Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / AAK sədri necə narazılıq yaradır? – Daha bir müraciət

AAK sədri necə narazılıq yaradır? – Daha bir müraciət

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun barəsində olan şikayətlərin ardı-arası kəsilmir. Artıq AAK-ın sıravi əməkdaşları deyil, ekspert şuralarının üzvləri ayağa qalxıb, AAK rəhbərinin qanunsuz əməllərinə şərik olmaq istəmirlər.
Canı boğazına yığılan tanınmış professorlar və bəzi iddiaçılar bu gün «Təzadlar»ın redaksiyasında oldular. Onların Prezident İlham Əliyevə və surəti «Təzadlar» qəzeti redaksiyasına ünvanlı müraciətində Azərbaycan elminə sonsuz təəssübkeşlik nümayiş olunur, eləcə də Vəli Hüseynovun AAK-a müvəqqəti sədrlik vəzifəsini icra etdiyi dövrdən bəri elmimizi və alimlərimizxi aşağılamağın ən çirkin üsulları tənqid edilir, Prezidentdən kömək istənilir.
Beləliklə, aşağıda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvlərinin Prezident İlham Əliyevə ünvanlı müraciətini olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Surəti: “Təzadlar” qəzetinin redaksiyasına
MÜRACİƏT
Çox hörmətli Cənab Prezident!
Biz alimlər Sizin yeritdiyiniz daxili və xarici siyasəti bəyənirik, Sizə uzun ömür, cansağlığı və ölkəmiz üçün taleyüklü məsələlərin həllində uğurlar arzulayırıq.
Bu müraciətə imza atan biz professorlar, elmimizin saflığı naminə, Prezidentin apardığı siyasətə sadiq olaraq əlimizdən gələni əsirgəmirik. Lakin bəzi yerində olmayan məmurlar açıq şəkildə hansı məqsədləsə buna mane olur. Onlardan ilk sırada dayananlardan biri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovdur.
Biz AAK-ın iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvləriyik. Vəli Hüseynov sədr vəzifəsini müvəqqəti icra edəndən bu quruma elm ictimaiyyəti tərəfindən nifrət dözülməz həddə çatıb. Daimi olaraq müəyyən ciddi müqavimət göstərməyimizə baxmayaraq, onun özünü elm adamı deyil, “bazar adamı” kimi aparması bizi bu addımı atmağa məcbur etdi.
Vəli Hüseynov davamlı olaraq Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz, savadsız işlərə müsbət rəy yazdırır. Konfliktə getməmək, abır-həyamızı gözləmək naminə dözürdük. Son iclaslarda isə ekspert üzvləri olaraq təzyiqlərə dözməyərək ardı-arası kəsilmədən, açıq şəkildə öz etirazlarımızı bildirirdik.
Vaxtınızı almamaq üçün bir epizod: 2 iyul 2018-ci il tarixdə Ekspert Şurasının iclasında iddiaçı Əliyev Ruslan Yusif oğlunun (SOCAR-ın “Azəriqaz” İB Baş direktorunun satış üzrə müavini) “Azərbaycanda mənzil sferasının inkişafının təşkilatı – iqtisadi problemləri” mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işi müzakirəyə çıxarıldı.
Bu dissertasiya işinə Ekspert Şurasının 25 iyun 2018-ci il tarixli iclasında rəy yazmaq ekspert, professor Ədalət Əliyevə tapşırılmışdı. Lakin sonradan Vəli Hüseynovun təkidi ilə dissertasiya işinə rəy vermək hansı səbəbdənsə ekspert Şəfa Əliyevə tapşırıldı və bu da iclasda verilən kollegial qərara hörmətsizlik və qanun pozuntusu idi.
Bəs niyə Vəli Hüseynov belə narahat olmuşdur? Çünki o, professor Ədalət Əliyevin obyektiv və prinsipial olmağını nəzərə almışdı, onun cəmiyyətdə böyük nüfuzunu bilərək təzyiq göstərə bilməyəcəyini bilib narahat idi ki, iş layiqli deyilsə, Ədalət Əliyev müsbət rəy verməyəcək. Əvvəlki iclasların birində Vəli Hüseynov zala daxil oldu və qeyri-obyektiv, aşağılayıcı bir fikir söylədi. Professor Ədalət Əliyev isə Vəli Hüseynovdan AAK-da neqativ hallara yol verilməməsini xahiş etdi və həmin neqativ hallar haqda konkret faktlarını söylədi, onu elmimizin taleyi naminə ədalətli olmağa çağırdı. Bu, əlbəttə ki, Vəli Hüseynovun xoşuna gəlmədi, tutarlı cavab da verə bilməyib pərt oldu və otağı tərk etdi.
Müzakirə vaxtı Şəfa Əliyevin müsbət rəy, Ədalət Əliyevin isə mənfi rəy verməsi məlum oldu. Belə olan halda, biz təklif etdik ki, iddiaçını növbəti iclasa dəvət edək ki, iradlara cavab versin. Bu qərar 1 nəfər əleyhinə, 1 nəfər də bitərəf olmaqla qəbul edildi. Ancaq işə həmin anda obyektiv baxılsaydı, mənfi qərar veriləcəkdi. Buna ciddi əsaslar var idi.
1. Ruslan Əliyevin cəmi 15 məqaləsinin olması. Əsasnaməyə görə isə 20 məqalə olmalıdır, özü də AAK-ın tələb etdiyi nəşrlərdə.
2. Dissertasiya işinin 2017-ci ilin son aylarında təsdiq olunması. “Azəriqaz”da satış üzrə müavin işləyən şəxsin mənzil sferası sahəsində doktorluq dissertasiyası yazması və özü də 7 aya (?!), bu, elmi ələ salmaqdır. Elm və təhsil idarələrində çalışanlar elmlər doktoru dissertasiyasını 10 ilə güclə başa çatdırırlar.
Cənab Prezident!
4 iyul 2018-ci il tarixdə AAK-ın rəyasət heyətinin iclası olmuşdur. Burada Vəli Hüseynov qəzəbini gizlətməyərək həmin qərarın lehinə səs verən ekspertləri cəzalandıraraq, Rəyasət Heyətinin üzvlərinə onları tərkibdən kənarlaşdırmaq təklifi vermişdir. Bu təklifə ciddi müqavimət olsa da, Vəli Hüseynov Rəyasət Heyətinin üzvlərinə yalan informasiya verərək, guya bütün bunları ekspert şurasının sədri ilə razılaşdırdığını bildirmişdir. Biz sədrdən öyrəndik ki, o, Ekspert Şurasının heç bir üzvünün tərkibdən çıxarılması haqda nə yazılı, nə də şifahi razılıq verib. Sədr şuraya yalnız yeni ekspertlərin əlavə olunmasına şifahi razılıq verdiyini bildirdi.
Bəs görəsən, bu hadisə niyə indi baş verdi? Niyə 3-4 ay əvvəl olmurdu? Bu, elmdə heç bir yeri olmayan, “Azəriqaz”da Baş direktorun müavini vəzifəsini tutan Ruslan Əliyevin dissertasiya işinin obyektiv müzakirəsindən sonra reallaşdı. Biz çoxdan bilirdik ki, Vəli Hüseynova obyektiv müzakirələr, qərarlar lazım deyil. Ona şəxsi mənafeyini müdafiə və vəzifə səlahiyyətlərindən sui-istifadə lazımdır. Ancaq səlahiyyətli vəzifə sahibi kimi o, bizdən obyektiv qərarlar tələb etməlidir.
Cənab Prezident!
Çoxsaylı faktları yazıb vaxtınızı almaq fikrində deyilik. Və bu müraciəti yazmaqda məqsədimiz heç də yenidən Vəli Hüseynovun rəhbərlik etdiyi təşkilatın Ekspert Şurasına qayıtmaq istəyimizdən irəli gəlmir. Məqsədimiz dəhşətli faktları üzə çıxarmaq və elmdə saxtakarlığın, neqativ halların qarşısını almaqdır. Təəssüflər olsun ki, biz Vəli Hüseynovu qanuni və sivil formada təsir göstərməklə buna nail ola bilmədik.
Cənab Prezident!
Xahiş edirik ki, müvafiq orqanlara konkret olaraq aşağıdakı məsələlərə aydınlıq gətirmək üçün göstəriş verəsiniz və əsl günahkar cəzalandırılsın.
1.Vəli Hüseynov AAK-ın rəyasət heyətinin iciasında Ekspert Şurasının üzvlərini (bizim iştirakımız olmadan) guya “banda” yaratmaqda ittiham edib. Hər bir ekspert üzvünün fəaliyyəti araşdırılsın və onda məlum olacaq ki, “banda”nı kim yaradıb və onun başçısı kimdir. Biz, yoxsa Vəli Hüseynov? Bunun cavabını elm adamları çoxdan bilir.
2.Vəli Hüseynovun idarəçiliyi dövründə yazdığımız müsbət rəylərin çoxu qeyri-qanuni olaraq gizli rəylərə göndərilib və mənfi rəy alınıb, ya da mənfi rəy yazdıqlarımız müsbət həll olunub. Bu, kütləvi hal alıb və növbəti mərhələlərdəki proseslərdən bizim xəbərimiz olmayıb.
Məqsəd nə olub, rüşvət, yoxsa nə?
3.Mərhum akademik Arif Mehdiyevin sədr olduğu dövrdə 2 dəfə Ekspert Şurasında imtina olunmuş işlər Vəli Hüseynov tərəfindən yenidən müzakirəyə çıxarılıb (halbuki 2 dəfə imtina olunmuş işlərə baxmaq olmaz). Bu faktın araşdırılması bəzi neqativ məsələlərə aydınlıq gətirə bilər (hələ Arif Mehdiyevin dövründə Vəli Hüseynovun bizdən hansı xahişlər etdiyini, razılıq vermədikdə təzyiq göstərdiyini demirik).
4.Kənd təsərrüfatı sahəsində olan müdafiə şurasında ayda bir neçə dissertasiya işi müdafiə edilir (yəni normadan artıq). Hansı ki, 2 fəlsəfə doktorundan və ya bir elmlər doktorundan artıq müdafiə təşkil etmək «Əsasnamə»yə ziddir. Bu şurada hətta profilə uyğun olmayan, məsələn, turizm, neft-qaz sənayesi, maliyyə və s. sahələrdə müdafiələr təşkil olunub. Bu şuradan Ali Attestasiya Komissiyasına gələn bütün işlər Vəli Hüseynovun müxtəlif istiqamətli təkidləri ilə qısa bir zamanda təsdiq olunub. Bu şurada müdafiə edənlərin əksəriyyəti isə elm və təhsildə çalışmırlar, özəl sektorda işləyirlər. Məqsəd məlumdur. Araşdırma çox ciddi nöqsanları və «bazar elementləri»ni aşkara çıxaracaq.
5.Araşdırması çox ciddi tələb olunan məsələlərdən biri də Vəli Hüseynovun idarəçiliyi dövründə neçə nəfərin müdafiə etməsi, onların neçə nəfərinə Vəli Hüseynovun təkidi və təzyiqi ilə müsbət rəy verilməsi və bu işlərin səviyyəsidir. Bütün bu araşdırmaların nəticəsi göstərəcək ki, elmə əsl elm adamları deyil, bazar adamları gəlir. Təəssüf… Çox təəssüf.
Cənab Prezident!
Respublikamızın gələcəyi naminə bu yolda elmə köməklik göstərməyinizi və tez bir zamanda AAK-ı Vəli Hüseynovdan xilas etməyinizi Sizdən xahiş edirik.
Sizin şəxsiyyətinizə dərin hörmət və ehtiramla:
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvləri.
Redaksiyadan: müraciət Prezident İlham Əliyevə, eləcə də əlavə olunmuş digər mühüm sənəd və materiallar Baş Prokurorluğa, Prezident Administrasiyası humanitar şöbənin rəhbərliyinə göndərildiyindən, eləcə də şikayətçi şura üzvləri Azərbaycanın elm ictimaiyyəti arasında nüfuzlu şəxslər olduğundan onların imzalarını bu dəfə göstərməmyi məsləhət bildik. Bəzi xüsusatlar da var ki, bu barədə növbəti yazıda daha incəliklə bəhs olunacaq.
Nəhayət, müraciət müəllifləri tərəfindən redaksiyaya təqdim olunmuş və AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun təzyiq və təhdidləri ilə müsbət rəy alaraq elmlər doktoru olmuş 32 nəfərin siyahısı barədə. Bu siyahıda bizim də yaxından tanıdığımız insanlar var deyə, onların imicinə ağır zərbə vurula biləcəyini nəzərə alıb hələki dərc etmirik və həmin siyahını ciddi araşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərəcəyik. Nəticəsi barədə əlavə məlumat veriləcək. \\tezadlar.az\\

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …