Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Araşdırma / “Bacı bacının balasını bu günə qoyarmı?” deyən baldızının Arif Əsgərova sözü var – VİDEO

“Bacı bacının balasını bu günə qoyarmı?” deyən baldızının Arif Əsgərova sözü var – VİDEO

Azərbaycan cəmiyyəti çağdaş dönəmin ən ağrılı və humanitar böhranını yaşayır desək yanılmarıq. Əsrlərlə qürrələndiyimiz və dünyaya fəxrlə bəyan etdiyimiz ailə institutu bəlkə də son minilliyin ən fəlakətli mərhələsini yaşayır. Çoxları ailələrin dağılmasının, qadına qarşı şiddət və çeşidli səbəblərdən qaynaqlanan intihar hallarının artmasının əsas baiskarını telekanalların az qala fahişələyi və xəyanıəti təbliğ etməsində, sosial şəbəkələrdə yaşanan rəzalətdə axtarsa da etiraf edilməlidir ki, ən böyük günahkar Rəbbimizin ən ali varlıq kimi yaratdığı bəndələrinin bəzən insanlığa yaraşmayan davranışlar sərgiləmələridir.
İndi bəhs edəcəyimiz ailə faciəsi də oxucularımız üçün yeni deyil və son bir neçə ildə dəfələrlə xəbər saytlarında, sosial şəbəkələrdə, telekanallarda işıqlandırılıb. “Azərbaycan Dəmir Yolları”nın keçmiş rəhbəri Arif Əsgərovun ailəsində, daha doğrusu, yaxın çevrəsində yaşananlar da az qala bir teleserialın mövzusu olacaq dəhşətli ailə faciəsidir. A. Əsgərovun baldızının oğlu Rahib Hüseynovun törətdiyi cinayət, yəni heyrətamiz ssenari ilə yüzlərlə imkanlı adamın etibarından sui-istifadfə edərək 10 milyonlarla dollar dəyərində dələduzluq etməsi, əməlləri ifşa olunduqda isə suda boğulanın saman çöpündən yapışdığı kimi, cinayətinə az qala qarşısına çıxan hər kəsi şərik etmək istəməsi ortalığı elə qarışdırıb ki, onlarla ailədə qanqaraçılıq yaranıb.
Ən dəhşətlisi isə A. Əsgərovun həyat yoldaşı ilə bacısının bir – birinə düşmən olması və bununla da bir neçə ailənin, obrazlı desək, gününün göy əskiyə bükülməsidir. Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu himayəsinə alaraq baldızının ailəsinin çörək qazanması üçün etdiyi yaxşılıq indi dönüb iki ailə arasındakı düşmənçiliyə. Hətta iş o yerə çatıb ki, Rahib Hüseynovun anası gəlib bacısının evinin qarşısında ağı deyərək  “Bacı da bacının balasını bu günə qoyarmı?” fəryadı edir və 3 ailənin dağıldığını bildirir. Rahibin atası isə oğlunun oğurlanaraq bəlkə də öldürüldüyünü deyir.
Amma bir neçə gün öncə bəlli oldu ki, Rahib Hüseynovun anasını “bu günə qoyan” bacısı, yəni Arif Əsgərovun həyat yoldaşı yox, öz gəlini, cəmisi bir il öncə Rahibin dələduzluq əməllərindən yaxa qurtarmaq üçün nikaha girdiyi vəkili Sevil Hacıyeva olub. Belə ki, Rahibin atası və anası az qala hər gün Arif Əsgərovun yaşadığı evin qapısına gələrək oğlunun yoxa çıxmasında onların əlinin olduğunu üsyan etsə də sonda bəlli oldu ki, axtarışda olan və istintaqdan yayınan Rahibi gizlədən elə Sevil Hacıyeva olub. Görünür, cinayətinin üstünün açılacağından xoflanan çoxbilmiş vəkil polisləri qabaqlayaraq həyat yoldaşını öz əli ilə gətirib istintaqa təhvil verməyə macal tapıb.
İndi sual olunur, məsələ bununla bitdimi? Bacılar arasındakı düşmənçilik, bir neçə ailənin illərdi yaşadığı gərginlik bitdimi? Rahib Hüseynovun atası və anası oğullarının kim tərəfindən “oğurlandığını” bildikdən sonra gəlib Arif Əsgərovun ailəsindən üzrxahlıq etdilərmi, yaxud gəlinlərini heç olmasa buna görə məzəmmət etdilərmi?
Bəs müvafiq dövlət qurumları necə, bu məsələdə bütün günahkarların çevrəsini müəyyənləşdirə bildimi? Hüquq mühafizə orqanları, Vəkillər Kollegiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu ailə faciəsinin heç olmasa qismən də olsa yoluna düşməsi üçün hərəkətə keçdilərmi? Hər şey bir yana, gözü yaşlıq iki bacını barışdırmağa cəhd edildimi? Hələlik göprünən odur ki, izaholunmaz susqunluq yaşanır. Bu isə növbəti faciələrin baş vermə ehtimalını artırır.
Biz bu ailə faciəsinə biganə qalmağı yolverilməz hesab edirik, ona görə də prosesi diqqətlə izləyirik və cəmiyyətin hörmət-izzət sahibi olan müxtəlif kəsimlərinin nümayındələrinin olaya münasibətlərini öyrənəcəyik, bir neçə ailənin faciəsinə çevrilmiş bu böhranı durdurmağa çalışacağıq…
moderator.az

 

Həmçinin oxuyun

800-dən çox saxta arayış, sosial şəbəkələrdə yalan xəbər, korrupsiya və… – Prokurorluq hesabat yayıb

2020-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini …