Ana səhifə / Araşdırma / Alim Məhərrəm ayından yazdı- ərəbcədən tərcümədə “haram edilmiş” deməkdir

Alim Məhərrəm ayından yazdı- ərəbcədən tərcümədə “haram edilmiş” deməkdir

İslam dininin müqəddəs aylarından biri Məhərrəm ayıdır. Müsəlmanlar üçün xüsusi önəm kəsb edən bu ayda İslam ümməti şadyanalıq etməz, bir sıra mərasimlərin keçirilməsində məhdudiyyət tətbiq edirlər. Məhərrəm sözü ərəbcədən tərcümədə “haram edilmiş” deməkdir. Həqiqətən də, Məhərrəm ayında bir sıra işlər haram buyrulmuşdur. Kərbəla müsibətinin yaşandığı bu ayda xüsusilə şadyanalıq etmək, əylənmək, toy və nişan mərasimləri keçirmək caiz deyildir. Yeni ilin ilk ayı olsa da, məhərrəm ayı həm də haram buyrulmuş bir aydır. Hz. İmam Hüseynin dəstəsinin məhv edildiyi məhərrəm ayında cəmi müsəlmanlar Hz. İmam Hüseynə yas saxlayır. Məhərrəm ayı barədə “Ət-Tövbə” surəsinin 36-cı ayəsində belə buyrulmuşdur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zilqədə, zilhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin.”

Məhərrəm ayının haram ay olması barədə Peyğəmbərimizin (s.ə.v.) fikirləri vardır. Bu məsələ Məhəmməd Peyğəmbərin (s.ə.v.) hədislərində də öz əksini tapmışdır. Peyğəmbərimiz Məhərrəm ayı haqqında belə buyurmuşdur: “İl on iki aydan ibarətdir, onlardan dördü haram aylardır, haram ayların üçü dalbadal gəlir: Zilqədə, Zilhiccə və Məhərrəm və Rəcəb ayıdır ki, Cumadə və Şaban ayının ortasında gəlir.”

Tarixdən bəllidir ki, Məhərrəm ayında bütün müsəlman dünyasının kədərləndiyi hadisə – Kərbəla müsibəti yaşanmışdır. Kərbəla yaxınlığındakı döyüşdə Hz. Məhəmmədin sevimli nəvəsi, onun qızı Fatimeyi-Zəhra (ə.s.) və Hz.Əlinin (ə.s.) ikinci oğlu İmam Hüseyn (ə.s.), habelə İmamın 72 nəfərlik dəstəsi şəhid olmuşlar. O dəstədə aralarında yeniyetmələr və azyaşlı uşaqlar da olmaqla 18 nəfər Allahın Rəsulunun (s.ə.v.) birbaşa qohumları idilər. Bu hadisə Məhərrəm ayının 10-cu günündə, yəni Aşura günündə baş vermişdir.Aşura kəlməsinin kökü ərəb dilindəki “əşr”, yəni “onuncu” sözündəndir. Əşr isə haram  sayılan Məhərrəm ayının onuncu günüdür. Həmin gün hicri təqvimin 10 məhərrəmində (680-ci ilin oktyabrın 10-da) bəşər tarixində ən böyük faciələrdən biri baş vermiş, İmam Hüseyn və onun dəstəsi qətlə yetirilmişdir. Şəhidlik tarixi kimi bərqərar olan həmin hadisə zamanı Kərbəla yaxınlığındakı döyüşdə, sərkərdə Hürr Yezid ibn Müaviyənin qoşunları ilə döyüşdə ilk şəhid oldu. Bir dəstə qəhrəmanın şərə qarşı döyüşündə İmam Hüseynin özü də şəhidliyə qovuşdu. Həmin gün səhərdən axşama qədər döyüş baş vermişdir. Şəhidlərin içində İmam Həsənin (ə.s) iki kiçik oğlu, İmam Hüseynin bir kiçik oğlu və hələ qundaqda olan bir körpəsi var idi.

Döyüş bitdikdən sonra düşmən ordusu, İmamın (ə.s) hərəmini yağma etmiş və çadırları yandırmı., şəhidlərin başlarını kəsib paltarlarını çıxartmışlar. Cəsədləri dəfn etmədən Əhl-i Beyt əsirlərini təşkil edən sığınacaqsız qızları və qadınları, şəhidlərin başlarıyla birlikdə Kufəyə doğru hərəkət etdirmişlər. Əsirlərin içində kişi olaraq İmam Hüseynin (ə.s) iyirmi iki yaşındakı oğlu, ağır xəstə olan dördüncü İmam Zeynalabidin (ə.s), bir də onun oğlu beşinci İmam Məhəmməd Əli və İmam Həsənin (ə.s) oğlu Həsən-ül Müsənna da olmuşdur. Yezidin vəhşiliyindən bəhs edilərkən, onun əmrilə İmam Hüseynin (ə.s) kəsilmiş başı onun qızı altı yaşlı Səkinənin önünə atılması nəql edilir.

Həmin qanlı hadisənin yaşandığı gün Aşura adlanan günə təsadüf etmişdir. Müsəlman ölkələrinin hər biri həmin günü məscidlərə gedərək, ölənlərə rəhmət diləyərək bu matəmi qeyd edir, Azərbaycanda “hədik” adlanan dənli bitkilərdən hazırlanmış xüsusi yemək, qonşu Türkiyə Cümhuriyyətində isə “aşure” adlı xörək paylanır, halva çalınır, dualar oxunur, namaz qılınır, bir sözlə, İslam uğrunda şəhid olanların ruhuna yas saxlanılır. Həmin gün toy, nişan mərasimləri keçirilmir, şadyanalıq edilmir, Kərbəla müsibəti zamanı vəfat edənlərə yas tutulur. Bu hadisə əsasən Azərbaycan, İran, Türkiyə, Əfqanıstan, Tacikistan, Livan, Pakistan, Bəhreyn, Fars körfəzi ətrafındakı dövlətlərdə və bir sıra digər müsəlman ölkələrində matəm günü kimi qeyd edilir. Bu barədə görkəmli alim Nəsirəddin Tusi bildirirdi: “Əgər imamlardan göstəriş olmasa idi ki, Aşura günü yas tutulsun, o Aşuranı İmam Hüseynin timsalında Haqqın qələbəsi günü kimi bayram edərdi.” Lakin həmin gün artıq neçə yüzilliklərdir ki, yas günü kimi, matəm günü kimi qeyd edilir və müsəlmanlar əzadarlıq etməklə yas saxlayırlar. Bəzi müsəlman fanatlar həmin gün özlərinə zəncirlə vurmaqla matəm saxlayırlar. Son illərdə isə bu barədə bir sıra fətvalar verilmiş və bunun əvəzinə qan vermək aksiyasının keçirilməsi təklifi irəli sürülmüşdür. Matəm mərasimləri bir çox müsəlman ölkələrində qeyd olunur və İslam uğrunda şəhid olanlar yad edilərəkən belə bir fikir səsləndirilir: “Bütün yer üzü Kərbəladır, hər gün Aşuradır…” Bu fikirlə İmam Hüseynin (ə.s.) şəhidliyinə olan rəğbət irəli sürülür.

  Dilimizdə tez-tez işlətdiyimiz “Şaxsey-vaxsey” ifadəsi var. Bu ifadə “Şah Hüseyn, vah Hüseyn” kəlmələrinin qısaldılmış şəklidir ki, Kərbəla müsibəti zamanı mərsiyə, ağı deyənlər bu sözü səsləndirdilər. Yaxud gündəlik həyatımızda kimsə su istəyən şəxsə su vermədikdə o, “yezidlikdə” ittiham edilir, hansı ki, bu da İmam Hüseyinin qatili I Yezidin onu susuzluq şəraitində öldürməsindən irəli gələn ifadədir.   

  Aşura günüdə oruc tutmaq məqbul sayılır. Bu barədə Peyğəmbərimiz (s.a.v) belə buyurmuşdur: “Ramazandan sonra ən fəzilətli oruc Allahın Məhərrəm ayındadır”. Həmin gün oruc tutmağın fəzilətləri haqqında aşağıdakı fikirlər mövcuddur:  Peyğəmbərimizin (s.ə.v) etdiyi sünnəti davam etdirmək; Bu gündə Musa (ə.s) oruc tutmuş, ondan sonra Peyğəmbərimiz (s.ə.v) və sonra onun səhabələri oruc tutmuşlar; Bu günün müqəddəsliyi və əzəmətliyi qədimdir; Yəhudilərə müxalif olmaq üçün bu gündə oruc tutmaqdan əlavə bir gün əvvəl və bir gün sonra oruc tutmaq daha fəzilətlidir.

  Məhərrəm ayının xüsusi önəm daşıması hələ bu hadisələrdən öncə də mövcud olmuşdur. Bəllidir ki, hələ cahiliyyə dövründə qüreyşilər Məhərrəm ayında oruc tutar, Kəbədəki qara daşa təzim edərdilər. İbn Həcər və Qurtubinin yazdıqlarına görə, bu davranış çox güman ki, onlara Hz. İbrahim (ə.s) kimi peyğəmbərlərin buyruqlarından irəli gəlmişdir.

Leyla FAİQQIZI,

filologiya üzrə fəlsəfə doktoru

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …