Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / 8 min saxta diplomlu müəllim və cəzasızlıq: – Nazir bir nəfərdə işə qarışdı, bəs başqaları?

8 min saxta diplomlu müəllim və cəzasızlıq: – Nazir bir nəfərdə işə qarışdı, bəs başqaları?

Nəbiyeva (Zeynalova) Leyla Rauf qızı 2000/2001-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (indiki Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak edərək Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisasına əyani (dövlət sifarişi üzrə) təhsilalma forması üzrə qəbul olunub.

2004-cü ildə həmin müəssisədən məzun olmuş Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyindən B seriyalı 020724 nömrəli diplom blankı verilib, lakin AMİ-nin Qazax filialı tərəfindən həmin diplom başqa şəxsin adına yazılıb. Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına isə hüquqi əsası olmayan B seriyalı 042889 nömrəli diplom təqdim olunub. Məsələyə müdaxilə edən təhsil naziri Ceyhun Bayramov bununla bağlı əmr imzalayıb və başqa şəxsin adına yazılmış B seriyalı 020724 nömrəli diplom etibarsız sayılıb.Nazirliyin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunaNəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün yeni dövlət nümunəli diplom blankı ayrılmasını təmin etmək tapşırılıb.

Cebhe.info-ya açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, 2014-cü ildə Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadə demişdi ki, 2000-ci ildən 2014-cü ilə qədər 24000 şəxs DİM-in imtahanlarından keçərli bal toplamayaraq diplom alıblar:
“Yəni ki, həmin şəxslər universitetə imtahan vasitəsi ilə yox, başqa qaydalarla qəbul olublar. Burada bir məsələ var, bu diplomlar dövlət nümunəlidir ya yox? Bu proseslər necə və nə vaxtdan yaranmağa başlayıb? Çünki Azərbaycan 1991-ci ildə müstəqillik qazandı və həmin vaxtı təhsil haqqında qanunumuz sovetlər dönəmindəki ilə eyni idi. Ali təhsil müəssisələri özünə daxili qayda da tələbə qəbul edə bilərdilər. Bu qanun 2005-ci ilə qədər qüvvədə qaldı, baxmayaraq ki, bizim sonuncu təhsil haqqında qanunumuz 2009-cu ildə qəbul edildi”.

Ekspert konkret misallar çəkərək məsələ haqqında fikirlərini bildirib:

“2018-ci ildə DİM Nazirlər Kabineti ilə razılaşdırıb 45000 plan yeri çıxardı. Yəni, 2018-ci ildə 45000 nəfər ali təhsil müəssisələrinə qəbul olacaq. Bu o deməkdir ki, 2022-ci ildə 45000 diplom veriləcək. Ancaq reallıq budur ki, bu diplomlar arasında ali təhsilini başa vurmamış, təhsilini yarımçıq qoyanlar, kəsrə görə bitirməyənlər, evlənənlər və b. şəxslər olacaq. Ancaq 4 ildən sonra həmin sayda diplom Təhsil Nazirliyindən universitetlərə göndəriləcək.

Məsələn, hər hansısa təhsil müəssisəsinə 100 diplom göndərilirdi, ancaq onların hamısı bitirmirdi. Kimlər ki, qeyri-qanuni yollarla rektor, dekanla razılaşırdılar onlar da diplom alırdı. Bu cür hallar ən çox universitetlərin filiallarında baş verirdi. Məsələn, Gəncə, Qazax filiallarında olurdu. Beləliklə x-a veriləcək diplom, y-a verilirdi”.

K.Əsədov bildirib ki, 2013-cü ilə qədər diplomların elektron bazaları olmadığı üçün eyni seriyalı diplomlar bir neçə nəfərə verilə bilirdi:
“Əvvəllər bunu yoxlamaq mümkün deyildi. 2014-cü ildən 2017-ci ilə qədər Təhsil Nazirliyi müəllimlərin qiymətləndirilməsini keçirdi və məlum oldu ki, 4500-dən çox orta təhsil müəssisələrində işləyən 151000 müəllimdən 8000-ə qədər müəllimin diplomu dövlət nümunəli deyil. Yəni, onlar rəsmi qayda da diplom almayıblar, bu diplomlar bir neçə nəfərə verilən diplomdan olublar.

Bu hallar daha çox Göyçay, Neftçala rayonunda yerləşən kollecdə, Gəncə Müəllimlər İnstitunda, Qazaxda yaşanıb. Hal-hazırda Təhsil Nazirliyinin diplom.edu.az saytı var ki, hər işə götürən tabeliyindəki işçilərin diplomlarını yoxlamaq üçün bu portaldan istifadə edə bilər.
Bunu da bildirim ki, burada insan faktoru olduğu üçün yalnışlıqlar da ola bilər”.

Qeyd edək ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla dəfələrlə əlaqə saxlamağa çalışsaq da baş tutmadı.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …