Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Bakı sakini evini dayəyə etibar etdi və…

Bakı sakini evini dayəyə etibar etdi və…

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan 42 yaşlı Gülbəniz Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

İstintaq yolu ilə müəyyən edilib ki, Gülbəniz Kərimova 2016-cı ilin may ayından bu ilin fevral ayına qədər olan müddətdə xadimə işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 4 ünvanında yerləşən Gülmirə Bədəlovaya məxsus mənzildən külli miqdarda qızıl-zinət əşyaları, qadın paltarları oğurlamaqla ona 14 min 725 manat ziyan vurub.

Törətdiyi əmələ görə G.Kərimovaya Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Gülbəniz Kərimova ifadəsində ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, bir ildən artıq Gülmirə Bədəlovanın evində işlədiyini, onun iki azyaşlı uşağına dayəlik etdiyini göstərib: “Elə vaxtlar olurdu ki, Gülmirənin evində gecələyirdim. Həmin vaxtlar ev sahibi Xaçmazda istirahətdə olurdu. Bu ilin yanvar ayında Gülmirəyə məxsus qısaqol kürkü onun xəbəri olmadan büküb çantama qoydum. Kürkü götürən zaman Gülmirə mətbəxdə idi”.

G.Kərimova ifadəsində yanvar ayından etibarən maddi vəziyyəti ilə bağlı bəzi sıxıntılar ortaya çıxdığından kirayə pulunu ödəyə bilmədiyini deyib: “Həmin ərəfədə ev sahibi Gülmirə Bədəlova öz ad günü məclisinə hazırlaşırdı. Məni çağırıb zinət əşyalarından istifadə etməkdə ona köməklik göstərməyimi istədi. Bu zaman qızılların yerini öyrəndim. Ertəsi gün Gülmirənin evdə olmadığından istifadə edib yataq otağındakı paltar şkafından qızıl-zinət əşyaları olan mücrünü çıxartdım. Mücrünün içərisindən seçib boyunbağı, qolbağ , sırğa və bir neçə üzük götürüb çantama qoydum”.

Təqsirləndirilən şəxs ifadəsində oğurladığı qızılların bir hissəsini satdığını, bir hissəsini lombarda qoyub pul götürdüyünü və şəxsi ehtiyaclarına xərclədiyini bildirib: “Gülmirənin evindən iki dəfə oğurluq etmişəm. Amma fevralın 12-də onun evindən oğurluğa cəhd olunmasından xəbərim olmayıb. Bu işdə heç bir iştirakım yoxdur. Gülmirənin evinə girməyə və ya oraya kimisə göndərməyə ehtiyac olmayıb. Həmin evdə işləyirdim, mənzilə rahat şəkildə girib-çıxa bilirdim”.

Zərərçəkmiş şəxs qismində dindirilən Gülmirə Bədəlova ifadəsində Gülbəniz Kərimovanı ötən ilin mart ayından tanıdığını, iki azyaşlı uşağı olduğundan işə çıxa bilmədiyini və iş yoldaşının tanışlığı ilə onu tapdığını bildirib: “Aramızdakı razılığa əsasən Gülbəniz gündəlik yemək hazırlamalı və paltarların ütülənməsi ilə məşğul olmalı idi. Bunun üçün ayda ona 250 manat verirdim. Onun azyaşlı uşaqlarının olduğunu bilirdim. Həm özünə, həm də uşaqlarına maddi yardımlar edirdim.

Nabrana gedəndə özümlə paltar götürmək istədikdə üç ədəd koftamı tapmadım. Amma oğurluq olmasından şübhələnmədim. Növbəti dəfə qış paltarlarının təmizlənib yığılması zamanı kürkümü tapa bilmədim. Gülbənizdən soruşanda müxtəlif bəhanələr gətirdi, əməliyyatdan çıxdığını, yaddaşında problemlər yarandığını söylədi. Yenə də Gülbənizi günahlandırmaq istəmədim”.

Zərərçəkmiş qızıl-zinət əşyalarının yoxa çıxmasından sonra evdə dayəlik edən Gülbənizdən şübhələndiyini deyib: “Ad gününə hazırlaşan zaman Gülbənizi çağırdım, dedim kənardan nəzarət elə, gör hansı qızıl hansı paltara daha uyğun gəlir. Həmin gün ad günündə iştirak edib qayıtdım. Sonra uşqalrın qış tətili olduğundan yanvarın 26-dan fevralın 12-dək Xaçmaza istirahətə getdim. Mən evdə olmadığım vaxtlarda Gülbəniz də evə gəlməyib. Növbəti dəfə qonaqlığa gedərkən qızıl boyunbağımı tapa bilmədim. Zəng vurub Gülbənizdən soruşduqda qızıl qabında olacağını dedi. Boyunbağını axtardıqda digər qızılların da çoxunu tapa bilmədim. Tam əminliklə bildim ki, qızılları Gülbəniz oğurlayıb. Zəng vurub evə çağırdım. Özünə qarşı şübhələri aradan qaldırmaq üçün müxtəlif sözlər danışmağa başladı”.

Məhkəmə prosesi avqustun 31-də davam edəcək.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın