Ana səhifə / Araşdırma / Azərbaycana ada satan ölkədə: ruslar baş naziri snayperlə vurub hakimiyyəti devirmək istədi

Azərbaycana ada satan ölkədə: ruslar baş naziri snayperlə vurub hakimiyyəti devirmək istədi

Monteneqronun xüsusi dövlət prokuroru Milivoy Katniç bu kiçik Balkan ölkəsində son parlament seçkiləri zamanı Rusiyadan göndərilmiş diversantların hakimiyyəti devirmək planı barədə sensasion detalları açıqlayıb.

Belə ki, prokuror ölkədə hakimiyyətin zorla devrilməsi cəhdinin arxasında “rus millətçilərinin” dayandığını, onların baş nazir Milo Cukanoviçi öldürməyi planlaşdırdıqlarını bəyan edib.

“Bu cinayətkar qruplaşmanın təşkilatçıları Rusiyadan olan millətçilərdir. Onlar hesab ediblər ki, Milo Cukanoviçin başçılıq etdiyi hökuməti seçki yoluyla dəyişmək mümkün deyil və onlar baş naziri silahla devirməlidir”-prokuror bildirib.

Milovoy Katniçin bildirdiyinə görə silahlılar baş naziri öldürməli və müxalifətə parlamenti tutmaqda kömək etməli idi. Plana əsasən baş naziri snayper aradan götürməliydi. Katniçin bildirdiyinə görə bu terror əməliyyatı üçün hazırlıqlar Monteneqro, Serbiya və Rusiya ərazisində aparılıb. Belə nəticəyə gəlməyə Monteneqro və Serbiya xüsusi xidmətlərinin araşdırmaları əsas verir.

Xəbər verildiyi kimi oktyabrın 27-də Serbiya hökumətinə yaxın mənbələr bu ölkə ərazisindən bir neçə Rusiya vətəndaşının terror aktları hazırlığına görə deportasiya edildiyini açıqlayıblar. Bu planın qarşısının alınmasında Serbiya və Rusiya xüsusi xidmət orqanlarının “uğurlu əməkdaşlığının” rolunun olduğu qeyd olunub. Ertəsi gün “Kommersant” yazıb ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu məsələ ilə bağlı Belqarda gedib və Rusiya-Serbiya münasibətlərində gərginliyin yaranmaması üçün səylər göstərib.

Monteneqroda parlament seçkiləri oktyabrın 16-da keçirilib. Həmin gün ölkə ərazisində 20 Serbiya vətəndaşından ibarət qrup həbs edilib. Məlumata görə silahlı qrup müxalifətin nümayişini gülləbaran etməliydi və nəticədə müxalifəti parlament binasını tutmağa qızışdırmalıydı.

Seçkilərdə 1991-ci ildən hakimiyyətdə olan Cukanoviçin partiyası yenidən qalib gəlib. Lakin Cukanoviç elan edib ki, baş nazir postuna bu dəfə namizədliyini irəli sürməyə bilər. Monteneqro hakimiyyəti qərbmeylli siyasət yürüdür və NATO-ya üzvlük üçün müraciət edib. Bu, Moskvada qəzəblə qarşılanıb. Hesab edilir ki, Rusiya kəşfiyyatı Cukanoviçi aradan götürməklə və onun hökumətini devirməklə bu ölkədə öz mövqelərini bərqərar etməyə çalışırdı.

Bununla belə Monteneqro hökuməti baş tutmayan çevriliş və sui-qəsd planına görə  birbaşa Rusiyanı ittiham etməyib, məusliyəti hansısa “rus millətçilərinin” daşıdığını açıqlamaqla kifayətlənib.

Monteneqro Azərbaycanla investisiyalar sahəsində əməkdaşlıq edir və bir neçə il əvvəl SOCAR-a keçmişdə hərbi bazanın yerləşdiyi Kumbor adasını satıb. Ada daha sonra Azərbaycanın özəl şirkətlərindən birinə verilib və orada 500 milyon dollara lüks kurort kompleksi yaradılır.

(Virtualaz.org)

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın