Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Araşdırma / “Arvadımı, 2 uşağı vanna otağına salıb qapını bağladılar”

“Arvadımı, 2 uşağı vanna otağına salıb qapını bağladılar”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində evə basqın edərək ailə üzvlərinin əl-qolunu bağlayıb işgəncə verməkdə təqsirləndirilən 5 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Qafqazinfo“nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş Rəşad Quliyev ifadə verərək deyib ki, evinə basqın edən 4 nəfəri əmisi nəvəsi Şamil Quliyev göndərib: “Şamil bunlara deyib ki, Rəşadın evində 1 milyon 500 min manat pul var. Biz evdə yatmışdıq, səhərə yaxın saat 5 olardı. Birdən bu 4 nəfər qapıdan evə girdilər. Hamısının başında corab maska vardı. Əllərimi, qolumu, gözümü bağladılar. Mənə işgəncə verməyə başladılar, bıçaqla qollarımı, bədənimi cızırdılar, silahın arxası ilə başıma vurdular. Sonra silahı boğazıma dirəyib dedilər səsini çıxartma, yoxsa öldürəcəyik.

Hamısının əlində bıçaq vardı. Pul istədilər, yoldaşıma dedim get, gətir ver. Pulu mətbəxdə qatıq bankasına yığmışdıq, 1200 manat və 200 dollar idi. Hansısa dedi ki, pul elə budu?! Məndən 1 milyon yarım pul istədilər, dedilər sənin evində bu qədər pul var. Mən də dedim əgər milyon yarım pul tapsan götür apar. Dedi ki, o pulu tapsaq səni öldürəcəyik. Sonra yoldaşım gətirib qızıllarını da verdi. Bizi uşaqlarla bir yerdə aparıb hamama saldılar. Əllərimiz də bağlı idi. Uşaqların biri 1 yaş yarım, o biri 2 yaş yarımlıq idi.

Burda bircə Maisı bağışlaya bilərəm. Onlar bizim qolumuzu bağlayanda Mais mənə siqaret verdi çəkməyə, yoldaşıma su verdi içməyə, bizi hamama salanda da uşaqlarçün yorğan verdi altlarına sərdik. Buna görə onun cəzasından bir il silinməsinə razıyam.

Bunlar hamamın qapısını bağlayıb getdilər. Mən əlimi açdım, sonra hamamın qapısının şüşəsini sındırdım. Gördüm qapının arxasına stol qoyublar, qapını aça bilmədik. Sonra çətinliklə stolu itələyib qapını açıb çıxdıq. Evdən götürdüklərindən heç nə qaytarmadılar”.

Təqsirləndirilən şəxs Şamil Quliyev ifadəsində deyib ki, digər təqsirləndirilənlər Yaşarla Mircavid Rəşadla dost olublar: “Mənim bu işdə heç bir günahım yoxdu. Bunlar mənə dedi ki, Rəşadın bizə borcu var, onun evini göstər gedib alaq. Mən də sadəcə evi göstərdim. Yaşar Mircavidin dayısıdır”.

Yaşar Yusibov deyib ki, onlar Rəşaddan borclarını almağa yox, borc istıməyə gediblər.

Rəşad Quliyev isə isə Yaşarın sözlərinə belə reaksiya verib: “Gecə saat 5-də adamdan borc istəməyə gəlirlər?! Cayıllığınız olsun”.

Bundan sonra ev sahibinin həyat yoldaşı Zəhra Rzayeva ifadə verib. O bildirib ki, təqsirləndirilənlərdən yalnız Şamili tanıyıb: “Şamil bizə gəlirdi, Rəşadla bir yerdə çay içirdilər, Rəşadın qohumudur. Qalan 4 nəfəri isə evimizə girəndə görmüşəm. Başlarına arvad “kalqotka”sı keçirib maska düzəltmişdirlər. Amma tanımaq olurdu. Mən uşaqları yatırtmışdım, bir də gördüm evdə kimsə var. Rəşad həmin gün bizim qonaqlarımızı aparmışdı, elə bildim o gəlib. Gördüm qara kurtkalı adamdır, Rəşad ağ köynək geyinmişdi. Qışqırdım, Rəşad evdə imiş, onlar tez Rəşadı tutub dedilər səs eləmə. Sonra da pulları, qızılları, bir də Rəşadın babasında yadigar qalan tüfəngi aldılar. Sonra bizi hamama salıb qapını bağladılar”.

Z.Rzayeva bildirib ki, Salman Zeynalovun əlində tapança olub: “Tapançanı Rəşadın başına dirəyib deyirdi ki, vuracağam”.

S.Zeynalov isə onun tapança formasında “zajqalka” olduğunu deyib. Yaşar Yusibovun təqsirləndirildiyi digər bir cinayətdə zərərçəkən şəxs olan Bəsti İsmayılova ifadə verib. O bildirib ki, boşanmış qızı və onun uşaqları ilə bir yerdə qalır: “Biz həmişə həyətdəki balaca evdə qalırdıq. Hadisə baş verən gün evin 3-cü mərtəbəsində qaldıq. Səhər durub gördük həyətdəki evin içi dağılıb. Evdən 1500 dollar pul, 3500 manatlıq qızıl, komputer, “krosno” aparatı və qızımın rəfiqəsinin firmadan satmaq üçün götürdüyü bahalı ətirlər oğurlanıb. Polisə şikayət etdik, səkkiz ay sonra polis bir nəfəri qapıya gətirib dedi ki, oğrunu tutmuşuq. Bunu (Yaşar Yusibov) gətirdilər, girdi içəri nəyi hardan götürmüşdü dedi. Hamısının da yerini düz dedi. Polisdən evimdən oğurladıqlarını soruşdum, dedilər satıb “iynə” alıb damara vurub”.

Yaşar Yusibov isə bu cinayət işini onun törətmədiyini deyib: “Polis mənə dedi ki, gəl gedək orada deyərsən pulu sandıqdan götürdüm, komputeri filan yerdən götürdüm. Polis nə demişdi mən də onu dedim”.

Bundan sonra Bəsti İsmayılovanın qızı Günay Əliyeva ifadə verib. O hadisəni anasının dediyi formada danışıb, sonra isə əlavə edib ki, Yaşar Yusibov onların həyətinə gətiriləndə içəri girən kimi “mən bura gələndə həyətdə maşın yox idi, amma indi var”.

Məhkəmənin növbəti iclası sentyabrın 1-ə təyin edilib.

Qeyd edək ki, ötən ilin sentyabrın 30-da Rəşad Quliyevin evinə daxil olan maskalı şəxslər ev sahibinin və onun ailə üzvlərinin əl-qolunu bağlayaraq pul tələb ediblər.

Naməlum şəxslər evdə bir milyon manat pul olduğunu və həmin pulu götürməyəcəkləri təqdirdə ailə üzvlərini öldürəcəkləri ilə hədələyiblər. Ev sahibi isə onlara evdə o qədər pul olmadığını, mənzildə 1200 manat, 200 ABŞ dolları və qızıl əşyaların olduğunu deyib. Evdə axtarış aparan naməlum şəxslər əlavə pul tapa bilməyiblər. Evdə olan pulu, qızıl-zinət əşyalarını və bir ədəd ov tüfəngini götürən maskalı şəxslər əl-ayağı və ağızları bağlanmış ailə üzvlərinin hamısını vanna otağına salıb qapını da bağlayaraq mənzili tərk ediblər.  Bu barədə polisə məlumat daxil olan kimi Daxili İşlər Nazirliyini Baş Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər nəticəsində quldurluq törədən dəstənin başçısının Mircavid Mirbağırov olduğu müəyyən edilib. Dəstə başçısının yaşadığı evdə gizlənməsi barədə daxil olan məlumat əsasında əməliyyat qrupu həmin ünvana gedib. Evdə axtarış aparan polis əməkdaşları mənzildə heç kimi tapa bilməyiblər. Əməliyyatçılar mənzili tərk etmək istəyərkən yataq otağında böyük yük çantasının aşdığını görüblər. Dərhal çantaya baxış keçirən əməliyyatçılar M.Mirbağırovun çantada gizləndiyini aşkar ediblər.

Dəstə başçısı tutulandan sonra onunla birgə quldurluq etməkdə şübhəli bilinən digər dəstə üzvləri – əvvəllər məhkum olunmuş Salman Zeynalov, Yaşar Yusifov, Şamil Quliyev və Cəlilabad rayon sakini Mais Abıyev tutulublar.

Həmçinin oxuyun

Yollar açıldı, hotellərdə yer yoxdur

Məlum olduğu kimi, yanvarın 25-dən rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunub. Nazirlər Kabineti yanında Operativ …

Bir cavab yazın