Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Azdrama” məhkəməyə verilir

“Azdrama” məhkəməyə verilir

Akademik Milli Dram Teatrında daha bir qalmaqal yaşanmaqdadır. Belə ki, prodüser Elşad Əliyev teatrı məhkəməyə verib. O, aznews.az saytına açıqlama verərək bildirib ki, uzun müddətdir ki, teatrda işləməsinə baxmayaraq ona xəbərdarlıq edilmədən işdən çıxarılıb:

“Əgər mən onları qane etmirdimsə, mənə xəbərdarlıq edilməliydi, hər hansı bir səbəb gətirilməliydi. Teatrın rəhbəri Azər Paşa Nemətovla görüşmək istədim. Dedilər ki, Azər Paşa Nemətov səninlə görüşmək istəmir, deyir ki, bir də teatra gəlməsin”.

Məsələ ilə bağlı teatrın rəhbəri Azər Paşa Nemətovla əlaqə saxladıq. Xalq artisti sualımızı eşidər-eşitməz cavab vermədən telefon zəngini kəsdi. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı isə müsavat.com-a açıqlamasında bildirdi ki, adıçəkilən prodüser Elşad Əliyev hazırda Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşıdır, paralel olaraq və əvəzetmə ilə Akademik Milli Dram Teatrında menecer kim çalışıb:

«Onunla dörd aylıq müqavilə bağlanıb və sınaq müddəti müəyyən olunub. Müqavilə başa çatdığına görə vəzifəsindən azad olunub. Elşad Əliyev Akademik Milli Dram Teatrını məhkəməyə veribsə, bu onun vətəndaş kimi hüququdur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında Azərbaycan Respublikasının qanunu var.

Elşad Əliyev də vətəndaş kimi bu hüquqdan istifadə edib. Son qərarı məhkəmə verəcək. Buna görə də nəsə fikir bildirmək mənim səlahiyyətim daxilində deyil”.

Qeyd edək ki, bugünlərdə teatrda yaşanan qalmaqal üzündən xalq artisti Fuad Poladov AMDT-ni tərk etmişdi. Xalq artisti işdən qovulan Hikmət Rəhimova qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq belə bir addım atdığını bildirmişdi. Musavat.com-a daxil olan məlumatlara görə, teatrda yaşanan son qalmaqallar üzündən çoxlu sayda tamaşaçı adıçəkilən teatrın tamaşalarını boykot edəcəklərini bildirib. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bu məsələyə də aydınlıq gətirib:

“Azərbaycanda teatrın bəlli tamaşaçıları var. Yəni bilet alıb tamaşaya gələn adamın müəyyən zövqü, səviyyəsi, intellektual bazası olur. Ən azından mədəniyyətin, teatrın təəssübkeşi olur. Desəm ki, bütün tamaşalarımızda zal dolu olur, biletlərin hamısı satılır, əlbəttə, bu doğru olmaz. Ən azı bizim daimi tamaşaçılarımıza, bizi deyib gələn insanlara qarşı hörmətsizlik olar. Çünki onlar 550 nəfərlik zalın dolu olduğunu da görüblər, tamaşaçı sayının azlığına da şahid olublar. Biz hər zaman demişik ki, dövlət müəssisələrində, özəl təşkilatlarda çalışan insanların tamaşaçımız olmağını arzu edirik.

Təəssüf ki, bu, rahatlıqla başa gəlmir, gərgin əmək, danışıqlar tələb edir. Hazırda Akademik Milli Dram Teatrının Təhsil Nazirliyi ilə müqaviləsi var, məktəbdə tədris olunan mövzulara uyğun şagirdlər könüllülük prinsipi ilə gəlib baxırlar. Məsələn, ”Əmir Teymur”a, “Ölülər”ə, “Anamın kitabı”na, “Qaraca qız”a baxıblar. O ki qaldı tamaşaçıların Fuad Poladova görə teatrı boykot etməsi fikrinə, bu əsası olmayan iddiadır və belə bir fakt yoxdur. Bildiyiniz kimi, Fuad Poladovun Akademik Milli Dram Teatrından gedişindən sonra dublyor olmadığına görə xalq artistinin rol aldığı “Şah Qacar”, “Boy çiçəyi” və “Müsyo İbrahim və Quran çiçəyi” tamaşaları noyabr repertuarına salınmayıb. Adını çəkdiyim tamaşalar maraqla baxılan, tamaşaçı tərəfindən yaxşı qarşılanan tamaşalardır və repertuarda olmamağına təəssüf edirəm. Amma bu o demək deyil ki, tamaşaçı Fuad Poladovun gedişindən sonra teatra gəlmir.

Qətiyyən. Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalar var, onlar nümayiş olunur, baxılır. Teatrda bu cür hallar olur və bundan sonra da təsadüf edilməyəcəyi istisna deyil. Əsas odur ki, Akademik Milli Dram Teatrının kollektivi bu gün yeni tamaşalar üzərində işləyir, bizi deyib gələnlərə yalnız yaxşı səhnə əsərləri vəd edə bilərik”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın