Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “3 MƏRTƏBƏLİ OBYEKTİMİ SÖKÜB, 136 MİN TƏKLİF EDİRLƏR…” – Bakıda daha bir şirkət-vətəndaş qarşıdurması

“3 MƏRTƏBƏLİ OBYEKTİMİ SÖKÜB, 136 MİN TƏKLİF EDİRLƏR…” – Bakıda daha bir şirkət-vətəndaş qarşıdurması

“Təkcə təmirinə 200 min manat xərclədiyim obyektə görə mənə 136 min manat pul təklif edirlər”

“2017-ci il martın 19-u, axşam saat 21:30 radələrində, mənimlə heç bir ilkin razılıq əldə etmədən 3 mərtəbəli obyektimi ağır texnikanın köməyi ilə dağıtdılar. Üzərindən il yarıma yaxın müddət keçməsinə baxmayaraq, bu günə kimi nə mənimlə müqavilə bağlayıb, nə də kompensasiya ödəyiblər”.

Bunları Bakı sakini, Səbail rayonu, Qurban Abbasov 72 ünvanında yerləşən 304 kv metrlik obyektinin qanunsuz olaraq söküldüyünü iddia edən Heydərov Elman Buludxan oğlu “AzPolitika.info”ya şikayətində bildirib.

hermes01

E.Heydərovun obyektinin yerləşdiyi ərazi, necə deyərlər, dövlət planına düşüb. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 26 avqust 2016-cı il tarixli, 117 nömrəli sərəncamı ilə “Hermes S” MMC-yə hündürmərtəbəli yaşayış binasının tikilməsi məqsədilə bu ərazidən torpaq ayrılıb. Şirkət, ərazidə evi və obyekti olan vətəndaşlarla anlaşıb. Lakin E.Heydərovla ilkin razılıq əldə olunmayıb. Buna baxmayaraq, onun obyekti, özünün iddiasına görə, içindəki inventarla birlikdə ağır texnikanın köməyi ilə dağıdılıb. Söküntü işi Novruz Bayramı ilə əlaqədar qeyri-iş günündə – martın 19-da axşam saatlarında başlayıb.

Elman Heydərov bildirir ki, ona xəbər çatan kimi dərhal obyektinə gedib, DİN-in 102 xidmətinə xəbər verib. Lakin əraziyə 50-dən artıq polis əməkdaşı cəmləşsə də, obyektin söküntüsünün qarşısını almayıblar.

BAYILDA 1 KV-METRƏ GÖRƏ 500 MANAT?

hermes-sokuntu

Sahibkar bildirir ki, obyekti söküləndən sonra qarşı tərəfin ona kompensasiya ödəməsini gözləyib. Lakin “Hermes S” şirkəti ona kompensasiya ödəmək və ya sökülən obyektin əvəzinə yeni obyekt vermək əvəzinə vaxt uzatmaq üçün məhkəməyə müraciət edib. “Məni məhkəməyə verib, bildirdilər ki, sökülən obyektimin hər kvadrat metrinə görə cəmi 500 manat pul ödəyə bilərlər. Ən dəhşətlisi odur ki, məhkəmə də onların istəyinə uyğun olaraq, mənə hər kv.metrə görə 500 manat kompensasiya ödənilməsi barədə qərar çıxardı. İndi də hədə-qorxu gəlirlər ki, hansı məhkəməyə getsən də uduzacaqsan. Hər dəfə əllərini yuxarı qaldırıb, “göstəriş ordandır” deyirlər. Bu gün də mənimlə razılaşıb, müqavilə bağlayıb, ədalətli kompensasiya ödəmək əvəzinə hədə-qorxu gəlməkdə davam edirlər. Məhkəmə qərarında isə bildirilir ki, şəhərin ən prestijli hissələrindən birində yerləşən və 1991-ci ildən mənə məxsus olan 304 kv.metrlik obyektə görə 136.500 manat kompensasiya ödənilsin. Halbuki, 2014-cü ildə Ədliyyə Nazirliyi Səbail rayon İcra Şöbəsinə icarəyə verməzdən əvvəl bu obyektin təmirinə 200 min manatdan artıq vəsait xərcləmişdim. Diqqət edin, təkcə təmirinə 200 min manat xərclədiyim obyektə görə mənə 136 min manat pul təklif edirlər. Bu necə ədalət, necə qiymətləndirmədir? Məhkəməyə, sifarişlə obyektimin hər kvadrat metrinə 500 manat qiymət qoyan qiymətləndirmə şirkətinə deyirəm ki, gəlin mənə kvadratı 1000-1500 manata obyekt tapın, görüm tapa bilirsinizmi?”

Şikayətçi xatırladır ki, Sovetskidə hər kv.metr yaşayış sahəsinə görə dövlət vətəndaşlara 1500 manat kompensasiya ödəyib. “Hətta bundan da narazı qaldılar. Mənim qeyri-yaşayış sahəm, necə oldu ki, 500 manata qiymətləndirildi?”

ƏMLAKIN REAL DƏYƏRİ 1 MİLYON MANATDAN ARTIQDIR?

E.Heydərov məhkəmə proseslərinə 3-cü tərəf kimi cəlb olunmuş “Həsrət” İKM-nin direktoru N.Məmmədovun imzaladığı arayışı da redaksiyamıza təqdim edib. Məsələ ondadır ki, sözügedən ünvanda kafenin tikilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı məhz “Həsrət” Kiçik Müəssisəsinin adına verilib. Lakin müəssisənin direktorunun imzaladığı arayışda bildirilir ki, sözügedən ünvanda yerləşən kafe həqiqətən də Heydərov Elman Buludxan oğluna məxsusdur. Kafenin tikintisinə və invertarların alınmasına çəkilən bütün xərclər onun tərəfindən ödənilib. Bundan başqa kommunal, vergi xərcləri və işçilərin əməkhaqları da onun tərəfindən ödənilib. “Həsrət” İKM-nin əraziyə qarşı heç bir tələbi yoxdur.

E.Heydərov bildirir ki, obyektinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən “Çıxarış”ının olmaması o demək deyil ki, obyekt onun deyil. “Obyekt mənimdir və bunu sübut edən sənədlər, faktlar var. İndiyədək “Çıxarış” almamağımız “Hermes S” şirkətinin sahibinə əsas verə bilməz ki, onu heç bir kompensasiya ödəmədən dağıtsın”.

hermes-qiymet

Sahibkar müstəqil qiymətləndirmə şirkətinin onun obyektinə dair qiymətləndirmə sənədini də təqdim edib. Həmin sənəddə bildirilir ki, obyektin bir kv.metrinin bazar qiyməti 3903 manat, ümumi dəyəri isə 1 milyon 186 min manat təşkil edir. “Bunun qarşılığında mənə 136 min manat təklif edirlər. Belə vicdansızlıq olarmı?”

“RUSİYADA HƏYATIMI RİSQƏ ATIB, BU OBYEKTİ QAZANMIŞAM…”

E.Heydərov deyir ki, bu obyekti an çətin, təhlükəli dövrlərdə Rusiyada minbir əziyyətə qatlaşaraq, həyatını risqə ataraq işləməklə əldə edib. “90-cı illərdə ən ağır dövrdə Rusiyada yaşayıb, işləmişəm. Orda həyatımı risqə ataraq qazandığım pullarla bu obyekti ərsəyə gətirmişəm. 90-cı ildə Ulu öndərimiz Moskvada 20 yanvar hadisələri ilə bağlı mətbuat konfransı keçirəndə ətrafında olub, əlimdən gələni etmişəm. İndi kimsə çıxıb ortaya illərlə çəkdiyim əziyyətin üstündən xətt çəkir. Heç bir məhkəmə qərarı, qanuni əsası olmadan obyektimi darmadağın edib, il yarımdır nə kompensasiya ödəyir, nə də əvəzinə obyekt verir. Heç bir dövlət orqanı da bu haqsızlığı aradan qaldırmır. İndi biz nə edək?”

Şikayətçi bildirir ki, indiyədək müxtəlif dövlət orqanlarına şikayətlər yazıb, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəbulunda olub. Lakin bunların heç biri ədalətin bərpasına kömək etməyib. Bu səbəbdən media vasitəsilə Prezident İlham Əliyevə müraciət etmək məcburiyyəti qarşısında qalıb. E.Heydərov Prezidentdən xahiş edir ki, “Hermes S” şirkətinin qanunsuzluğuna son qoyulması, onun sökülmüş obyektinə görə ədalətli kompensasiyanın ödənilməsinə dair göstəriş versin. “Cənab Prezident, ümidim yalnız Sizə qalıb. İllərlə zəhmət çəkib, ərsəyə gətirdiyim obyekti bir gecədə dağıtdılar. İndi isə istəyirlər ki, real bazar dəyərindən 10 dəfə aşağı kompensasiya ödəməklə, faktiki olaraq əmlakımı ələ keçirsinlər. Ən acınacaqlısı isə odur ki, bu ədalətsizliyi Azərbaycan dövləti adından qərarlar qəbul edən məhkəmələr vasitəsilə edirlər. Xahiş edirəm, bu ədalətsizliyə son qoyun!”

BƏS “HERMES S” ŞİRKƏTİ NƏ DEYİR?

hermes-lovhe

Əməkdaşımız E.Heydərovun bu şikayəti ilə bağlı “Hermes S” şirkətinə müraciət edib. Şirkətin hüquqşünasi Elçin Kərimov bildirib ki, E.Heydərovun sənədləri “şübhəlidir”və bu, məhkəmə qərarları ilə sübut olunub. Bununla belə, məhkəmə tərəfindən E.Heydərova ödəniləcək kompensasiyanın miqdarı təyin olunub.

Səbail rayon Məhkəməsinin hakimi Zaur Əliyevin qəbul etdiyi 07 mart 2018-ci il tarixli Qətnamədən belə görünür ki, tərəflər məhkəməyə təqdim etdikləri iddia ərizələrində qarşılıqlı iddialar irəli sürüblər. Belə ki, “Hermes S” şirkətinin Qurban Abbasov 72 ünvanında yerləşən obyektin sökülməsinə görə Heydərov Elman Buludxan oğluna hər kv.metrə görə 500 manat kompensasiya ödənilməsi barədə qərar çıxarılması xahişinə qarşı sahibkar E.Heydərov məhkəmədən ona məxsus iaşə obyektinin qanunsuz sökülməsinə görə 1.670.000 manat dəyərində real, 500.000 manatdəyərində mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Məhkəmə araşdırma apararaq bu qənaətə gəlib ki, sözügedən ünvanda mövcud olmuş və “Hermes S” şirkəti tərəfindən sökülmüş obyektin Heydərov Elman Buludxan oğlunaməxsus olduğu mübahisə doğurmur. Bunu “Hermes S” şirkətinin məhkəmədə iştirak edən nümayəndəsi də mübahisələndirməyib. Lakin şirkət belə hesab edib ki, sözügedən iaşə obyekti daşınmaz əmlakın dövlət reyestrində E.B.Heydərovun adına qeydiyyata alınmadığından onun söküntüsü ilə bağlı kompensasiya məbləği obyektin hər kv.metrinə görə 500 manat olmaqla hesablanmalıdır.

Məhkəmə isə, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 72 ünvanında mövcud olmuş iaşə obyektinin sökülməsi nəticəsində Elman Heydərova dəymiş zərərin məbləğinin mübahisəli olduğunu, bu xüsusatın işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edib. “Legal Business Consulting” MMC-nin 15 fevral 2018-ci il tarixli rəyində isə E.Heydərova məxsus olmuş və “Hermes S” şirkəti tərəfindən sökülmüş obyektin bazar dəyərinin 136.500 manat olduğunun müəyyən edildiyi yazılıb. Hakim Zaur Əliyev məhz bu rəyi əsas götürərək Qurban Abbasov küçəsi 72 ünvanında mövcud olmuş obyektə görə “Hermes S” şirkətinin maddi ziyana görə 136.500 manat, mənəvi zərərə görə isə əlavə 2.000 manat E.Heydərova ödəməsi barədə Qətnamə qəbul edib (Bu qətnaməni artıq apellyasiya məhkəməsi də təsdiq edib-red.).

hermes-qerardad

Lakin həmin gün hakim Zaur Əliyev əlavə olaraq “Xüsusi Qərardad” da qəbul edib. Qərardadda bildirilir ki, məhkəmə baxışında Bakı şəhəri, Səbail rayonu 9-cu Bayıl döngəsində yerləşən 200 kv.m torpaq sahəsinin Heydərov Elman Buludxan oğluna ayrılmasına dair Səbail rayon İcra Hakimiyyəti Başçısının 21 fevral 1994-cü il tarixli, 523 saylı sərəncamının olması barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 04 oktyabr 2011-ci il tarixli, 3549 nömrəli çıxarışı təqdim olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının eyni tarixli və nömrəli sərəncamı Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 9-cu Bayıl döngəsində “Həsrət” Kiçik Müəssisəsinə “qəlyanaltı” pavilionunun tikintisinə icazə verilməsi barədədir. Dövlət Arxivinin Bakı filialının direktoru A.Allahverdiyev də məhkəmədə bunu təsdiq edib. Belə olan halda məhkəmə hesab edib ki, Səbail rayon İcra Hakimiyyəti başçısının sözügedən tarixli sərəncamının saxtalaşdırılıb-saxtalaşdırılmadığı cinayət təqibi qaydasında araşdırılmalıdır. Hakim belə bir qərardad qəbul edərək, onu Baş Prokurorluğa göndərib.

“OBYEKT ONUN OLSA DA TORPAQ BAŞQASININDIR”

“Hermes S” şirkətinin hüquqşünası Elçin Kərimov da xüsusilə məhz bu məqamın üzərində dayanır: “Məhkəmə obyektin Elman Heydərova məxsus olduğunu mübahisələndirməyib, biz də belə qəbul etmişik. Amma məhkəmədə həm də o sübut olundu ki, obyektin yerləşdiyi torpaq sahəsi başqa bir kiçik müəssisəyə məxsusdur. Həmin müəssisə ilə Elman Heydərov arasında isə heç bir hüquqi sənədləşdirmə – etibarnamə, alqı-satqı müqaviləsi, rəsmi razılaşma mövcud deyil. Yalnız 1997-ci ilə aid bir arayış təqdim olunub ki, o da notarial qaydada təsdiqlənmədiyindən məhkəmə onu hüquqi sənəd kimi qəbul etməyib. Belə olduqda hansı təminat var ki, sabah torpağın əsl sahibi ortaya çıxıb, bizə qarşı iddia irəli sürüb, əmlakının əvəzini istəməyəcək? İndi belə çıxır ki, biz bir obyektə görə 2 şəxsə kompensasiya ödəməliyik?

Əgər belə bir ehtimal olmasaydı, Elman Heydərov bizim ona sökülən obyektinin yerindən və həmin ölçüdə təklif etdiyimiz obyekti qəbul edərdi. Lakin o, bilir ki, sabah torpağın əsl sahibi məhkəmə iddiası qaldırıb, ona verdiyimiz obyekti əlindən ala bilər. Ona görə də yalnız pul tələb edir”.

hermes-bina

Hüquqşünas deyir ki, il yarım davam edən məhkəmə proseslərində torpağın hüquqi sahibi olan “Həsrət” Kiçik Müəssisəsinin təsisçisinin, digər vəzifəli şəxslərinin iştirakına nail ola bilməyiblər. “Bu adamlar bütün cəhdlərimizə baxmayaraq ortaya çıxmadılar. Elman Heydərov da buna maraq göstərmədi. Bu da haqlı olaraq bizdə şübhələr yaradır. Biz necə əmin olaq ki, bu bir oyun deyil və hansısa zamandan sonra adamlar əllərində sənəd ortaya çıxıb bizə qarşı tələblər irəli sürməyəcəklər?”

E.Kərimov həmçinin bildirir ki, Elman Heydərovun obyektinin sahəsi 304 deyil, 189 kvadrat metrdir: “Bu, elə özünün məhkəməyə təqdim etdiyi eskiz layihəsi ilə təsdiq olunur. Ekspertlər də təqdim olunan sənəddəki rəqəmləri əsas götürərək kompensasiya məbləğini təyin ediblər”.

Hüquqşünas qəbul edir ki, sözügedən ərazidə obyektlərin real bazar qiyməti 2-3 min manat və bəzən daha artıq təşkil edir. “Bəli, biz də bilirik ki, bu gün obyektlərin real bazar qiymətləri 2 min, 3 min manat və daha artıqdır. Amma qanuni sənədli torpağın. Heç kim sənədsiz torpağa görə bu qədər pul verməz. Elman Heydərovun obyekti isə nəinki sənədsizdir, üstəlik torpaq da dövlətə yox, onunla heç bir hüquqi bağlılığı olmayan kiçik müəssisəyə məxsusdur”.

Beləliklə, Bakıda daha bir əmlak mübahisəsinə dair uzun-uzadı məhkəmə prosesləri başlayıb. Kim haqlıdır, buna oxucu özü qərar versin…

“AzPolitika”

 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …