Çərşənbə axşamı , Oktyabr 15 2019
Ana səhifə / Araşdırma / Aygün Bəylərin qardaşı dindirildi: “Dedilər ki, danışsan sonun belə olacaq”

Aygün Bəylərin qardaşı dindirildi: “Dedilər ki, danışsan sonun belə olacaq”

Bakıda qətl törətməkdə təqsirləndirilən dəstə üzvlərinin növbəti məhkəmə prosesi keçirilib. Təqsirləndirilənlər əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovdur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən növbəti prosesdə təqsirləndirilən şəxslərdən Abbas Hümmətov ifadə verib. O, ifadəsində bildirib ki, həbs edilənlərdən Elnur Əsirovla birlikdə internet klub işlədiblər. Ramil Əsirov ilə uşaqlıq dostudur.

Onun sözlərində görə, Elmir internet kluba gələrək narkotik əkməyi təklif edib: “Özüm narkotik vasitələrin çəkəni olmuşam. Narkotik əldə etmək çətin məsələ idi. Buna görə də narkotik vasitə əkmək barədə razılığa gəldim. Cavid narkotik əkmək üçün ev təşkil edib. Həmin evə baxdıq, evin şəraiti yaxşı deyildi. Evi təmir edəndən sonra orada narkotik əkməyə başladıq”.

Qətlin baş verdiyi gün yaşananlar haqda danışan Abbas Hümmətov deyib ki, həmin gün Elmir ona zəng edərək bağa getmək lazım olduğunu bildirib: “Yolüstü Fuad və Elmiri götürəndən sonra bağa getdik. Bağa girəndə ortalıqda ağa bükülmüş Elnurun meyitini gördüm. Elnurun qətlə yetirilməsindən pis oldum. Qohumum olduğu üçün orada qala bilmədim və evə getdim. Səhəri günü Elnurun meyitini bağda basdırdıqlarını dedilər”.

Prokurorun suallarını cavablandıran Abbas Hümmətov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib. O, bildirib ki, həmin ifadəni işgəncə və təzyiq altında verib.

Abbas Hümmətov deyib ki, ibtidai istintaq zamanı dəhşətli işgəncələrə məruz qalması barədə müvafiq qurumlara şikayət etmədiyini də söyləyib və əlavə edib ki, Elnurun qətlə yetirilməsindən, kimin tərəfindən öldürülməsindən xəbəri olmayıb: “Narkotik vasitəni satmaq üçün yox, istifadə etmək üçün əkmişik. Baş verən qətl hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verə bilməzdim. Mənim özümün də cinayətim var idi, narkotik vasitənin əkilməsində iştirak etmişdim. Buna görə də qətl hadisəsi barədə heç kimə məlumat vermədim. Həbs olunmağımdan qorxdum”.

Abbas Hümmətovun ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasındakı ziddiyyətlər olduğu üçün onun ilk ifadəsi elan edilib. Məlum olub ki, təqsirləndirilən şəxs qismində ibtidai istintaqa ifadə verən Abbas Hümmətov özünü təqsirli bilməyib. O, bildirib ki, 2013-cü ildə taksi fəaliyyəti ilə məşğul olub. Tanışları Fuad Məmmədzadə, Cavid Alxazov, Elmir Alxazov, Ramil Əsirov və Elnur Əsirovla Qala qəsəbəsində yaşayıb, dostluq ediblər.

Abbas Hümmətovun ifadəsinə görə, 2013-cü il iyun ayının əvvəllərində Fuad Elnur Hümmətovun əkilmiş narkotik vasitəni oğurlamaq istədiyini və ya bu barədə polisə məlumat verəcəyini deyib: “Fuad Elnurun bu hərəkətinin qarşısını almaq lazım gəldiyini, buna görə də Elnuru öldürməyi təklif etdi. Mən və Elmir Fuadın bu təklifinə qarşı çıxdıq. Elnuru öldürmək deyil, sadəcə əl-qolunu bağlayaraq hədə-qorxu gəlməyi təklif etdik. Hadisə günü Fuadı saat 10-11 radələrində şəhərdən götürdüm və Qala qəsəbəsindəki Cavidin evinə gətirdim. Evə daxil olan kimi Fuad məni “skoç” almağa göndərdi. Qala qəsəbəsindəki mağazadan skoç alıb geri qayıtdım. Evə gəldikdə Fuadla Elmirin Elnur Hümmətovu öldürdüklərini, meyitini zibil torbalarına bükdüklərini gördüm. Dedilər ki, hadisəni kiməsə danışsan sonun belə olacaq”.

Daha sonra digər təqsirləndirilən Ramin Əsirov ifadə verib. O, narkotik vasitələrin əkilməsindən, həmin narkotik vasitələr əkilən evdə mərhum Elnurla birlikdə mühafizəçi qalmaqlarından danışıb.

Növbəti məhkəmə prosesi iyulun 6-da davam edəcək.

İttihama görə, dəstə üzvləri 2013-cü ildə narkotik əkiblər. İki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər. Buna görə də onu qətlə yetiriblər, həmin evin həyətində meyitini basdırıblar.

Elnur Hümmətov 2013-cü il iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustunda isə onun öldürüldüyü üzə çıxıb.

Həmçinin oxuyun

Azərbaycanda QİÇS problemi – əgər virusa yoluxmusunuzsa… – Fotolar

Əməkdaşımızın QİÇS-lə Mübarizə Mərkəzindən eksklüziv reportajı; SPİD xəstəsi öz yaxınları üçün təhlükədirmi, ən çox nələrə …

Bir cavab yazın