Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / ANS-in dəyəri milyonlarla dollar olan arxivi təhlükədə

ANS-in dəyəri milyonlarla dollar olan arxivi təhlükədə

Qulu Məhərrəmli: “Əgər kimsə pul verib, arxivin haqqını ödəməklə ANS-dən alırsa, yalnız o zaman istifadə hüququ başqasına keçə bilər”.
ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fond arxivlərinin təhlükədə olması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, son zamanlar ANS-ə məxsus maddi və mənəvi irslə bağlı müəllif hüquqlarının kobud surətdə pozulması halları tez-tez müşahidə olunur: “2016-cı ilin iyul ayından sonra isə vəziyyət daha dözülməz şəkil alıb. Belə ki, ANS-in yayımı dayandırıldıqdan sonra bu quruma qarşı təzyiqlər intensivləşib. Bu təzyiqlər təkcə inzibati xarakter daşımır. Artıq sanki ANS-in varidatı uğrunda əməlli-başlı mübarizə gedir.

ANS-in əmlakı məsələsi bu günədək, sözün həqiqi mənasında, qapalıdır. Şirkətin yerləşdiyi ünvanın qapısı hüquq-mühafizə orqanları tərəfindən möhürlənib və möhürün nə vaxt götürüləcəyi bəlli deyil. Qapı arxasında isə təkcə ANS-in külli miqdarda vəsait hesabına başa gəlmiş avadanlıqları deyil, həm də 25 illik fəaliyyətinin əsas nəticəsi – Azərbaycanın ən yeni tarixinin qorunub saxlandığı arxıv başlı-başına qalıb. Xüsusi saxlanma rejiminə əbədi ehtiyacı olan arxivimiz 9 aya yaxındır ki, tam baxımsız vəziyyətdədir. Yayın istisi və qışın şaxtası bu qiymətsiz xəzinəni məhvə sürükləməkdədir. Olduqca həssas olan video-audio daşıyıcıları – kasetlər, disklər, əlyazmaları sahibsiz, siçovulların ümidinə qalıb. Dəfələrlə müraciət etsək də, xadimələri belə qapalı zonaya çevrilmiş mərtəbəyə buraxmırlar. Göz bəbəyi kimi qoruduğumuz tarixi fakt və sübutlar gözümüzün qabağındaca sıradan çıxır və nə yazıq ki, biz buna qarşı heç nə edə bilmirik”.
Sonda qeyd olunur ki, televiziya kanalları ANS-ə məxsus materiallardan icazəsiz istifadə edirlər. Telekanal rəhbərliyi xəbərdar edir ki, bu halların qarşısını almaq üçün Azərbaycan və beynəlxalq qanunun bütün gücü ilə mübarizə aparacaqlar.
Bəs bağlanmış kanalın arxivi məsələsi necə həll olunmalıdır?
Məsələ ilə bağlı telejurnalist Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirib ki, bağlanan televiziya kanalının arxivi onun mülkiyyəti hesab olunur: “Hüquqi cəhətdən bu da mümkündür ki, həmin arxivi dövlət və ya ictimai kanal pulunu ödəməklə alsın, sonra isə ümumi istifadəyə versin. Əgər bir televiziyanın, qəzetin və ya radionun hər hansı bir materialla bağlı eksklüziv hüququ varsa, müəllif hüquqlarına görə ondan istifadə etmək yalnız həmin media qurumuna məxsusdur. Bu mənada ANS-in arxivlə bağlı açıqlamasını müdafiə edirik. Məsələn, vaxtilə nadir sənətkarların yazılarını vermək üçün televiziyaların bir çoxu Azərbaycan Dövlət Televiziyasından icazə istəyirdilər. Doğrudur, bu, dövlətin hesabına formalaşmış ümummilli dəyər idi. Ancaq bununla yanaşı, o məsələdə də biz hüquqi nüans üzrə davranırdıq. Bundan başqa, əvvəllər çəkilmiş filmlərin də müəllif haqları rejissor gildiyasındadır. Göstərilən filmlərə görə rejissorların ailələrinə qonorar verilir. ANS-in də arxiv məsələsi hüquqi baxımdan həll olunmalıdır. Arxiv ANS-in intellektual mülkiyyətidir. Əgər kimsə pul verib, onun haqqını ödəməklə ANS-dən alırsa, yalnız o zaman istifadə hüququ başqasına keçə bilər. Bir məsələ də var ki, fövqəladə məsələlərdə, dövlət əhəmiyyəti kəsb edən məsələlərdə həmin materiallardan çox qısa həcmdə istifadə etmək olar. Bu zaman da mənbəyə istinad edilməli və kanalın loqosu materialın üzərində saxlanılmalıdır”.

Image result for Qulu Məhərrəmli
Q.Məhərrəmli bildirib ki, arxiv mülkiyyət sayıldığı üçün qanuna görə, sahib ondan istifadə etməkdə sərbəstdir:
“ANS-in məsələsi ilə bağlı məlumatlı deyiləm. Ancaq mülkiyyətin sahibinin arxivə buraxılmaması hesab edirəm ki, qanuna ziddir. Kimsə istəyə bilər ki, ANS televiziyası olmasın. Bunu başa düşmək olar. Ancaq onun mülkiyyətini zorla almaq ədalət anlayışına sığmır. Məsələ hüquq və ədalətlə həll olunmalıdır”.
Hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, istənilən halda arxiv qurumun mülkiyyəti sayılır və bununla bağlı qərar vermək səlahiyyəti onların özlərinə məxsusdur:

Image result for Ələsgər Məmmədli
“Konstitusiyaya görə, intellektual mülkiyyət bu və ya digər formada qanunvericiliklə qorunur. Hər hansı bir şəxsin icazəsiz olaraq ondan istifadə etməsi hüquqi məsuliyyət yarada bilər. ANS-in icazəsi olmadan istifadə edilən materiallara görə onlar məhkəməyə müraciət edə bilərlər. Dəyən zərər üçün kompensasiya tələb etmək olar. Məsələnin hüquqi yolu budur. Eyni zamanda belə bir şey varsa, bu, həm də ifadə azadlığına ziddir. İstənilən media qurumunun mənbələri də ola bilir. Arxiv materiallarında da onların hansısa mənbələrinin gizliliyi məsələsi var. Əgər icazə, heç bir məhkəmə qərarı olmadan material əldən-ələ keçirsə, bu, eyni zamanda jurnalist mənbələrinin gizliliyinə qanunsuz müdaxilədir. Bu da İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin pozulması deməkdir”.
Onu da qeyd edək ki, arxiv materialları ilə bağlı ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru olmuş Sevda Həsənova “Yeni Müsavat”a bildirib ki, heç bir halda, heç bir şəraitdə o materiallar satıla bilməz və satılmayacaq da:
“Çünki ən azı ANS hüquqi şəxs kimi fəaliyyətini dayandırmayıb, sadəcə, onun televiziya və radio yayımı üçün lisenziyasının qüvvəsinə xitam verilib”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın