Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Akif Çovdarovun məhkəməsində 600 minlik torpaq müəmması: “Döyməmişəm, üstünə qışqırmışam”

Akif Çovdarovun məhkəməsində 600 minlik torpaq müəmması: “Döyməmişəm, üstünə qışqırmışam”

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses zərərçəkmiş Mübariz Məmmədovun epizodu üzrə davam edib. Məhkəmədə zərərçəkmiş və şahidlər ifadə verib.
İttihama görə, sahibkar Mübariz Məmmədov Badamdar qəsəbəsində yerləşən 18 sot torpaq sahəsini satarkən general Akif Çovdarov onun müştərisi olur və adamı Rafiq Tağıyevin vasitəsilə həmin ərazini 600 min dollara almağa razılaşırlar. Bunun üçün də 300 min dollar beh verilir. Lakin sonradan bəlli olur ki, torpağın iki sahibi var imiş, biri Mübariz Məmmədov, ikincisi isə Gənclər və İdman Nazirliyi…
M.Məmmədovun dediyinə görə, Çovdarov işin içində başqa bir dövlət qurumunun olduğunu bildikdən sonra onu otağına gətirdərək döyüb, işgəncə verib. Bu yolla M.Məmmədovdan behini geri tələb edib, sonra isə torpağın təmənnasız öz yaxın adamının adına keçirilməsinə nail olub.
A.Çovdarov digər epizodlardan fərqli olaraq bu məsələ ilə bağlı ətraflı ifadə verib. O, bildirib ki, torpağın müştərisi özü olmayıb: “Rafiq Tağıyev MTN-ə gəlib Mübariz Məmmədovdan şikayət etdi, aldadıldığını, 300 min dollar pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirdi. Biz də araşdırma apardıq, həmin ərazinin nazirliklərdən birinə aid olduğu üzə çıxdı. Məsələni həll etmək üçün Mübariz Məmmədovu idarəyə çağırdıq, orada onunla söhbət etdim. Döymədim, başa saldım ki, pulu qaytarsın. Sonra da torpağın taleyinin necə olduğundan, pulun qaytarılıb-qaytarılmadığından xəbərim olmadı”.
Vəkil Sadiq Rəsulov musavat.com-a açıqlamasında deyib ki, M.Məmmədov məhkəmədə ziddiyyətli ifadə verib.
Vəkilin sözlərinə görə, M.Məmmədov MTN zabiti Səlim Məmmədov və 3 nəfər tərəfindən döyüldüyünü deyib.
Amma o, məhkəmədə Səlim Məmmədovu tanımadığını söyləyib: “Mübariz Məmmədovun dostu Hafiz Abukarov da ifadə verdi. O, dedi ki, Mübarizin döyülməsindən və ailəsi ilə hədələnməsindən xəbərsiz olub. Akif Çovdarov isə bu işə görə Mübarizə əsəbləşib, üzərinə qışqırdığını etiraf etdi. Amma Çovdarov onu vurmadığını bildirdi. Mübariz Məmmədov bundan sonra ürək xəstəliyinə tutulduğunu Mərkəzi Gömrük Xəstəxanasında əməliyyat olunduğunu söyləyib. Xəstəxananın həkimləri də məhkəmədə ifadə verdilər. Onlar Mübariz Məmmədovun ürəyindən əməliyyat olunduğunu desələr də, xəstəliyə səbəb olan hadisə barədə məlumatsız olduqlarını qeyd etdilər”.
Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın