Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / 4 saylı şəhər poliklinikasında Qarabağ əlilinə qarşı müdhiş dəladuzluq edilib-Təfərrüat

4 saylı şəhər poliklinikasında Qarabağ əlilinə qarşı müdhiş dəladuzluq edilib-Təfərrüat

Qarabağ müharibəsi əlili Həsənov Xalıqverdi Həsən oğlu dələduzluq əməlinin qurbanı olub. Həmin cinayət əməlinin araşdırılması üçün o Azinforum.az vasitəsilə ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Məlumat verərək bildirirəm ki, 1991-ci ildən 1997-ci ilin noyabr ayına qədər müxtəlif döyüş bölgələrində tank bölüyündə tağım komandiri olaraq bir çox ağır döyüşlərdə iştirak etmişəm. Döyüşlərdə göstərdiyim şücayətlərə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşəm. 1992-ci ildə Laçın, 1993-cü ildəisə Ağdam ətrafında gedən qanlı döyüşlərdə ağır bədən xəsarətləri almışam. Hal-hazırda 2-ci qrup Qarabağ əliliyəm və təqaütdə olan hərbiçiyəm. 2019-cu ilin mart ayının əvvəlində, mənimlə eyni cəbhədə döyüşmüş hərbiçi yoldaşlarla yas mərasimində görüşərkən təsadüfən Qarabağ əlillərinə qayğıdan söz düşdü. Yoldaşlardan biri mənə bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq, 2-ci qrup Qarabağ əlillərinin bir qisminə ev və avtomobil veriləcək. Mən bu məlumatın dəqiqliyini necə öyrənə biləcəyimi soruşduqda, o mənə bildirdi ki, qeydiyyatda olduğum poliklinikaya müraciət etməliyəm. Söhbətdən təxminən 2-3 gün sonra, mən qeydiyyatda olduğum 4 saylı şəhər poliklinikasına getdim. Təsadüfən orada, əvvəldən tanıdığım Flora adlı tibb bacısı ilə rastlaşdım. Söhbət əsnasında mən ondan Qarabağ əlillərinə verilməsi üçün nəzərdə tutulan maşınlar haqqında bir məlumatının olub olmamasını soruşdum. Bu zaman Flora mənə bildirdi ki, bəli var, istəsən mən dəqiqləşdirib deyərəm.

Mən ona inandım və öyrənib mənə bir cavab deməsini xahiş edərək geri qayıtdım. Təxminən 3 gün sonra, Flora özünün +994 55 774 67 26 GSM nömrəsindən mənim istifadə etdiyim +994 55 718 25 61GSM nömrəsinə zəng vuraraq görüşmək istədiyini dedi. Mən poliklinikaya getdim və Flora məni Zaur adlı şəxslə tanış edərək bildirdi ki, bu şəxs Hərbi Hospitalda həkimdir və Qarabağ əlillərinə ev, maşın verilməsi işlərinə baxır. Mən həmin şəxslə məsələ barədə danışdıqda, Zaur adlı şəxs və Flora mənə əminliklə bildirdilər ki, bəli, may ayının 10-da Heydər Əliyevin doğum günü ilə əlaqədar Qarabağ əlillərinə az sayda avtomobillər paylanılacaq. Bu görüşümüzdən təxminən 2-3 gün sonra, Zaur özünün istifadə etdiyi +994 50 393 66 02 GSM nömrəsindən mənim istifadə etdiyim +994 55 718 25 61GSM nömrəsinə zəng vuraraq mənimlə təcili görüşmək istədiyini bildirdi. Biz axşam saatlarında görüşdük. Bu zaman Zaur mənə dedi ki, məsələni danışmışam, çox az sayda adamlara maşın veriləcək. Hansı ki, onlar da bir başa ya yuxarıdan tapşırılıb, ya da pul ödəyiblər. Mən bir qədər təccüblənsəm də, nə qədər ödəniləcəyini soruşduqda o mənə bildirdi ki, 5000 (beş min) manat ödəməlisən.

Mən bu qədər pula imkanım olmadığını dedik də, Zaur bildirdi ki, ilk olaraq 3000 (üç min) manat ödə, mən nazirliyin pulunu ödəyim, qalanını sonra baxarıq. İmkan olsa biraz aşağı olması üçün kömək edərik. Mən görüşümüzün səhəri günü yaxın qohumlardan borc alıb qeydiyyatda olduğum 4 saylı poliklinikada, Floranın yanında Zaurla görüşdüm və bu zaman Flora mənə bildirdi ki, narahat olma, etibarlı adamdır, nə lazımdırsa ver maşını götür. Bundan sonra baş həkimin çağırdığını bildirərək özü otaqdan çıxdı və mən 2500 (iki min beş yüz) manat pulu Zaura verdim. Səhəri gün də, 3-cü mikrorayon dairəsi yaxınlığında görüşdük. Mən Zaura 200 (iki yüz) manat da verdim və daha pul tapa bilmədiyimi, mümkünsə bu məbləğə razılaşmasını ondan xahişetdim. Zaur mənə bildirdi ki, eybi yoxdur, sənin yerinə 300 (üç yüz) manat mən özüm verərəm, sən mənə çatdırarsan. Mən ona təşəkkürümü bildirdim və xahiş etdim ki, imkan daxilində məsələni tez həll etsin. Bu görüşümüzdən 2 gün sonra, Zaur mənimlə telefon əlaqəsi saxlayaraq, hesabı Nazirliyə çatdırdığını və ən uzağı 1 aya həll olunacağını, may ayının 10-da isə maşının mənə veriləcəyini bildirdi.

Təxminən aprel ayının sonlarında isə, Flora mənimlə telefon əlaqəsi saxlayaraq bildirdi ki, təbrik edirəm, sənin sorğun gəldi, nə lazımdı yazdıq göndərdik, baş həkim dedi mənim şirniliyimi hazırlasın, maşın veriləcək. Mən ona öz təşəkkürümü bildirdim. Flora mənə dedi ki, təşəkkür sözlə olmur, baş həkim dedi 200 (iki yüz) manat şirinlik gətirsin. Mən səhəri günü 200 (iki yüz) manat pulu 4 saylı poliklinikada Floranın özünə verdim. 2019-cu ilin may ayının 10-da heç kim mənimlə əlaqə saxlamadı və heç bir maşın verilmədi. Mən bu barədə öncə Zaurla, sonra da, Flora ilə danışdıqda hər ikisi mənə bildirdi ki, sənədlərdə anlaşılmazlıq olub, narahat olma, düzələcək və sən maşını alacaqsan. Belə olduqda mən şübhələndim və onlardan pulumu geri tələb etdim. Çün ki, mən qohumlardan aldığım borcları Kapital Bankdan kredit alaraq qaytarmışdım.

Faizlər yığılmaması üçün pulu geri ödəməliydim. Elə o vaxtdan da, Zaur mənimlə görüşməkdən yayınır, etibarımdan sui istifadə edərək məndən aldığı 2700 (iki min yeddi yüz) manatı qaytarmaqdan boyun qaçırır. Bu barədə Floraya iradlarımı bildirdikdə isə, o səbr etməyimi istədi. Lakin sonuncu dəfə 5-6 gün bundan əvvəl Flora öz qardaşı ilə mənim evimə gələrək məndən 3 gün vaxt istədi və bildirdi ki, Zaur guya onun özünü də aldadıb, başqa 6-7 nəfər də var ki, hamısını Zaurla Flora tanış edib və bu gün onların hamısı şikayətçidir. Mən yenə ona öz sözümü dedim, bildirdim ki, əgər bu dəfə də mənim pulum qaytarılmasa aiddiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət edəcəyəm. Hal-hazırda, Zaurla Flora nə mənim pulumu qaytarmırlar, nə də mənim zənglərimə cavab vermirlər. HÖRMƏTLİ CƏNABLAR! Odur ki, ailə vəziyyətimi, aldadıldığımı və zərərçəkmiş olduğumu nəzərə alaraq mənə köməklik göstərməyinizi, yuxarıda adlarını qeyd etdiyim Zaur və Flora adlı şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları və mənə dəymiş ziyanın onlardan alınaraq mənə ödənilməsinin təmin olunması barədə əlaqədar şəxslərə göstəriş verməyinizi Sizdən xahiş edirəm. Göstərəcəyiniz köməkliyə görə öncədən minnətdarlığımı bildirirəm. QEYD: Lazım olan bütün sənədləri və sübutları istintaq orqanına təqdim etməyə hazıram”.

Azinforum.az

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …