Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Akif Çovdarov unudulmaqdan qorxur – MƏHKƏMƏ

Akif Çovdarov unudulmaqdan qorxur – MƏHKƏMƏ

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

 

Çovdarovun yeni görkəmi və həkimsizliyi

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, Akif Çovdarovun prosesə fasilə verilmiş iki həftə ərzində xeyli dirçəldiyi nəzərdən qaçmadı. O, zala həkim müşayiəti olmadan, azot balonuna ehtiyac duymadan gəldi və bütün iclas boyunca o tərəf-bu tərəfə yıxılmaqla halsız olduğunu nümayiş etdirmədi.

40 günün “aclığ”ının hansı məqsədə xidmət etməsi sual olaraq qaldı.

Süleyman kimdir və bu adın cəriməsi nə qədərdir?

Bugünkü məhkəmə iclasında zərərçəkmiş, “Süleyman Transport” MMC-nin təsisçisi Fikrət İbrahimovun şikayəti əsasında epizoda baxılıb.

Zərərçəkmiş ifadəsində bildirib ki, Azərbaycanda çay daşının daşınması ilə məşğul olan şirkət qurub, firmanı oğlu Süleymanın adı ilə adlandırıb. Bir müddətdən sonra işlə əlaqədar Qazaxıstanın Aktau şəhərində olarkən telefonuna zəng gəlib. Özünü Mübariz kimi təqdim etmiş MTN işçisi onu təcili olaraq nazirliyə dəvət edib.

MTN adını eşidib xoflanan Fikrət İbrahimov işini-gücünü ataraq Bakıya qayıdıb. O, Bəhram adlı dostuna – artıq həyatda olmayan polis rəisinə müraciət edib. Bəhram da MTN-də işləyən tanışı Azər Hüseynovla əlaqə saxlayıb və məsələnin nə yerdə olması ilə maraqlanmasını xahiş edib. Ertəsi gün MTN-in binasının qarşısında zərərçəkmiş, Bəhram və Azər Hüseynov görüşüblər. MTN-də işləyən A.Hüseynov Fikrət İbrahimovu “Mübariz”lə görüşdürüb.

Sonradan nəlum olduğuna görə, Mübariz kimi özünü təqdim etmiş şəxs hazırda təqsirləndirilənlərin arasında oturan, Akif Çovdarovun keçmiş əlaltısı, nazirliyin idarə rəisi Orxan Osmanov olub. O.Osmanov zərərçəkmişdən şirkətin adını nəyə görə “Süleyman Transport” qoyduğunu və bunun Türkiyədə fəaliyyət göstərən eyniadlı şirkətlə hansı əlaqəsinin olduğunu soruşub. Fikrət İbrahimov bildirib ki, beynəlxalq nəqliyyatçılıqla məşğul olmur və türk firmasından xəbərsizdir. Uzun get-gəldən sonra Orxan Osmanov zərərçəkmişi başa salıb ki, bu məsələnin “mahiyyəti” 30 min manatdır. Bu qədər pulu olmayan Fikrət İbrahimov güc-bəla ilə MTN quldurlarını 12 min manata razı sala bilib.

 

“Filmin ikinci seriyası” baha başa gəldi

Lakin bununla Fikrət İbrahimovun MTN bəlaları bitməyib. Bir neçə aydan sonra yenidən nazirliyə çağırılan iş adamı bu dəfə verdiyi 12 min məsələsini dilə gətirməkdə və “hörmətli MTN əməkdaşları”nı biabır etməkdə günahlandırılıb. Bu mərhələdə məsələyə Akif Çovdarovun ikinci idarəsinin rəisi, təqsirləndirilən Akif Əliyev qoşulub. O, Fikrət İbrahimova bildirib ki, general Çovdarov “bərk inciyib” və bu incikliyin “bir balaca” xərci var. Tələb olunan 100 min manatı tapa bilməyəcəyini deyən iş adamı bir vaxtlar “at oynadan”, indi isə məhkəmə zalının qəfəsində oturan rəisləri 50 min manata razı salıb.

 

Akif Çovdarovun “unudulmaq qorxusu”

Zərəçəkmişin ifadəsindən və vəkillərin suallarını cavablandırmasından sonra təqsirləndirilən Akif Çovdarov söz istəyib. General bildirib ki, nə işdirsə, zərərçəkmişlər yalnız istintaqa verdikləri ifadələrdə onun adını xatırlayırlar, məhkəmədə isə bunları unudurlar.

Ənənəsinə sadiq qalaraq, general yenə prokurora söz atıb və onu zərərçəkmişlərə ifadə verməzdən əvvəl “dərs keçmək”də ittiham edib.

Məhkəmədə divarların qulağı var?

Fasilədən sonra DTX-da təchizat şöbəsinin rəis müavini işləyən Azər Hüseynov şahid qismində ifadə verib. Lakin onun ifadə verməyə başlaması ilə təqsirləndirilənlərin vəkillərinin haray qoparması bir olub. Altı vəkilin hamısı bir ağızdan bildirdilər ki, bu şahidin ifadəsi dinlənilə bilməz, çünki o, Cinayət-Prosessual Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq məhkəmə iclasında baş verənlərə qulaq asıb.

Şahid Azər Hüseynov isə halını pozmadan dedi ki, ancaq vəkil Kamandar Nəsibovun səsini eşidirdi, çünki onun qışqırığını eşitməmək mümkün deyil. Məhkəmə heyəti vəkillərin şifahi vəsatətini təmin etmədi və şahid ifadə verdi.

 

DTX əməkdaşının ifadəsi

Polkovnik-leytenant Azər Hüseynov dedi ki, bu işdə iştirakı yalnız zərərçəkmişlə Orxan Osmanovu görüşdürməkdən ibarət olub. O, O.Osmanovdan xahiş edib ki, nazirliyə çağırılan yaxın adamdır, keçmiş polis işçisidir və iş “real aparılsın, çox incidilməsin”.

Azər Hüseynov, Fikrət İbrahimovla Orxan Osmanovu görüşdürdükdən sonra iş otağına qayıtdığını və məsələnin sonrasından xəbəri olmadığını dedi.

 

MTN-çilər pul dalınca qara “Hyundai”da gəlir

Şahid Vidadi Əliyev ifadəsində dedi ki, zərərçəkmiş Fikrət İbrahimovu uşaqlıqdan tanıyır və demək olar ki, hər gün görüşürlər. Məsələdən zərərçəkmişin sözlərindən hali olduğunu bildirən şahid ikinci dəfə pul verilərkən F.İbrahimovla bir yerdə olduğunu deyib.

Belə ki, o, Fiktər İbrahimovu Milli Məclisin qarşısındakı dayanacağa qədər ötürüb və kənardan baş verənləri izləyib. Şahidin sözlərinə görə, bu vaxt Fikrət İbrahimova qara rəngli “Hyundai” avtomobili yaxınlaşıb və zərərçəkmiş maşına oturandan sonra onlar MTN-in binasının yaxınlığına gediblər. Burada elə avtomobilin salonunda Fikrət İbrahimov 40 min manat pulu təqsirləndirilənlərə verib. Yerdə qalan 10 min manat isə bir neçə gündən sonra verilib.

Zərəçəkmişin qardaşı Oqtay İbrahimovun şahid qismində ifadəsi Vidadi Əliyevin ifadəsindən, dümək olar ki, fərqlənmədi.

 

İclasların audioyazısının qeydə alınması vəsatəti

Təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatət qaldıraraq məhkəmə protokollarının baş verənləri daha dolğun əks etdirməsi üçün iclasın audioyazısının qeydə alınmasını təklif etdi. Vəsatət bütün vəkillər tərəfindən dəstəkləndi.

Qısa müşavirədən sonra məhkəmə heyəti bu vəsatəti rədd etdi, belə ki, protokollar onsuz da yazılı şəkildə hazırlanır və əlavə audioyazıya ehtiyac yoxdur.

 

“Narazılığınız yoxdur ki?”

Bugünkü iclasın bəlkə də ən maraqlı və absurd ifadəsini təqsirləndirilən Orxan Osmanovun vəkili Elxan Quliyev səsləndirdi. Zərərçəkmişə sualla müraciət edən vəkil onun MTN-də dindirildikdən və pulunun əlindən alınmasından sonra baş verənlərlə maraqlandı. Fikrət İbrahimov bundan sonra narahat edilmədiyini bildirdikdə vəkil ona qəribə sualla müraciət etdi: “Narazılığınız yoxdur ki?”

Məhkəmə iclası çərşənbə günü, dekabrın 21-də davam etdiriləcək. (Virtualaz.org)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın