Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “AMAY Abdulla”: ““Bandotdel”də ədalət var…”

“AMAY Abdulla”: ““Bandotdel”də ədalət var…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “AMAY” şirkətinə məxsus “Xətai” ticarət mərkəzinin tamamlanma işləri üzrə şahidlər  və Atatürk prospekti, 8978-37 ünvanında tikilən çoxmərtəbəli binanın tikintisinin tamamlanması üzrə zərərçəkmişlər dindirildilər.

Öncə prosesdə Elçin Rzazadə atası Cavanşir Rzazadənin vəfat etdiyini və məhkəmənin hüquqi varis kimi onu tanımasını xahiş etdi. O, atasının “Xudafərin” MMC-dən mənzil aldığını, binanın bu günə kimi tam təhvil verilmədiyini dedi: “Heç bir tələbim yoxdur, evimizin komplektləşdirilməsini istəyirik”.

2008-2012-ci illərdə “AMAY” MMC-də mühasib vəzifəsində işləmiş Aidə Musayeva şahid qismində məhkəmədə dindirilərkən ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi. O, mühasib işlədiyi dövrdə heç bir əməliyyat, alqı-satqı olmadığını dedi.

A.Abdullayev isə şahidin sözünü təsdiqləyərək “2008-ci ilin yayından fəaliyyətimiz dayanmışdı” dedi.

“AMAY” şirkətində mühafizəçi işləyən Nizaməddin Həsənov şahid qismində ifadə verərkən onun adına firma təsis olunduğunu və bankdan kredit götürüldüyünü bildirdi.

Dövlət ittihamçısının və hakimin suallarını cavablandırmaqda çətinlik çəkən şahid bunu həyəcanlı olması ilə əlaqələndirdi: “Bura gələndə öz adım da yadımdan çıxdı. O cür insan (Abdulla Abdullayevi göstərir-red.) oradadır. Onun yanında danışmaq mənə çox çətindir. Mənim adıma götürülən 900 min manat pul “AMAY”-ın tikintisinə sərf olunub”.

“AMAY”şirkətində mühafizəçi işləyən Süleyman Əliyev də eyni məzmunlu ifadə verdi: “Mənim adıma “Pünhan” firması təsis olunub. “Texnikabank”dan pul götürülüb və tikintiyə sərf olunub”.

Sözügedən şirkətdə işləmiş Məzahir Əliyev, Fəxrəddin İsmayılov, Rauf Məmmədov, Mais Quliyev də eyni məzmunlu  ifadə verdilər.

A.Abdullayev prosesdə qısa çıxış etdi: “Kreditin vaxtında qaytarılması ilə bağlı Sahibkarlığa Milli Kömək Fondu ilə bank arasında cərimələr tətbiq olunur. Bank fond qarşısında öhdəlik daşıyır. Mən tapşırmışdım ki, heç kimin malı, mülkü satışa çıxarılmasın. Nə Korrupsiya İdarəsi, nə də Baş Prokurorluq fikirləşmirlər ki, insanlar ac qaldı. Xahiş edirəm sədaqət, güvənc və etibar sözləri leksikondan çıxarılsın. Bir halda ki bu sözlərdən istifadə olunmur”.

Sonuncu şahid Vaqif Mehdiyev ifadəsində adına iki şirkət təsis olunduğunu, “AMAY”-ın tikintisinə görə bankdan 1 milyon 200 min manat pul götürüldüyünü və məbləğin tam ödənildiyini bildirdi.

A.Abdullayev yerindən replika verdi: “Vaqif 15 gün idi “Bandotdel”də idi, dünən buraxıblar. Kreditlə bağlı idi. Baxıblar ki, müqaviləsi var, pul ödənilib, buraxıblar. “Bandotdel” Korrupsiya İdarəsindən ədalətlidir. 15 gün saxladılar, buraxdılar. Amma məni 15 aydır burada saxlayırlar”.

Bununla da məhkəmə prosesi mayın 21-ə qədər təxirə salındı.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədir.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın