Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Alışanovun vəzifəsindən alınmamasının səbəbi…

Alışanovun vəzifəsindən alınmamasının səbəbi…

Hüquqşünas: “Hər bir şəxs məhkəmə hökmü olmayana qədər təqsirsiz sayılır və ona qarşı hansısa tədbirlərin görülməsi ədalətsiz hesab oluna bilər”

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və ailə üzvlərinin adının hallandığı proses davam edir. Sonuncu məhkəmə prosesində iş üzrə təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz veriblər, lakin etiraz baxılmamış saxlanılıb.

Təqsirləndirilən şəxslər tərəfindən Alışanovun məhkəməyə çağırılması və o, gələnədək məhkəmə baxışının təxirə salınması, əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti qismən təmin edib. Hakim Alışanovun məhkəməyə gətirilməsi üçün ona bildiriş göndəriləcəyini bildirib.

Lakin məsələ burasındadır ki, bu qədər ittihamlara rəğmən Alışanov hələ də vəzifəsinin başındadır. Sözsüz ki, onun bu cür vəzifədə olması, istintaqa da təsir edən amillərdən ola bilər. Məsələ hətta Milli Məclisin plenar iclasına da gedib çıxıb. Belə ki, ötən həftələrdə  deputat Fazil Mustafa Milli Məclisin iclasında bildirmişdi ki, AzTV sədri Arif Alışanovu məhkəmədə adam öldürməkdə ittiham edirlər, heç kim reaksiya vermir. Doğrudan da vəziyyət deputatın dediyi kimidir.   Deputat bildirib ki, məhkəmələrin rolunu artırmaq üçün ciddi addımlar atılmalı, məhkəmələrdə səsləndirilən ittihamlara, qəbul olunan qərarlara ciddi yanaşma olmalıdır: “Doğru, ya səhvdir, bilmirəm, amma məhkəmədə səslənən ittiham var ortada. Söhbət 5-10 manat oğurlamaqdan getmir, adam öldürməkdən gedir, özü də məhkəmədə səsləndirilən ittihamdan”.

İttihamlar isə deputatın da dediyi kimi, heç də primitiv deyil. Belə ki, ittihama görə, Arif Alışanov 2007-ci ilin ortalarında Şamaxı rayonunda torpaq almaq qərarına gəlib və bu məqsədlə rayonun Nağaraxana kənd sakini Şücayət  Əkbərovla tanış olub, aralarında yaxşı münasibət yaranıb. 2012-ci ildə Alışanov qardaşı Habili, yeznəsi Vidadi Cəfərovu, qayınları – Etibar, Natiq Bağırovları da kənd təsərrüfatı ilə məşğul olmağa, yəni ortaq biznesə cəlb edib, torpaqların yerli sakinlərdən satın alınmasında Şücayət Əkbərovdan kömək istəyib. Baş tutmayan bu biznesə 2012-ci ildən 2016-cı ilədək hissə-hissə qardaşı Habil 200 min manat, yeznəsi Vidadi 200 min manat, qaynı Etibar 1 milyon 800 min manat, digər qaynı Natiq 3 milyon 500 min manat, özü isə 500 min manat  və ümumilikdə isə 6 milyon 200 min manat qoyaraq kənd təsərrüfatı və turizmlə məşğul olmaq qərarına gəliblər. Bu sövdələşmədən sonra Alışanov Ş.Əkbərovdan 50 hektar torpaq sahəsi üçün 1 milyon 5 min manat alıb. 2014-cü ilin fevralında Ş.Əkbərov 3 hektar 48 sot torpaq üçün 174 min manatı mənimsəyib.

AzTV sədri ifadəsində bildirib ki, Şücayət Əkbərov 2016-cı ilin dekabrından Mədrəsə qəsəbəsində SSRİ vaxtında tikilmiş hansısa hovuzu göstərmək istədiyini və təsvir etdiyinə görə suvarma işlərində gələcəkdə problem olmaması üçün həmin su hovuzuna baxıb almalı olduqlarını ona deyib. “Həmin vaxt Şücayətin bu təklifini normal qarşıladım. Hazırda isə anlayıram ki, Şücayət çölün düzündə olan sahəyə məni aparıb qətlə yetirmək istəyib. Lakin biz həmin yerə gedib baxa bilmədik… Sonradan Şücayət Əkbərovun məni, bacım oğlu Dəyanət Cəfərovu bir neçə dəfə qətlə yetirmək istədiyi məlum oldu”.

Təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

İstintaq materiallarında AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi olması iddia edilir. Sədrin avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq, bu da baş tutmadıqda Alışanovu güllələmək planları barədə istintaq materiallarında ətraflı bəhs edilir.

Təqsirləndirilən şəxslər isə hər prosesdə bəyan edirlər ki, ittihamları qəbul etmirlər. Deyirlər ki, Arif Alışanov onları həbs etdirməklə özünün qanunsuz əməllərini, korrupsiya cinayətlərini gizlətməyə, pərdələməyə çalışır. Hətta onun özünün Şamaxıda qətl törətdiyini iddia edirlər.

Əsabəli Mustafayev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, şəxs o zaman vəzifədə saxlanılmır ki, onun barəsində ciddi sübutlar var:

“Mətbuatda Alışanov barəsində müxtəlif xəbərlər gəzir. Ancaq bilmirəm ki, onun barəsində cinayət işi qaldırılıb, yoxsa yox. Cinayət işi yoxdursa, deməli, ona qarşı heç bir intizam tədbiri də həyata keçirilə bilməz. Bundan başqa, istintaq hətta bəzən cinayət işi olan zaman da bu qərara gəlir ki, onun tutduğu vəzifə istintaqın gedişatına təsir etmir. Yəni ola bilər ki, şəxsin tutduğu vəzifə istintaqın gedişinə təsir etmir. Bu halda da onun işdən kənarlaşdırılmasını tələb etməyə bilər. Çünki təqsirsizlik prezumpsiyası var. Bu, o deməkdir ki, hər bir şəxs məhkəmə hökmü olmayana qədər təqsirsiz sayılır və ona qarşı hansısa tədbirlərin görülməsi ədalətsiz hesab oluna bilər. Bu da istintaq orqanının yanaşmasından asılıdır. Əgər vəzifəli şəxsdirsə, deməli, onun inzibati resursları, imkanları var. Bunu da ancaq istintaq və ya zərərçəkmişin özü, yaxud da vəkili qiymətləndirə bilər. Alışanov işinə gəlincə isə, hələ bilinmir ki, ona qarşı cinayət işi qaldırılıb, yoxsa yox. Qanuna qalsa, istintaq hətta araşdırma dövründə də şəxsi vəzifəsindən kənarlaşdıra və ya kənarlaşdırmaya bilər. İkinci hal sübutların az olduğu və vəzifənin təsir imkanları olmadığı halda baş verir”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …