Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Bakı küçələrində nömrəsiz şütüyən “Oka”lar: buna son qoyan tapılacaqmı…

Bakı küçələrində nömrəsiz şütüyən “Oka”lar: buna son qoyan tapılacaqmı…

Dəfələrlə məsələ mətbuatda qaldırılsa da Bakı küçələrində hələ də dövlət nömrə nişanları olmadan hərəkət edən “Oka” avtomobillərinə rast gəlinir. Növbəti belə avtomobili virtualaz.org-un əməkdaşı bu gün səhər saatlarında Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionun qarşısında müşahidə edib. Yüksək sürətlə hərəkət edən, manevr qaydalarını kobud şəkildə pozan tünd göy rəngli “Oka” avtomobilinin həm qabaq, həm də arxa hissəsində dövlət qeydiyyat nişanları çıxarılıb. 100 km/saat maksimal sürət həddi olan zolaqda ən azı 120 km sürətlə hərəkət edən avtomobil bir neçə qəza vəziyyəti də yaradıb. Maraqlıdır ki, həmin nömrəsiz “Oka” qarşı yolda olan DYP avtomobilin yaxınlığından ötüb.

Virtualaz.org dəfələrlə belə nömrəsiz avtomobillərlə bağlı problemi işıqlandırıb, belə avtomobillərin  hətta DYP əməkdaşlarının gözü qarşısında rahatca hərəkəti ilə bağlı foto və videolar yayımlayıb. Lakin bu, nömrəsiz maşınlarla qaydaları pozanların sayını azaltmayıb. Əslində belə avtomobillər əlillərə, keçmiş döyüşçülərə verilsə də, onlar tərəfindən idarə edilib-edilmədiyi bəlli deyil.

Nömrəni açaraq maşın sürmək və ya ümumiyyətlə, onu qeydiyyata almamaq hansı təfəkkürdən xəbər verir? Sürücü nömrəsiz avtomobillə qəza törədib adam öldürərsə, polis onu necə tapacaq, harada axtaracaq? Ölkənin ən ali qanununa hörmətsizlik edərək həm özünün, həm də başqalarının həyatını təhlükəyə atan belə şəxslərə qarşı bəlkə cəzaları sərtləşdirmək lazımdır?

 

“Bu müharibə ilillərinin nüfuzuna ləkədir…”

 

Əslində belə nömrəsiz avtomobil idarə edənlərə qarşı Qarabağ qazilərinin də birmənalı və sərt mövqeyi var. “Qarabağ Qaziləri” İctimai Birliyinin sədr müavini Firudin Məmmədov virtualaz.org-a açıqlamasında belə şəxslərin birbaşa müharibə əlillərinin nüfuzuna ləkə vurduqlarını deyir.

“Kimliyindən asılı olmayaraq bizim təşkilatımız nömrəsiz avtomobil idarə etməyin əleyhinədir. Özümüz də, təşkilat rəhbərləri də avtomobilimizi nömrə ilə sürürük. Kimlərinsə nömrəsiz avtomobil idarə etməmələri üçün Daxili İşlər Nazirliyinə məktub göndərmişik. Məktubda xahiş etmişik ki, müharibə əlillərini təmsil edən “Oka” və “Lifan” avtomobillərinin nömrəsiz sürülməsinə qarşı lazımi tədbirlər görsünlər və reydlər keçirilsin. Çünki heç bir halda heç bir kəsin avtomobili nömrəsiz idarə etmək ixtiyarı yoxdur. Bu həm də müharibə əlillərinin nüfuzuna xələl  gətirir”, – deyə F. Məmmədov bildirib.

Qarabağ qazisi deyir ki, bununla bağlı təşkilat Qarabağ qaziləri arasında da təbliğat işləri aparır. Belə hallarla rastlaşdıqda həmin şəxsləri təşkilata dəvət edərək onların nömrə bağlamasına nail olurlar.

 

“Onların əksəriyyəti müharibəyə aidiyyatı olmayan avaralardır”

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da hesab edir ki, belə avtomobil sürənlərə qarşı hər hansı güzəşt edilməməlidir. Amma ekspert nömrəsiz avtomobil idarə edənlərə qarşı cəzaların sərtləşdirilməsinə lüzum görmür. Ə.Hüseynovun virtualaz.org-a bildirdiyinə görə, belə hallara yol verənlərə qarşı cərimə 60 manatdır və avtomobil mütləq cərimə meydançasına qoyulmalıdır: “Sizcə həmin şəxs cərimədən qorxmur, pulu o qədərmi çoxdur? Hətta imkanlı şəxs olsa belə həmin avtomobil cərimə meydançasına qoyulur və buraxılmır. Burada təəssüflə qeyd edilməli incə bir məqam var. Bunu dəfələrlə özüm də araşdırmışam, həmin avtomobilləri sürənlərin əksəriyyəti müharibə veteranı deyillər, onların uşaqlarıdır, yaxınlarıdır, hətta  bəziləri ikinci dünya müharibəsi veteranlarının nəvələridir. Bu adamlara güzəşt etməmək lazımdır”.

Ə. Hüseynov bildirir ki, ola bilsin DYP bu şəxslərin sosial statusuna görə onlara göz yumur. Əslində isə onları mütləq saxlamaq, cəzalandırmaq lazımdır: “Yol polisi belə hallarla qarşılaşanda onları saxlayıb başa salmalıdır ki, sənin vətən qarşısında xidmətlərin dövlətin qanununu pozmağına haqq vermir. Dövlətin  qanunu pozanda xidmətlərinin üzərindən xətt çəkirsən. Bu cəmiyyətdə də ikrah doğurur. Avtomobili cərimə meydançasına aparıb cəriməni yazmaq lazımdır. Mən dəfələrlə yüksək rütbəli polis əməkdaşlarından bu barədə soruşmuşam. Onları saxlayanda vətənə xidmət etdiklərini  deyirlər. Bu ölkədə Qarabağ müharibəsində əlil olan, sağlamlığını itirən minlərlə adam var. Belə hərəkətləri edənlər ancaq onlarla ola bilər, yüzdən azdırlar. Əminəm ki, onların əksəriyyəti müharibəyə aidiyyatı olmayan avaralardır.  Polis cəsarətlə bunun qarşısını almalıdır, layiq olmadıqları güzəşti etməməlidir”, – deyə ekspert bildirib.

Xatırladaq ki, virtualaz.org ötən yazılarımızda nömrəsiz avtomobil idarə edənlərlə bağlı Dövlət Yol Polisi İdarəsinin rəsmi mövqeyini öyrənib. DYP-dən verilən açıqlamada belə halların olduğu ilə razılaşalar da, bunlarla mübarizə aparıldığını bildiriblər: “2017-ci ilin yanvar ayının 1-dən noyabrın 11-ə qədər dövlət nömrə nişanı olmadan avtomobili idarə etməyə görə Bakı şəhəri üzrə 1145 sürücü saxlanılıb və bunların arasında Qarabağ əlilləri də var. Yol polisi dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət apararkən belə avtomobilləri görürsə, təbii ki, reaksiya verir. Belə avtomobillər saxlanılır və yol hərəkətindən kənarlaşdırılır. Onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Ola bilər ki, ərazidə xidmət aparan əməkdaş bir nömrəli tədbirdə olar və ya həmin ərazidə yol polisi olmaz. Bu o demək deyil ki, nəzarət olunmur”, – deyə açıqlamada bildirilir.

Məlumat üçün bildirək ki, əgər avtomobil qeydiyyatdan keçibsə, amma onu maşından kənara qoyubsa, belə avtomobil cərimə meydançasına aparılır, sürücüyə 4 cərimə balı verilir və 60 manat cərimə olunur. Həm də sürücü yalnız nömrəni gətirib yerinə taxdıqdan sonra onu idarə edə bilər.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …