Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / 4 milyonu ələ keçirib xaricə qaçan Cəbiyevlərə Bakıdan anlaşma təklifi

4 milyonu ələ keçirib xaricə qaçan Cəbiyevlərə Bakıdan anlaşma təklifi

“Milyonlarla dollarları dələduzluq yolu ilə ələ keçirən, İnterpol tərəfindən axtarışda olan Cəbiyevlər ailəsi (əslən Lerik rayonundan olan Cəbiyev Əbdülhüseyn Mirzağa oğlu, arvadı Cəbiyeva Yavər Alim qızı və və oğlu Cəbiyev Zahid Əbdülhüseyn oğlu-red) aldatdıqları şəxslərdən gizlənmək məqsədilə Türkiyənin İstanbul şəhərində qanunsuz yaşayır və orada əmək fəaliyyəti ilə məşğul olur”.

Bunu virtualaz.org saytına vəkil Kamandar Nəsibov deyib.

Vəkilin sözlərinə görə, Cəbiyevlər bir neçə şəxsin etibarındna sui-istifadə edərək onların böyük məbləğdə pullarını mənimsəyiblər və artıq uzun müddətdir ki, ölkə ərazisini tərk edərək qaçıblar: “Cəbiyevlər ailəsinin ələ keçirdiyi vəsaitin həcmi 4 milyon manatdan çoxdur. Bu şəxslərin əməllərində cinayət tərkibinin olması müəyyən edilib, barələrində Baş Prokurorluğa məlumat verilib. Dələduzluq faktı öncə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Sonradan iş materialları   araşdırılması üçün Daxili İşlər Nazirliyinə göndərilib. İş üzrə materiallar araşdırılıb, cinayət əməlləri istintaq materialları ilə tam sübuta yetirilib, barələrində axtarış elan edilib. Həmçinin istintaqdan yayındıqları üçün ölkədə fəaliyyət göstərən İnterpolin Milli Mərkəzi Bürosunun kanalları vasitəsilə beynəlxalq axtarış elan edilməsi haqda qərar qəbul edilib”.

Türkiyə polisi bu adamları niyə həbs edə bilmir?

Vəkil deyir ki, Cəbiyevlərin yaşadığı yerlərin müəyyən olunması, onların ölkə ərazisinə ekstradisiya edilməsi üçün yerli özəl detektiv şirkətlərə, xarici dövlətlərdə fəaliyyət göstərən bir neçə tanınmış agentliklərə müraciət olunub: “Türkiyə polisi isə bu adamları həbs eləyə bilmir, ya da həbs eləmək istəmir. Həmin özəl şirkətlər cinayətkarların yaşadıqları yerin, ünvanlarının müəyyən olunması, tapılmasında və bu barədə müvafiq qaydada yerli İnterpol bürolarına məlumat verməsində böyük təcrübəyə malik olduqları üçün imzalanmış müqavilələr əsasında onlara bütün hüquqi səlahiyyətlər verilib. Əminəm ki, bu şəxslər müxtəlif yollarla adlarını, soyadlarını, xarici görünüşlərini, hətta vətəndaşlığını dəyişdirsələr belə törətdikləri ağır cinayətlərə görə məsuliyyətdən yayına bilməyəcəklər. Tezliklə həbs olunacaq və ölkə ərazisinə ekstradisiya ediləcəklər”.

Kamandar Nəsibov

Aldadılanlar külli miqdarda vəsaiti kredit götürüblər

Vəkilin sözlərinə görə, Cəbiyevlər tərəfindən aldadılan, külli miqdarda pulları mənimsənilən şəxslər həmin vəsaitləri müxtəlif banklardan kredit götürüblər: “Hal-hazırda ölkədə belə bir praktika var ki, banklar müştərilərin düşdülkəri vəziyyəti anlayaraq cinayət işi qaldırıldığı üçün bankdan alınmış vəsaitə ödənilməmiş aylıq faiz məbləğlərini əlavə etmir, cərimə kimi hesablamır. Ona görə də hazırkı vəziyyətdə də borcluların yığılıb qalmış 4 milyon miqdarında pul vəsaitinin ödənilməsi yox, daha da az miqdarda vəsaitin tələbkarlara ödənilməsi ilə bağlı müxtəlif imkanlar var. Yəni əgər borclular – Cəbiyevlər  bizimlə əlaqə yaratmaq üçün cəhd edərsə, yığılmış borcun mərhələli şəkildə, aybaay qaytarılması ilə razılaşarsa, pulun tərtib olunacaq cədvəl üzrə aybaay qaytarılmasına dair müqavilə imzalayarsa və öhdəlik götürərsə, məsələnin qarşılıqlı danışıq yolu ilə də həlli mümkündür”.

“Vətənə qorxusuz dönmək istəyirlərsə…”

“Əgər borclular imzaladıqları müqavilə üzrə vaxtlı-vaxtında ödənişləri həyata keçirsələr, onların beynəlxalq axtarışına son qoyulması və barələrində qaldırılmış cinayət işlərinin dayandırılmasına  da baxıla bilər. Bununla da tələbkar şəxslər öz növbəsində banklardan götürdükləri kredit borclarını bu yolla bağlaya və məhkəmə qətnamələri üzrə icra işlərinə son qoyula bilər. Daha sonra isə imzalanmış müqavilələr tam yerinə yetiriləcəyi təqdirdə həmin şəxslərin hüquq-mühafizə orqanları, İnterpol tərəfindən axtarılmasının dayandırılması, gələcəkdə isə sərbəst şəkildə ölkə ərazisinə daxil olması təmin edilə bilər. Odur ki, həmin şəxslər dələduzluq yolu ilə əldə etdikləri böyük məbləğdə pulları mənimsədikləri, qanunları pozduqları üçün daima gizlənməyi istəmirlərsə, özlərinin beynəlxalq axtarşının dayandırılmasını, vətənə qorxusuz, çəkinmədən dönməyi, doğmalarını görməyi düşünürlərsə, atılmış humanist addımı düzgün qiymətlindirsinlər” – deyə vəkil əlavə edib.

Xatırladaq ki, ər-arvad Cəbiyevlər 2009-cu ilin noyabrında Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, 20A ünvanında yerləşən, “Ferah İnşaat” MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, Yavər Cəbiyevanın mülkiyyətində olan 176 kvadratmetrlik mənzili Sərraf Aslanova satıb. Alqı-satqı əməliyyatı elə “Ferah İnşaat” MMC-nin həmin binada yerləşən ofisində həyata keçirilib. Ər-arvad Cəbiyevlər Sərraf Aslanovdan ofisdə 200 min manatı alaraq mənzili onun adına rəsmiləşdiriblər.

“Ölkəni tərk etməklə məsuliyyətdən yayınıblar”

Lakin 2010-cu ilin təxminən aprel-may aylarında Cəbiyevlər “Ferah İnşaat” MMC-yə üzərində S.Aslanovun xətti və imzası saxtalaşdırılmış iltizamı təqdim edərək həmin mənzili yenidən öz mülkiyyətlərinə keçiriblər.

Daha sonra Cəbiyevlər mənzili banka girov qoyaraq kredit götürüb, krediti mənimsəyərək aradan çıxıblar.

S.Aslanov Cəbiyevlərin mənzili öz adlarına rəsmiləşdirib banka girov qoymasından təxminən 2012-ci ilin ortalarında xəbər tutub. Zərərçəkmiş məruz qaldığı dələduzluq əməlinə görə “Ferah İnşaat” MMC-nin rəhbərliyini və ona mənzili satan ər-arvadı məhkəməyə verib.

Nərimanov Rayon Məhkəməsində dindirmə zamanı inşaat şirkətinin rəhbərliyi iddia edib ki, Cəbiyevlərin dələduzluq əməlindən xəbərsiz olublar. Lakin iş materiallarından məlum olur ki, şirkətin rəhbərliyinin Cəbiyevlərin dələduzluq əməlindən, o cümlədən saxta iltizamdan xəbəri olub.

Məhkəmə Cəbiyevləri və inşaat şirkətini zərərçəkənə dəyən ziyanın ödənilməsinə məhkum edib. Qarşı tərəf hökmdən apelyasiya şikayəti verdiyindən qərarın qüvvəyə minməsi uzanıb. Cəbiyevlər isə ölkəni tərk etməklə məsuliyyətdən yayınıblar.

S.Aslanov ona dəymiş ziyanın ödənilməsinə mülki qaydada nail olmayanda dələduzların barəsində cinayət işinin qaldırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Nərimanov Rayon Polis İdarəsində faktla bağlı cinayət işi qaldırlıb və istintaq aparılıb. 2014-cü ilin oktyabrında Nərimanov Rayon Məhkəməsi istintaqın təqdimatını əsas götürərək  ar-arvad Cəbiyevlərin barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Lakin həmin vaxt Cəbiyevlər artıq ölkədə deyildi və qərarı onların özünə elan etmək mümkün olmayıb. Məhkəmə elə həmin gün – 2014-cü il, oktyabrın 1-də dələduz ər-arvadın barəsində axtarış qərarı çıxarıb.

Vəkil K.Nəsibovun bildirdiyinə görə, bu faktların hər biri barədə məhkəmə qərarları var və icraya yönəldilib. Məsələn, dələduz ailə zərərçəkmiş Rüstəm Quliyevdən 2010 və 2012-ci illərdə biznes ortaqlığı qurmaq adı altında 25 min manat və 373 min dolları, Zaur Səfərovdan 67 min manat pul alıb. Bu iş üzrə məhkəmə qətnaməsi var və icraya yönəldilib.

Xəzər Rayon Məhkəməsinin 2013-cü il, iyulun 11-də çıxarılmış qərarına əsasən isə Zahid Cəbiyev onun dələduzluq əməlindən zərər çəkmiş şəxslərdən birinə 300 min avro, 50 min dollar vəsaiti geri qaytarmalıdır. Bu qərar da icraya yönəldilib, lakin Z.Cəbiyevin adına heç bir şəxsi əmlak aşkar edilməyib.

Habelə onun ölkədə olmadığı məlum olub. Nəticədə Xəzər rayon İcra Şöbəsi Z.Cəbiyevin barəsində axtarış elan edib. Məlum olur ki, Cəbiyevlər külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəyəndən sonra Azərbaycanda öz adlarına olan əmlakı, o cümlədən Lənkəran rayonunda hektarlarla torpaq sahəsini qohumlarının və digər ailə üzvlərinin adlarına keçirdiblər.

Vəkilin bildirdiyinə görə, Cəbiyevlərin dələduzluq əməllərindən zərər çəkənlərdən 3-4 nəfəri məhkəməyə müraciət ediblər və onlara dəyən ziyanın ödənilməsi barədə qərarlar çıxarılaraq icraya yönəldilib. Qalanlar isə Cəbiyevlərin beynəlxalq axtarışda olduğunu bildiyindən şikayət ərizələrini təqdim etmək üçün onların tutulub ölkəyə gətirilməsini gözləyirlər. Dələduz ailənin əməllərindən zərər çəkənlərin sayı 10-dan çoxdur.

Məhkəməyə Z.Cəbiyevin 2011-ci ilin dekabrından 2014-cü ilin noyabrına qədər Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyində fəaliyyət göstərmiş “Zallı Fashion” firmasının direktoru olduğuna dair sənəd təqdim olunub. Məlum olub ki, Z.Cəbiyev Dubayda cins paltar tikişi ilə məşğul olan firmasının olduğunu göstərərək bir neçə şəxsi bu biznesə ortaq olmağa inandıra bilib və onlardan iri məbləğlərdə vəsaiti ələ keçirib. Daha sonra şirkətini sataraq aradan çıxıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın