Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Araşdırma / Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi: Azərbaycan dövlətinin və xalqının vəzifələri…

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi: Azərbaycan dövlətinin və xalqının vəzifələri…

Vətən və millət tarixinin önəmli məqamlarını diqqətdən qaçırmayan bütün sayğılı soydaşlarımıza bəlli olduğu kimi, üzümüzə gələn 2018-ci il bir çox tarixi hadisələrin 100-illiyi ilə əlamətdardır: Azərbaycanlıların soyqırımı (Quzeyli-Güneyli – Mart hadisələri, Urmiya bölgəsindəki faciələr…), Türk Ordusunun ilkin heyətinin Gəncəyə gəlişi (25 may), Cümhuriyyətimizin yaradılması (28 may), Milli Ordumuzun yaradılması (26 iyun), Türk-Azərbaycan qüvvələri tərəfindən Bakı savaşı ilə (15 sentyabr) yekunlaşan Azərbaycanın qurtuluşu…
Şərqdə ilk demokratik dövlət modelinə malik olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hakimiyyəti yüksək təhsilli, özgür düşüncəli, milli, ziyalı şəxsiyyətlərdən formalaşdığı üçün söykəndiyi dəyərlərə görə avropalıların qurduğu dövlətlərin hakimiyyətlərilə rahatca yarışa bilərdi. Həm araşdırmalarımız zamanı üzə çıxardığımız tarixi hadisələr, həm də İngiltərə arxivlərində saxlanan (Nigar xanım Maksvell tərəfindən AMEA Tarix İnstitutuna təqdim edilən) Cümhuriyyət tariximizlə bağlı çox dəyərli tarixi sənədlər yuxarıda söylədiyimiz mülahizənin doğruluğunu sübut edir.Aydınlıq üçün onlardan bəzi örnəklər verək:
İran və Qafqaz bölgələrində yerləşmiş Birləşmiş Qüvvələrin (Antanta) baş komandanı V.Tomson Londona göndərdiyi 1918-ci ilin 17-24 noyabr tarixli məlumatında Cümhuriyyətimizin hökumət başçısı Fətəli xan Xoyski haqqında yazırdı: “O, ağıllı adamdır, hüquqçudur və öz bacarığı ilə Qafqazda bizə məlum olan öncəki bütün dövlət qurumlarından daha qabil olan dövlət qurumu yaratmışdır…”
Sənədlərdən bir başqasında isə AXC hökumətinin digər baş naziri Nəsib bəy Usubbəyov belə səciyyələndirilir: “…Baş nazir Usubbəyov dəqiq, yaxşı təhsil görmüş, itiağıllı, liberal ideyalara malik olan, səmimi, vicdanlı, qarşısına qoyduğu məqsədə nail olmağa çalışan lütfkar bir insandır… Alyansın (Antanta– X.İ.) Azərbaycanın siyasi statusunu müəyyən etməkdə çox ləngiməsi baş nazirin fəaliyyətini çox çətinləşdirir… Onun istədiyi bircə şey var –o da öz ölkəsinin müstəqilliyidir… Baş nazir ölkədəki siyasi vəziyyətə nəzarət edir. Və britaniyalıları təbrik etmək olar ki, baş nazirin mövqeyi möhkəmdir.Onun komandası və kabineti bəzi Avropa ölkələri üçün nümunə ola bilər…İstənilən başqa ölkədən fərqli olaraq bu ölkənin xalqı və hökuməti Böyük Britaniyaya çox yaxşı münasibət bəsləyir. Əgər onlara kömək etsək, onlar sədaqətlə Britaniyaya ilə əməkdaşlıq edəcəklər. Onlar öz işlərini yaxşı idarə edirlər və bütün ləyaqətli adamlar kimihər şeydən daha çox, yeni dünyada öz yerlərini tutmağa can atırlar…” (Böyük Britaniyanın Qafqazdakı Ali Komissarı O.Vudropun Azərbaycana səfər haqda mərkəzə göndərdiyi məlumatdan; sentyabr-oktyabr 1919)
Başqa bir sənəddə dəCümhuriyyətimizin xarici və daxili işlər nazirləri haqda rəylər ifadə olunur: “…Xarici işlər naziri Cəfərov və Daxili işlər naziri general Ağabəyov yaxşı təhsil görmüş bacarıqlı adamlardır… Keçmişdə Duma üzvü və fraksiya lideri olmuş Cəfərov Rusiya tarixində böyük rol oynamışdır. O, uğurlu və məşhur natiqdir. General Ağabəyov rus ordusunda qulluq etmişdir və Türküstanda böyük vəzifəsi olmuşdur. Onların hər ikisi nisbətən cavan, enerjili, xarici görünüşcə xoşa gələn və incə rəftarlı adamlardır.” (Böyük Britaniyanın Qafqazdakı Ali Komissarı O.Vudropun Azərbaycana səfər haqda mərkəzə göndərdiyi məlumatdan; sentyabr-oktyabr 1919)
Yuxarıdakı səciyyələndirmələr bizim Cümhuriyyətin rəhbər kadrlarına tərəfsiz baxış sayəsində yaranmış dəyərləndirmədir və bu kimi rəylərdən də aydın olur ki, ilk Cümhuriyyətimizi idarə edənlər xalqın içərisindən seçilmiş ən uyğun və örnək ola bilən soydaşlarımız sırasından olmuşdur. Ancaq indiki respublikamıza nəzər saldıqda, cüzi istisnalarla, yuxarıda deyilənlərin tam əksinin şahidi oluruq. Ona görə də Cümhuriyyətimizin 100-illiyi ərəfəsində həm öncül görəvlərin islahatı, həm də kadr islahatı aparılmalıdır.
***
İndi isə diqqətə çatdırmaq istədiyim məsələlərə qayıdaraq, öncə onu deyim ki, hökumət bu məsələ ilə bağlı tədbirlər planını ən azı 1 il öncə açıqlamalıydı. Hər şeydən önəmlisi, Cümhuriyyətin 100-illiyinə ölkə ciddi islahatlarla, bu islahatların formalaşdıracağı xalq həmrəyliyi ilə getməli, cəmiyyətimizdə kök atmış ayrı-seçkilik, gərəksiz qarşıdurma yaradan səbəblər tədricən aradan götürülməlidir.Cəmiyyətimizin toparlanmasına və ölkəmizin taleyüklü sorunlarını çözmək yükümlülüyü ilə vətənsevərlik cəbhəsində mənən bütövləşməsinəyardımçı ola biləcək bu addımlar indiki Respublikamızın AXC-nin gerçəkdən varisi olduğu əməli şəkildə(ilkin mərhələdə ən vacib sahələrdə)öz təsdiqini tapmalıdır.AMEA-nın işlək korpusu səfərbər edilərək ölkə mediası da cəlb olunmaqla Azərbaycan Xalq Cümhuriyyətinin yerdə qalan yazılı irsi çap edilməli və mövcudluğu dönəmindəki fəaliyyətinin mahiyyəti müxtəlif vasitələrlə xalqa çatdırılmalıdır…Türk qardaşlarımızın “unudulan” haqqı barədə tarixi ədalət öz yerini almalı, Bakıda və Gəncədə caddələrdən, parklardan və ya meydanlardan biri Türk Ordusunun adı ilə adlanmalı, türk komandanlarının da xatirəsi əbədiləşdirilməlidir. Cümhuriyyətimizin qurucularının xidmətlərinə uyğun olaraq onların da adlarının əbədiləşdirilmə prosesi ədalətlə sona çatdırılmalıdır. Milli Təhlükəsizlik və hüquq-mühafizə sistemi Anayasal tələblərlə yenidən qurulmalı, sağlamlaşdırılmalıdır. AXC ordu quruculuğundakı meyarlar örnək alınaraqorduda heyətə ədalətli yanaşma hakim olmalı, qutsal Vətən ideallarına dönük çıxan kimsələrdən güzəştsizcə təmizlənərəkxalqın güvənc və and yerinə çevrilməlidir. Orduya ictimai nəzarət qənaətbəxs səviyyəyə qaldırılmalıdır. Təhsil və mədəniyyət qurumları vasitəsilə Azərbaycan gəncliyinə həm 100 il öncəki əsas tarixi olaylar, həm də AXC-nin tarixi fəaliyyətləri açıqlanaraq onun mənəvi qalib və örnək ruhu aşılanmalıdır.
Gələn yubiley ilinin ən önəmli, əlamətdar hadisələrindən biri isə 31 Mart soyqırımıdır. Məncə, əslində indiyədək 31 Mart faciəsi beynəlxalq məhkəməyə və bir sıra parlamentlərə təqdim olunmalıydı. (2008-ci ilin aprelində İslamabadda Pakistanxarici işlər naziri ilə görüşdə və Pakistan Parlamentində 31 Martla bağlı tarixi sənədlərə dayanan açıqlamamdan sonra həm Pakistan xarici işlər naziri (media önündə), həm də Pakistan Parlamentinin Xarici Əlaqələr Komitəsi (media və dünya səfirləri önündə) azərbaycanlıların Xocalı faciəsindən başqa 1918-ci il 31 Mart soyqırımını da tanıdığını bəyan etdi. 2011-ci ildə isə ABŞ-ın Nevada Ştatında soydaşlarımızın təbliğatı sonu¬cunda 31 Mart faciəsi ilə bağlı hər il Azərbaycanlıların anım günü qeyd edilməsi haqda qərar qəbul olundu. Bu faktlar istisna olmaqla, 31 Mart soyqırımının uluslararası səviyyədə tanıtımı ilə bağlı hər hansı bir sonuc yox dərəcəsindədir.) Heç olmasa qarşıdan gələn bir neçə aylıq müddəti doğru dəyərləndirərək,bu zaman kəsiyindən başlayaraq, bizimlə sıx işbirliyində olan və ya təsir dairəsində olduğumuz avropadilli və rusdilli ölkələrin mərkəzlərində çox ciddi konfranslar keçirmək və yabançı dillərdə mühüm kitablar yayınlamaq gərəkdir… Bu fəaliyyətlərdən ciddi sonuc almaq üçün kadr məsələsinə xüsusi önəm vermək lazımdır. Dövlət özünü təsdiq etmiş tarixi araşdırmaçıların fəaliyyətini maliyyələşdirməlidir. Bunu Tarix İnstitutunun bazasını genişləndirərək ona xüsusi status verməklə və ya ayrıca, şəffaf çalışa biləcək, kollegial idarə edilə bilən Strateji Tarixi Araşdırmalar Mərkəzi yaratmaqla həll etmək olar. Azərbaycan tarixşünaslığını zənginləşdirən araşdırmaçıların fəaliyyəti, arxiv və ezamiyyət xərcləri heç bir bürokratik əngəl tanımadan birinci dərəcəli xərclər sırasında təmin olunmalıdır… Millətin büdcəsini onun ən yaralı yerinə xərcləmək gərəkəndə qənaətdən və ya böhrandan danışmaq, olduqca yersizdir… 31 Mart və Xocalı faciələrini tanıtmaq prosesində, doğal olaraq, Qarabağın işğalı məsələsini də özəlliklə gündəmə gətirməliyik. Ermənilərin müxtəlif coğrafiyalarda əsassız torpaq iddialarını gerçəkləşdirmək yollarında tökdüyü haqsız qanların xəritəsini, habelə xristianlara və yəhudiləri qarşı törətmiş olduqları soyqırımı aktlarını dünyaya car etməklə xristian və yəhudi ictimaiyyətinin ədalətəmeylli kəsimini bu müzakirələrə çəkməyə çalışmalıyıq… Daha sonra onların dili və imzası ilə həmin ölkələrin ictimai rəyində buzları sındırmağa cəhd etməliyik və s. Sonrakı mərhələdə məsələni parlamentlərdə qaldırmaq yönündə işlər aparılmalı olacaq…
Başqa sözlə, qarşıdakı cəmi bir neçə ay ərzində, Dünya Azərbaycanlıları (Güneyli-Quzeyli) və ümumilikdə türk xalqlarının diaspor qurumları erməni millətçilərinin uluslararası dayaqlarını sarsıtma strategiyasını əsas götürməli, hökumət, siyasi partiyalar, diaspor, ekspertlər, ictimai qurumlar, milli iş adamları öz fəaliyyətlərini əlaqələndirməyə tabe tutaraq çevik qərarlar qəbul edib icrasında da çox gecikməməlidirlər…
 Bəzən xalqımız, hətta bəzi millətsevər aydınlarımız, siyasətçilərimiz arasında belə bir fikir dolaşır ki, onsuz da dünya erməniləri dəstəkləyəcək və onların nəzərdə tutduqları planlar, biz istəsək də-istəməsək də, həyata keçəcək. Bu, çox təhlükəli və yanlış bir düşüncədir. Belə soydaşlarımız üçün mən Osmanlı təmsilçisi tərəfindən imzalanmış Sevr Anlaşmasını 1920-ci ildə Mustafa Kamalın neçə pozduğunu, ingilislərin Qars Vilayətindəhərbi müdaxilə ilə yaratdıqları və “Qərbi Ermənistan” kimi tanıdıqları Erməni hökumətini Kazım Qarabəkir paşanın necə darmadağın etdiyini (indiyədək də ermənilər ora iddialıdırlar), ingilislərin tutuqlayaraq Batum qalasında saxladığı Nuru paşanı və b.-nı Batumdakı qeyrətli azərbaycanlılar AXC hökumətinin cüzi maliyyə dəstəyi ilə gizli silahlı müdaxilə yoluyla necə azad etdiyini, Malta əsirlərinin Mustafa Kamalın planı və Kazım Qarabəkirin hərbi məharəti ilə “möcüzəli” qurtuluşunu (Qeyd:bu məsələnin həllində Azərbaycan-sovet cəbhəsindən köməkçi dəstək vermiş Nəriman Nərimanovun da xidməti var.) və b. xatırladıram… Bundan başqa, onu da qeyd edim ki, rast gəldiyim türk qaynaqlarının birində də göstərildiyi kimi, hələ XIX yüzilliyin başlanğıcında ermənilər Avropada indiki qədər tanınmırdılar və avropalılardan öz bölücü fəaliyyətlərinə dəstək ala bilməmişdilər. Necə deyərlər, sonralar onlar bu məşhurluğu və dəstəyi inadcılcasına ardıcıl fəaliyyətləri ilə sözün əsl mənasında qazanmışlar. Öncə isə dəfələrlə planlaşdırdılar və Avropa Saraylarında əsaslandırmışdılar…
Ona görə də Cümhuriyyətimizin qarşıdan gələn 100-illiyi ərəfəsində keyfiyyətcə yeni bir mübarizə mərhələsinin –diplomatik müdafiə taktikasından diplomatik əks-hücüm taktikasına keçidin əsasını qoymalıyıq. Bu keçidə rəvac verə biləcək ən uzaqmənzilli silah isə dünya arxivlərində bulunan “ermənilərin xristianlara və yəhudilərə qarşı soyqırımı” ilə bağlı təkzibedilməz tarixi dəlillərimizdir… Milli şərəf davamızın yeni aşamasındakı bu tarixi yolda uluların ulusu Uca Tanrı hər zaman hamımıza yar olsun!
Sayğılarla:Xaqani İsmayıl, 
yazıçı-tarixi araşdırmaçı

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …