Cümə , Noyabr 22 2019
Ana səhifə / Araşdırma / “Arvadı Məzahirin üstünə qışqırdı”- Milli Məclisdə işləyən qadının ölüm işi

“Arvadı Məzahirin üstünə qışqırdı”- Milli Məclisdə işləyən qadının ölüm işi

Bakıda arvadını baltalayaraq öldürən şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Milli Məclisin Aparatında sektor müdiri işləmiş Fəridə Məcidovanı qətlə yetirən Məzahir Qasımi növbəti dəfə hakim qarşısına çıxarılıb.
Məzahir Qasıminin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutub və məhkəmədə şahidlərin ifadələri elan edilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, ilk şahid mərhumun qonşusu Kamal İsmayılov olub. O, qətli törətməkdə təqsirləndirilən şəxsi mülayim xasiyyətli, sakit insan kimi tanıdığını və belə bir hadisəni törədəcəyinə inanmadığını deyib: “Əslində bu işlə bağlı heç nə deyə bilmərəm. Qonşu kimi “salam, sağ ol” kimi münasibətimiz olub. Normal ailə kimi tanımışam. İşdən evə qayıdanda gördüm ki, həyətdə çoxlu polis əməkdaşları var. Qonşulardan nə baş verdiyini öyrəndim”.
Məhkəməyə digər şahidlər Məzahir Qasıminin ilk ailə qurduğu Nailə Qasımlı və qətlə yetirilən Fəridə Məcidovanın rəfiqəsi Qalina Quliyeva gəlmədiyindən onların istintaqa ifadələri elan olunub.
Nailə Qasımlı istintaqa ifadəsində deyib ki, 1974-cü ildə Məzahir Qasımi ilə ailə həyatı qurub və bu nikahdan 2 oğlan övladları var.
N.Qasımlı 1984-cü ildə Məzahir Qasımidən boşansa da münasibətlərinin həmişə normal olduğunu deyib: “Münasibətlərimizdə problemlər olduğundan ayrıldıq. Amma Məzahir həmişə övladlarına, mənə maddi və mənəvi olaraq dəstək olub. Uşaqları ilə də görüşürdü. İki oğlum ali təhsillidir, toylarında Məzahir də iştirak edib. Oğlanlarım ataları ilə görüşmək üçün onun yanına gedirdilər. Mənim Məzahirin ailəsi və baldızlarımla da münasibətlərim yaxşı olub. Boşandıqdan sonra da onlarla danışır, görüşürdüm. Məzahirin Fəridə ilə evləndiyini, Fəridənin Milli Məclisdə işlədiyini bilirdim”.
N.Qasımlı ifadəsində keçmiş ərinin arvadı Fəridə ilə münasibətlərində problemlərin olduğunu da deyib: “Məzahirlə görüşən oğlum deyirdi ki, Fəridə ilə Məzahir yola getmir. Baldızım da dedi ki, Məzahir oğlanları ilə görüşdüyünə görə Fəridə ilə probelmləri yaranıb. Sonra oğlum Vüqardan bu xəbəri eşitdim. Dedi ki, atam Fəridəni öldürüb. Mən inanmadım. Məzahir sakit, mülayim insan idi”.
 
Mərhumun rəfiqəsi Qalina Quliyevanın da ifadəsi məhkəmədə elan edilib.
O, istintaqa ifadəsində göstərib ki, rəfiqəsi ilə Məzahir Qasıminin aralarında problemlərin olduğunu və buna görə boşanmaq istəmələrindən xəbər tutduğunu deyib: “Mən Fəridəni bu fikrindən daşındırmaq istəyirdim. Fəridə fikrinin qəti olduğunu deyirdi. Amma boşanma səbəblərini bilmirdim. Hərdən aralarındakı münasibətlərə şahidlik edirdim. Bir dəfə Məzahir Fəridə ilə məni xəstəxanaya aparırdı. Yolda Məzahir maşını yaxşı sürmədiyi üçün Fəridə onun üstünə qışqırdı. Amma Məzahir buna görə Fəridəyə cavab vermədi. Məzahiri mülayim və sakit adam kimi tanıyırdım”.
Təqsirləndirilən Məzahir Qasıminin vəkili vəsatət qaldıraraq müdafiə etdiyi şəxsin hadisəni törədən zaman psixoloji problemlərinin olduğunu və bunun üçün yenidən ekspertizanın təyin edilməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib və Məzahir Qasıminin məhkəmə tibbi ekspertizasının rəyinə əsasən heç bir psixoloji probleminin olmadığı qeyd edilib.
Hakim Əlövsət Abbasov məhkəmə istintaqının başa çatdığını elan edib.
Prokuror isə çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası fevralın 11-nə təyin edilib.
Xatırladaq ki, hadisə 2015-ci il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Qətlə yetirilən F.Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəsifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilən F.Məcidova ümumən 30 il Milli Məclis aparatında müxtəlif vəzifələrdə işləyib.

Həmçinin oxuyun

DEPUTATLA MOK-un VİTSE-PREZİDENTİ ARASINDA 500 MİNLİK QALMAQAL – İbrahimovlar onları üz-üzə qoyub

Deputat Adil Əliyev iddia edir ki, 11 il əvvəl mənzil və obyekt almaqdan ötrü yarım …

Bir cavab yazın