Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Ağdaşdakı “qorxulu” hadisə ilə bağlı – DİN-dən açıqlama

Ağdaşdakı “qorxulu” hadisə ilə bağlı – DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi Ağdaşın Qoşaqovaq kəndində naməlum varlıqların peyda olması, buna görə də polis əməkdaşlarının kənddə əməliyyat apardığı, giriş-çıxışlarda postlar qurulduğu barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Ağdaşın Qoşaqovaq kəndinin polis nəzarətinə götürülməsi, orada postların qurulması və hansısa əməliyyatın keçirilməsi barədə yayılan məlumatlar həqiqətdən uzaqdır.

Onun sözlərinə görə, reallığı əks etdirmədiyi əvvəlcədən də bəlli olan informasiyaların bəzi KİV-də tirajlanması özlüyündə ciddi suallar doğurur: “Nazirliyin Mətbuat Xidmətindən və Ağdaş RPŞ-dən məsələ ilə bağlı verilən təkzib xarakterli açıqlamalara baxmayaraq, bəzi kütləvi informasiya vasitələrinin ucuz reytinq və sensasiya dalınca qaçaraq əhali arasında çaşqınlıq və qorxu atmosferi yaratmağa xidmət edən belə təxribat xarakterli dezinformasiyalar yayması düşündürücüdür və bu, KİV haqqında qanununvericiliyin tələblərinin ciddi şəkildə pozulmasıdır. Sözügedən kənd də daxil olmaqla Ağdaş rayon sakinlərindən heç kim xəsarət yetirilməsi, evindən oğurluq edilməsi və ya təhlükəsizliyinin təmin olunması ilə bağlı indiyədək Rayon Polis Şöbəsinə və ya DİN-in “102” Zəng Xidmətinə müraciət etməyib. Bir sıra saytlarda və telekanallarda bəzi kənd sakinlərinin gözlərinə guya hansısa məxluqların və ya şəxslərin görünməsi barədə yayılan söz-söhbətlər isə dedi-qodudan və şayiədən başqa bir şey deyil”.

O.Mansurzadə xatırladıb ki, Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına uyğun olaraq, qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır: “Jurnalist hər hansı məlumatı yayarkən informasiya mənbəyinin mötəbərliyinə, informasiyanın obyektivliyinə, doğru-dürüstlüyünə əmin olmalı, yayımına və ya çapına hazırlaşdığı faktların, məlumatların səhihliyini aidiyyatı orqanlarla, eyni zamanda, ən azı bir neçə mənbə ilə mütləq formada dəqiqləşdirməlidir. Lakin konkret halda rayonun icra strukturlarının və polis şöbəsinin bəzi əməkdaşlarının adına çıxılan məlumatların təhrif olunmuş formada yayılması, heç bir ictimai dəyər daşımayan, əhəmiyyət kəsb etməyən mövzunun zorla gündəmə daşınması, müvafiq dövlət qurumları, o cümlədən Ağdaş RPŞ tərəfindən rəsmi şəkildə təsdiqlənməyən belə təxribat xarakterli məlumatların yayılması əslində KİV azadlığından sui-istifadədir. Belə bir vəziyyət tamamilə yolverilməzdir və ciddi məsuliyyət doğurur. Bir daha jurnalistləri məsuliyyətli, ayıq-sayıq olmağa, fəal vətəndaş mövqeyi nümayiş etdirməyə, insanlarda ümidsizlik, qorxu və panika yaratmağa xidmət edən məlumatları yayımlamamağa çağırırıq”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın