Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / “Ata-anana de, üç-dörd min də gətirsinlər, cəzadan dörd-beş il də çıxarıq”

“Ata-anana de, üç-dörd min də gətirsinlər, cəzadan dörd-beş il də çıxarıq”

Redaksiyamıza dünən yenidən müraciət etmiş Qazax şəhər sakini Zöhrə Həsənova, bir daha Bakı Apelyyasiya Məhkəməsinin hakimi İlqar Muquzova qarşı öz iradlarını səsləndirmişdir. Xatırladaq ki, bir neçə gün bundan öncə Zöhrə Həsənovanın həyat yoldaşı, Fəxrəddin Həsənov surətini bizə təqdim etdiyi ərizə ilə ölkə rəhbərliyinə müraciət etmişdi. Ərizədə deyilirdi: “…Oğlum Emil Həsənov 2011-ci ildə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs olunmuşdu. Səbəb isə bu olmuşdu ki, oğlumun tanışları Ucarda yerləşən və icarə əsasında işlətdikləri kafedə insan alverilə məşğul olmaqda ittiham olunurdular. Bu ittihamın nə dərəcədə əsaslı olması barədə heç nə deyə bilmərəm. Lakin məsələ bundadır ki, mənim oğlum sadəcə öz tanışlarının işlətmək üçün kafe axtardığını bidiyindən, onlara həmin obyekti tövsiyyə etmişdi və bundan sonra kafenin işləməsində heç bir iştirakı olmamışdı. Lakin, buna baxmayaraq ona qarşı da ittiham irəli sürüldü. Bizdən 2000 manatı aldıqdan sonra, oğlumu buraxdılar. Lakin, bu hadisənin üstündən bir ay keçəndən sonra, artıq bu dəfə Ucar məhkəməsinin hakimi Çingiz İsgəndərovun qərarı ilə oğlumu yenidən həbs etdilər. Bu dəfə də qohumumuz Natiq Məşədiyevin vasitəçiliyi ilə hakimə vermək üçün 4000 (dörd min) manat ödəməli olduq və oğlumuzu sərbəst buraxdılar. Nəhayət, 2015-ci ildə oğlumuzu artıq üçüncü dəfə həbs etdilər. Həm də məhz elə Çingiz İsgəndərovun qərarı ilə. Bu dəfə isə, oğluma 3 il azadlıqdan məhrum etmə hökmü oxudular. Maraqlıdır ki, əslində kafeni işlədən digər şəxslərin hər birindən 7000 (yeddi min) manat alıb, hamısını buraxmışdılar. Məcbur olub Çingiz İsgəndərova əlavə olaraq, daha 2000 manat pul verdik. Bizə dedi ki, işi göndərəcək Şirvan Apellyasiya Məhkəməsinə və biz də gərək orda 7000 manat hakim İsmayıl Əhmədova və 1000 manat da vəkilə ödəyək ki, oğlumuzu buraxsınlar. Belə də etdik. Deyilən pulları tapıb verdik. Bundan sonra Emilə 1il şərti iş kəsdilər. Lakin 5 aydan sonra, prokurorun verdiyi protest əsasında işə yenidən baxılmalı oldu. Natiq Məşədiyev bizə dedi ki, bu protestin verilməməsi üçün prokurora 10000 (on min) manat verməliyik. Lakin bizim artıq buna imkanımız olmadı. İşə Ağır Cinayətlər Məhkəməsində baxıldı və oğlumuza 8 il 6 ay iş kəsildi. Hal-hazırda isə, iş Bakı Apellyasiya Məhkəməsindədir. İşi hakim İlqar Murquzov aparır. Qeyd edim ki, İlqar Murquzov bizə ikitərəfli, yəni həm mənə, həm də həyat yoldaşıma qohumdur. Bununla belə, o da bizə köməklik göstərmək üçün bizdən guya ki, məhkəmənin sədrinə vermək üçün böyük məbləğdə pul istəyir. Bizim isə, artıq pulumuz yoxdur…” İlk növbədə qeyd edək ki, yuxarıda təqdim olunan faktlardan bəziləri tərəfimizdən dəqiqləşdirilib. Məlum olub ki, Emil Həsənov eyni zamanda iki maddə ilə, insan alveri və dələduzluq maddələri ilə məhkum olunub. Ümumilikdə ona kəsilən cəzanın müddəti isə, 8 il 6 ay deyil, 11 ildir. Lakin prokurorluq bu qərarla da razılaşmayıb və bu maddələr üzrə ən yüksək cəzanı tələb etmək üçün Apellyasiya Məhkəməsinə müraciət edib.

Bundan sonra biz Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovla əlaqə saxladıq. İlqar müəllim bildirdi ki, Həsənov Emil Fəxrəddin oğlunun işi ilə bağlı ondan həqiqətən də qohumlarından biri xahiş edib. Lakin bu, heç nəyi dəyişmir və məsələ yalnız qanun çərçivəsində öz həllini tapacaq. Daha sonra redaksiyamıza yenidən Zöhra Həsənova müraciət etmiş oldu. Zöhrə xanım bizə bunları dedi: “Hələ bir həftə bundan əvvəl yoldaşım İlqar Muquzovla görüşmək üçün Bakıya getmişdi. Amma hakim qohumumuz onu qəbul etməmişdi. Hətta İlqar Murquzov bizimlə qohumluq əlaqələrini də danmağa çalışmışdı. Ola bilsin ki, yaxın qohumunun insan alveri maddəsilə mühakimə olunması barədə danışılan söz-söhbət onu narahat edir. İstənilən halda, İlqar müəllim bu günə qədər telefonlarımıza da cavab vermədi. Həmçinin onun həyat yoldaşı da mənimlə danışmaqdan imtina etmişdi. Halbuki, məktəbdə mən onun sinif rəhbəri olmuşam. Lakin şikayət ərizəmizin saytınızda dərc olunmasından sonra, İlqar Muruzov artıq öz mövqeyində dəyişiklik etdi. İlk növbədə onu deyim ki, bu gün oğlumuzun məhkəmə prosesi baş tutub. Əslində bu gün hazırlıq prosesi getməli olsa da, İlqar Murquzov artıq qərar da qəbul edib. Həmin qərara əsasən, Ağır Cinayətlər Məhkəməsində oğlumuza kəsilmiş həbs cəzasından 1 il götürülmüşdür. Həm də cəzasını çəkmək üçün oğlumun ciddi rejimli kalondan ümumi rejimli kalona keçirilməsi barədə qərar verilib. İlqar Murquzov məhkəmədə oğluma bu sözləri deyib: “Axı biz ikitərəfli qohumuq. Valideynlərin niyə məndən şikayət edirlər? Bax indi sənin cəzandan 1 il çıxıram. Ata-anana de, üç-dörd min də gətirsinlər, cəzadan dörd-beş il də çıxarıq”. Bundan sonra isə, İlqar Murquzov həyat yoldaşıma zəng edib və ona qarşı da eyni təklifi irəli sürüb. Həmçinin mənə də gün ərzində başqa qohumumuz tərəfindən davamlı zənglər edilir və mətbuata məlumat verməməyim xahiş olunur. Biz əlbəttə ki, apellyasiya məhkəməsində qəbul edilmiş son qərarla da razı deyilik və işə yenidən baxılması üçün kasassiya şikayəti verəcəyik…”

Dediyimiz kimi, dünən yenidən bizə müraciət etmiş Zöhrə Həsənova, İlqar Murquzov tərəfindən onlara davamlı “barışıq” təkliflərinin olunduğunu iddia edir. Zöhrə xanımın deməyinə görə, hakim hansısa danışıq aparmaq üçün Fəxrəddin Həsənovu Bakıya dəvət edib. Lakin Zöhrə Həsənova bu dəfə qohumlarının görüşünə özünün gedəcəyini bildirib.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.(dia.az)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın