Ana səhifə / Araşdırma / 18 il əvvəlki cinayətin izləri: “Nardaranlı bala” və dəstəsi iş adamının qardaşını necə oğurlayıb?

18 il əvvəlki cinayətin izləri: “Nardaranlı bala” və dəstəsi iş adamının qardaşını necə oğurlayıb?

1999-cu ildə Bakıda adam oğurluğunda iştirak edən şəxs 18 il sonra həbs edilib. O, dəstənin qaçmağı bacaran üzvlərindən biri olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən 1969-cu il təvəllüdlü Süleymanov Məzahir Alı oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirlib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə şahidlər ifadə verib. Şahidlər Məzahir Süleymanovla birlikdə adam oğurluğu planını quran və həyata keçirən dəstənin üzvləri olub.

Onlar 5-14 il müddətinə azadlıqdan məhrum ediliblər və cəzalarını çəkərək azadlığa çıxıblar. M.Süleymanov isə ölkədən qaçaraq istintaqdan yayınmağı bacarıb.

Adam oğurluğu planı…

Məzahir Süleymanovun da üzvü olduğu dəstə Bakı şəhər sakini Tofiq Hüseynovun oğurlanmasını və ailə üzvlərindən külli miqdarda pul tələb edilməsi planını 1999-cu ildə hazırlayıb. Planı quran dəstənin əsas üzvləri həmin zaman həbsdə olublar.

Dəstənin əsas üzvləri Balaqardaş Dadaşov, Füzuli Yəhyayev, Mübariz Azayev, Sərdar Əsədullayev başqa şəxsləri də cəlb edərək sabit silahlı qrup-banda təşkil ediblər.

Ülfət Xuduyevin təşkilatçılığı ilə Müslüm Yəhyayev, İlham Almasov, Yaşar Cəfərov, Abil Qasımov, Tanrıverdi Süleymanov, Vidadi Qasımov, Nizami Qasımov, Elyar Həsənov, Elxan Məmmədov da dəstəyə əlavə üzvlər kimi daxil olublar.

Məmmədmirzə Hüseynovun qardaşı Tofiq Hüseynovun oğurlanması üçün ediləcək silahlı basqına hazırlıqla əlaqədar Ülfət Xudiyev təşkilatçı kimi Ədliyyə Nazirliyinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən Mübariz Azayev və Müslüm Yəhyayevlə birlikdə bandanınn digər üzvləri ilə telefon əlaqələri, şəxsi görüşlər vasitəsi ilə apardıqları müzakirələrdən sonra vəzifə bölgüsü aparıblar.

Plana əsasən Tofiq Hüseynovun idarə etdiyi maşının hərəkət marşurutu Vidadi Qasımov, Yaşar Cəfərov və Tanrıverdi Süleymanov tərəfindən mütəmadi olaraq izlənilib.

Daha sonra dəstənin 4 nəfər üzvü 6 dekabr 1999-ci ildə saat 23 radələrində pusqu qurublar. Dəstə üzvləri “VAZ- 2107” markalı maşında Tofiq Hüseynovun hərəkət edəcəyi yolda gözləyiblər.

Dəstənin digər üzvü Tanrıverdi Süleymanov “VAZ- 2107”-də olan Yaşar Cəfərova zəng edərək Tofiq Hüseynovun “Mercedes 230” markalı maşını ilə gəldiyini xəbər verib. Binə qəsəbəsində, xəqani küçəsinin girəcəyində, Tofiq Hüseynovun evinin yaxınlığında maşınının qarşısı kəsilib.

Dəstə üzvləri Tofiq Hüseynovun maşınını əhatəyə alıb. Yaşar Cəfərov əlində olan tapançanı Tofiq Hüseynovun başına dayayıb və maşının arxa oturacağına keçməsini tələb edib. Bu zaman Tofiq Hüseynovun başına küt alətlərlə zərbələr endirilib. Yaranmış dava zamanı Tofiq Hüseynov bir neçə bıçaq zərbəsi də alıb. T.Hüseynovun əllərini və ayaqlarını bağlayan dəstə üzvləri onu öz maşınının arxa oturacağına yerləşdiriblər.

T.Hüseynov oğurlanaraq dəstənin digər üzvləri Vidadi və Nizami Qasımov qardaşlarının yaşadığı Keşlə qəsəbindəki evlərinə gətirilib.

13 gün müddətində bu ünvanda saxlanılan T.Hüseynovun səhhəti ilə maraqlanmaq üçün cərrah işləyən Sahib Hüseynov da həmin ünvana gətirilib. Ona tibbi yardım göstərilib.

Məzahir Süleymanov və dəstənin digər üzvləri qeyd edilən ünvanda oğurlanan T.Hüseynovun keşiyini çəkiblər. Bu günlər ərzində də T.Hüseynov dəstə üzvləri tərəfindən döyülüb.

T.Hüseynov oğurlanan zaman üzərində olan qol saatı, nağd pulu və telefonu da dəstə üzvləri tərəfindən ələ keçirilib.

Oğurlanan T.Hüseynovun qardaşı Məmmədmirzə Hüseynovla telefon danışıqlarını dəstənin digər üzvü Elyar Həsənov aparıb. E.Həsənov M.Hüseynovdan qardaşının sağ qalması və sərbəst buraxılması üçün pul tələb edib. Məmmədmirzə Hüseynovdan tələb edilən məbləğ 1 milyon 500 min dollar olub.

Maraqlıdır ki, dəstə üzvlərindən biri də oğurlanan şəxsin yaxın qohumu olub.

İstintaqla müəyyən edilib ki, dəstə üzvlərindən Sərdar Əsədullayev oğurlanan şəxsin qohumudur və o, ailədki məlumatları üzvü olduğu dəstəyə çatdırırmış.

Amma cinayətkar dəstənin üzvləri niyyətlərinə çata bilməyib və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilə əməliyyta zamanı həbs ediliblər.

Yuxarıda da qeyd etdiyimiz kimi, dəstə üzvlərinin bir çoxu artıq cəzalarını çəkərək azadlığa çıxıblar. Onlar bir neçə ay əvvəl həbs edilən Məzahir Süleymanovun cinayət işi üzrə məhkəmə prosesində şahid kimi ifadə veriblər.

Məhkəmədə dindirilən ilk şahid dəstənin üzvlərindən Mübariz Azayev olub. Törətdiyi əmələ görə 14 il həbs cəzasına məhkum edildiyini deyən M.Azayev təqsirləndirilən şəxsi tanımadığını deyib. M.Azayev oğurluq planını həbsdə planlaşdırılmaqda ittiham edilib.

Uzun illər güləşlə məşul olduğunu deyən M.Azayev həbsdən çıxdıqdan sonra güləş müəllimi işlədiyini bildirib.
Digər şahid isə Elxan Məmmədov olub. O, 10 il həbsdə yatdıqdan sonra azadlığa çıxıb. E.Məmmədov təqsirləndirilən şəxsi tanımadığını söyləyib.

Dindirilən növbəti şahid Nizami Qasımov da bu işə görə 5 il həbsdə yatdığını deyib. O, nə özünün, nə də bu işə görə həbs edilən qardaşı Vidadi Qasımovun günahının olduğunu deyib. Onun sözlərinə görə, bu işdə adı keçən Yaşar Cəfərov qardaşının dostu olub. Y.Cəfərov bir neçə gün yaşamaq üçün qardaşından ev istəyib: “Qardaşım Vidadi də mənim Keşlədə olan evimin yerini ona göstərib. Onlar da həmin evdə oğurlanan şəxsi saxlayıblar. Qardaşım və mən bu işdən xəbərsiz olmuşuq”.

Məhkəmədə şahid qismində dindirilənlərdən biri də professordur.

Hazırda Respublika Klinik Xəstəxanasında cərrah işləyən professor Sahib Hüseynov ona görə şahid qismində dindirilib ki, o, oğurlanan Tofiq Hüseynovun gizli saxlanıldığı evə gedərək onu müalicə edib.

S.Hüseynov barəsində də cinayət işi açılsa da sonradan bu işə xitam verilib.

Məhkəmədə sualları cavablandıran cərrah deyib ki, Tanrıverdi adlı həkim dostu ona zəng edərək bir nəfər xəstə olduğunu və ona baxmasını xahiş edib: “Mən dedim ki, xətəxanaya gətirsinlər. Amma bildirdilər ki, xəstəxanalıq bir şey yoxdur. Sonra məni həmin evə apardılar. Gecə olduğundan hər yer qaranlıq idi. Xəstəyə baxanda ağır xəsarəti yox idi. Amma daxildə nəsə probleminin olacağından ehtiyat etdiyim üçün onun xəstəxanaya aparılmasını məsləhət görüb getdim. Amma sonra bilmədim ki, onu xəstəxanaya apardılar, ya yox”.
Həkim onu da bildirib ki, Tofiq Hüseynovun yanına gedərkən əllərinin və ayaqlarının bağlı olduğunu görməyib. Onun dediyinə görə, T.Hüseynovun oğurlanması, işgəncə görməsi ilə bağlı ona heç bir söz deyilməyib.

Məhkəmə prosesi digər şahidlərin dindirilməsi ilə davam edəcək.

Bildirək ki, dəstənin başçılarından biri olan kriminal aləmdə “Nardaranlı Bala” ləqəbi ilə tanınan Balaqardaş Dadaşovdur.

Qardaşı oğurlanan Məmmədmirzə Hüseynov isə o zaman “Binə” yarmarkasının sahiblərindən biri olub.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın