Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda vərəmin müalicəsi neçəyədir? – ARAŞDIRMA

Azərbaycanda vərəmin müalicəsi neçəyədir? – ARAŞDIRMA

Öskürə-öskürə əlində tutduğu birdəfəlik stəkandakı suyu içməyə çalışan Fatma xanım Bakıdakı 4 saylı Vərəm Əleyhinə Dispanserə sağalmaq ümidiylə gəlib.

Qazaxın Poylu kəndindən gəlmiş 68 yaşlı qadın hər gün bura üz tutan onlarla xəstədən biridir.

Fatma xanım deyir ki, bir müddət rayon xəstəxanasında müalicə alsa da, bu müalicələrin hansısa təsirini hiss etməyib.

“Üç ay olar ki, öskürürdüm. Evdə ampisilin dərmanı istifadə edirdim ki, bəlkə keçər. Gördük keçmir, getdik həkimə. Ağstafada bir müddət xəstəxanada yatdım. Hardasa 100 manata kimi pulumuz çıxdı. Sonra baxdılar ki, xeyri yoxdur gətirdilər bura”.

“Burda da ki, hələlik, 10 manat analizə vermişəm. Rentgenə də biri 6 manat deyir, biri 10 manat. İndi içəri girəndə biləcəm ki, nə qədər ödəməliyəm. Dərmanları isə, hələ resept yazmayıblar. Ona görə bilmirəm nə qədər tutacaq”.

Pullu müalicə

Dispanserin həyətində söhbətləşdiyimiz xəstələrin hamısı analiz və rentgenə pul verdiklərini bildirirlər. Bu şəxslər müalicə üçün dərmanları da apteklərdən pulla aldıqlarını söyləyirlər.

Ağciyər Xəstəlikləri İnstitutunun elmi işlər üzrə direktor müavini İradə Axundova isə deyir ki, Azərbaycanda vərəmin müayinə və müalicəsi “tamamilə pulsuzdur”.

Bu təzad isə sual doğurur: Azərbaycanda rəsmi qurumların dediyi kimi vərəmin müalicəsi “tamamilə pulsuzdursa”, niyə bu infeksiyanın daşıyıcıları müayinə və müalicəyə pul xərclədiklərini deyirlər?

Ağciyər Xəstəlikləri İnstitutu
Image captionBakı Ağciyər Xəstəlikləri İnstitutu

Hər müalicə səfərinə 300-400 manat?

Ağciyər Xəstəlikləri İnstitutu ilə eyni hasarın içində yerləşən xəstəxana Bakıda “Qara Qarayevdəki vərəm dispanseri” kimi tanınır və bölgələrdən gələn xəstələr də müalicə üçün məhz bura üz tutur.

Ailəsində daha iki nəfər vərəmdən əziyyət çəkən 60 yaşlı Gülbəniz (ad müsahibin istəyi ilə dəyişdirilib-red.) sağalmaq ümidi ilə Neftçala rayonundan gəlib.

“Öskürməkdən, əldən düşmüşdüm, bax, buralarım ağrıyırdı (əlləri ilə qarnını göstərir)”, kənd həkiminin yazdığı müalicənin işə yaramadığını görən ailəsi Gülbəniz xanımı Bakıya Ağciyər Xəstəlikləri İnstitutuna gətirməli olub.

“Burda həkim özü pul istəmir, lakin rentgenə, analizlərə pul veririk. Addımın puldur burda. Xəstəlik tapılandan hər dəfə Bakıya gəlirik və hər dəfə də 300-400 manat xərcləməli oluruq.

İnanın, imkanım yox idi gəlməyə, borc alıb gəlmişəm. Çətindir. Pensiya alırıq. Aylıq 150 manat pensiyayla müalicə olum, yoxsa dolanım?”, – Gülbəniz xanım kasıblıq azmış kimi, bir də xəstəliklə mübarizə aparmağın çətinliklərini bölüşür.

O əlavə edir ki, övladları “sezonnu” (mövsümi-red.) işlərdə işləsə də dolanmaq onlara “çətindir”.

“Başına dönüm, bahalıqdır. Hər dəfə aptekə gedəndə 150-200 manat pul xərcləməli oluruq. Çatdırmırıq”.

Gülbəniz xanım deyir ki, Neftçaladakı xəstəxananın “vəziyyəti yaxşı olsa da, oradakı həkimlərə etibar etmir”.

Müsahibimiz Azərbaycanda vərəmin müalicəsinin pulsuz olmasından məlumatsızdır.

“Mən bunun pulsuz müalicə olunduğunu heç eşitməmişəm. Bir də ki, indi ayağını hara qoysan puldur”, o əlavə edir.

“Tamamilə pulsuz”

Ağciyər Xəstəlikləri İnstitutunun elmi işlər üzrə direktor müavini İradə Axundova isə bizimlə söhbətində deyir ki, Azərbaycanda vərəmin müayinə və müalicəsi ödənişsizdir.

“İlkin səviyyədə diaqnoz təsdiqləndikdən sonra xəstə uçota götürülür. Daha sonra istər stasionar, istərsə də ambulator şəraitdə müalicə olsun, müayinə-müalicə pulsuz aparılmalıdır”.

İradə Axundova “pulsuz deyəndə ki, pulsuz nə isə olmur. Sadəcə Səhiyyə Nazirliyi bu vəsaiti bizə ödəyir”, – o fikrinə düzəliş verir.

İradə Axundova vurğulayır ki, hazırda Bakıdan başqa 5 rayonda – Gəncə, Masallı, Zaqatalada, Quba və Naxçıvanda regional laboratoriyalar var. Bu isə bölgələrdən müraciət etmiş şəxslərə Bakıya gəlmədən də diaqnoz qoyulmasına imkan verir.

Bölgələrdən Bakıya müayinə və müalicəyə gələnlərə gəldikdə isə İradə Axundova ehtimal edir ki, “bu şəxslər bölgələrdə qeydiyyatda olan şəxslərdir. Sadəcə gəlib Bakıda yaşayırlar. Ona görə də Bakıdakı vərəm əleyhinə dispanserə üz tuturlar”.

“1000 nəfər azalıb”

Azərbaycanda vərəm xəstəliyinin aşkarlanması, diaqnostikası və müalicəsinin yaxşılaşdırılması məqsədi ilə Nazirlər Kabinetinin qərarı ilə iki dəfə – “2011-2015-ci və 2016-2020-ci illər üçün “Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” qəbul olunub.

Proqram “vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, vərəmin profilaktikası, diaqnostikası və müalicəsi, kadr hazırlığı və əhalinin maarifləndirməsini” nəzərdə tutur.

Statistika Komitəsinin saytında göstərilir ki, 2017-ci ilin nəticələrinə görə, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan 9743 nəfər vərəm xəstəsi var. Bunlardan ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı 3871 nəfərdir.

Bu isə əhalinin hər yüz min nəfərinə 39,8 nəfər vərəm xəstəsi deməkdir. Qurumun saytında göstərilir ki, son illərdə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı 2017-ci ildə 2011-ci ilə nisbətən 1000 nəfər azalıb.

Lakin Komitənin saytında 2018-ci ilin nəticələri göstərilmir.

“Ən yüksək səviyyədə” maarifləndirmə

İradə Axundova deyir ki, hazırda vərəmlə mübarizədə maarifləndirmə “ölkədə ən yüksək səviyyədə” aparılır.

“Bizim hazırda iki sosial çarxımız var. Sadəcə televiziyalarda saniyənin qiymətini özünüz bilirsiniz. Əlimiz çatmır. Biz əlimizdən gələni edirik. Məktəblərə gedirik, şagirdlərlə, müəllimlərlə söhbətlər aparırıq”.

Hazırda ölkədə vərəmli xəstələrin dəqiq sayı barədə məlumat verə bilməyəcəyini deyən İradə xanım “hələlik, 2018-ci ilin statistik göstəricilərinin ona gəlib, çatmadığını” bildirir.

“Təhlükəli haldır”

Tibbi məsələlər üzrə təhlilçi, professor Adil Qeybulla hesab edir ki, son zamanlar Rusiya həbsxanalarında yayılmış tolerant vərəm (dərmanlaradavamlı vərəm-red.) Azərbaycanda da geniş yayılıb. “Bu təhlükəli haldır”, təhlilçi deyir.

Ekspert bunu Azərbaycan əhalisinin bir milyona qədərinin miqrasiya durumunda olması ilə əlaqələndirir.

Cənab Qeybulla düşünür ki, əvvəllər ölkədə aparılmış dispanserizasiyanın indi aparılmaması vərəmin ölkədə yayılması və ağırlaşmasına “təkan verir”.

O deyir ki, vərəm tək bir ölkənin yox, dünyanın problemidir.

“Lakin hər bir ölkə öz genofondunu qorumaq üçün lazımi işlər aparmalıdır. Lazımi işlər də ondan ibarətdir ki, ventilyasiyası pis olan yerlərdə bir vərəmli xəstə olduqda immun sistemi zəif olan adamlara təsir edə bilər. Açıq vərəmli xəstələrin ictimai yerlərdə gəzməsi, insanlar arasında maarifləndirmə işlərinin aparılmaması vərəmin yayılmasına təsir edir.

Televiziyalarda ancaq dərman və həkimləri reklam edirlər. Xəstəlikdən necə qorunmaq, ona qarşı necə mübarizə aparmaqla bağlı insanlara faydalı məsləhətlər vermək yaddan çıxıb”.

O, “əhalinin dispanserizasiyasının aparılmasını, maarifləndirmənin təşkili və aparılmasının mühümlüyünü vurğulayır.

Professor düşünür ki, ölkədə bu sahədə digər bir problem mütəxəssis və keyfiyyətli dərman çatışmazlığıdır. “Peşəkarlıq məsələnin həlli deyil, bizdə mütəxəssis çatışmazlığı var. Əsas məsələ çatışmazlıqları aradan qaldırıb, işi doğru təşkil etməkdir.

Müasir, lazımi dərman preparatları ölkəyə gətirilməli və dərmanların keyfiyyətinə nəzarət olunmalıdır”.

Fatma xanım deyir ki, “dərmanın qiyməti həkimin yazdığı reseptdən asılıdır. “Ağstafada yatanda 50-100 manat çıxdı. İndi bura gəlmişik, görək nə yazacaqlar”.

“Deyirlər ki, əgər xəstə dispanserdə yatıb müalicə alarsa, dərmanları ona pulsuz verəcəklər. Yox, ambulator müalicə alacaqsa, dava-dərmanı öz pulu ilə almalıdır. Pulsuz dərman almaq üçün qeydiyyata düşmək lazımdır, bunun üçün də xəstəxanada yatmalısan. Onu da həkim məsələhət görsə”.

Bu gün Fatma xanım kimi xəstələr çoxdur və onlar müalicələri üçün pul ödəmək məcburiyyətində qalırlar. (BBC)

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …