləşdilər və tez uzaqlaşmaq lazım olduğunu dedilər. Kamran həmin vaxt qışqırıb pulunu geri qaytarmağı tələb edir, polisə məlumat verəcəyini deyirdi. Ceyhunla Novruz Kamrandan cəmi 14 manat pul götürdüklərini dedilər”.

 

“Bibisinin evini “aparmağı” Novruz özü təklif etmişdi”

A.Şahbalıyevin ifadəsinə görə, həmin hadisədən sonra çayxanaya gəliblər. Çayxanada söhbət zamanı N.Əkbərov onlara bibisinin yaşadığı evi “aparmağı”təklif edib, mənzili yerini onlara göstərib: ”Novruz zəng vurub Emin Allahverdiyevi də çağırdı. Söhbət əsnasında bibisinin evindən qızıl və yaxud pul oğurlamağı təklif etdi. Razılaşdıq, evin yerini bizə göstərdi. Eminə dedi ki, sən pusquda dayan, səhər tezdən evdən çıxan olan kimi xəbər ver. Səhər saatlarında Emin Novruza zəng vurduqdan sonra Ceyhun və Emin Mirzəyev pusquda durdu, hasardan həyətə keçdim, dəmir barmaqlıqları sındırıb mənzilə girdim. Nə qədər axtarsam da, dolabdakı 500 manat puldan və bir cüt sırğadan başqa heç nə tapmadım. Sırğanı Ceyhuna verdim, pulları aramızda bölüşdük”.

Sonradan ifadələrində mənzili təkbaşına yağmaladığını deyən A.Şahbalıyev Ceyhunla Emini gösləməyib evə girdiyini, əldə etdiyi pulu və qızılı dostları ilə bölüşməmək üçün birbaş Sabirabad rayonuna üz tutduğunu, uşaqlıq dostları nə qədər zəng vursalar da onlara cavab vermədiyini, oğurluq sırğanı tanımadığı bir nəfər satdığını, pulları isə təkbaşına xərclədiyini göstərib.

O, tanışı Səbinəni döymədiyini, onun telefonunu ələ keçirmədiyini, həmçinin qəsəbə sakini O.Zülfüqarzadəni hədələmədiyini bildirib:”Səbinə ilə münasibətimiz korlanmışdı, evdən çıxıb gedəndə telefon evdə qalmışdı, sonradan aparıb verdim. Orxanı uşaqlıqdan tanıyıram. Ondan 20 manat borc istəmişdim. O da vermişdi”.

 

“Tutulandan sonra bilmişəm ki, bibimin evindən oğurluğu dostum eləyib”

Təqsirləndirilən N.Əkbərov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində bibisi Samirənin evindən oğurluq olunduğunu qohumlardan eşitdiyini, amma kim tərəfindən edildiyini bilmədiyini göstərib: ”Gecə saatlarında Salyan şossesində “Gümüş”ün bir əcnəbi ilə yol kənarında dayandığını gördük. Maşından düşüb onlara yaxınlaşdıq. Sonradan Kamranın cibindən götürülən pula baxanda gördüm ki, cəmisi 11 manatdır. “Gümüş”ün şikayəti əsasında 21 fevral 2016-cı ildə tutularkən bibimin evindən oğurluğu Adillə Ceyhunun törətdiyini bildim”.

 

“Heç bir cinayətdə iştirak etməmişəm”

Taksi sürücüsü, hazırda dəstə üzvləri ilə birgə mühakimə olunan Emin Mirzəyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində taksi sürücüsü kimi fəaliyyət göstərdiyini, uşaqlıq dostları olan Adili, Emini tanısa da, heç bir cinayətdə iştirak etmədiyini, hər hansı bir cinayətin törədilib-törədilməməsindən xəbəri olmadığını, ilkin izahatı alınarkən polis əməkdaşları tərəfindən fiziki təsir göstərildiyinə görə etmədiyi cinayətləri törətməsi barədə ifadə verdiyini göstərib.

Digər təqsirləndirilən Emin Allahverdiyev də ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib: ”Saxlanılarkən Novruzun bibisinin evindən Adil tərəfindən oğurluq olunduğunu bilmişəm. Oğurluqda iştirak etməmişəm və məlumatım yoxdur”.

“Polis əməkdaşı olduqlarını dedilər”

Zərərçəkmiş Kamran Ələkbərov ifadəsində gecə saatlarında Türkiyə vətəndaşı Mustafa adlı şəxslə yol kənarında söhbət edərkən 4 nəfər onlara yaxınlaşaraq burada nə üçün durduqlarını soruşub: ”Kim olduqlarını soruşduqda sarışın oğlan vəsiqə çıxarıb polis olduğunu dedi. Biri qolumdan tutub yerə yıxdı, digəri isə gödəkçənin cibindəki 300 dolları götürdü. DİN-in 102 xidmətinə zəng vurmaq istəyəndə onlardan biri təpiklə qolumdan vurdu, telefon yerə düşüb sındı. Bundan sonra gəldikləri maşına əyləşib getdilər. Həmin şəxslərlə bağlı polis bölməsinə şikayət ərizəsi ilə müraciət etdim”.

 

“Oğurluq olduğunu başa düşdüm”

Zərərçəkmiş Samirə Əkbərova ifadəsində günorta saatlarında işdən evə qayıdanda mənzilin dağınıq olduğunu gördüyünü deyib: ”Pəncərənin dəmir barmaqlıqları aralanmışdı, şüşə çıxarılmışdı deyə oğurluq olduğunu başa düşdüm. Evə baxanda 700 manat pulun və qızıl sırğamın oğurlandığını gördüm”.

 

“Evdə dərman gözləyirlər, pulu qaytar”

Zərərçəkmiş Orxan Zülfüqarzadə ifadəsində Adil Şahbalıyevi tanıdığını, yaxın münasibətləri olmasa da, rastlaşanda salamlaşdıqlarını deyib. İfadəsində ötən ilin dekabr ayında Lökbatandakı “Cırtdan” parkının yanında olarkən A.Şahbazovun ona yaxınlaşdığını, pul tələb etdiyini, pul olmadığını dedikdə isə ciblərini axtardığını göstərib: “Adil cibimi axtarıb 20 manat tapdı. Qəzəbli halda üzümə baxıb “bəs deyirdin pulum yoxdur, mənə yalan danışırsan?” acıqlandı. Ona dedim ki, aptekdən dərman almaq üçün evdən veriblər. Əhəmiyyət vermədi, pulu cibinə qoydu. Bir daha pulu qaytarmağı tələb edəndə söyüb təhqir etdi. Ona “pulum yoxdur, evdə dərman gözləyirlər, pulu qaytar gedim dərman alım” desəm də, xeyri olmadı. Qəti şəkildə pulu verməyəcəyini, “hara istəyirsən şikayət et” deyib çıxıb getdi”.

Zərərçəkmiş Səbinə Məmmədzadə ifadəsində Adil Şahbalıyevdən pulunu və telefonlarını geri tələb etdikdə sonuncu ona vurub. Bununla bağlı polisə şikayət edib.

Məhkəmə prosesi yanvarın 13-də davam edəcək. (Virtualaz.org)

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın