Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Azərbaycan polisi cibgirlərə və ev oğrularına qarşı xüsusi əməliyyatlara başladı

Azərbaycan polisi cibgirlərə və ev oğrularına qarşı xüsusi əməliyyatlara başladı

Məlum olduğu kimi, 12-22 may tarixlərində Azərbaycan paytaxtı Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsiz şəraitdə baş tutması üçün ölkənin bütün güc strukturları gücləndirilmiş iş rejimində qarşılıqlı fəaliyyətə başlayıblar.

Strateq.az-ın hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyi məlumata görə, oyunlar ərəfəsində ölkəmizə gələcək qonaqların təhlükəsizliyinin yüksək səviyyədə təmini, ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının qorunması məqsədiylə Daxili İşlər Nazirliyinin müvafiq qurumları 2015-ci ildə paytaxt Bakıda keçirilən Avropa Oyunları zamanı ortaya çıxan təcrübəni və nəticələri geniş şəkildə təhlil edərək, qarşıdakı mühüm tədbir ərəfəsində hansı önləyici addımların atılmasının gərəkliyini də müəyyənləşdiriblər.

Məlum olub ki, belə mühüm beynəlxalq tədbirlər ərəfəsində şəraitdən bəhrələnməyə çalışan aktiv cinayətkar qruplaşmalar sırasında cibgirlər, soyğunçular, əmlak oğruları xüsusilə fəallaşırlar və hətta məhz bu məqsədlə öncədən hazırlaşan, xarici ölkələrdən belə gələn dəstələr də olur. Onların bir qismi qonaq kimi gələn əcnəbiləri “ov” seçirlərsə, digər təhlükəli bir qismi də əsas təhlükəsizlik tədbirlərinin oyunlar keçirilən və qonaqlar qalan ərazilərə yönəldiyini nəzərə alaraq, nisbətən diqqətdən kənar bölgələrdə əvvəlcədən müəyyənləşdirdikləri obyektləri talamağa girişirlər…

Bildirilir ki, belə cinayətlərin baş verməməsi üçün artıq DİN-in aidiyyəti qurumları kompleks tədbirlərə başlayıblar: cibgirlik, oğurluq, ev yarmaq üstündə “təcrübəsi olan” məhkum edilmiş şəxslərin, eləcə onların ölkədə və ölkədən kənar yaxın əlaqələrinin kartotekası diqqətlə araşdırılaraq nəzarətə götürülüblər, həmçinin sərhəd-keçid məntəqələrinə də müvafiq şəxslər barədə istiqamətləndirici məlumat, sorğu və tapşırıqlar verilib, belə cinayətlərin daha çox törədildiyi və törədilmə ehtimalı olan ərazi və obyektlərdə, həmçinin nəqliyyat vasitələrində xidməti iş və nəzarət gücləndirilib.

Bildirildiyinə görə, xüsusi texniki vasitələrin tətbiqindən əlavə, bu iş xeyli canlı qüvvə tələb etdiyindən prosesə çoxlu sayda polisə dəstək verən könüllülər – “İctimai polis” də cəlb edilib.

Artıq önləyici tədbirlərin effekt verdiyi və ilkin nəticələrin əldə olunduğu, bu haqda oyunlardan sonra ictimaiyyətin ətraflı məlumatlandırılacağı da gələn xəbərlər sırasındadır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın