Ana səhifə / Araşdırma / “3 gün ac saxlayıblar…” – İntihar etdiyi deyilən gəlinin atası

“3 gün ac saxlayıblar…” – İntihar etdiyi deyilən gəlinin atası

Bir neçə gündür ki, Bakıda evi yandıraraq özünü 9-cu mərtəbədən ataraq intihar etdiyi deyilən qadınla bağlı mediada fərqli məlumatlar yayılır.

“Qafqazinfo” olaraq bu məsələyə aydınlıq gətirmək üçün intihar edən Könül Adıgözəlovun yaşadığı və intihar etdiyi deyilən evə baş çəkdik.

Nizami rayonunda “Vosmoy” bazarının yaxınlığında, İsmayıl Məmmədov küçəsində yerləşən mənzilin qapısı bağlı idi. Qonşuları hadisədən sonra ev sahiblərinin bir daha geri qayıtmadığını dedilər. Könül bu evdə əri, qayınatası və qayınanası ilə birgə yaşayırdı. Qonşular Könülün düşdüyü balkonu və blokun qarşısındakı yeri göstərdilər. Qan izini silmək üçün yerə maye tökülmüşdü.

Mərhumun əri, qayınatası və qayınanasını soraqlasaq da, onların hadisədən sonra yoxa çıxdıqları deyilir.

Qonşular bildirdilər ki, yeni ailənin övladı olmadığı üçün də söz-söhbətləri düşürmüş. Qızın atasının evini öyrənib ora yollandıq. Ramana qəsəbəsində yerləşdiyi deyilən evi xeyli axtarışdan sonra tapa bildik. Həyətdə mağar qurulmamışdı və hələ evin çölündə təmir işləri gedirdi.

Könülün atası Əli kişi ilə salamlaşıb kim olduğumuzu və nə üçün gəldiyimizi dedik. Ağır da olsa, mərhumun atası hadisə barədə danışmağa razı oldu.

Əli kişi dedi ki, qızını 1 il 4 ay öncə bu ailəyə ərə verib: “Onlar mənim uşağımı incitdilər. Durduq yerdə heç kim intihar etməz. Bircə şeyi deyirəm, axırıncı dəfə mənim qızımı qovub evimə göndərmişdilər. Sonradan barışıq oldu, qızı apardılar. Onda qızıma təzə telefon aldım, əvvəlki telefonunu əri sındırmışdı, amma bircə dəfə də ona imkan vermədilər ki, mənə zəng edib danışsın. Könül onlar evdə olmayanda gizlicə mənə “vızov” atırdı. Zəng də eləməyə qorxurdu ki, birdən kontur gedər, döyərlər. Onu bu vəziyyətdə saxlayırdılar. Yoldaşım da heç vaxt qızımı haqlı çıxarmırdı, deyirdi başına da vursalar da, döz, öldürsələr də otur orda. Axırda da öldürdülər. Deyirdi ki, uşağın olandan sonra sənə daha heç nə etməyəcəklər. Ekspertizadan bizə dedilər ki, qızım ölümdən öncə 3 gün ac qalıb, yemək yeməyib. Ona evdə işgəncə veriblər, 3 gün ac saxlayıblar. Könülün toy şəklinə baxın, evlənəndə 90 kilo idi, amma dünən xəstəxanada dedilər 47 kilodu. Görün onu necə saxlayıblar”.

Könülün dayısı bizimlə söhbətə qoşulub hadisəyə qədərki narazılıqların səbəbini dedi: “Əli “Vosmoy”dakı evini satanda qızının adına banka 10 min manat pul qoymuşdu. Onun 3500 manatı toy vaxtı xərcləndi, qalanı qalırdı. Könülün əri Anar Adıgözəlov bir gün qızı məcbur atasının evinə göndərdi ki, get pul al gətir. Əli də söz-söhbət olmasın deyə bankdakı 6500 manatı verdi. Sonra oğlan bir dəfə də qızı göndərib ki, əlavə 2000 manat da versin, onu da verib. Deyib ki, maşın alacağam. Maşın almayıb, qızı da yenə döyüb göndəriblər ki, maşın bahadı yenə 1000 manat versin. Əli onu da verib. Sonra gedib maşın aldı. O oğlan bu qızla ancaq pulunu görə evlənmişdi”.

Əli kişi övladının sonsuz olması barədə deyilənlərin yalan olduğunu deyib: “Mənim qızımda problem olmayıb. Oğlanın anası ilə bir yerdə aparmışıq, həkim deyib ki, heç bir problemi yoxdur. Amma öz oğlu bir dəfə də olsun həkimə getməyə razı olmadı. Birinci arvadından niyə övladı olmayıb? Onu da 6-7 ay saxlayıblar, ona da elə işgəncə veriblər, qaçıb ordan. Mənim qızım qaça bilmədi deyə öldü”.

Könülün atası kürəkənlərinin niyə boşandığını sonradan bildiklərini deyib: “Bizə dedilər boşanıb, daha dərinə getmədik ki, niyə boşanıb? Birinci arvadı oğlanın anasının qohumu olub. Mən sonradan bildim ki, buna görə də bizim toya arvad tərəfdən heç kim gəlməmişdi”.

Əli kişigil qızını ərə verdikləri ailəni öncədən tanımayıblar: “Qohum filan deyildik, onlar Cəbrayıldan idi, biz ermənistanlıyıq. Qızım bel sümüyündən müalicə üçün idman zalına gedirdi. Orada gözəllik salonu da var imiş. Oğlanın anası qızımı orada görüb, tanış olublar. Sonra da deyib ki, səni oğluma almaq istəyirəm. Biz “Vosmoy”un bu tərəfində qalırdıq, onlar o biri tərəfdə. Elçi gəldilər, biz də verdik”.

Könülün atası ağlayaq qızı ilə sonuncu söhbətini danışdı: “Ölməmişdən 4-5 gün əvvəl danışdıq. Bazara gəlmişdi, orda mənə dedi ki, ata, ayaqqabım yoxdu, pul ver özümə alım. Dedi 10 manatlıq alsam bəsdi. Dedim ucuzunu alma, 25 manat verdim, getdi”.

Əli kişi hadisə günü baş verənlər haqda heç nə bilmədiklərini dedi: “Biz də elə mətbuatdan oxuyuruq. Anarın atası Fərzəli mənə zəng edib dedi ki, sənin qızından xəbərin var? Dedim nə olub. Dedi get xəstəxanaya bilərsən, dedi söndürdü. Biz getdik anası ilə özü ordaydı, 1-2 söz soruşduq, durub qaçdılar. Telefonların da söndürüblər, əgər günahkar deyillərsə, üzə çıxsınlar. Yasa gəlsinlər, dəfnə gələrdilər.

Onlar qızıma çox işgəncə verdilər. Könül paltar qaynadan da qazan xarab olmuşdu. Qayınanası onu evdən qovub göndərmişdi ki, get atan qazanı alsın, gətir. Onu da alıb göndərdim. Qızımı heç bir xeyir işə gəlməyə qoymadılar. Ancaq pul lazım olanda bizə göndərirdilər. Könülə aldığımız bütün qızılları Anar lombarda qoyub pul götürüb. Özü “taksovat”lıqla məşğul idi. Elə ki, mənim pulum qurtardı, başladılar ona işgəncə verməyə. Anar bir dəfə də bizim evimizə gəlmədi”.

Könül atasının yeni evini görə bilməyib. Bu barədə də atası ağlayaraq danışdı: “Mən “Vosmoy”dakı evimi satıb kirayə qaldım. Burda torpaq aldım, ev tikməyə başladım. Bu ayın 5-də evə köçdük. İyirimi gün ərzində bir dəfə də icazə vermədilər ki, mənim evimə gəlsin. O, mənim evimi tanımırdı, özü bir gün burda qalmadı. Amma bu evə ölüsü gəldi, evdə də ancaq ölüsü qaldı”.

Əli kişi qızının intihar etdiyinə yox, öldürüldüyünə inanır: “Ekspertiza onun bədənindən tüstü və toksik maddə tapmayıb. Demək ki, qızım ev yananda artıq orada olmayıb, evi də o yandırmayıb. Onu itələyib balkondan atıblar, kürəyi üstə yerə düşüb, beli sınıb. Adam özünü atanda arxası üstə tullanır?! Qızımı bəlkə də itələyib yerə atıblar, ya da öldürüb sonra binadan atıblar. Özləri də neçə gündü yoxdular, qaçıb gizləniblər Əgər onların günahı yoxdursa, niyə qaçıblar? Niyə telefonlarını söndürüblər?”.

Həmçinin oxuyun

BAKI ÜRƏK MƏRKƏZİNDƏ XƏSTƏNİ NECƏ ÖLDÜRDÜLƏR? – VİDEO

47 yaşlı Babək Kərimovun xəstəxanaya ayaq üstə gəlib, əməliyyatdan sonra meyitinin xərəkdə çıxması qardaşı Zahid …

Bir cavab yazın