Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Araşdırma / Abadlıq adı altında bağlanan Ayna Sultanova parkında nə tikirlər?

Abadlıq adı altında bağlanan Ayna Sultanova parkında nə tikirlər?

Bakının Binəqədi rayonunda yerləşən məşhur Ayna Sultanova parkının illərdir ki, təmir adı ilə hasarlanması haqqında məlumat vermişdik. Ötən ay parkın hasarlanmadan kənarda qalan sonuncu hissəsi də bağlanıb. Parkdakı ağacların bir hissəsi kəsilib, bir hissəsi susuzluqdan, baxımsızlıqdan məhv olub, naməlum obyektin tikintisi üçün bünövrə qazılıb.

Artıq park ərazisində məhv edilən yaşıllığın yerində naməlum obyekt ucaldılıb. Bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov sosial şəbəkədəki səhifəsində yazıb. Yeni tikilinin fotosunu paylaşan hüquq müdafiəçisinin sözlərinə görə, bununla bağlı məlumat almaq üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinın “qaynar xətt”i ilə əlaqə saxlasa da, cavab ala bilməyib: “Uzun məsləhətləşmədən sonra bir nəfər telefona yaxınlaşıb dedi ki, bu onlarlıq deyil, bunu Bakı Şəhər İcra Hakimiyyəti edir və orada hələ çox tikintilər olacaq. Mən istədim soruşum ki, bəs Komitə ilə razılşama-filan yoxdurmu? Çox kobud cavab verərək telefonu asdı”.

Xatırladaq ki, virtualaz.org daha əvvəl də bu parkın illərdir ki, təmirə bağlanması problemini işıqlandırıb. Bir neçə il əvvəl parkın vəziyyəti ilə bağlı reportaj hazırlayan zaman sakinlər saytımıza parkın bağlanması səbəbindən bir neçə yaşlı insanın ayaqlarının tutulduğunu, bəzilərinin parkın kənarındakı yolda avtomobillər tərəfindən vurulduğunu bildirmişdilər. Onların sözlərinə görə, park hasarlanan zaman sakinlərə Avropa Oyunlarına qədər təmir olunacağı söz verilsə də, sonradan ərazinin iş adamlarından birinə restoran tikilməsi üçün satıldığı məlum olub.

Binəqədi Rayonu İcra Hakimiyyətindən isə virtualaz.org-a sözügedən ərazidə hər hansı ağac kəsilməsindən söhbət getmədiyini, obyekt tikilmədiyini, sakinlərin asudə vaxtının təşkili üçün yer olaraq tikildiyini bildirmişdilər: “Orada hər hansı obyekt tikilmir, sadəcə, sakinlərin asudə vaxtının təşkili üçün (?!) yer tikilir”. Lakin icra rəsmisi sakinlərin “asudə vaxtının təşkili”inə xidmət edəcək bu tikilinin məhz nədən ibarət olacağını isə açıqlamır.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin dekabr ayında Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrıb. Binəqədi RİH-dən bu vəsaitlə yay aylarına qədər parkın tamamilə təmir olunaraq sakinlərin istifadəsinə veriləcəyi deyilirdi.

Atatürk prospekti ilə Ziya Bünyadov küçəsinin kəsişməsində yerləşən Ayna Sultanova parkı 1980-cı ildə salınıb, həmin vaxt ərazisi 1,6 hektar sahəni əhatə edib. Binəqədi Rayon İcra hakimiyyəti 2014-cü ildən bu yana parkı mühasirədə saxlayır.

Həmçinin oxuyun

Sensasion reportaj: Azərbaycanda bioloji viruslar harada saxlanır

Paytaxtın Nizami rayonunda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun cəmi bir neçə metrliyində dörd bir yanı dəmir …