Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / Bakı “moyka”ları: qiymətlər və risklər (REPORTAJ, FOTOLAR)

Bakı “moyka”ları: qiymətlər və risklər (REPORTAJ, FOTOLAR)

Bu xidmət sahəsində çalışanların çoxu gənclərdir; nəqliyyat eksperti təhlükəsizlik şərtlərini sadaladı: “Əsas odur ki…”

Qışda havaların soyuması ilə bir çox peşə sahiblərinin işi çətinləşir. Xüsusilə də bu kateqoriyaya küçə ticarəti ilə məşğul olanlar, işləri açıq havada olanlar daxildir. Belə peşə sahiblərindən biri də avtoyuma məntəqəsinin (“moyka”) işçiləridir. Paytaxtdakı bir neçə “moyka”da olub, soyuq havalarda onların fəaliyyəti ilə maraqlandıq.

Öncə qeyd edək ki, avtoyuma məntəqəsinin açılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə müraciət etməlisən. Ərizəyə həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, həmçinin ərizədə qeyd olunan obyektə ərizəçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, habelə olduğu təqdirdə müvafiq dövlət orqanları ilə razılaşmalarının surətləri və obyekt üzrə digər zəruri texniki sənədlər əlavə olunmalıdır. Ərizəyə 30 gündən gec olmayaraq baxılır. Sənədlərdə problem olarsa, nazirlik tərəfindən geri qaytarılır və şəxs problemi aradan qaldırıb, yenidən müraciət etməlidir.

Müşahidə etdik ki, bu prosesləri keçib, hazırda Bakıda fəaliyyət göstərən “moyka”larda çalışanlar daha çox gənclərdir. Obyekt yiyəsi ilə günlük gəlirin 40 faizi qarşılığında razılaşan bu gənclərin əksəriyyəti durumlarından razı olduqlarını bildirdilər. Ancaq eyni zamanda onlardan heç biri adlarının yazılmasını istəməyib, foto çəkdiyimiz zaman mümkün qədər üzlərinin düşməməsini xahiş etdilər.

Şəhərdə fəaliyyət göstərən avtoyuma məntəqələrində qiymətlər fərqlidir. 3, 5, 10, 20, hətta 30 manata maşın yuyulan “moyka”lar var. Qiymətlər maşının yuyulma qaydasından və formasından asılı olaraq dəyişir. Qiyməti 3 manata olan “moyka”larda avtomobil 1 dəfə dərmanlanır, daha sonra təzyiqlə su vurulub, qurulanır. Həmin qayda ilə bu cür yerlərdə “Ceep”ləri 5 manata yuyurlar. Təmaslı yuyulan yerlərdə isə əsasən “Sedan”lar 6, “Ceep”lər 10 manata yuyulur. Burada salon tozsoranla təmizlənir, təkərlər qaraldılır, maşının hər yeri səliqəli şəkildə təmizlənir. 20-30 manatlıq yerlərdə isə maşın parla yuyulur, motorxana təmizlənir. Qiymət “moyka”nın harada yerləşməsindən asılı olaraq da dəyişir.  Şəhərin mərkəzinə doğru qiymətlər bahalaşır.

Getdiyimiz “moyka”larda söhbət etdiyimiz işçilərin demək olar ki, hamısı rayondan Bakıya iş üçün gələn gənclər idi. Onlar aldıqları məvacibdən həm kirayə qaldıqları mənzillərin pulunu ödəyirlər, həm də dolanışıqlarını çıxarırlar. Metronun “Neftçilər” stansiyasının yaxınlığında çalışan gənclər bildirdilər ki, əslən Tərtər rayonundandırlar. “Sedan” tipli maşınları 6, “Ceep”ləri isə 10 manata yuyub, içərisini təmizləyirlər: “Günlük gəlirimiz hər dəfə fərqli olur. Bəzən avtomobil yuduzduranlar 5 manat verirlər, bəzən isə qədərindən artıq ödəniş edirlər. Ümumilikdə hava yaxşı olanda 10-dan çox maşın yuyuruq. Hər yuduğumuz maşının pulundan 40 faiz bizə qalır. Qış aylarında işlərimiz çətin olur, ancaq öhdəsindən gəlirik. Bizim ”moyka”da maşını isti su ilə yumaq üçün şərait var. Qızdırıcını yandırdığımız zaman “moyka”nın içərisi də qızır və bizim özümüz də burada qızınırıq. Ancaq bu gün əksər yerlərdə bu cür qurğu yoxdur. Həmin yerlərdə çalışanlar daha çox əziyyət çəkirlər. Ümumilikdə isə çörək pulu qazanmaq üçün işləməyə məcburuq”, – deyə gənclər bildirdilər.

Bakıda bəzi yerlərdə fəaliyyət göstərən avtoyuma yerləri günün 24 saatını işləyir. Məsələn, Nərimanov rayonunda bu cür avtoyuma yerləri çoxdur. Həmin “moyka”larda qiymətlər 3 manatadır. Yuyulma isə yuxarıda qeyd etdiyimiz kimi, bu qiymətə uyğun formada aparılır. Bu “moyka”larda işçilər də əziyyət çəkirlər. Suqızdırıcı texnologiya isə mövcud deyil…

Bunu da qeyd edək ki, şəhərdən kənarda yerləşən bir çox “moyka”larda avtomobil yuyulduqdan sonra küçədə su gölməçələri yaranır. Xüsusilə də qış aylarında yollar keçilməz hala gəlir. Bəs “moyka”ların tikilmə qaydaları necə olmalıdır?

Ərşad Hüseynov ile ilgili görsel sonucu

Bu barədə “Yeni Müsavat”a danışan nəqliyyat eksperti Ərşad Hüseynov söylədi ki, “moyka”ların yerləşməsi tikinti, şəhərsalma qaydalarına uyğun olmalıdır: “Qanunvericilikdə texniki təmir, texniki qulluq stansiyaları deyilən anlayış var. Onların tikintisi standarta uyğun olmalıdır. Həm texniki avadanlıq, həm orada işləyənlərin ixtisası, peşəsi, həm də sanitar-gigiyenik məkan bu standartda yer alır. Ciddi məsələ odur ki, ”moyka”lar harada, necə gəldi tikilir. Ən başlıcası, yolda hərəkət iştirakçılarına maneə yaratmamalıdırlar. Səkidə, avtomobil yolunun hərəkət hissəsində hansısa texniki təmirdən söhbət gedə bilməz. Orada yuyulma nəticəsində təmiz, çirkli su yolun hərəkət hissəsinə, səkiyə axıdılmamalıdır. Yuyulma qaydasına gəlincə isə yaxşı olardı ki, bu, istehsalçının tövsiyəsinə uyğun olsun. İstehsalçı tövsiyə edirsə ki, filan yuyucu vasitə ilə, isti su ilə yuyulsun, qoy elə də olsun. Saxta yuyucu vasitələri avtomobilə zərərlidir. Buna da diqqət etmək lazımdır və istehsalçıların sertifikatlı kimyəvi yuyucu vasitələrindən istifadə edilməlidir. Həmçinin işçilərin də əmək təhlükəsizliyinə diqqət edilməlidir. Baxırsan ki, işçi ayağı, əli yalın kimyəvi maddələrin içərisinə girir. Bu kimi halların hamısı sağlamlığa ziyandır”.

 

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …