Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “AMAY Abdulla”: “Mən müxalifətçiləri döyməmişəm”

“AMAY Abdulla”: “Mən müxalifətçiləri döyməmişəm”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, prosesdə zərərçəkmiş şəxs qismində Sədaqət Əsgərova ifadə verdi.

S.Əsgərova ifadəsində təqsirləndirilən şəxslərdən tanımadığını, onlara qarşı heç bir şikayəti və tələbinin olmadığını dedi: “Ev tikilib qurtarıb, amma tam təchiz olunmayıb. 37 min 200 manat ödəmişəm. Məni heç kim aldatmayıb. Korrupsiya İdarəsinə çağırıblar, getmişəm, şikayətim olmadığını demişəm”.

Bundan sonra Abdulla Abdullayev “Xudafərin MMC” ilə bağlı danışmaq istədiyini bildirdi. O, 2002-ci ildə tikintiyə başlamaq üçün razılıq aldığını, bir il sonra tikinti işləri apardığını: “2004-cü idlə AMAY-ın köçürülməsi ilə bağlı tikintini dayandırmaq məcburiyyətində qaldım. Bununla bağlı bina sakinlərini də yığıb sözümü dedim. Dedim ki, əvvəlcə gərək AMAY tikilsin, sonra binanın tikintisini davam etdirəcəyik.

Beləliklə, “Xudafərin MMC”də tikinti işləri müvəqqəti olaraq iki il dayandırıldı. 2008-də sakinlərin şikayəti əsasında cinayət işi başlanıldı. Şikayət etdilər deyə məsələ yubandı, tikinti dayandırıldı. Sakinlərə dedim ki, belə etməyin, məndən çox sizə ziyan dəyəcək. 2009-cu ildə son tamamlanma işləri aparıldı ki, yenə eyni vəziyyət…

Möhtərəm hakim, Baş Prokurorluq tədbir görəndə hərtərəfli tədbir görür. Mən 2012-ci ildə hər şeyimi satıb Azərbaycandan getmək istəyirdim. Çünki Baş Prokurorluq imkan vermirdi iş görməyə. Əslində 1999-cu ildə getmişdim də. Azərbaycana AMAY işinə görə qayıtmalı oldum. Həm də istəyirdim ki, “Xudafərin MMC”nin tikintisi qurtarsın. Üç aylıq tamamlanma işləri qalmışdı. Binaya transformator, lift qoyulmuşdu, mənzillərə kabellər çəkilmişdi, mərkəzə birləşmə işləri qalmışdı.

Bakı şəhərində ən böyük hovuz hövzəsini də mən tikmişəm. Fikirləşirdim ki, birdən su olmaz, sakinlər ən azı iki ay susuz qalmasınlar. Bundan başqa bina həm də 10 bal zəlzələ üçün nəzərdə tutulub tikilmişdi, iki metr fundament qazılmışdı. O binada özümün də mənzilim vardı. Ekspert təyin etsəniz, özünüz də görərsiniz.

Burada Allahsız danışmasınlar. Müstəntiq isə o binaya 7 milyon 700 min manat smeta çıxarıb. Guya bu qədər pul xərclənib”.

A.Abdullayev hər zaman dövlətə ləyaqətlə xidmət etdiyini dedi: “Mən 25 il bu dövlətə xidmət etdim. Bir adamın bir manat pulunu da yemək fikrim olmayıb. Nə millətimə, nə də dövlətimə xəyanət etməmişəm. Qəzetlərdə yazırlar ki, guya mitinqlərdə müxalifətçiləri döymüşəm. Hamısı qulağıma gəlib çatır. Qoy bir adam çıxıb desin ki, mən onu döymüşəm. Belə şeylər olmayıb axı. Məni günahsız yerə atıblar içəri. Mənim yerimə kim olsaydı, ağzına gələni danışardı. Amma mən danışmıram. Mənə gələn ləkə dövlətimə gələn ləkədir”.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Məhkəmə prosesi aprelin 20-nə kimi təxirə salındı

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın