Ana səhifə / Araşdırma / Bəzi dövlət təşkilatlarının hədiyyələr adı altında yol verdiyi israfçılığın inanılmaz mənzərəsi…

Bəzi dövlət təşkilatlarının hədiyyələr adı altında yol verdiyi israfçılığın inanılmaz mənzərəsi…

Azərbaycanda dövlət büdcəsinə qənaət hakimiyyətin prioritetləri sırsına aiddir. Biz ölkə başçısının çıxışlarında da dəfələrlə bu məsələyə toxunduğunun şahidi olmuşuq. Hətta ölkə başçısı məmurlara dəbdəbəli ad günləri etməmək, bahalı xidməti avtomobillərdən istifadədən çəkinməklə bağlı konkret tapşırıqlar da verib. 

Ancaq təəssüflər olsun ki, biz əksər hallarda bu tövsiyələrə lazımi şəkildə əməl edilmədiyinin şahidi oluruq. Bu günlərdə dövlət büdcəsindən maliyyələşən təşkilatların son 2 ildə hədiyyələrin, suvenirlərin, hədiyyə paket, qutu və səbətlərinin və onların dizaynı işlərinin satınalmasına dair xərclərinin siyahısı ilə bağlı rəsmi dairələrin yaydığı hesabata baxmaq kifayət edir ki, dövlət qurumlarının hansı şəkildə israfçılıq etdiyini görəsən. Məlum olur ki, dövlət qurumları bu məqsədlə toplam olaraq 544 152 manat büdcə pulu xərcləyiblər. Hesabat dövründə bununla əlaqədar olaraq cəmi 30 satınalma həyata keçirilib. Cədvələ diqqət yetirdikdə digər maraqlı detallar da üzə çıxır. Məsələn, işçi kontingenti həddən artıq az olan bir qurumun hədiyyələr üçün xərclədiyi məbləğin, irihəcmli dövlət qurumları, hətta nazirlikləri belə üstələməsi olduqca anormal görünür.

Ən iri satınalmalar haqqında məlumtdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin bu istiqamətdə olan xərcləri hətta Fövqəladə Hallar Nazirliyini belə üstələyir. Hansısa qurumun tərkibində olan bir departament hədiyyələr üçün 49 min manat xərcləyibsə, FHN-in xərcləri 33243 manat olub. Dövlət Radiotezliklər adlı elə də böyük olmayan qurumun da hədiyyələr üçün ayırdığı məbləğ cədvəlin ön sıralarında yer alıb. 48485 manat xərcləyən bu qurum da hədiyyə almaq estafetində böyük nazirlikləri belə özündən arxada qoya bilib. Dövlət qurumlarında belə işlər üçün xərclərin nəzərdə tutulduğunu bilirik. Amma siyahıdakı disbalansı anlamaq olmur. Doğrudan da düşündürücüdür, əməkdaşlarının sayı digərindən bəlkə də 100 dəfələrlə çox olan qurumlar necə ola bilir ki, hədiyyə almaqda kiçik təsisatlardan arxada qalırlar? Bu nəyin əlaməti sayıla bilər?

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli qəzetimizə bildirdi ki, həmin siyahıya dərindən nəzər yetirmək şübhələrin meydana çıxmasına kifayət edir: “Bu məsələdə korrupsiyanın olduğunu istisna etmirəm. Dövlət büdcəsindən israfla bağlı biz dəfələrlə məsələlər qaldırmışıq. Biz hər zaman müəyyən qurumların birləşdirilməsi ilə bağlı məsələni vurğulamışıq. Cənab Prezidentin verdiyi fərmanlara əsasən, bu istiqamətdə mühüm irəliləyişlər oldu. Bu islahatların ən başlıca hədəflərindən biri də institusional xərclərin azaldılmasıdır. Nəqliyyat vasitələrinə sərf olunan yanacaq, sürücülərin əməkhaqlarına nəzər yetirmək kifayət edir ki, israfın olduğunu görəsən. Hədiyyələrin alınması ilə də bağlı rəqəmlər böyükdür. Bunu istisna qurumlar edə bilər.  Tutaq ki, Azərbaycanın diaspor fəaliyyətini həyata keçirən hansısa qurum belə hədiyyələr verə bilər. Tanınmış adamları ölkəmizə qonaq kimi dəvət edənlər ölkəmizin simvollarını hədiyyə kimi təqdim edə bilərlər. Ancaq biz siyahıda elə qurumların liderliyini görürük ki, doğrudan da təəccüblüdür. Hesab edirəm ki, bəzi qurumlar bunu əlamətdar günlərlə bağlı edə bilər. Amma yenə də siyahıda qeyri-müəyyənliyin olması bizi təəccübləndirməyə bilmir. Bu qədər vəsaiti hədiyyə adı altında sərf etmək doğru deyil. Necə ola bilər ki, Metropoliten kimi böyük kollektivi olan bir qurum hansısa xırda departamentdən bu məqsədlə az pul xərcləsin? Deməli, burada şübhəli məqamlar var. Artıq elə dövr gəlib ki, bunları açıq şəkildə söyləməkdən çəkinməməliyik. Təsəvvür edin ki, bəzən elə qurumlar olur ki, az bir əməkhaqqı ilə çalışan xadimənin adına böyük məbləğdə hədiyyə yazır. Burada bir məqsəd ola bilər, büdcədən pulu çıxarmaq. Dövlət qurumlarının bu tip xərclərinə dövlətin və ictimaiyyətin ciddi nəzarəti olmalıdır ki, hədiyyə adı ilə silinən vəsaitin hara və necə xərcləndiyini bilək”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

DYP RƏİSİ ŞİRKƏTLƏRDƏN “HAQQ” TƏLƏB EDİR! – Avtobusları cərimə meydançasına doldurub + FOTOLAR

B Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinə yenicə rəis təyin edilmiş Məmməd Əliyev sərnişindaşıma şirkətlərini …