Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Azərbaycanlı turist Londonda təcili yardıma düşdü və başına nələr gəldi

Azərbaycanlı turist Londonda təcili yardıma düşdü və başına nələr gəldi

-Xəstə nəfəs alır, şüuru açıqdır?

 

Telefonun o biri ucundaki tibb işçisi məndən ilk olaraq bu sualı soruşur. Daha sonra xəstənin yaşından tutmuş, dünən axşam nə yediyi ilə bağlı müxtəlif suallara cavab verirəm. Telefon danışığımız təxminən 15 dəqiqə çəkir.  Soruşduğu suallardan məni ən çox təəccübləndirəni isə “xəstə silahlıdır?”, olur.

 

“Silahlı?” – deyə sualı təkrarlayıram. Qadın sualı yenidən soruşur, xəstənin hər-hansı aqressiv davranışlar göstərib  – göstərmədiyi ilə maraqlanır. İnkar cavabı verib, böyük təəccüblə telefonu qapadıram. Sonra birdən yadıma düşür: axı, mən Londondayam. 8 milyonluq bu şəhərdə silahlı və qorxunc terrorlar, çoxsaylı kriminal hadisələr son illərdə çox baş verir, ona görə belə sualın soruşulması normaldır.

 

Dəstəyin o başındakı növbətçi qadın təcili yardımın yarım saatla iki saat aralığında gələ biləcəyini deyir. Üstünlük, əlbəttə ki, vəziyyəti daha kritik olan xəstələrə verilir, elə ona görə də ilk soruşduqları sual xəstənin nəfəs alıb – almadığı ilə bağlı olur. Bir saatdan sonra kimsənin gəlmədiyini görüb, təcili yardıma yenidən zəng edirəm. Bu dəfə mənə tibb işçilərinin binanın girişində olduğunu deyirlər.

 

İki dəqiqə sonra ayaqlarında qalın qış çəkməsi, üzərlərində tünd yaşıl rəngdə əsgər formasını xatırladan geyim olan 25-30 yaşlarında iki gənc koridorun o biri ucundan mənə tərəf gəlirlər. Onlardan biri uzun boylu xanımdır. Bizim ağ xalatda görməyə adət etdiyimiz təcili yardımçıların –  əsgər qiyafəsindəki bu gənclərin qarşısına çıxıram, onları evə dəvət edirəm. Xəstə isə Londonda məni ziyarətə gələn azərbaycanlı rəfiqəmdir.

 

Gənc qadın əlinə şəffaf əlcəklərdən geyir və xəstənin adını, yaşını, vəziyyətini soruşduqca əlcəyin üzərinə qələmlə yazmağa başlayır. Xəstənin temperaturunu ölçür, ürək döyüntüsünə baxır və öz aralarında vəziyyəti müzakirə edirlər. Müzakirələrdən sonra, xəstəni aşağıdaki ambulansa aparıb orada daha dəqiq müayinə etmək istədiklərini deyirlər. Daha sonra qeyd edirlər ki, biz evdən hazırlıqlı çıxaq, çünkü lazım gəlsə, ordan birbaşa xəstəxanaya gedəcəyik və evə qayıtmaq üçün vaxt olmayacaq.

 

 

“Burda hamı komanda halında işləyir”

 

Ambulansdakı yoxlamalar, tibb bacısnın iynə vurmaq üçün damar axtarmağı təxminən bir saat çəkir və bizi yaxınlıqdaki xəstəxanaya – ‘’Royal’’ Hospitala aparırlar. Ambulansla xəstəxana arasında internet üzərindən bağlantının olduğunu da fərq etdim və aydın oldu ki, təcili yardım maşınında aparılan müayinələri xəstəxanadakı növbətçi anındaca –  online qaydada görür və durumun qiymətləndirilməsində o da iştirak edir.

 

sssaa.JPG (72 KB)

 

Təcili yardımda əvvəlcə ilkin müayinədən keçirik. Rəfiqəmin kusmasının qarşısının alınması üçün ona müvafiq iynə vurulur. Gələn tibb işçisinə dərdimizi başa salırıq. Ümumiyyətlə onu deyim ki, eyni şeyi təxminən 6-7 müxtəlif tibb işçisinə təkrar təkrar söyləmək məcburiyyətində qalırıq. Eyni sual hər dəfəsində yeni bir həkim, ya da onun köməkçisi və ya tibb bacısı tərəfindən soruşulur. Eyni sualları cavablandırmaqdan sıxılıb, azərbaycansayağı bizə baxan həkimin adını soruşuram. “Sizə baxan konkret həkim yoxdur. Burda hamı komanda halında işləyir”,- deyə tibb işçisi mənə gülümsəyir.

 

Beləliklə həmin gün növbədə olan bütün personalın xəstəxanaya gətirilən xəstələrin vəziyyəti ilə bağlı məlumatları olur. Ən sonda isə üzərindəki vəsiqədə “məsləhətçi” yazılan 35 yaşlarında bir kişi həkim gəlir. Görünüşünə görə pakistanlı, saqqal tərzinə görə inanclı müsəlmandır. Bizə baxan həkimlər onunla məsləhətləşir, xəstənin vəziyyətini aydınlaşdırmağa çalışırlar.

 

Mənim və xəstənin dedikləri isə xüsusi daşıyıcı cihazın üstünə qoyulub otaq-otaq gəzdirilən kompüterlərə yazılır. Və təcili yardımdakı o həkimlər, o kompüteri müxtəlif xəstələrin yanına gedəndə yüngülcə itələyərək, sürə-sürə gedirlər. Beləliklə hər şey yazılı şəkildə bir cihazda, həm də sistemdə toplanır. Axşam təxminən saat 7 olur, günorta 1 radələrində gəldiyimiz xəstəxananın hələ də ilk yardım bölməsindəyik.

 

 

Gələn-gedən həkimlər, cavablandırılan suallar və gözləmələr nəticəsində məlum olur ki, rəfiqəmin halı düzəlmədiyi üçün bir gün xəstəxanada qalmalıyıq. Daha sonra hərəkət edən (açılıb-bağlanan) qalın pərdələrlə palata şəklində düzəldilən bizim yerləşdiyimiz guşəyə yuxarıdan bir cihaz endirilir. Məlum olur ki, bu cihaz rentgen aparatıdır. Rəfiqəmin köks qəfəsini çəkirlər. Nəticə dərhal hazır olur.

 

ayten5.JPG (36 KB)

 

Bizi xəstəxanın 11-ci mərtəbəsinə aparırlar. Biraz sonra yenə həkim gəlir, xəstənin vəziyyəti ilə maraqlanır və gedir. Axşam isə xəstənin yanında qalmağa icazə vermirlər. 4 nəfərlik otaqda digər xəstələrin həm narahat olmamağı üçün, həm də tibb bacısı deyir ki, bizim xəstə ilə aramızda özəlimiz olmalıdır.

 

ayten3.JPG (29 KB)

 

Ona görə də mən gedirəm. Səhər gələndə isə işçilərdən biri otaqdaki xəstələrə səhər yeməklərini seçmək üçün menu paylayırdı… Günortaya doğru həkimlər rəfiqəmin vəziyyətinin yaxşılaşdığını, narahatçılığın olmaması lazım gəldiyini deyir. Deyirlər ki, vəziyyət belə davam etsə bir neçə saat ərzində çıxa bilərik.

 

 

Hər şeyin yaxşı olmasına sevinirəm, bir tərəfdən də fikirləşirəm ki, görəsən bu qədər müalicə bizə neçəyə başa gələcək? Londonda yaşayan hər bir Britaniya vətəndaşı, ya da bu ölkəyə oxumağa üz tutmuş tələbələr burada pulsuz müalicə ola bilərlər. Ancaq rəfiqəm azərbaycanlıdır, Avropa ölkəsi vətəndaşı deyil və ən pisi də, səfər siğortası da yoxdur.

 

Elə çox keçməmiş xəstəxananın maliyyə departmentindən iki nəfər bizə yaxınlaşır. Bizə 3600 funt (təxminən 8000 manat) ödəməli olduğumuzu deyirlər. Bildirirlər ki, təcili tibbi yardım Böyük Britaniyada xarici tursitlərə də pulsuzdur. Yəni biz təcili yardım xidməti alıb, oradan evə dönsəydik heç bir məbləğ ödəməyəcəkdik. Ancaq biz, palataya köçürülmək təklifini qəbul etdiyimiz üçün bunun pulunu verməliyik və bu xidmət təcili yardıma daxil deyil. Bunu İngiltərəyə səfər edən soydaşlarımız nəzərə alsınlar: təcili tibbi yardım turistlərə tamamilə pulsuzdur. Lakin sizə müalicənizi xəstəxana palatasında davam etdirmək təklif olunursa, bu barədə düşünməlisiniz. Maliyyə depatamentindən gələnlər bizə onu da bildirirlər ki, bu məbləğ bir həftəlik müalicə üçün hesablanıb. Biz bu pulu ödədikdən sonra bizdən istifadə etdiyimiz bir günlük xidmətin pulu çıxılacaq, daha sonra da qalan məbləğ iki ay ərzində bizə geri qaytarılacaq. Mənim hesablamalarıma görə isə, təxminən bir gün üçün müalicənin qiyməti 600-700 funta başa gəlir. Bunun içərisində bahalı MRT müayinələri, qan analizləri, müalicə kursu üçün işlədilən dərmanlar, 24 saat nəzarət altında tibbi xidmət almaq və gündə 3 dəfə yemək də var.

 

Mən hazırda üzərimdə o qədər pul olmadığını deyirəm. Onlar isə bildirir ki, mən bu barədə heç narahat olmamalı, xəstə ilə maraqlanmalıyam. Mənim telefon nömrəmi və email hesabımı götürüb, gün ərzində xəstəxanadan rahatlıqla ayrıla biləcəyimi bildirirlər. Onlar özləri mənlə əlaqə saxlayacaqlar. Əvvəl təəccüblənirəm, necə yəni, onlar mənə güvənib, məndən heç bir yazılı kağız almamış məni yola salırlar? Birdən, telefonumu və email ünvanımı yanlış desəydim? (Sonradan öyrənirəm ki, İngiltərədəki bu sistemi bilən bəzi turistlər belə də edirlərmiş) Bu sualla bərabər ürəyimdən bu gözəl sistemi alqışlamaq da keçir. Xəstəyə və xəstə yaxınlarına çökmək yoxdur –  bir sözə inanıb, onları rahat şəkildə xəstəxanadan buraxırlar. 

 

ayten4.JPG (41 KB)

 

Ümumiyyətlə, Böyük Britaniyada NHS adlanan bu sağlıq sisteminin gözəlliyindən danışmaq istəyərdim. Burda sağlıq sektoru tələbələrə, vətəndaşlara pulsuzdur. Ancaq məsələnin digər tərəfi isə odur ki, sən hər il maaşından xeyli bir miqdar dövlətə vergi olaraq verirsən, elə ona görə də, pulsuz şəkildə müalicə oluna bilirsən. İş ondadır ki, illər ərzində heç sənin yolun xəstəxanaya düşməyə də bilər. Ancaq elə bu sayədə xəstə olan minlərlə insan pulsuz müalicə ala bilir, həkim resept yazdıqda pulsuz şəkildə apteklərdən dərman təmin edə bilirlər. Məsələn elə bu vergiyə görə, sən pulsuz şəkildə ölkədəki muzeylərə də gedə bilirsən. Buraya  turistlər də daxildir.

 

Bir azərbaycanlı üçün bu sistem çox gözəl görünsə də, Britaniyalılar bu sistemi həm də tənqid edirlər. Sağlıq sektorunda işləyən həkimlər, müxtəlif tibb işçiləri iş saatının çoxluğundan, işçi azlığından və “Breksit”dən sonra işçilərin daha da azalacağından, xəstələr isə, bəzən təcili yardımda saatlarla gözləməkdən, həkimlərin azlığından şikayətlənirlər.

 

 

Həkimlərlə sağollaşırıq, onlar isə öz aralarında rəfiqəmin yatdığı yerə başqa bir xəstə gətirmək haqqında danışırlar. Mənsə, elektron ünvanıma yollayacaqları 3600 funtluq çekin sistemdə qarışıqlığa məruz qalaraq, unudulma ehtimalının olub-olmamağı haqqında düşünürəm. Kim bilir bəlkə…

 

Aytən Abbaslı, London

 

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …