Ana səhifə / Araşdırma / “Anama dedi ki, 80 000 manat hazırla, gəlib götürəcəm” – Akif Çovdarovun məhkəməsi

“Anama dedi ki, 80 000 manat hazırla, gəlib götürəcəm” – Akif Çovdarovun məhkəməsi

Bu gün Sabuncu rayon məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, günün ikinci yarısında Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş, Nərimanov Rayon Polis İdarəsinin cinayət axtarış bölməsində kiçik inspektor vəzifəsində işləmiş Neman Kərimov hakim, dövlət ittihamçısı, təqsirləndirilən şəxs və vəkillərin suallarını cavablandırıb.

Daha sonra zərərçəkmişin istintaqa verdiyi ifadəsi elan olunub. Neman Abbasov hər iki ifadəsini təsdiq etdiyini deyib.

Neman Kərimov sualları cavablandırarkən MTN-də döyüldüyünü söyləyib: “Məndən 250 min manat pul istədilər. Daha sonra dayım Zakirə zəng vurdum. O, MTN-nə gəlib, Akif Çovdarovla 80 min manata razılaşdı”.

Akif Çovdarov isə qeyd edib ki, Neman Kərimovun dayısı Zakir Mövsumov dostunun tanışı olub: “Həmin şəxs məndən xahiş etdi ki, Zakirə köməklik edim. Onunla nazirlikdə görüşdük və orada pul barədə söhbət olmayıb, hamısı yalandır”.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, Neman Kərimovun ifadələri arasında ziddiyətlər olub.
İclasda zərərçəkmiş Elvin Mövsümov da dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Elvin Mövsümov bildirib ki, Neman Kərimov onun doğma bibisi oğludur: “2009-cu ilin oktyabr və ya noyabr aylarında Neman gecəni mənimlə birlikdə “Elit»” otelində qalmağı təklif etdi. Birlikdə “Elit” otelinə gedərək gecəni orada qaldıq. Növbəti gün səhər saat 12 radələrində yuxudan oyanıb əl-üzümü yumaq üçün hamam otağına daxil oldum. Bu vaxt qaldığımız otel otağının qapısı döyüldü. Hamamotağından çıxarkən qapının qarşısında təxminən 5-6 nəfər mülki geyimli şəxslərin dayandıqlarını gördüm”.

Zərərçəkmişin sözlərinə görə, həmin şəxslər Nemana əyinini geyinib onlarla getməli olduğunu deyiblər: “Neman bunun səbəbini soruşduqda isə heç nə deməyiblər. Bizi avtomobillə Milli Təhlükəsizlik Nazirliyinə apardılar. Telefonlarımizi MTN-in Komendantlığının 1-ci mərtəbəsində olan nəzarətçiyə təhvil verdik. Nəzarətçi şəxsiyyət vəsiqələrini alaraq qeydiyyat apardı. Sonra həmin şəxslər bizi komendantlığın inzibati binasının 2-ci mərtəbəsinə apardılar. Təxminən yarım saat sonra Neman otaqlardan birinə aparıldı. Tanımadığım şəxslər mənim və Nemanın sidiyindən nümunə götürərək test etdilər. Lakin heç birimizdə narkotik maddə aşkar edilmədi. Dəhlizdə təxminən 2-3 saat gözlədik. Bir qədər sonra adını bilmədiyim bir nəfər şəxs mobil telefonumu gətirərək mənə verdi və atmın zəng etdiyini. Zakirə zəng edərək Nemanla birlikdə MTN tərəfindən tutulmağımız barədə məlumat verdim və təcili oraya gəlməsini dedim. Bundan sonra buraxıldıq”.

Elvin Mövsümov bildirib ki, təxminən yarım saat sonra atası oraya gəlib və komendantlığın 2-ci mərtəbəsinə qalxıb: “Təxminən 20-25 dəqiqə sonra atam Zakir geri qayıtdı. Atam anam Bəyzadəyə zəng edərək dedi ki, 80.000 manat əmanət hazırla gəlib götürəcəm. Zakir mənə 80.000 manat pulu ondan kimin istədiyini demədi. 80.000 manat pulu Zakir pencəyinin sol yan cibinə qoydu. Mən nazirliyin qarşısında avtomobildə gözlədim, Zakir isə komendantlığa daxil oldu. Təxminən yarım saat sonra Zakir Nemanla birlikdə oradan çıxdı. Daha sonra Nemanın avtomobili özünə qaytarıldı. Zakirlə birlikdə Sumqayıt şəhərinə evimizə gəldik. Həmin gün axşam atam evdə danışdı ki, 80.000 manat pulu Nemana, Neman isə öz növbəsində buraxılması üçün MTN əməkdaşlarına verib. Amma Nemanın həmin pulu konkret olaraq hansı MTN əməkdaşına verdiyini bilmirəm”.

Proses yanvarın 23-də davam edəcək.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın