Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “AMAY Abdulla”nın “arvadı”nın işində nazirlik işçisi də zərər çəkib: “5 min verdim…”

“AMAY Abdulla”nın “arvadı”nın işində nazirlik işçisi də zərər çəkib: “5 min verdim…”

Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Aygün Akimovanın cinayət işi üzrə zərərçəkmiş şəxslər ifadə verib.

Musavat.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən növbəti məhkəmə prosesində ilk olaraq zərərçəkmişlərdən Səidə Əliyeva dinlənilib. O, ifadəsində Aygün Akimovaya qızının diplomunu almaq üçün 5 min manat verdiyini, amma aldadıldığını bildirib: “Aygün Akimovanı 2010-cu ildən tanıyıram. Rəfiqəm Afət Hüseynovanın mağazasında bir neçə dəfə görmüşəm. Bir gün söhbət əsnasında qızımın Azərbaycan Beynəlxalq Universitetini bitirdiyini, amma diplomunu ala bilmədiyini dedim. Həmin vaxt Aygün bu işi həll edəcəyini, universitetdə qohumlarının, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu dedi. Amma konkret olaraq heç kimin adını çəkmirdi. MTN-də yüksək vəzifəsinin olduğunu bilirdik. Diplom üçün 5 min manat pul verdim. Guya həmin pulu universitetə ödəyəcəkdi. Nə pulumu qaytardı, nə də diplomu aldı. Bu işi bir həftəyə həll edəcəyini demişdi”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini deyən Səidə Əliyeva qeyd edib ki, pulunu ala bilmədiyi üçün 2015-ci ildə polisə müraciət edib.

Zərərçəkmiş bildirib ki, pulunu geri almaq üçün Aygün Akimova və rəfiqəsi Afət Hüseynova vasitəsi ilə əlaqə saxlayırmış: “İş alınmayandan sonra mən Aygünlə danışmamışam. Pulu şəxsən Afətin mağazasının qarşısında ona vermişəm. Amma sonra onunla danışmamışam. Afətdən soruşurdum. Aygün Afətə deyirdi ki, “həll edcəm, düzəldəcəm”. Sonra gördüm ki, bu məni də, Afəti də aldadır. Məcbur olub şikayət etdim”.

Aygün Akimova isə zərərçəkmişin dediklərinin yalan olduğunu bildirib: “Bunların hamısı absurddur. Onun özü nazirlikdə işləyirdi. Mən isə siravi vətəndaş idim. Mən onun işini necə həll edə bilərdim?”

Aygün Akimovanın bu sözləri iş üzrə ən çox zərərçəkmiş şəxs kimi tanınan Afət Hüseynovanı qəzəbləndirib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Aygün Akimova Afət Hüseynovaya “sən “bomj” olmusan da” deyərək cavab verib. Hakim tərəflərə xəbərdarlıq edib.

Daha sonra Aygün Akimova digər vəkilinin məhkəmədə iştirak etmədiyini və buna görə də prosesin təxirə salınmasını istəyib. Hakim isə bildirib ki, digər vəkil prosesdə iştirak etdiyi üçün məhkəmənin təxirə salınmasına ehtiyac yoxdur.

Məhkəmədə digər zərərçəkmiş, A.Akimovanın evində dayəlik etmiş Rita Həsənzadə də ifadə verib. R.Həsənzadə Aygün Akimovaya borc olaraq 28 min 700 dollar verdiyini, ancaq pulunu geri ala bilmədiyini deyir: “Mən iş axtaran ərəfədə Aygün Akimovanı tanıdım. Onun evində uşağına baxırdım. 9 ay evində işləmişəm. Çox vaxt məni evə getməyə qoymurdu, onlarda qalırdım. Həmin ərəfədə mən ev satmışdım, oğluma iş qurmaq istəyirdim. Aygün Akimova hər işlə məşğul olduğunu deyirdi. Bina tikirdi, zavodu var idi. Ya da mən elə bilirdim. Bir gün Aygün dedi ki, “20 min manat pul ver fəhlələrə verim”. Ərinin xaricdə olduğunu, qayıdanda 1 milyon gətirəcəyini, mənim pulumu da artıqlması ilə verəcəyini dedi. Sonra da dedi ki, “Gənclik”də tikilən binanın birinci mərtəbəsindən mənə qarşılıqsız yer verəcək. Mən də guya orada oğluma klinika açacaqdım. Cəmi 28 min 700 dollar pul vermişəm. 1000 dollarını qaytarıb”.

Zərərçəkmiş ifadəsinə əlavə edib ki, A.Akimovanın evində işlədiyi müddətdə aylıq almalı olduğu 600 manat məvacibi də ala bilməyib: “9 ay yanında işləmişəm. Hər ay 600 manat almalı idim. Bircə dəfə bacım xaricə gedəndə onun təyyarə biletinə 639 manat verib. Qalan pulumu da ala bilmirdim. Verdiyim borcu da qaytarmadığı üçün yanında qalmağa məcbur idim. Məni dəli olmaq dərəcəsinə çatdırmışdı. Artıq uşağına baxa bilmədim. Çıxıb getdim. Uşağı xəstə deyil. Yalandan deyir ki, qızının müalicəsi üçün bu pulu əndən alıb”.

Məhkəmədə sualları cavablandıran Rita Həsənzadə Aygün Akimovanın gördüyü işlər və fəliyyəti haqda 9 ay ərzində gördüklərini danışıb: “Mənə ana deyə müraciət edirdi. Çox vaxt deyirdi ki, tikintidəyəm. Nə vaxt zəng vururdum, deyirdi ki, “işləyirəm, tikintidə fəhlələrin yanındayam”. Mən də öz-özümə düşünürdüm ki, ay bala, gecə saat 12-də də tikinti olar? Soruşanda da deyirdi ki, “olur, sən bilmərsən”. Bu adam ancaq gecələr işləyirdi. Evdən köçəndə də gecə köçürdü. Nə işi olsa gecə edirdi. Sonradan telefonlarıma da cavab vermədi. Məcbur olub onun-bunun telefonundan zəng vururdum. Hər dəfə də “yanımda adam var, danışa bilmirəm” deyirdi.

Onun xərclədiyi pulun sayı-hesabı yox idi. Hər dəfə restorana gedəndə 300-500 manat pul xərcləyirdi. “Porsche” və “Mercedes” sürürdü. Bahalı paltarlar geyinir, evdə yüksək səviyyədə bazarlıq edirdi. Deyirdi ki, bu yaxında 1 milyon pul gələcək, sənin də pulunu qaytaracam. Aygün istəsəydi, mənim pulumu yarım saata da qaytara bilərdi. Onun dəqiq nə işlə məşğul olduğun deyə bilmərəm. Evdəki çantasında çoxlu sayda şəxsiyyət vəsiqələri var idi. Telefonla danışanda deyirdi ki, “filan vəsiqəni gətir”. Həmin çantanın yanında keçməyə imkan vermirdi”.

Məhkəmə şahidlərin dindirilməsi ilə mayın 25-də davam edəcək.

Bildirək ki, bu işdə Aygün Akimovanın əri kimi adı keçən iş adamı Abdulla, naxçıvanlı biznesmen “AMAY Abdulla”dır. Aygün Akimovanın cinayət işi üzrə istintaqda dindirilən naxçıvanlı biznesmen Aygün Akimovanın iki uşağının doğum haqqında şəhadətnaməsində ata kimi adının yazılmasına aydınlıq gətirib. “AMAY Abdulla” deyib ki, Aygün Akimova onun şirkətində xadimə işləyib. Uşaqlarının atası olmadığı üçün onların şəhadətnamələrində ata kimi adının yazılmasına razılıq verib. Bunu Aygün Akimovaya yazığı gəldiyi üçün etdiyini deyən iş adamı həmin qadınla heç bir yaxın münasibətinin olmadığı söyləyib.

Qeyd edək ki, Aygün Akimova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın