Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Araşdırma / Aterk (Həsənriz) şəhidlərinin hekayəti + FOTOLAR

Aterk (Həsənriz) şəhidlərinin hekayəti + FOTOLAR

Bu araşdırma Daxili Qoşunların Gəncədə yerləşən hərbi hissəsinin bir qrup şəxsi heyətinin 1992-ci ilin iyul ayının 19-da düşmənlə qeyri-bərabər döyüşə girərək Ağdərə rayonunun Həsənriz kəndinin (hazırda Kəıbəcər rayonunun inzibati ərazisinə daxildir – S.B. )müdafiəsi zamanı son damla qanınadək döyüş səngərini tərk etməyib, “bir nəfər hamı üçün, hamı bir nəfər üçün, hamı Vətən üçün” şüarı ilə qəhrəmancasına həlak olmalarının 30-cu ildönümünə həsr olunur!

Xocalıda törədilmiş soyqırımdan sonra Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğalı zamanı törədilmiş qətliamlar yəqin ki, miqyasına, qəddarlığına görə Azərbaycan xalqına qarşı həyata keçirilən ən dəhşətli, bəşəri cinayətlərdən biridir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyi ilə Ağdaban və Çayqovuşan kəndlərinə qəfil hücum edərək 130-dan çox evi tamamilə yandırmış, 779 nəfər dinc sakinə divan tutmuş, 32 nəfəri amansızcasına qətlə yetirmiş, 8 nəfər 90-100 yaşlı qocanı, 2 nəfər azyaşlı uşağı, 7 nəfər qadını diri-diri odda yandırmış, 7 nəfəri isə girov götürmüş (onlardan 2 nəfər haqqında bu gün də heç bir məlumat yoxdur), yaşlı, qoca, qadın, uşaq demədən dünyada görünməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək növbəti soyqırım aktı törətmişdir.

Belə əməllərinə görə müvafiq qarşılıq görməyən düşmən Kəlbəcərin tamamilə işğalı üçün planlar hazırlayır, bu planın əsas hissəsi kimi rayonu tam təcrid etmək üçün cənub istiqamətində yerləşən yaşayış məntəqələrini ələ keçirməyə çalışırdı.

Belə bir şəraitdə Daxili Qoşunların Gəncə şəhərində dislokasiya olunmuş əlahiddə polis taboruna Kəlbəcərə olunan düşmən hücumlarının qarşısını almaq üçün müəyyən sayda qüvvə göndərilməsi tapşırığı qoyulur.

Bu məqsədlə tabor komandiri Sənani Əliyevin rəhbərliyi ilə ümumi sayı canlı qüvvə ilə 57 nəfər olan heyət Kəlbəcər rayonuna ezam edilir. Həmin qrup Yanşaq kəndində yerləşdikdən sonra düşmənin daha çox can atdığı, strateji baxımdan demək olar ki, cənub-şərq istiqamətdən Kəlbəcərin açarı sayıla bilən, inzibati bölgüsünə görə Ağdərə rayonunun Narınclar kəndinin müdafiəsinə cəlb olunması qərara alınır.

Narınclar kəndi Ağdərə rayonunun qərbində ucqar dağ kəndlərindəndir. Kənd Qırxqız, Pirdağı, Taxtabaşı dağları ilə əhatə olunub. Xaçınçay öz başlanğıcını bu dağlardan götürür. Narınclar kəndi alban abidələri ilə zəngindir. Pirdağın zirvəsində pir yerləşir. Tarixi məlumatlara görə, XII-XVIII əsrlərdə kənd ərazisi Xaçın məlikliyinə tabe idi. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiyaya birləşdirilib. 1992-ci il iyulun 1-də ermənilər tərəfindən işğal edilib. El arasında bu yurd Kolanı Narıncları kimi tanınır. 60 ev və 314 nəfər əhalidən ibarət idi. 5 nəfər övladı şəhid olub.

Narınclar kəndinin azərbaycanlılar yaşayan digər kəndlərdən çox aralı olması, müdafiə üçün şəxsi heyətin və vasitələrin kəskin çatışmazlığı şəraitində kəndin müdafiəsini təşkil etmək mümkün olmadığından, bir müddət sonra Kəlbəcər briqadasının komandanlığı müdafiə qüvvələrini Zülfüqarlı istiqamətində geri çəkməyi qərara alır. Bu, eyni zamanda, briqada komandiri Zadir Rzayev tərəfindən böyük məharətlə planlaşdırılan və bir neçə gündən sonra həyata keçirilən uğurlu hücum əməliyyatına daha yaxşı hazırlaşmaq üçün vaxt qazanmaq demək idi.

Həsənriz Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşir. Həsənriz Tərtər çayının sol (şimal) sahilində, Həsənriz çökəkliyindədir. Sərsəng su anbarının və Tərtər-Kəlbəcər yolunun üstündə yerləşən çox iri kənddir. XIII əsrdə Xaçın knyazı Həsən Cəlalın adı ilə Həsənriz adlandırılıb.

İyul ayının 3-də, saat 12 radələrində əsas qüvvələri və qərargahı Kəlbəcərin Qılışlı kəndində yerləşən 701 saylı briqada həyəcan siqnalı ilə qaldırıldı, iki hissəyə bölünərək Ağdaban və Aterk (Həsənriz) kəndinin şimalındakı yuxarı yamaclara doğru hərəkət etməyə başladı. Həmin istiqamətdə hərəkət üçün normal şərait olmadığından, hücum düşmən üçün gözlənilməz effekt verməli idi.

Beləliklə, 1992-ci il iyulun 4-9-da Azərbaycan hərbi hissələrinin ildırımsürətli hücum əməliyyatı nəticəsində Kəlbəcər istiqamətindən Aterk (Həsənriz), Çapar, Umudlu, Zəylik kəndləri, cənub-şərq istiqamətindən isə Ağdərə şəhəri düşməndən azad edildi. Aterk (Həsənriz) kəndinin düşməndən azad edilməsində Gəncə hərbi hissəsinin ezamiyyətdə olan şəxsi heyəti bölük komandiri Elxan Salmanovun rəhbərliyi ilə birbaşa iştirak edirdi. Düşməndən təmizləndikdən sonra Aterkin (Həsənrizin) müdafiəsi həmin bölüyə həvalə edilir.

Aterkdə (Həsənrizdə) olan DQ bölüyünün komandiri Rizvan Muradov olub. Briqada komandiri tərəfindən verilmiş döyüş tapşırığına əsasən, DQ bölüyünün əsas vəzifələri Müdafiə Nazirliyinin bölmələri tərəfindən azad edilmiş yaşayış məntəqələrində komendant xidmətinin təşkil olunması, nəqliyyat vasitələrinin yoxlanılması üçün nəzarət-buraxılış məntəqələrinin yaradılması, eyni zamanda, əraziyə sızmağa cəhd göstərən kəşfiyyat- diversiya qruplarının aşkarlanması, zərərsizləşdirilməsi məqsədilə arama-tarama işlərinin aparılması, nəzarətimizə keçən ərazilərdə talançılığın qarşısının alınması və mövcud şəraitdən irəli gələn digər tapşırıqların icrası olub. Bu tapşırıqlardan aydın olur ki, briqada komandanlığı həmin əraziyə düşmənin genişmiqyaslı hücum variantını nəzərdən keçirməyib. Amma hadisələrin sonrakı inkişafı bunun dəhşətli nəticələrə gətirən bağışlanılmaz bir səhv olduğunu göstərdi. Ehtimal edirəm ki, müdafiənin təşkilinə laqeyd münasibətin əsas səbəblərindən biri də yuxarıda qeyd etdiyimiz ərazidə ATƏT-in təkidi ilə iyul ayının 9-da atəşkəs rejiminə keçilməsi olub.

Qarşıya qoyulmuş tapşırığın yerinə yetirilməsi üçün bölükdə təxminən 75 nəfər olub. Şəxsi heyət yalnız avtomat silahlarla silahlanıb, çünki həmin dövrdə DQ-nin silahlanmasında ağır silahlar demək olar ki, yox idi. Aterkə (Həsənrizə) ezam edilmiş şəxsi heyətin silahlanmasında isə hətta RPQ-7 qumbaraatanı, RPK tipli pulemyotlar və SVD kimi nisbətən uzaq məsafələri nəzarətdə saxlamağa imkan verən snayper tüfəngi də yox idi.

Bölüyün ayrıca dayaq məntəqəsi təyin olunmayıb. Bölük komandiri 10 nəfər daha hazırlıqlı əsgərdən ibarət ehtiyat qüvvə yaradıb və onlarla birlikdə kəndin qərb istiqamətində yerləşən qəbiristanlıq tərəfdəki yüksəklikdə 20 nəfərlə mövqe tutmuş leytenant Yusif Qasımovun taqımı ilə bir yerdə yerləşiblər. Y.Qasımovun taqımı iki posta bölünmüşdü. Təxminən 10 nəfərdən ibarət olan postlardan biri birbaşa Qozlu körpü istiqamətindən gələn yola nəzarət edirdi. Həmin yoldan Qozlu körpü istiqamətində olan ərazi açıq-aşkar müşahidə olunurdu və avtomat silahın məhvetmə məsafəsində idi. Digər postun vəzifəsi isə şimal istiqamətindən kəndə gözlənən təhlükələrin qarşısını almaq olub.

Aterkin (Həsənrizin) şərq tərəfində, Umudluya gedən yolda gizir Məhərrəm Qarayevin rəhbərliyi ilə bir taqım müdafiə mövqeləri qurmuşdu. Həmin post elə yerləşmişdi ki, Umudludan gələn bütün nəqliyyat vasitələri həmin postdan keçməliydi. Kəndin şərq istiqamətində, qeyd olunan postdan aşağıda isə “Aşağı post” deyilən daha bir post var idi. Bu post Sərsəng istiqamətindən qalxan kəndarası torpaq yola nəzarət edirdi. Aşağı postda bir nəfər zabitin rəhbərliyi ilə 7-8 nəfərdən ibarət qrup müdafiədə dayanmışdı.

17 iyulda aşağı posta mərmi düşdüyünə görə həmin iki nəfər yaralanıb və Müdafiə Nazirliyinin qospitalına göndərilib. Xidmət yükünün çox olması ilə əlaqədar bölük komandiri Gəncəyə zəng edərək yaralıların əvəzlənməsini və ümumiyyətlə, şəxsi heyətin sayının artırılmasını xahiş edib. Növbəti dəyişilmə iyul ayının 19-da baş tutur. Günün ikinci yarısında Gəncədən ezam olunmuş 21 nəfər – leytenant Arif Məmmədov, leytenant Haqverdi Verdiyev, gizir Çərkəz Həsənov və 18 nəfər əsgərdən ibarət əlavə bir qrup Aterkə (Həsənrizə) çatmış, burada xidmətdə olanların bir hissəsi isə Gəncə şəhərinə yola salınmışdı.

Hadisələri araşdırarkən belə təsəvvür yaranır ki, ermənilər bu yerdəyişmə barədə məlumatlı olmuş, şəxsi heyətin dəyişilmə vaxtını kəşfiyyat yolu ilə izləyərək dəqiqləşdirmiş və hücumu da məhz yeni, həmin postlarda xidmətaparma təcrübəsi olmayan əsgərlərin postlara çıxma vaxtına planlaşdırmışlar. Burada təcrübə dedikdə, məhz həmin postlarda xidmət aparma təcrübəsindən söhbət gedir. Postlar adi qaydada dəyişilmiş, Aterkdən (Həsənrizdən) qayıtmalı olan şəxsi heyət Gəncəyə yola salınmışdı. Bütün bu müddət ərzində mövqelərdə tam sakitlik olmuş, düşmən tərəfdən atəş səsləri eşidilməmişdir. Düşmənin bu sakitliyinin məqsədi arxayınlıq yaratmaq, sayıqlığı aşağı salmaq və belə vəziyyətdə gözlənilməz, qəfil zərbə vurmaq olub.

Aterk (Həsənriz), Zəylik, Umudlu kəndlərinin müdafiəsində 701 saylı briqadadan bir tabor, Kəlbəcər özünümüdafiə taborundan olan könüllü dəstə və Daxili Qoşunların Gəncə hərbi hissəsindən ezam edilmiş bir bölük iştirak edib. Aterk (Həsənriz)-Umudlu istiqamətində ümumi rəhbər 701 saylı hərbi hissədə əməliyyat bölməsinin rəisi polkovnik-leytenant Qəzənfər Məmmədov olub.

Aterk (Həsənriz), Zəylik-Umudlu yolu üzərində heç bir əlavə qüvvə olmayıb. Umudlunun müdafiəsi isə Kəlbəcər özünümüdafiə taborunun bir bölüyünə həvalə edilib. Onlarda silahlanma nisbətən daha yaxşı idi. Əlavə olaraq bir ədəd PDM, 1 zirehli maşınları var idi. Aterkdə (Həsənrizdə) isə bir ədəd 16 lüləli “Qrad” qurğusu olub.

Sarsılmış düşmən döyüş meydanındakı məğlubiyyətin qarşısını almaq məqsədilə bütün beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycan Ordusunun hücumunu dayandırmaq üçün adəti üzrə yalvarmağa başlayır. (ifadə Prezident İlham Əliyevə məxsusdur – S.B.). ATƏT-in müraciətinə cavab olaraq Azərbaycan tərəfi 1992-ci il iyulun 9-da hücumu dayandırır. 

Bundan istifadə edən ermənilər Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa əlavə canlı qüvvə və hərbi texnika göndərirlər. Bu qüvvə əsasən Ağdərə cəbhəsinə yeridilərək, irimiqyaslı əks-hücum əməliyyatı hazırlanır. 1992-ci il iyulun 11-28-də erməni ekspedisiya korpusunun qəfil əks-hücumu nəticəsində Aterk (Həsənriz), Çapar, Zəylik, Umudlu, Metşen, Mağavuz, Aşağı Oratağ, Akop Komari kəndləri, çox mühüm strateji əhəmiyyət daşıyan Sərsəng su anbarı düşmənin nəzarəti altına keçir.

Hadisələrin şahidləri ilə söhbət edərkən məlum olur ki, yuxarıda barəsində danışdığımız ATƏT-in vasitəçiliyi ilə baş tutan atəşkəsə baxmayaraq, düşmən ərazidə çox ciddi şəkildə kəşfiyyat işləri aparıb, seçilmiş hədəflərə artilleriya zərbələri ilə komanda məntəqəsini məhv etməyə cəhd göstərməklə genişmiqyaslı hücum əməliyyatına hazırlaşıb. 

Belə ki, Aterk (Həsənriz) ərazisindən vizual müşahidə olunan Sərsəng su anbarının sağ sahilində düşmən qüvvələrinə məxsus texnikanın intensiv hərəkəti, aşağı postun ərazisinə atılan mərmilər nəticəsində əsgərlərimizin yaralanması, Aterkdə (Həsənrizdə) Qəzənfər Məmmədovun və DQ-nin bölük komandiri Rizvan Muradovun yerləşdikləri evin birbaşa artilleriya atəşi ilə yerlə-yeksan edilməsi düşmənin növbəti niyyəti barədə siqnal rolu oynamalıydı. 17 iyulda isə Umudlu istiqamətində gələn yolda düşmən açıq-aşkar ilk təxribatını törətmişdi.

Belə ki, Umudludan 701 saylı briqadaya məxsus bir ədəd yük maşını və arxasınca da yaralı və xəstə döyüşçüləri daşıyan bir ədəd UAZ təcili yardım maşını Aterk istiqamətində yola düşür. Aterk (Həsənriz) postuna çatanda yük maşınında gələnlər arxadan UAZ avtomobilinin də gəldiyini bildirirlər. Lakin həmin maşın aradan xeyli vaxt keçməsinə baxmayaraq, Aterkə (Həsənrizə) gəlmir. Belə olduqda Qəzənfər Məmmədov və DQ bölüyünün komandiri Rizvan Muradov nə baş verdiyini araşdırmaq üçün həmin yolla Umudluya tərəf hərəkət edirlər. Zəylik yaxınlığındakı dolanbac yolda həmin maşının dərəyə aşdığını görürlər. İlk əvvəl bunun avtomobil qəzası olduğunu düşünürlər. Rizvan Muradov maşının aşdığı dərəyə endikdə sürücünün və maşındakıların güllələnərək öldürüldüyünün şahidi olur. Cəld yuxarı qalxaraq bu barədə Qəzənfər Məmmədova məlumat verir və dərhal oradan uzaqlaşırlar. Məhz bu hadisədən sonra Zəylik kəndində də post qoymaq barədə qərar qəbul edilir.

19 iyulda Gəncədən gələn heyətin tərkibindən leytenant Arif Məmmədovun rəhbərliyi ilə Zəylik kəndində post yaradılması nəzərdə tutulur və Rizvan Muradov leytenant A.Məmmədovla post qoyulacaq ərazini dəqiqləşdirmək, həmçinin, Umudluda yerləşən Müdafiə Nazirliyinin qüvvələri ilə tanışlıq məqsədilə Umudlu kəndinə gəlirlər. Elə həmin vaxt Aterk (Həsənriz) və Umudlu istiqamətində düşmənin genişmiqyaslı hücumu başlanır. Məhz bu səbəbdən adları qeyd olunan zabitlərin Aterkə (Həsənrizə) qayıtması mümkün olmur və beləliklə də, döyüşün ilk anından müdafiə qüvvələri arasında əlaqə kəsilir.

Düşmən Aterkə (Həsənrizə) dəfələrlə üstün olan çoxsaylı qüvvə ilə bir neçə istiqamətdən, xüsusilə də tanklar və zirehli texnikanın köməyilə “Aşağı post” deyilən istiqamətdən hücuma keçir. Həmin istiqamət Sərsəng su anbarı tərəfə olduğundan, zirehli texnikaların ora keçə bilməsinin mümkünsüz olduğu düşünülmüşdür. Lakin sonralar kənd sakinləri bildirirdilər ki, hələ Sovet dövründə Sərsəng su anbarında suyun səviyyəsini tənzimləməklə ermənilər müəyyən yerdən texnikaları digər sahilə keçirirmişlər. Bu isə Aterkin (Həsənrizin) müdafiəçilərinə məlum olmamışdır. Digər tərəfdən isə düşmən gizli surətdə Aterkin (Həsənrizin) şimal tərəfindəki meşəliklərə çoxsaylı canlı qüvvə toplaya bilmişdi, bu isə, öz növbəsində, kəndin mühasirədə saxlanılmasına və müdafiədə olan döyüşçülərin Kəlbəcər, Murov istiqamətində geri çəkilməsinə imkan verməmişdi. 

Məhz belə gözlənilməz və anlaşılmaz vəziyyət müdafiənin təşkil olunmasına da öz təsirini göstərmişdir. Lakin buna baxmayaraq, bölük sonuncu gülləyə qədər döyüşmüş, yalnız əksəriyyəti şəhid olduqdan və döyüş sursatları tükəndikdən sonra bir neçə nəfər düşmən tərəfindən əsir götürülmüşdür. Düşmən əsirlərlə beynəlxalq konvensiyalarda qəbul edilmiş qaydalarla deyil, öz yırtıcı, goreşən xislətlərinə uyğun davranmış, əsirlərin əksəriyyətini güllələmiş, cəsədləri yandırmış və üzərində digər təhqiredici, yaramaz hərəkətlərə yol vermişdir. Yalnız huşsuz vəziyyətdə olan iki nəfəri girov götürərək özləri ilə aparmışlar. Həmin iki nəfər müəyyən bir müddətdən sonra dövlət xətti ilə azad edilərək Azərbaycana qaytarılmışdır. Əsir düşənlərin dediyinə görə, ermənilər onlara artıq 41 nəfəri öldürdüklərini bildirmişlər.

Mən həmin dövrdə Daxili Qoşunların Baş İdarəsində xidmət edirdim. Baş vermiş hadisənin araşdırılması məqsədilə kadrlar şöbəsinin zabiti baş leytenant Sabir Aşırovla Gəncə şəhərinə ezam edilmişdim. Lakin Gəncə şəhərində vəziyyətlə tanış olduqdan sonra axtarış üzrə işlərin təşkili məqsədilə bir qrupla Kəlbəcərə yola düşdüm. Qılışlıya çatdıqdan sonra dərhal yerində qısa müşavirə keçirdim, baş vermiş hadisə ilə əlaqədar, xüsusilə də şəxsi heyətdən sağ qalanların olub-olmamasını dəqiqləşdirmək istəyirdim. Daha sonra Qaragöllər istiqamətində hərəkətə başladıq. Buradan Sərsəng ətrafında gedən döyüşləri artilleriya mərmilərinin, zirehli texnikaların atəşinin, hərəkətinin nəticəsində yaranmış toz buludunun fonunda aydınca izləmək və eşitmək olurdu. Qaragöllərdən qayıtdıqdan sonra Kəlbəcər Rayon Polis Şöbəsinə gəldim. Həmin vaxt rəis Nizami Məmmədovun iş otağından Daxili Qoşunların Baş İdarəsinə məruzə etdim, axtarışları davam etdirməyin zəruri olduğunu bildirdim. Komandan mənə vəziyyətə uyğun müstəqil qərar qəbul etməyimi tapşırdı. Qeyd etməliyəm ki, həmin dövrdə rabitə əlaqəsi yaratmaq çox çətin idi, odur ki, hər bir addımı rəhbərliklə razılaşdırmaq da əlavə bir problem yaradırdı.

Daha sonra 701 saylı briqadanın Qılışlıda yerləşən qərargahına gedərək briqada komandiri Zadir Rzayevlə, ona qədər isə qərargah rəisi və Aterkdə (Həsənrizdə) briqada tərəfindən ümumi rəhbər təyin edilmiş Qəzənfər Məmmədovla görüşdüm. Bu görüşlərdən belə qənaətə gəldim ki, Aterkdə (Həsənrizdə) itkin düşənlərlə əlaqədar briqada tərəfindən ilk günlərdə görülmüş axtarış tədbirlərindən əlavə bir iş görmək fikrində deyillər, buna vaxtları və maraqları da yoxdur. Zadir Rzayev məni tanıdığından, yaxın günlərdə həmin ərazilərin azad olunması ilə bağlı əməliyyat keçiriləcəyini eyhamla anlatdı və bundan sonra axtarış aparılmasının mümkünlüyünü bildirdi.

Daha sonra mən Yanşaq kəndinə, Gəncə hərbi hissəsindən ezam edilmiş şəxsi heyətin yerləşdiyi məktəbə gəldim. Burada əldə etdiyimiz bütün məlumatları ümumiləşdirərək belə qərara gəldim ki, Aterkin (Həsənrizin) şimal istiqaməti üzrə axtarış aparmaq lazımdır. Çünki Aterkdə (Həsənrizdə) döyüşlərdən sağ çıxan bir neçə nəfər Qaragöllər istiqamətində xilas ola bilmişdi, qalan digər istiqamətlər düşmənin nəzarətində olduğuna görə hərəkət etmək mümkün deyildi.

Növbəti gün bu istiqamətdə hərəkət etmək üçün zabitlərlə birgə plan hazırladıq, istiqaməti və marşrutu müəyyən etdik, daha sonra isə mən könüllü surətdə bu axtarışda iştirak etmək istəyən əsgərlərdən ibarət bir qrup yaratmağı qərara aldım. Son nəticədə zabit və gizirlərdən ibarət kiçik bir qrupun Yanşaqda qalaraq briqada komandanlığı və yerli əhali ilə ünsiyyətdə olmasını, yeni əldə olunan məlumatları toplayaraq hərbi hissəyə ötürməsini tapşırdım. Həmin qrup, mənim rəhbərlik etdiyim axtarış qrupu axtarışı yekunlaşdırıb, Gəncə şəhərinə gəldikdən sonra geri qayıtmalı idilər. Üçüncü qrup isə hərbi hissənin komandiri Sənani Əliyevin rəhbərliyi ilə Gəncə şəhərinə qayıtmalı, görülmüş işlər barədə Baş İdarəyə məlumat verməli, iki gündən sonra isə Gülüstan istiqamətinə gələrək bizim qrupu qarşılamalı idilər.

Mən axtarış aparmaq üçün təhlükəli bir marşrut keçəcəyimizi bildirdim, yalnız əsgərlərin deyil, zabit və gizirlərin də könüllü olaraq iştirak etmələrini istədim. Yalnız özümün və rabitə taqımından gizir Cavanşir Çobanovun mütləq iştirak edəcəyimizi bildirdim. Mənim çağırışıma demək olar ki, əksəriyyət getmək arzusu ilə cavab verdi. Beləliklə, mənim rəhbərliyimlə baş leytenant Dövlət Bayramov, gizir Arif İmamquluyev, gizir Cavanşir Çobanov və 18 nəfər əsgərdən ibarət bir heyət yaratdım. Bütün təlimatları verdim, cığırlarda hərəkət zamanı ardıcıllığı müəyyənləşdirdim, qrupun önündə bir nəfər çavuşla mən, qrupun sonunda isə baş leytenant Bayramov hərəkət etməli, eyni zamanda, müntəzəm olaraq şəxsi heyətin say tərkibini nəzarətdə saxlamalıydı.

Beləliklə, Murovdan Gülüstanadək dağlardan keçməklə axtarışları davam etdirdik. Düşmən pusqusuna düşməmək üçün ehtiyatla hərəkət edir, vizual müşahidələr aparırdıq. Nəhayət, böyük bir məsafəni qət edərək, 2 gecə səhra şəraitində gecələyərək, sağ-salamat nəzərdə tutduğumuz mövqelərə gəlib çatdıq. Gülüstan kəndi görünən kimi şimala istiqamət götürərək Ağcakəndə daxil olduq. Ağcakənddə isə əvvəlcədən razılaşdığımız kimi, Gəncə hərbi hissəsinin maşınları bizi gözləyirdi. Axtarışın əhəmiyyəti ondan ibarət oldu ki, düşmən mühasirəsindən çıxmağı bacarmış döyüşçülərin həmin istiqamətlərdə hərəkət etməməsini müəyyənləşdirə bildik, sonradan da dəqiqləşdirilən 41 nəfərin şəhid olmasını və düşmən girovluğunda olmasını yəqin etdik.

1992-ci il iyulun 28-dən avqustun 9-na kimi Tərtər və Kəlbəcər briqadaları eyni vaxtda hücum əməliyyatı keçirdilər və ermənilərin qəfil əks-hücumu zamanı ələ keçirdikləri kəndləri yenidən azad etdilər.

İyulun 28-də ordumuzun Aterkə (Həsənrizə) daxil olmasından dərhal sonra şəhidlərin axtarışları başlanıldı və artıq tanınmaz hala düşmüş cəsədlərin toplanaraq Gəncə şəhərinə gətirilməsi təmin edildi. Bu prosesdə şəhidlərin valideynlərindən bəziləri çox yaxından iştirak edirdilər. Aşkar edilmiş cəsədlərin bəzilərini yaxınları tanıya bilmişdilər və dəfn üçün müvafiq qaydada tədbirlər görülmüşdü.

Son nəticədə belə qərara gəldik ki, aşkar olunmuş insan qalıqları Bakıda Şəhidlər xiyabanında, qardaşlıq məzarında dəfn olunsun. Lakin heç də bütün valideynlər bununla razılaşmırdılar. Onlardan bəziləri həmin qalıqların onların övladlarının cəsədlərinə aid olmağına əmin deyildilər. Həm də qalıqlar təxminən beş-altı nəfərə aid idi. Belə anlamaq olardı ki, bunlar Aterkin (Həsənrizin) özündə ya qətlə yetirilmiş, ya döyüşdə öldürülmüşdülər və ermənilər cəsədləri dərəlik bir yerə atmışdılar, ya da elə həmin yerdə döyüşərək həlak olmuşdular.

Valideynlərdən bəzilərinin cəsədlərin tapılmasından xəbəri yox idi. Lakin valideynlərdən beş ailə ötən müddət ərzində övladlarının sağ qalmaları haqqında heç bir məlumat ortaya çıxmadığından, yəni övladlarının həlak olduqlarına tam əminlik yarandığından qarşılıqlı razılaşaraq belə qərara gəldilər ki, qalıqların qardaşlıq məzarında dəfn olunması mümkündür. Hər bir şəhid hər birimizin övladıdır.

Beləliklə, 30.07.1992-ci il tarixdə övladlarının qardaşlıq məzarında dəfn olunmasına razılıq vermiş ailələrin, Gəncədən həmin dövrdə baş leytenant Rəsul Ağakişiyevin (daha sonra tabor komandiri kimi Çıldıran-Sırxavənd döyüşlərində, 19.11.1992-ci il tarixində həlak olub) müşayiəti ilə şəhidlərin nəşləri dəfn olunmaq üçün Bakıya Şəhidlər xiyabanına gətirildi.

Mən bilirdim ki, bu məsələnin həllində müəyyən çətinliklər ola bilər. Hələ Aterk (Həsənriz) döyüşü baş verəndən dərhal sonra Gəncəyə ezam olunduğum haqqında artıq bildirmişəm. Mən orada olan müddət ərzində valideynlər hərbi hissəni əhatəyə almışdılar. Onlarla danışıq aparmaq, bütün bu məsələləri sakit tərzdə həll etmək elə də asan olmayacaqdı. Amma, istənilən halda, biz bu dəfn prosesini icra etməli idik, burada başqa çıxış yolumuz yox idi. Mən özüm də əvvəldən axıra qədər dəfn prosesində iştirak etmək, sonra da valideynləri Daxili Qoşunların Baş İdarəsinə dəvət edib, təsəlli, başsağlığı vermək niyyətindəydim. Gəncədən mənə zəng edib bildirmişdilər ki, cənazə və müşayiətçilər təxminən günorta ərəfəsində Bakıya çatacaqlar. Mən bütün bu işlərin icrası üçün həmin dövrdə DQBİ-də Şəxsi heyətlə iş üzrə şöbənin zabiti vəzifəsində xidmət edən baş leytenant İlham Qasımzadəni təyin etmişdim.

Cənazə Bakı şəhərinə çatdıqdan sonra valideynlər dəfndən qəti surətdə imtina etdilər, mütləq dövlət başçısı ilə görüşmək istədiklərini, məhz onun bu məsələyə aydınlıq gətirməsini tələb etməyə başladılar və bu məqsədlə də cənazəni də götürüb Prezident Aparatına yollandılar.

Bir neçə dəqiqədən sonra hadisənin məruzə olunduğunu və prezidentin bizi qəbul edəcəyini bildirdilər. Mən bacardıqca hadisələrin gedişinə müdaxilə edirdim, adamları sakitləşdirməyə çalışırdım. İndi də prezidentin qəbulunadək yaranmış fasilədən istifadə edərək, valideynlərə təskinlik verməyə və onları tabutun qəbul otağından çıxarılaraq maşına qoyulmasına razı salmağa çalışırdım.

Nəhayət, bildirdilər ki, prezident bizi qəbul etməyə hazırdır. Lakin hamını qəbul edə bilməyəcək. Valideynlərə təklif olundu ki, özləri münasib bildikləri beş nəfəri öz aralarından seçib göndərsinlər. Beləliklə, onlardan beş nəfər və DQ-nin nümayəndəsi kimi mən yuxarıya qəbula getdik.

Valideynlər övladlarının taleyinə olan biganəlikdən, onların axtarılmamasından, hərbi hissənin komandanlığından, Aterkdə (Həsənrizdə) olan zabitlərin əsgərləri atıb qaçmalarından, lakin həmin zabitlərə qarşı heç bir tədbir görülməməsindən şikayətçi idilər. Bildirirdilər ki, şikayətləri təmin olunmasa, dəfnə icazə verməyəcəklər. Amma bu şikayətləri dağınıq, ardıcıllıq gözləmədən, hətta bir-birinə imkan vermədən söylədiklərindən, görüşdə iştirak edənlər hələ də məsələnin nə yerdə olduğunu başa düşə bilmirdilər. Bu zaman mən vəziyyətə aydınlıq gətirərək bildirdim ki, həmin əsgərlərin hər biri böyük qəhrəmanlıq nümunələri göstərərək, düşmənlə qeyri-bərabər döyüşdə həlak olublar. Döyüşün necə və hansı şəraitdə baş verdiyini, həmin ərazinin daha əvvəl düşməndən təmizləndiyini, orada növbəli xidmət aparıldığını, növbəti dəyişilmə zamanı ermənilərin bu prosesi gizli surətdə nəzarətə götürmələrini və məhz dəyişilmə ərəfəsində qəfildən böyük qüvvə ilə hücuma keçdiklərini bildirdim.

Zalda sükut çökmüşdü, həm rəsmilər, həm də valideynlər diqqətlə qulaq asırdılar, xüsusilə də əsgərlərin döyüş epizodları və qəhrəmanlıqları barədə sözlərim onların marağına səbəb olmuşdu. Çünki həmin ana qədər əsgərlərimizin köməksiz və hazırlıqsız bir vəziyyətdə düşmən qabağına göndərilməsi təsəvvürü formalaşmış, hətta onların kiminsə xəyanətinin qurbanı olduqları fikri yaranmışdı.

Zabit və gizirlərin şəxsi heyəti özbaşına qoyaraq,özlərinin xilas olmaları barədə deyilənlərin də həqiqəti əks etdirmədiyini, iki nəfər zabitin – leytenant Qasımov Yusif Telman oğlunun, leytenant Verdiyev Haqverdi Camal oğlunun və gizir Həsənov Çərkəz Muxtar oğlunun da həmin əsgərlərlə birgə həlak olduqlarını söylədim.

Daha sonra onların axtarışının aparılmaması barədə deyilənlərə aydınlıq gətirdim. Bildirdim ki, şəxsən mənim rəhbərliyim və iştirakımla hadisədən dərhal sonra iyirmi nəfərlik bir qrupla təmas xəttinə yaxın ərazidə axtarış aparılıb, Murovdan Gülüstana qədər böyük bir ərazi iki gün yarım piyada axtarılıb. Bundan başqa, Qamışlıda, bölüyün dayaq məntəqəsində hərbçilərimiz olub ki, hər hansı məlumat olarsa, dərhal Gəncəyə məlumat versinlər.

Aterk (Həsənriz) döyüşündən sonra Daxili Qoşunlar bir daha Kəlbəcər istiqamətində əməliyyatlara cəlb olunmadığından, Milli Ordu ikinci dəfə Aterki (Həsənrizi) azad etdikdən sonra isə Gəncədəki hərbi hissənin komandanlığının köməyilə ərazidə aparılmış axtarış işlərindən və cəsədlərin qalıqlarının tapılmasından danışdım.

Sonda isə əsgərlərimizin həmin döyüşə görə yüksək hərbi ehtirama layiq olduqlarını, əgər mümkündürsə, bu məsələ haqqında dövlət səviyyəsində müvafiq qərar qəbul edilməsinin zəruriliyini bildirdim.

Mənim çıxışım hər iki tərəfə böyük təsir göstərmişdi, məsələyə tam aydınlıq gətirə, özüm də gözləmədiyim halda gərginliyi aradan qaldıra bilmişdim. Daha sonra prezident dəfnin təşkilini, şəhid valideynlərinin yerləşdirilməsini və yola salınmasını tapşıraraq, şəhidlərin adının əbədiləşdirilməsi üçün Şəhidlər xiyabanında onların adlarının əks olunduğu xatirə lövhəsinin vurulmasını, artıq düşməndən azad edilmiş Aterkdə (Həsənrizdə) isə abadlaşdıma işlərindən sonra abidə kompleksinin yaradılması barədə sərəncam hazırlamağı tapşırdı. Doğrudan da növbəti günün rəsmi qəzetlərində Aterk döyüşçülərinin xatirəsinə abidə kompleksinin yaradılması haqqında prezident sərəncamı çap olunmuşdu.

Qəbuldan sonra Şəhidlər xiyabanına gedib, dəfn mərasimini keçirdik. Dəfn mərasimi 30 iyul 1992-ci il tarixdə keçirilmişdir.

5 sentyabr 1992-ci ildə qəbirüstü mərmər daş qoyuldu, daha sonra həmin yerdə 38 nəfərin adı həkk olunmuş xatirə abidəsi ucaldıldı.

1992-ci ilin oktyabr ayında Daxili Qoşunların bir qrup əməkdaşının mükafatlandırılması üçün təqdimat hazırladıq. Həmin təqdimata Aterk (Həsənriz) şəhidlərindən həlak olmaları tam dəqiqləşdirilmiş 28 nəfərin adını daxil etmişdik.

Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 1992-ci il tarixli Fərmanı ilə həmin döyüşçülər ölümündən sonra Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edildilər. Həmin döyüşçülərin siyahısı aşağıdakı kimidir:

1.Şahin Şahbaz oğlu Abbasov (ölümündən sonra)

2.Şamil Ramazan oğlu Abdullayev (ölümündən sonra)

3.Sarvan İras oğlu Ağayev (ölümündən sonra)

4.Şahlar Hüseyn oğlu Ağayev (ölümündən sonra)

5.Ədalət Qurban oğlu Vahabov (ölümündən sonra)

6.Qürbət Teymur oğlu Verdiyev (ölümündən sonra)

7.Yasin Şakir oğlu Əbdülrəhmanov (ölümündən sonra)

8.Vasif Nüsrət oğlu Əlibəyov (ölümündən sonra)

9.İmaməddin Əliağa oğlu Əliyev (ölümündən sonra)

10.Əsgər Novruz oğlu Əsgərov (ölümündən sonra)

11.Cümşüd Cümşüd oğlu Əsgərov (ölümündən sonra)

12.Ucar Fidail oğlu Zeynalov (ölümündən sonra)

13.Əlibala Eynulla oğlu İbrahimov (ölümündən sonra)

14.Heydər Bəybala oğlu Kərimov (ölümündən sonra)

15.Qarabala Ağabala oğlu Mayılov (ölümündən sonra)

16.Münasib Namaz oğlu Mehdiyev (ölümündən sonra)

17.Dəyanət Cahangir oğlu Məmmədov (ölümündən sonra)

18.Rəşid Cabbar oğlu Məmmədov (ölümündən sonra)

19.Sadiq Məmməd oğlu Muradov (ölümündən sonra)

20.Müşfiq Teymur oğlu Paşayev (ölümündən sonra)

21.Simran Siyab oğlu Rzayev (ölümündən sonra)

22.Azər Sahib oğlu Səfərov (ölümündən sonra)

23.Rəsul Həmzət oğlu Süleymanov (ölümündən sonra)

24.Asif Ələddin oğlu Hacıyev (ölümündən sonra)

25.Fuad Sərxan oğlu Həsənov (ölümündən sonra)

26.Vüqar Qulu oğlu Hüseynov (ölümündən sonra)

27.İlham Bəhram oğlu Hüseynov (ölümündən sonra)

28.Elman Xurşud oğlu Cavadov (ölümündən sonra)

Aradan illər keçməsinə baxmayaraq, bu döyüş məni həmişə düşündürüb. Qeyd etmək lazımdır ki, bu döyüş barədə çoxsaylı çap materialları mövcuddur. Kitablar, məqalələr, xatirələr yazılıb. İndi də bu məsələnin araşdırılması davam edir. Xüsusilə Daxili Qoşunların “Əsgər” qəzetinin redaktoru mayor Anar Əhmədovun yorulmadan apardığı araşdırmaların əhəmiyyətini qeyd etmək istəyirəm.

Bu xatirələrdə həmin tarixi hadisələri təsvir etməyə, bununla, az da olsa, həmin döyüşlərdə şəhid olmuş döyüşçülərimizin ruhu və tarix qarşısında gücüm çatan qədər zabit borcumdan çıxmağa çalışmışam.

Lətif İsmayılova, Arif Məmmədova, Emin Quliyevə, Etibar Abdullayevə, Etibar Rzayevə, Qoşqar Xankişiyevə, Rizvan Muradova göstərdikləri köməyə görə təşəkkür edirəm.

Xüsusi təşəkkür və minnətdarlığımı İctimai Televiziyanın redaktoru, bu döyüşün 30 ildən sonra yenidən araşdırılmasında və sənədli film hazırlanmasında misilsiz əməyi olan Günel Mehri xanıma bildirmək istəyirəm. Günel xanımın bu işə yanaşması məni də yenidən arxivimə nəzər salmağa vadar etdi və nəticədə bu araşdırmanı dəyərli oxucularımıza təqdim edə bildim. Onu da deyim ki, həcmi nəzərə almaqla burada bir çox maraqlı məqamı işıqlandıra bilmədim. Bu mövzu üzrə araşdırmaçıların, jurnalistlərin, müharibə tarixçilərinin təşəbbüs və fəaliyyətlərini dəstəkləməyə, bacardığım qədər kömək etməyə hazıram.

2017-ci ildə Daxili Qoşunların Günü ərəfəsində Şəhidlər xiyabanında yeni abidə inşa olunub.

Aterk (Həsənriz) şəhidləri haqqında araşdırmalar davam etdirilməli, onların Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmaları və qəhrəmanlıqları həqiqi qiymətini almalı, ölümlərindən sonra olsa belə, dövlət mükafatına təqdim olunmalıdırlar. Amma düşünürəm ki, bu qəhrəmanların şücaətinin ən obyektiv qiyməti Aterkdə (Həsənrizdə) onların xatirəsinə abidə kompleksinin ucaldılması – daş yaddaşının əbədiləşdirilməsi olacaqdır.

Sonda araşdırmanın nəticəsi olaraq həmin döyüşdə həlak olmuş şəhidlərimizin siyahısını təqdim edirəm.

Aterkdə (Həsənrizdə) həlak olanlar:

Abbasov Rasim Abbas oğlu

Abbasov Şahin Şahbaz oğlu

Ağayev Sarvan İras oğlu

Ağayev Şahlar Hüseyn oğlu

Cavadov Elman Xurşud oğlu

Cəfərov Bəxtiyar Yaqub oğlu

Əbdülrəhmanov Yasin Şakir oğlu

Əlibəyov Vasif Nüsrət oğlu

Əliyev İmaməddin Əliağa oğlu

Əsgərov Cümşüd Cümşüd oğlu

Əsgərov Elman Fərman oğlu

Əsgərov Əsgər Novruz oğlu

Əsgərov Niyazi İsabala

Əsgərov Yaşar Rafiq oğlu

Hacıyev Asif Ələddin oğlu

Həsənov Çərkəz Muxtar oğlu

Həsənov Fuad Sərxan oğlu

Hüseynov İlham Bəhram oğlu

Hüseynov Vüqar Qulu oğlu

İbadov Vüqar Əbdülsəlim oğlu

İbrahimov Əlibala Eynulla oğlu

Kərimov Heydər Bəybala oğlu

Qarayev Vyaçeslav Asatoliyeviç

Qasımov Yusif Telman oğlu

Mayılov Qarabala Ağabala oğlu

Mehdiyev Münasib Namaz oğlu

Məmmədov Dəyanət Cahangir oğlu

Məmmədov Rəşid Cabbar oğlu

Muradov Sadiq Məmməd oğlu

Novruzov Elçin Sabir oğlu

Ocaqverdiyev Elman Kərim oğlu

Paşayev Müşviq Teymur oğlu

Rzayev Simran Siyab oğlu

Səfərov Azər Sahib oğlu

Süleymanov Rəsul Həmzət oğlu

Vahabov Ədalət Qurban oğlu

Verdiyev Haqverdi Camal oğlu

Verdiyev Qürbət Teymur oğlu

Zeynalov Ucar Fidail oğlu

Siyahıda qeyd olunanlardan əlavə, iki nəfər həmin döyüşdə əsir düşmüş, daha sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə Azərbaycana qaytarılmışdır. Hal-hazırda qeydiyyat üzrə öz rayonlarında yaşayırlar.

Səfxan Bayramov

Daxili Qoşunların Veteranlar Şurasının idarə heyətinin üzvü,

müharibə veteranı

Həmçinin oxuyun

22 il əvvəl törədilmiş müəmmalı qətlin üstü açıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlki illərdən …