Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “AZƏRİŞIQ” RƏHBƏRİNİN MARAL SÜRÜSÜ

“AZƏRİŞIQ” RƏHBƏRİNİN MARAL SÜRÜSÜ

Kütləvi informasiya vasitələri yaymaq üçün maraqlı hesab etdikləri olayları özləri seçirlər. Həmin hadisələrin sonrakı gedişini oxucu üçün cəzbedici saymırlarsa, daha o mövzuya qayıtmırlar. Təəssüf ki, hətta hüquq-mühafizə orqanlarının etibar edib məlumatları bölüşdükləri aparıcı KİV də bu prinsipə sadiqdir.
Ölkə gündəmini diqqətlə izləyən oxucular bəlkə də xatırlayarlar, Eldar Mahmudovun “MTN imperiyası” yıxılandan dərhal sonra yayılan ilginc məlumatlardan biri də Bakıda bir maraqlı dələduzluq faktı barədə oldu. Məlumatda qeyd edilirdi ki, Bakı sakini 1960-cı il təvəllüdlü Akif Əliyev hüquq-mühafizə orqanlarına müraciət etmiş və ərizəsində bildirmişdi ki, tanıdığı 1982-ci il təvəllüdlü Mədət Bayramov adlı şəxs onu aldadıb, 2014-cü ilin avqust ayında 192 min manat dəyərində 60 baş maralını alıb, amma pulunu verməyib.
O vaxt KİV-in gündəmini zəbt edən həmin olay belə bir sual ortaya çıxarmışdı: “Məgər Azərbaycanda maral saxlanılan fermer təsərrüfatları var?” Saytlardan biri həmin sualı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişaf Departamentinin direktor müavininə vermiş və cavab almışdı: “Qeyri-mümkündür ki, kimsə 60 baş maralı təbiətdən yığsın və qanunsuz olaraq onu saxlasın. Belə bir fakt varsa, biz araşdırma aparmağa hazırıq. Sadəcə olaraq, hansısa iş adamı xaricdən pulla maral, ceyran ölkəyə gətirə bilər ki, bu da sənaye məqsədi daşıya bilər. Avropa ölkələrində maral ətinin sənaye məqsədilə istehsalı çox populyardır. Çoxlu sayda maral fermaları var. Həmin fermalar ildə 100 minlərlə ton maral istehsal edir. Delikates ətdir. Bazarı formalaşdıran tələb və təklif amili var. Əgər Azərbaycanda belə bir tələbat olarsa, o zaman düşünmək olar”.
Etibarlı mənbədən aldığımız məlumata görə, maral dələduzluğunda adı hallanan Mədət Bayramov adi traktorist imiş. Keçmiş MTN generallarından biri ilə münasibəti hesabına hətta müəssisə yaradıb və “Azərişıq” ASC-dən qeyri-şəffaf tenderlə (və yaxud, heç tender olmadan) iş götürüb, kapitala yiyələnib. General havadarının himayəsindən istifadə edən M. Bayramov alıb-satdığı maralların pulunu A.Əliyevə ödəməyə tələsmirmiş. Borc yiyəsi yalnız iki il keçəndən, yəni MTN-nin süqutundan sonra şikayət etmək üçün özündə cəsarət tapıb.
Belə çıxır ki, bazarda maral ətinə yetərincə tələbat da varmış, maral ətinin sənaye məqsədilə istehsalı barədə düşünüb qayğılanan, biznes quranlar da. Əldə etdiyimiz məlumata görə, məlum pul qalmaqalına səbəb olan 60 baş maralın əsas sifarişçisi o vaxt “Bakıelektrikşəbəkə”nin sədri olan indiki “Azərişıq” ASC-nin rəhbəri Balababa Rzayev imiş. Bildirilir ki, Rzayev Bayramova çox etibar edirmiş və hətta əsas işindən kənar biznes qurmaq planlarını da onunla müzakirə edib məsləhətindən faydalanırmış. Təəssüf, M.Bayramov ondan aldığı pulu maralları gətirən A.Əliyevə verməyərək vasitəçilik etdiyi hər iki tərəfin etimadından sui-istifadə etmişdir. Aydın məsələdir ki, Azərbaycan təbiətindən yığılmayıb hətta Norveçdən gətirilmiş olsa belə, aldığı maral sürüsünün nəhəng buynuzlarını indiyədək gizlətmək B.Rzayevə müyəssər olmamalıydı. Etibarlı mənbədən öyrənmişik ki, Bayramov hüquq-mühafizə orqanlarında dindirilərkən Balababa müəllimin və digər Rzayev qardaşlarının adını çəkib. Lakin B.Rzayev öz nüfuzundan və əlaqələrindən istifadə edərək, xətanı başı üzərindən sovuşdura bilib.
Xatırladaq ki, bir ara “Azərişıq” ASC-nin rəhbərinin təkcə elektrotexnika biznesmeni kimi deyil, həm də Bakıətrafı kəndlərdə, xüsusən də Pirallahı rayonunun Zirə qəsəbəsində “parniklər kralı” kimi tanındığı barədə informasiya yayılmışdı. Məlumata görə, Balababa Rzayev rayondakı istixanalarda yetişdirilən pomidor-xiyar məhsullarının Rusiya bazarlarına çıxarılması işlərini nəzarətdə saxlayır. Həmçinin, parniklərdə istifadə olunan elektrik enerjisinin məsuliyyət yükünü kimin daşıması məsələsi də sorun yaratmışdı. Bu barədə yazılanlar hələ də internet resurslarında qalmaqdadır və Rzayev tərəfindən təkzib olunmayıb. Eləysə, yəni, xiyar biznesi varsa, niyə də maral biznesi olmasın?
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin sözçüsü Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. Mətbuat katibi bildirdi ki, araşdırılan informasiyada ehtiva olunanlar tam olaraq “Azərişıq”la əlaqəli olmadığı üçün qeyd olunanlarla bağlı məlumatı yoxdur. Hərçənd, söhbət B.Rzayevin nüfuzundan getdiyi üçün müəyyən vaxt ərzində maraqlanıb öyrənə və bizi məlumatlandıra bilər. Əlavə elədi ki, B.Rzayevin bizneslə məşğul olması barədə hər hansı bir məlumatı yaymaqla KİV oxucunu təəccübləndirə bilməz, çünki B.Rzayev hazırda rəhbərlik etdiyi sahəyə məhz biznesdən gəlib.
Vədələşdiyimiz vaxtda növbəti dəfə əlaqə saxlayanda Tanrıverdi müəllim artıq məsələnin “yerinə çatdığını” dedi: “Maraqlanmışam, o kişinin pulu tam ödənilib”.
Mustafayevlə söhbətimizdən belə yəqinlik hasil oldu ki, B.Rzayev maral sürüsü aldığını, eləcə də araşdırdığımız digər məlumatları təkzib etməyib. Sadəcə olaraq öyrənib “yerinə çatıblar” ki, pulunu almış Akif Əliyev təzəlikcə KİV-ə şikayət edib, ya yox. Şikayətlənmədiyini bilincə, arxayınlıq tapıblar.
Məsələni əsla o cür qoymaq fikrimiz olmayıb ki, B.Rzayev maral sürüsü almaqdan ötrü 192 min manat pulu əldə etmək üçün mütləq rəhbərlik etdiyi “Azərişıq” ASC-də korrupsiyaya əl atmalıdır. T.Musafayevin təbirincə fikirləşəndə B.Rzayev bundan sonra hətta bir eskadrilya şəxsi təyyarələr də alsa, ona “bu qədər pulu hardan tapmısan” sualı düşmür – axı o, biznesmen olub. Açıq qalan başqa suallar var ki, onların cavablarını özümüz bulmağa və qəzetimizin irəliləyən saylarında oxucularla bölüşməyə çalışacağıq.
 
İsmipünhan, “Dərkənar” qəzeti

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …