Çərşənbə axşamı , Oktyabr 15 2019
Ana səhifə / Araşdırma / Aleksandr Lapşinin məhkəməsi başladı

Aleksandr Lapşinin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində bloggerin məhkəməsinə hazırlıq iclası oldu; Ali Məhkəmənin keçmiş sədrindən ilginc açıqlamalar

Azərbaycanda həbsdə olan Rusiya, Ukrayna və İsrail vətəndaşı Aleksandr Lapşinin iyunun 22-də məhkəməsi başlayıb. Hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Məhkəməyə hakim Əlövsət Qasımov sədrlik edib.

Məhkəmədə Aleksandr Lapşinin anket məlumatları dəqiqləşdirilib. A.Lapşin bildirib ki, 1976-cı il təvəllüdlüdür, himayəsində 2 yaşlı övladı var, özü də üç ölkənin – Rusiya, Ukrayna və İsrailin vətəndaşıdır. Daimi yaşayış yeri isə İsraildədir. Məhkəmədə İsrail və Ukrayna səfirliklərinin nümayəndələri iştirak edib.

A.Lapşinin hüquqlarını vəkil Eduard Çernin müdafiə edir. A.Lapşin Azərbaycan dilini bilmədiyinə görə o, tərcüməçi ilə təmin olunub. Vəkilindən və Lapşinin özündən hər hansı vəsatəti olub-olmadığı soruşulub.

“Həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsini qaldırardım. Amma onun Azərbaycanda yaşayış yeri olmadığına görə bu barədə vəsatət qaldırmağın mənası yoxdur”, – deyə vəkil bildirib.

Lapşinin hansı cəzanı ala biləcəyi və bu cəzanın onun vətəndaşı olduğu dövlətlər tərəfindən necə qarşılanacağı suallar doğurur. Burada daha çox Rusiya amili önə çəkilir. Kremlin öz vətəndaşının cəza almaması üçün ölkəmizə təsir edə biləcəyi istisna olunmur. Məhkəmənin çıxaracağı qərarın Azərbaycan-Rusiya münasibətlərinə təsir edə biləcəyi də müzakirələr sırasındadır. Bütün bunların fonunda Azərbaycan tərəfin hansı addımı atacağı, Lapşini məhkəmədən əfv və başqa hüququ yollarla azad edib-etməyəcəyi ciddi müzakirə edilir.

Image result for Tahir Kərimli

Ali Məhkəmənin keçmiş sədri, deputat Tahir Kərimli Lapşin məsələsinin daha çox siyasi olduğunu bildirdi: “Bu bir neçə dövlətin və beynəlxalq qurumların nəzarətində olan məsələdir. Prezidentin köməkçisi cənab Əli Həsənov da boşuna demədi ki, Lapşinin səhhəti, onun saxlanma şəraiti nəzarət altındadır. Yəni çox həssas məsələ olduğuna görə Azərbaycan dövlətçiliyimiz əleyhinə cinayət halına yol verən bir şəxsə qarşı həssas mövqe sərgiləyir. Azərbaycan mümkün olan mübarizəsini davam etdirir. Sirr deyil ki, Lapşinin səfər etdiyi yerlər Azərbaycan ərazisidir və bunu bütün beynəlxalq təşkilatlar da belə qəbul edir, qondarma ”Dağlıq Qarabağ Respublikası” adlı dövlət tanımırlar. Tamamilə hüquqidir ki, Azərbaycanda mühakimə edilsin. Lapşinin gələcəkdə hansısa bir dövlətə təhvil verilməsi dövlətlərarası məsələlərdən asılıdır. Bu mümkündür və ola bilsin ki, həyata keçirilsin. Onun ekstradisiyasından sonra beynəlxalq aləm anladı ki, Azərbaycan ərazilərimizə qanunsuz səfərlər edən şəxsləri cəzalandırmaq gücündədir. Bu, dünyada ciddi rezonans doğurdu. Lapşinin təhvil verilməsi məsələsi konkret şəraitə bağlıdır. Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsi qaytarılarsa, daha ciddi beynəlxalq qərarlar qəbul edilərsə, ölkəmizin bütövlüyü bərpa olunarsa, yaxud bərpa istiqamətində mühüm addımlar atılarsa, onun təhvil verilməsi qorxulu deyil. Lakin indiki şəraitdə Azərbaycan tərəfin Lapşini təhvil verməsi onun zəiflik əlaməti kimi yozula bilər. Ona görə də konkret şərait yetişmədən onun təhvil verilməsindən danışmaq olmaz. O, cəza almalıdır. Onu hansı cəzanın gözləyəcəyi ilə bağlı danışmaq hələ tezdir. Məhkəmənin sonunda müvafiq qərar qəbul olunacaq. Amma istənilən halda düşünürəm ki, məhkəmədə cəza veriləcək. Amerikaya da bəzi şəxslərin təhvil verilməsi üçün müraciətlər olur. Fətullah Gülən məsələsini deyə bilərik. Amma ABŞ rəhbərliyi bildirir ki, bu, ancaq məhkəməyə aid məsələdir. Bu baxımdan, deyə bilərik ki, məhkəməyə aid məsələdir. Amma hər kəs başa düşür ki, Azərbaycan hansı vəziyyətdədir. Əgər hansısa dövlət Lapşinin ekstradisiyasını istəyərsə və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ciddi qərar verərsə, bəyanat səsləndirərsə, o zaman bu nəzərə alına bilər. Yadımdadır, 5 rus əsgərinin qaytarılması ilə bağlı hansı proseslər getmişdi. Hər iki tərəf ciddi tələblər irəli sürürdü. Amma o zaman Rusiya dediklərinə əməl etmədi. Düzdür, ölkəmizə münasibəti müsbət yönə dəyişdi, amma vədlərini yerinə yetirmədi. İndiki şəraitdə dövlətlər ərazi bütövlüyümüzlə bağlı ciddi addımlar atarlarsa, niyə də Lapşinin ekstradisiyası olmasın ki”.

Deputat məhkəmə proseslərinə ola biləcək Rusiya təsirinə də toxundu: “Şübhəsiz ki, Rusiyanın Azərbaycana təsiri çox böyükdür. Vaxtilə SSRİ dağılanda Gürcüstan daha çox müstəqillik nümayiş etdirərək, MDB-yə daxil olmadı. MDB-ni Rusiyanın aralıq təşkilatı kimi qəbul etdi. Təsəvvür edin ki, BMT həmin Gürcüstanın müstəqilliyini tanımadı, o vaxta qədər ki, Gürcüstan MDB-yə daxil oldu. O vaxt Ronald Reyqan və Mixail Qorbaçov arasındakı danışıqlara əsasən, dövlətlər MDB adı altında Rusiyanın təsiri altında qalmalı idi. Bu amili heç vaxt yaddan çıxarmaq olmaz. Amerika Azərbaycan üzərində mütləq təsirə malik deyil. Gürcüstanı əzizləyən kimi bizi əzizləmir. Azərbaycan hazır deyil ki, iki cəbhədə mübarizə aparsın. Rusiya ədalət mühakiməsi zamanı kölgə kimi Lapşinlə bağlı prosesləri izləyəcək. Amma mən Azərbaycan prezidentinin cəsarətinin yüksək olduğunu yaxşı bilirəm. Çox cəsarətli bəyanatlar verir. Prezident də konstitusiyaya əsasən, Azərbaycan məhkəməsinin müstəqilliyinin qarantidir. Belə olan təqdirdə Azərbaycan məhkəməsinin müstəqil qərar verəcəyinə tam əminəm. Onsuz da Rusiya adekvat tədbirlər görür. Hamı bilir ki, Rusiya avtoritar bir ölkədir. Əks təqdirdə, orada ədliyyə naziri özbaşına Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması ilə bağlı təqdimat verib, bu təşkilatın bağlanmasına nail ola bilməzdi. Əslində bu və ya digər tədbirlər həyata keçirir. Yaxınlarda qəbul edilən Avropa Parlamentinin qərarına Rusiyanın da təsir etdiyini düşünmək mümkündür. Azərbaycanda prezident seçkilərinə bir il qalmış daim Kreml ölkəmizə təzyiqlər həyata keçirməyə çalışır, daha çox qoparmaq iddiasında olur. Təbii ki, Lapşinlə bağlı qərar onları qane etməsə, müxtəlif bəhanələrlə münasibətləri gərginləşdirə bilərlər. Arzu olunan odur ki, Ərdoğanın təklifini Putin qəbul etsin. Üçtərəfli Azərbaycan-Türkiyə-Rusiya ittifaqı yaradılsın. Putin bu təklifə konkret cavab verməyib. Rusiya Azərbaycanın verəcəyi məhkəmə qərarına hörmətlə yanaşmalıdır. Əksinə, öz daxilindəki problemləri artıra bilər”.

Həmçinin oxuyun

Azərbaycanda QİÇS problemi – əgər virusa yoluxmusunuzsa… – Fotolar

Əməkdaşımızın QİÇS-lə Mübarizə Mərkəzindən eksklüziv reportajı; SPİD xəstəsi öz yaxınları üçün təhlükədirmi, ən çox nələrə …

Bir cavab yazın