Ana səhifə / Araşdırma / Aqroparkların yaratdığı Kür fəlakəti: kəndlər məhv olacaq – ARAŞDIRMA

Aqroparkların yaratdığı Kür fəlakəti: kəndlər məhv olacaq – ARAŞDIRMA

Azərbaycanın ən böyük çayı və ölkənin əsas su mənbəyi sayılan Kür çayında fəlakətli durum yaranıb.

Bununla bağlı ekspertlər həyəcan təbili çalır.
Kür sahilində yerləşən kəndlər acınacaqlı durumdadır; həm əkin sahələri məhv olur, həm də əhali içməli su qıtlığı yaşayır. Kürdə su azaldıqdan sonra xeyli əkin sahələri azalıb və əhalinin həmin ərazilərdən köçməsi barədə xəbərlər yayılmağa başlayıb.

Mütəxəssislər hesab edir ki, bu fəlakatəli duruma çarə tapılmasa Neftçala rayonunun böyük bir hissəsi və Salyanın kürqırağı kəndlərinin əhalisi yaşayış yerlərini tərk etməli olacaq.

Yada salaq ki, ötən il də Kür çayında suyun azalması ilə bağlı problemlər geniş ictimai müzakirəyə çıxarıldıqdan sonra hökumət bununla bağlı bir sıra tədbirlər gördü, amma görünür, onlar müvəqqəti xarakter daşıyıb.

KÜR NİYƏ KÜKRƏMİR?

Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirmişdi ki, Kürdəki vəziyyət iqlim dəyişkənliyinin təsiri nəticəsində baş verib:

“Bu transsərhəd çaylarda daha çox hiss olunur. Həmin ölkələrdə çaylardan istifadə nəticəsində suyun azalması müşahidə edilir. Bu da öz növbəsində bizə də təsirini göstərir. Eyni zamanda ölkə əhalisinin artması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafında sudan geniş istifadə, su ehtiyyatlarında müəyyən azalmaların olduğunu göstərir”.

A.Verdiyev hesab edir ki, Kür çayında suyun səviyyəsinin azalması aşağıdakı səbəblərlə bağlıdır:

“Kür çayında apardığımız monitorinqlərə əsasən, yanvar və fevral aylarında Kürün aşağı hissələrində suyun səviyyəsinin azaldığı müşahidə olunmaqdadır. Yəni, yağıntılar dağlıq ərazilərə qar şəkilində yağması ilə əlaqədar azsulu dövr müşahidə edilir. Aprel, may , iyun ayında çaylarda hansı sululuq vəziyyətinin olacağını müəyyən etmək üçün, artıq mart ayının ilk günlərindən başlayaraq dağlıq ərazilərdə qar ölçmə işləri aparacağıq. Qar ehtiyyatlarını müəyyən etmək çox vacibdir. Bunu Böyük Qafqaz dağları ərazisində, yəni Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarında, eyni zamanda Kiçik Qafqazda, Daşkəsən, Gədəbəy, Göygöl, Şərqi Zəngəzur, həmçinin Qarabağ iqtisadi rayonları ərazilərində Kəlbəcər, Laçın, Şuşa, Xocavənddə aparacağıq. Martın sonu aprelin əvvəlində artıq proqnoz hazırlannaraq müvafiq qurumlara təhvil veriləcək. Yəni, aprel, may aylarında dağlıq ərazilərdə qarın əriməsi, yağan yağışlarla əlaqədar artıq çaylarda gursululuq dövrü müşahidə olunacaq”.

KÜR OLMAYANA KÜL OLUR….

Yerli sakinlərin Bakupost.az -a çəkib göndərdiyi videoda da insanların təşviş, narahat içində olduğu görünür:

Bəs, ekspertlər bununla bağlı nə düşünür? Doğrudanmı bu ekoloji problem SOS həddinə çatıb?

Məsələ ilə bağlı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, millət vəkili Asim Mollazadə Bakupost.az -a bildirib ki, hazırda Kürdəki vəziyyət ekoloji faciədir:

“Kürdə suyun azalmasının səbəbləri çoxdur. Onlardan biri suvarma sistemində və digər məqsədlərlə istifadəsidir. Bu problemin həlli ilə bağlı təxirəsalınmaz dövlət proqramları müəyyənləşməli və zəruri addımlar atılmalıdır. Bu, Azərbaycan ərazisində baş vermiş ekoloji faciədir. Kür Azərbaycanın çox mühüm əhəmiyyətli su mənbəyidir.
Kürdəki vəziyyəti aradan qaldırmaq üçün prosesə çox ciddi mütəxəssislər cəlb olunmalıldır. Zərurət olarsa beynəlxalq səviyyəli ekspertlər də ölkəmizə dəvət edilməlidir. Bu, çox böyük ekoloji probelemdir, ona görə də Azərbaycan dövləti bütün gücünü, aidiyyəti qurumları bu işə səfərbər etməlidir.
Həmçinin Kürün keçdiyi ölkələrdən də problem qaynaqlana bilər. Bunun üçün beynəlxalq ekspertlər lazımdır ki, araşdırma aparsınlar”.

Su məsələləri üzrə ekspert, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov məsələni belə şərh edib:

“Kürdə yaranmış bu vəziyyətin səbəbləri çox dərindir. İqlim dəyişmələri nəticəsində həm çayların su ehtiyatı azalıb, həm də suya olan tələbat artıb. Bu tələbat Azərbaycanla yanaşı, həm Türkiyədə, həm də Gürcüstanda artıbdır. Digər bir səbəb isə əkin sahələrinin artmasıdır. Azərbaycanda əkin sahələrinin artması əsasən aqroparkların hesabına baş verir. Bunlar öz sahələrini sürətlə artırırlar. Azərbaycanda son 10 ildə əkin sahələri demək olar ki, 2 dəfə artıb. Bu da Kür çayından daha çox suyun götürülməsinə səbəb olur. Kür ətrafında olan kəndlərin yerləşdikləri ərazilərdə arxlar, kanallar quruyur. Çünki iri aqroparklar daha çox su götürürlər. Nəticədə kiçik fermerlələrə, evlərə su çatmır. Bunun nə qədər davam edəcəyi bilinmir. Mütləq həll yolu tapılmalıdır”.

R. Abbasov Kür çayının qurumasıyla yarana biləcək fəsadlardan da danışıb:

“Kür çayı ətrafında yaşayan əhalinin həyatı, mədəniyyəti, həyat tərzi birbaşa Kürə bağlıdır. Xüsusilə Salyan və Neftçala rayonlarının təsərrüfatları Kür çayı ilə bağlıdır. Burada həm suvarma, həm balıqçılıq, həm də kürü təsərrüfatları formalaşıb. Bir sözlə, insanların yaşayış vəziyyəti Kür çayından asılıdır. Kür olmayandan sonra onların hamısı ləğv olunacaq. Bundan sonra nə suvarma, nə əkinçilik, nə balıqçılıq, nə də ana Kürüm olmayacaq. Əgər Kür çayı quruyarsa, tədricən insanlar şəhərə köç etməyə başlayacaq”.

Ekspert məsələnin həlli yollarına da diqqət çəkib:
“Kür çayına bağlanmış həyat Kür olmadan yaşaya bilməz. Bunun üçün təcilli tədbirlər görülməlidir. Kənd Təsərrüfatı sahələrinin kor-koranə artırılması dayandırılmalıdır. Çünki kənd təsərrüfatında su itkiləri 50%-dən çoxdur. Bu itkilər müasir suvarma texnologiyalarına keçid vasitəsilə azaldılmalıdır. Bütün bunlar olmasa heç bir nəticədən danışmaq olmaz. Əgər bu problemin qarşısı alınmasa, Azərbaycanın su və ərzaq təhlükəsizliyini böyük risk altında qalacaq. Həmçinin bizim kökümüz ailə-kəndli fermer modelinə bağlıdır. Kəndlilər əkin sahələri hesabına yaşayır ki, bunun üçün də əkinə su lazımdır. Əgər Kürdəki su quruyarsa kəndlərimiz məhv olacaq və sıradan çıxacaq. Hər bir ölkədə kiçik fermerlərə dəstək proqramları işlənir ki, bu bizdə də tətbiq olunmalıdır. Bizdə istehsalçılar helə kiçik fermerlərdir. Hər gün kənd yerindən Bakıya kifayət qədər ərzaq gəlir. Ona görə də mütləq Kür ilə bağlı ciddi addımlar atılmalıdır ki, su və ərzaq təhlükəsizliyi ilə bağlı problem yaşanmasın”.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …