Cümə , Avqust 6 2021
Ana səhifə / Araşdırma / Ayaz Mütəllibovun keçmiş mətbuat katibinin məhkəməsində zərərçəkmiş şəxs ifadə verib

Ayaz Mütəllibovun keçmiş mətbuat katibinin məhkəməsində zərərçəkmiş şəxs ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Elnarə Quliyeva ifadə verib.

O, təqsirləndirilən şəxsə 9 min manat verdiyini deyib: “Bunun qarşılığında Teylor İbrahimov mənim həbsdə olan həyat yoldaşımın azadlığa çıxmasına kömək edəcəkdi. Mal-qaranı, maşını satıb pul düzəltdik. İlk dəfə pulu almağa gələndə qohumum İbrahimlə Teylor birlikdə idi. İbrahim yoldaşımın atasının xalası oğludur. Həmin gün Teylor maşında oturmuşdu. İbrahim 4 min manatı alıb maşına getdi. 3 min manatı da Teylor özü gəlib bizim evdən apardı. Daha sonra pulun 2 min manatını da Yevlaxa göndərdik. Amma bu işin üstündən 3 ay keçdi. Bizə “sizi tanımıram” dedi”.
Daha sonra E.Quliyev məhkəmədə sualları cavablandırıb. O, T.İbrahimova güvənməklərinin səbəbini belə izah edib: “Adam övladının, balasının canına and içirdi. Övladdan o tərəfə nə var? Həm də bizə “narahat olmayın” deyirdi”.

Məhkəmədə məlum olub ki, E.Quliyeva istintaqdakı ifadəsində pulu İbrahim adlı qohumuna verdiyini qeyd edib.
E.Quliyeva bu ziddiyyəti belə izah edib: “O, İbrahimlə bir gəlib. İşi bu düzəldəcəkdi. Birinci pulu verəndə maşında oturmuşdu. İbrahim aparıb ona verdi. İkinci dəfə evimizə gəlib. Sonuncu pulu göndərdəndə İbrahimlə telefonla danışdıq. Teylor da yanında idi. Nə qədər lazım olduğunu Teylor deyir, İbrahim də bizə çatdırırdı”.
Təqsirləndirilən T.İbrahimov isə zərərçəkənin yalan danışdığını söyləyib: “Həmin qadından pul almamışam”.
Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, T.İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 min 500 manatını, digər zərərçəkmiş Zaur Məmmədovanı isə SOCAR-a işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.
O, ümumilikdə 20-dən çox zərərçəkmişə qarşı 100 min manatdan çox dələduzluq edib. T.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Xatıradaq ki, T.İbrahimov Azərbacanın eks-prezidenti Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.

Həmçinin oxuyun

12-17 yaşlı oğlanlar koronavirusa yoluxduqda ürək zədələnir – ARAŞDIRMA

12-17 yaş arası oğlan uşaqlarının kovid keçirdikdən sonra ürək miokard zədələnməsi riski peyvəndə nisbətən 6 …

Bir cavab yazın