Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / 7 SAYLI NOTARİUSUN RƏİSİNİN SAXTA ƏMƏLİ ÜZƏ ÇIXDI –  VİDEO

7 SAYLI NOTARİUSUN RƏİSİNİN SAXTA ƏMƏLİ ÜZƏ ÇIXDI –  VİDEO

Xəzər rayonunda fəaliyyət göstərən Ədliyyə Nazirliyinin 7 saylı Notariat Kontorunun rəisi Nadir Vədətovun vətəndaşın xəbəri olmadan, ona məxsus olmayan torpaq sahəsinə dair saxta etibarnamə ilə olmayan mülkünün dövlət ehtiyacları üçün alınmasına dair sənəd tərtib edib…

N.Vədətov Buzovna qəsəbə Bələdiyyəsinin rəhbərliyi, o cümlədən bələdiyyənin işçisi Mətanət Əkbərova ilə əlbir olaraq külli miqdarda pulun ələ keçirilməsində ittiham olunur. Bu barədə “Təzadlar”a Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 16-da qeydiyyatda olan, lakin hazırda Seroqin 12, mənzil 21 ünvanında yaşayan Hüseynova Şəfiqə Əlibaba qızı video müsahibə verib, şok sübutlar və sənədlər təqdim edib.

“Mətanət Əkbərova 7 saylı Notariat Kontorunda Sarvan Abbasov adlı şəxsə mənim adımdan saxta etibarnamə tərtib etdirib”

7 saylı Notariat Kontoru rəisinin saxta əməli? - VİDEO - YENİLƏNDİ

Qeyd etdiyimiz kimi, Ş.Hüseynova Xəzər rayonunda fəaliyyət göstərən Ədliyyə Nazirliyinin 7 saylı Notariat Kontorunun rəisi Nadir Vədətovdan şikayətçidir. Şikayətçinin Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə, Azərbaycan Respublikasının Baş prokuroru cənab Z.Qaralova, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi K.Əliyevə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi cənab M.Səlimzadəyə və surəti “Təzadlar” qəzetinə ünvanladığı müraciətdə bildirilir:

Möhtərəm cənab Prezident!
Hörmətli cənab Baş prokuror!
Hörmətli cənablar!
Bildirirəm ki, 2003-cü ildə həyat yoldaşım məlum olmayan səbəbdən evimizi satdı. Mən iki uşaqla küçədə qaldım. Elə o vaxtdan xəstə qızımla kirayələrdə yaşayırıq. Həmin ərəfədə Buzovna qəsəbəsində ev alğı-satqısı ilə məşğul olan Mətanət Əkbərova adlı qadınla tanış oldum. O, mənə ev almaqda kömək edəcəyini bildirdi. Mən 2005-ci ildən işləyərək qazındığım pulların hamısını Mətanət Əkbərovaya verməyə başladım. Lakin sonra M.Əkbərova nə mənə ev aldı, nə də pulumu geri qaytardı. Mətanət Əkbərova hal-hazırda Buzovana qəsəbə Bələdiyyəsində işləyir. Uzun müddətdir Mətanət Əkbərovadan pulumu geri qaytarmasını tələb edirəm. Lakin o, müxtəlif bəhanələr gətirərək pulumu geri qaytarmır. Onun bu haqsızlığından əsəblərim korlanıb. Bu müddətdə məni üç dəfə maşın vurub. Üçüncü qəzada sidik kisəmi tamam itirdim. İndi mən sidik ifraz edən orqansız gəzirəm. Bütün bunlara baxmayaraq, M.Əkbərova mənim pulumu geri qaytamaq istəmir. M.Əkbərovanın dediyinə görə, hal-hazırda onda 16500 manat pulum var. Həm də sonradan öyrəndim ki, Mətanət Əkbərova xəbərim olmadan Bakı şəhəri 7 saylı Notariat Kontorunda qanunsuz olaraq Sarvan Abbasov adlı şəxsə mənim adımdan saxta etibarnamə tərtib etdirib. Həmin etibarnamə əsasında bankdan mənim adıma plana düşmüş torpaq sahəsi adı ilə kompensasiya alıblar. Halbuki nə mənim torpağım var, nə də plana düşüb. Eləcə də başqasının adına etibarnamə vermək üçün Bakı şəhəri 7 saylı Notariat Kontorunda olmamışam. Bir gün M.Əkbərova Buzovna qəsəbə Bələdiyyəsindən sosial yardım almaq adı ilə mənə boş vərəqə imza atdırdı. Səhəri gün isə dedi ki, yardım alınmadı.
Qeyd etdiyim kimi, hazırda xəstə qızımla kirayədə yaşayırıq. Mətanət Əkbərovanın qanunsuz əməllərindən Buzovna qəsəbə Bələdiyyəsinin sədri Mətləb Əliyev də xəbərdardır. Lakin bələdiyyə sədri M.Əliyev Mətanət Əkbərovanın qanunsuz əməllərinə göz yumur.
Möhtərəm cənab Prezident!
Hörmətli cənab Baş prokuror!
Hörmətli cənablar!

Xahiş edirəm, Mətənat Əkbərovadan 16500 manat pulumun geri alınmasına kömək edəsiniz. Həmçinin Bakı şəhəri 7 saylı Notariat Kontorunda qanunsuz olaraq adımdan Sarvan Abbasov adlı şəxsə verilən saxta etibarnamə araşdırılsın və günahkarlar məsuliyyətə cəlb edilsinlər”.

7 saylı Notariat Kontorunun xüsusi notariusu Nadir Vədətov bizi Mətbuat Şurası ilə hədələdi

Məsələ ilə bağlı müraciətdə adı hallandırılan Bakı şəhəri 7 saylı Notariat Kontorunun xüsusi notariusu Nadir Vədətovla telefon əlaqəsi saxladıq. Suallarımızın bir qismini cavablandıran N.Vədətov şikayətin yerində araşdırılması üçün əməkdaşımızı kontora dəvət etdi.
Bu gün Xəzər rayonu A.İldırım küçəsi 39 ünvanında yerləşən 7 saylı Notariat Kontorunda olduq. Şikayətin məzmunu ilə tanış olan xüsusi notarius Nadir Vədətov ittihamlarla razılaşmadı və rəhbərlik etdiyi 7 saylı Notariat Kontorunun heç bir qanunsuzluğa yol vermədiyini bildirdi. Şikayətçinin isə iddiasında haqlı olduğunu söylədiyini N.Vədətova bildirdikdə, o, bizi Mətbuat Şurası ilə hədələdi. Biz isə ondan Mətbuat Şurasına zəng edərək bura gəlişimiz barədə məlumat verməyini istədik. Bu gözlənilməz və qəfil təklifdən çaşan N.Vədətov Mətbuat Şurası mövzusundan vaz keçdi. Lakin əvvəlki möqeyində qalan N.Vədətov rəhbərlik etdiyi 7 saylı Notariat Kontoruna qarşı irəli sürülən ittihamların qondarma olduğunu, ona böhtan atıldığını dedi… Bu məqamda şikayətçi Ş.Hüseynova bizimlə telefon əlaqəsi saxlayaraq araşdırmada onun da iştirakının təmin edilməsini xahiş etdi… Az sonra Ş.Hüseynova hüquqi nümayəndəsi ilə birlikdə 7 saylı Notariat Kontoruna gəldi. N.Vədətovun otağında şikayətçi və onun numayəndəsinin iştirakı ilə bəzi detallara aydınlıq gətirdik.

“Bu imzalar mənim deyil”

Nadir Vədətovun təqdim etdiyi sənədlərdəki imzaların ona aid olmadığını deyən Şəfiqə Hüseynova əsəblərini saxlaya bilmədi…
Nadir Vədətov:
– Bu imzalar sənin deyil?
Şəfiqə Hüseynova:
– Xeyr, bu imzalar mənim deyil. Mən bu Notariat Kotorunu heç tanımıram, birinci dəfədir bura gəlirəm. Mən heç sizin özünüzü də tanımıram.
N.V:
– Raya Musayeva, Şakir Musayev və sən birlikdə gəlib bu sənədlərə qol çəkməmisiniz?
Ş.H:
– Raya Musayeva, Şakir Musayev kimdir? Mən onları tanımıram.
N.V:
– Üçünüz bir yerdə gəlib bu sənədlərə qol çəkməmisiniz?
Ş.H:
– Xeyr! Nadir müəllim, Allaha and olsun, mən bura gəlməmişəm. Kiməsə etibarnamə vermək üçün sizə müraciət etməmişəm. Bu imzalar saxtadır. Ona görə ki, bu sənədlərə Mətanət Əkbərova özü qol çəkib.
N.V:
– Mətanət kimdir?

“Mətanət Əkbərova mənim kimi çox adamları aldadıb pulunu mənimsəyib”

Ş.H:
– Guya siz Mətanət Əkbərovanı tanımırsınız? Buzovana qəsəbə Bələdiyyəsində işləyir. Mətanət Əkbərova mənim kimi çox adamları aldadıb pulunu mənimsəyib. Mənə ev almaq adı ilə 16500 manatımı alıb, indi vermir.
N.V:
– Pulunu vermir, get, ver məhkəməyə.
Ş.H:
– Onsuz da işi məhkəmədədir…
N.V:
– Bu imza da sənin deyil?
Ş.H:
– Xeyr, mənim imzam deyil. Mən burda olmamışam və heç bir sənədə qol çəkməmişəm.
N.V:
– Axı şəxsiyyət vəsiqənin surəti bu sənədlərin içərisindədir…
Ş.H:
– Mətanət Əkbərova mənim də, qızımın da şəxsiyyət vəsiqəsini almışdı ki, bələdiyyə yardım verəcək. O adla şəxsiyyət vəsiqələrimizi alıb, surətlərini də gətirib sizə verib, siz də saxta etibarnamə vermisiniz. Nadir müəllim, mənim nə torpağım var, nə də evim. Mən mülkiyyətçi necə ola bilərəm? Adımdan saxta etibarnamə verilən Sarvandır, kimdir, onu da tanımıram.

“Əşi, mən nə bilim eee kimin imzasıdır, araşdırıb öyrənərik kimin olduğunu…”

7 saylı Notariat Kontoru rəisinin saxta əməli? - VİDEO - YENİLƏNDİ

N.V:
– Diqqətlə baxanda, imzalar bir-birinə oxşayır axı.
Ş.H:
– Nadir müəllim, imzalar bir-birinə oxşayar eee, amma sizdəki sənədlərdə olan imza mənim deyil. Məgər siz bilmirsiniz kimindir?
N.V:
– Əşi, mən nə bilim eee kimin imzasıdır, araşdırıb öyrənərik kimin olduğunu… İndi məni bağışlayın, yas yerinə getməliyəm, tələsirəm…
***
Bu da son. Əslində son deyil. Çünki Nadir müəllim saxta olduğu iddia edilən imzaları araşdıraraq kimə məxsus olduğunu müəyyənləşdirəcək və nəticəsi barədə bizi də xəbərdar edəcək.

Mətanət Əkbərova şikayətçinin evinə niyə basqın edib?

Şəfiqə Hüseynovanın hüquqi nümayəndəsi redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, bizim araşdırmamızdan sonra Ş.Hüseynova barəsində şikayət etdiyi Buzovana qəsəbə Bələdiyyəsinin işçisi Mətanət Əkbərova tərəfindən basqına məruz qalıb. Hüquqi nümayəndənin sözlərinə görə, Ş.Hüseynova xəstə qızı ilə birlikdə qorxu və vahimə içində qalıblar: “Şəfiqə Hüseynovanı həbs etdirəcəyi ilə hədələyən Mətanət Əkbərova ondan şikayətini geri götürməsini tələb edib. Övladı ilə stress, qorxu və həyəcan içində qalan Şəfiqə Hüseynova isə Mətanət Əkbərovaya prezidentinə, dövlətinə güvəndiyini və üzləşdiyi haqsızlığa qarşı mübarizəsini davam etdirəcəyini bildirib. Çarəsiz halda olan Ş.Hüseynova bütün gecəni xof içində keçirib”.
Dünən redaksiyamızla əlaqə saxlayan Ş.Hüseynovanın sözlərinə görə, bu barədə Bakı şəhər Xəzər RPİ-nin 2-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib.
***
Məsələyə münasibət öyrənmək üçün Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinin rəis müavini Mehman Sultanovla əlaqə saxladıq. M.Sultanov məsələyə münasibət bildirərkən qeyd etdi ki, Nadir Vədətov dediyimiz qanunsuzluğa yol verə bilməz: “Özüm də bu barədə araşdırma aparıb, sizə məlumat verərəm”.
Bir müddət sonra M.Sultanov bildirdi ki, denyilənlər düz deyil: “Şikayətçi qadının orada olduğunu və sənədlərin özünün imzaladığını təsdiq edən video görüntü var. Bu barədə Nadir Vədətov özü də sizə məlumat verəcək”.
Dünən qəzet çapa hazırlanarkən redaksiyamızla əlaqə saxlayan 7 saylı Notariat Kontorunun rəisi Nadir Vədətov şikayətçi Şəfiqə Hüseynovanın ittihamlarının əsassız olduğunu və bu barədə onda sənəd-sübutlar və video görüntülər olduğunu bildirdi. N.Vədətov həmin sənədləri və video görüntünü redaksiyamıza təqdim edəcəyini söylədi. Xüsusi notariusun qəzetmizin əməkdaşını Mətbuat Şurası ilə hədələməsinə gəlincə, N.Vədətov “Təzadlar”ın adının Mətbuat Şurasının “qara siyahısı”nda olduğunu əsas gətirərək, açıqlama vermək istəmədiyini bildirmişdir. Biz isə Mətbuat Şurasının katibi Rəhim Hüseynovla əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirməsini istədik. R.Hüseynov “Təzadlar” qəzetinin Mətbuat Şurasının “qara siyahısı”nda olmadığını telefonla N.Vədətova bildirdi.
Mövzunu diqqətdə saxlayacağıq.

 

 

https://www.youtube.com/watch?v=P_CcdCUTiYI

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın