Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Araşdırma / Azər Həsrət Osman Gündüzə çamur atanların nəzərinə qısa qeydləri çatdırdı…

Azər Həsrət Osman Gündüzə çamur atanların nəzərinə qısa qeydləri çatdırdı…

Osman Gündüzü uzun illərdir tanıyıram. Dostluq edirik. Tez-tez görüşürük. Fikir mübadiləmiz olur. Hətta Yayım Şurasının üzvü olduğum İTV-ni də tez-tez tənqid edir. Düzdür, mənimlə söhbət edib ürəyini boşaltmaq imkanı olduğu üçün “barıtı” az eləyir. Amma bir dostunun belə çalışdığı – üzvü olduğu qurumu da tənqid etməkdən qalmır. Təbii ki, buna görə ondan incimirəm. Ümumiyyətlə, onunla mənim xasiyyətim bu məsələdə üst-üstə düşür: tənqid edərik, lap sərt ifadələr işlədərik, amma buna görə bir-birimizə darılmaz, küsmərik. Çünki o da, mən də qurucu tənqidin ümumi işin xeyrinə olduğuna əminik. Üstəlik, Osman bəyin də öz tənqidlərini məhz işin faydası üçün ifadə etdiyinə özüm kimi əminəm. Hamı bilir ki, Osman Gündüz İKT sahəsinin vətəndaş cəmiyyətindəki səsidir. İntensiv şəkildə həm ölkə içində, həm də qlobal müstəvidə bu sahədəki trendləri izləyir, bəzən sadəcə bilgi üçün, bəzən də öz təklif və tənqidlərini çatdırmaq üçün fikirlərini paylaşır.

Təbii ki, belə olanda onun sözünün çəp gələcəyi qurumlar da yox deyil. Əsas da rabitə sahəsinə məsul dövlət qurumları uzun illərdir Osman bəyin tənqidlərini eşidir, bəzən nəzərə alır, bəzən də almır. Bu dəfə də elə oldu… Osman bəy Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sahəsinə aid tənqidlər paylaşdı. Qurumu daha çevik, daha açıq olmağa dəvət etdi. Bunu şəxsən mən bir xoş məram kimi qəbul etdim. Yəni vətəndaş cəmiyyəti təmsilçisi, eyni zamada sahəni bilən birisi kimi Osman bəyin təklifləri – tənqidləri çox dəyərlidir. Dövlətçilik ənənəsinin və dövlət idarəetməsinin nə olduğunu anlayan rəsmilər, əslində bu fikirlərə görə Osman bəyi dəvət etməli, yaxud da onunla təmasa keçib təkliflərini dinləməli idilər. Amma nə baş verdi? Günün birində Mətbuat Şurasında bizim reket dediyimiz nəşrlərdə Osman bəy haqqında qaralayıcı yazılar peyda oldu. Özü də nüsxələmə və tirajlama şəklində. Boş verib keçdik. Lakin az müddət sonra bu cəhd təkrar edildi. Özü də bu dəfə heç vaxt sahədən yazmayanlar belə Osman bəyin üzərinə düşdülər. Hətta xətrini çox istədiyim həmkarlarımı bu komandada görəndə çaşıb qaldım.

Örnək üçün, sosial mediada ancaq ailəsi-uşağıyla bağlı paylaşım etməklə diqqət çəkən dostlarımızdan biri birdən-birə Osman bəyi erməni dəyirmanına su tökməkdə ittiham etdi. İzah etməyə çalışdıq ki, Osman bəyi ermənipərəst elan etmək üçün gərək aydan gəlmiş olasan. Xeyri olmadı, incidilər, əsəbləşdilər, dediklərində israr etdilər. Hətta bizi – şəxsən Azər Həsrəti Osman Gündüzün trolu elan etdilər. Amma nə yaxşı ki, insanlar ağı qaradan seçə bilir və bu iddiaya gülüb keçdilər… Mənimsə diqqətimi çəkən tək bu deyildi. O idi ki, vahid mərkəzdən verilən komandayla Osman Gündüzə çamur atanlar “barıtı” çox eləmişdilər. Hətta bir yerdə yazmışdılar ki, Osman bəy pul verib TV kanallarına çıxır və özünü reklam etdirir. Buna da gülüb keçmək olardı, lakin keçmirik. Məsələ ondadır ki, Osman bəy son zamanlar daha çox dövlət kanalı Az.TV-də efirə dəvət edilir. Özü də olduqca faydalı – qurucu tənqid və təklifləri ilə sahə adamlarının rəğbətini qazanır. Təbii ki, bir TV kanalı da belə bir durumu özü üçün faydalı sayır, bu eksperti tez-tez dəvət edir. İndi bu çamur atanlar iddia edir ki, Osman bəy TV-yə pul qarşılığında çıxır.

Hansı TV-yə? Az.TV-yə! Ki, orada yeni və dinamik, çağdaş çağırışlara cavab verən rəhbər təyin edilib. Özü peşəkar jurnalist olmaqla bərabər uzun illərə dayanan televiziya təcrübəsi olan bir şəxsdir. Üstəlik də Az.TV-nin məhz rüşvət alan – ələbaxımlı imicini bir imzayla yox edib! Rövşən Məmmədov rəhbər gələndən sonra Az.TV-nin adı daha o qara-qura işlərdə hallanmır. Belə bir zamanda dolayısıyla o qurumu rüşvətlə efirə ekspert çıxarmaqda ittiham edən adamlar nəyə və kimə xidmət edir? Hələ bunlar da bir yana. Bütün bu çamur atmaları reket media üzərindən cəmiyyətə sırımağa çalışan mərkəz-şəxs kimdir? Üstəlik də bu çamuratmada NRYTN-ın ünvanına difirambaların oxunması nədən xəbər verir? Burdan çıxış edərək Osman bəyə qarşı qaralama kampaniyasının birbaşa şəxsən nazir Ramin Quluzadədən (yeri gəlmişkən, adını xatırlamaq üçün internetdə axtarış aparmalı oldum – A.H.) gəlmədiyini deməkdə çətinlik çəkirik. Belə anlaşılır ki, komanda lap yuxarıdan – nazir səviyyəsində verilib və ona görə də adicə öz məişətindən-ailəsindən başqa paylaşım etməyən jurnalist dostlarımız belə bu kampaniyada yer alıb… Açığı, bir nazirin, nazirliyin və istənilən qurumun bu yöntəmini, yumşaq desək, təqdir edə bilmərəm. Əgər tənqid varsa, əgər fərqli düşünən və yazanlar varsa, dəvət etməli, danışmalı, anlaşmalı və qurucu tənqidlərə səbəb olan durumu aradan qaldırmalısan. Yəni dövlət və dövlətçilik təfəkkürü olan dövlət adamları belə edir. Ona görə də cəmiyyətdə onlar haqqında daim xoş danışılır, hətta təndiq etmək istəyənlər belə dərinə getmirlər…

Haşiyə: Ötən il yol polisi ilə bağlı səs gətirən bir yazım olmuşdu. Yollardakı polis postlarının mənasız olduğunu, ləğvini tələb edən məqaləylə çıxış etmişdim. Daxili işlər nazirinin müavini General İsmət Əliyev yazını oxuyub dərhal reaksiya vermiş, şəxsimi görüşə dəvət etmişdi. Həvəslə getdim. Çox mehriban qarşıladı. Yazıyla bağlı fikirlərini ən nəzakətli şəkildə diqqətimə çatdırdı. Sonra da bizim kimi insanların kənardan görə bilmədikləri haqqında (təbii ki, sirr olmayan məsələlər – A.H.) şəxsimi bilgiləndirdi. Çox sevindim buna. Təşəkkür etdim. Mehriban ayrıldıq. Bunun ardınca Baş Dövlət Yol Polisi İdarəsinin rəisi General Ramiz Zeynalov da dəvət etdi. Onun da dəvətini nəzakətlə qəbul edib getdim. Görüşdük. Eyni nəzakət, eyni həssaslıq, eyni hörməti gördüm. Geniş söhbət etdik, ərinmədi, yetərincə bilgi verdi. DYP postlarına gəzintimi belə təşkil edib işi yerində görməyimi təmin etdi. Hər iki generalın bu davranışı, təbii ki, Daxili İşlər Nazirliyinə hörmətimi birə beş artırdı və bununla bağlı yazım da oldu. Təşəkkür etdim adamlara və o sistemə. Və aradan bu qədər vaxt keçib, yol polisi ilə bağlı qüsurlar haqqında yazmağa əlim gəlmir. Gözümün qarşısına hər iki generalın nəzakəti – yanaşması gəlir, yaza bilmirəm. Dövlət adamı dediyin belə yanaşmalı, belə olmalıdır məncə… İndi bu Ramin Quluzadənin ya özü, ya da onun təbliğatını qurub Osman Gündüzü öz ağıllarınca gözdən salmaq istəyənlər də bu təcrübədən yararlanarsa, dövlət dayanıqlı olar. Əks halda vətəndaşın narazılığı artar, insanlar dövlətdən küskün düşər. Səbəbkar da dövlətin vəzifəsini tutduğu halda bunu layiqincə yerinə yetirməyən nazirlər, məmurlar olar…

Bu qədər hələlik. Biz sahənin çox ciddi problemləri haqqında da yaza bilərdik. Material boldur. Lakin hələlik sadəcə bir faktı qeyd etməklə yetinmək istərdik: Worldwide Broadband Speed League adlı hesabata görə, (cable.co.uk) Azərbaycan internet reytinqinə görə dünyada 141-ci yerdədir. 2018-ci ildə 135-ci yerdə idik. Geriləmişik. Özü də bütün göstəricilərinə görə yerlərdə sürünən işğalçı Ermənistandan düz 31 vahid geridəyik. Təcavüzkar Ermənistan 110-cu yerdə qərar tutub. Niyə belədir durumumuz, cənab Nazır Ramin Quluzadə? Axı Azərbaycan bir çox sahələrdə dünya üzrə sürətlə irəlilədiyi halda internetimiz niyə günü-gündən geri getməlidir? Bəlkə nəsə yerində deyil? Yaxud, bəlkə elə siz yerinizdə deyilsiniz?..

Həmçinin oxuyun

Abid Şərifovun Avropadaki biznesi – sabiq vitse-premyerin 21 illlik maaşı (ARAŞDIRMA)

Nicat Mahmudov 20 yaşından Londondadır. O, Bakıdakı 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğlu, …