Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / 1,7 MİLYONLUQ VAQONA 15 MİLYON SAYILIBMI? – “Dəmir Yolları”ndan yarımçıq açıqlama

1,7 MİLYONLUQ VAQONA 15 MİLYON SAYILIBMI? – “Dəmir Yolları”ndan yarımçıq açıqlama

“Azərbaycanın 2 vaqona xərclədiyi pula (30,384 milyon dollara) Rusiya və ya Polşa 18 vaqon satın ala bilərdi”

“Polşa və Rusiyanın 1,7 milyon dollara satın aldığı vaqonu Azərbaycan 15,2 milyon dollara alıb. Azərbaycanın 2 vaqona xərclədiyi pula Rusiya və ya Polşa 18 vaqon əldə edə bilərdi…” Bu fikirlər iqtisadçı alim Nemət Əliyevin “facebook” səhifəsindən paylaşdığı  yazısında əks olunub.

Ekspertin yazısında daha sonra qeyd olunur: “Azərbaycan Dəmir Yollarının adının hallanmadığı qalmaqal qalmayıb. Bu Qapalı Səhmdar Cəmiyyətin yarıtmaz idarəçiliyi haqqında çox yazılar yazılıb, çox fikirlər deyilsə də, hələ ki, əməlli-başlı bir nəticə hasil olmayıb. Kanadanın “Bombardier” şirkəti ilə korrupsiya əlaqələrinə girərək Dünya Bankının Azərbaycan Dəmir Yollarına ayırdığı milyonlarla maliyyə vəsaitinin qiymətləri süni şişirtmə yolu ilə “otkat” şəklində ələ keçirilməsinə dair mətbuat səhifələrini bürümüş qalmaqalın səsi-sorağı səngiməmiş növbəti bir rüsvayçılığın da üstü açılıb: 2018-ci ildə Belarusdan 1 ədədi 3,533 milyon dollara satın alınan vaqonu Azərbaycan Dəmir Yolları bu il elə həmin ölkədən 15,192 milyon dollara satın alıb. Vaqonun builki qiyməti ötənilki qiymətdən 4,3 dəfə baha və ya 11,659 milyon dollar çoxdur. Bəlkə də dünya ticarət tarixində bu dərəcədə rüsvayçılıq olmayıb.

DSK-nın Dövlət Gömrük Komitəsinə istinadən yaydığı məlumatlarda bildirilir ki, 2019-cu ilin I rübündə Azərbaycan Belarusdan əmtəə nomenklatura kodu 8603 olan 2 ədəd vaqon gətirib və buna görə 30 milyon 384 min dollar xərclənib. Bir ədəd vaqon 15 milyon 192 min dollara başa gəlib. Başqa bir rəsmi məlumata görə isə nomenklatura kodu və adı eyni olan həmin vaqonun 1 ədədi 2018-ci ildə Belarusdan 3,533 milyon dollara satın alınıb (2018-ci ildə 8 ədəd vaqona 28 milyon 264 min dollar vəsait xərclənib).

Təsəvvür edirsinizmi, 8 vaqona görə 28,264 milyon dollar, 2 vaqona görə 30,384 milyon dollar ödəniş edilib. Başqa sözlə desək, 8 vaqonun pulunun üstünə 2,1 milyon dollar da əlavə eləyib vur-tut 2 ədəd vaqon gətiriblər ölkəyə. Belə qaydada həyata keçirilən ticarət həm dövlət, həm də xalq adına böyük rəzalətdir. Bu rüsvayçılığa heç cür haqq qazandırmaq mümkün deyil”.

nemet-eliyev

Ekspert N.Əliyev daha sonra qeyd edib ki, Belarusun rəsmi mənbələrinə istinadən apardıqları araşdırmalar göstərir ki, Rusiya Federasiyası bu ilin I rübündə eyni əmtəə kodu və eyni adı olan vaqonun 3 ədədini Belarusdan 5,117 milyon dollara satın alıb: “Baş tutmuş bu ticarət sövdələşməsində vaqonun bir ədədi Rusiya Federasiyasına 1,706 milyon dollara başa gəlib. Azərbaycan isə eyni vaqonu 15,192 milyon dollara satın alıb. Polşa da 2019-cu ilin yanvar-mart dövründə həmin vaqonlardan 5 ədəd alıb və bu 5 vaqona görə Belarusa 8,495 milyon dollar ödəyib. Bu ticarət sövdələşməsində bir vaqon Polşaya 1,695 milyon dollara başa gəlib. Azərbaycan isə eyni adlı vaqona görə 15,192 milyon dollar ödəmə həyata keçirib. (http://www.belstat.gov.by/…/eksport-i-import-tovarov-g-6-z…/)”

Ekspert iddia edib ki, bu ilin I rübündə Azərbaycana satılan vaqonun qiyməti ilə digər ölkələrə satılan vaqonların qiymətləri arasında fantastik fərq var: “Məlum olur ki, Rusiya və Polşanın Belarusdan orta hesabla 1,699 milyon dollara satın aldığı vaqonu Azərbaycan 9 dəfə baha qiymətə alıb. Qiymət fərqi bir vaqona görə 13,493 milyon dollar, 2 vaqona görə isə 26,986 milyon dollardır. Bu fərq məbləğinə Rusiya və ya Polşa 16 ədəd əlavə vaqon ala bilərdi. Başqa sözlə, Azərbaycanın 2 vaqona xərclədiyi pula (30,384 milyon dollara) Rusiya və ya Polşa 18 vaqon satın ala bilərdi. Lakin bu dərəcədə elementar arifmetikanı Azərbaycan tərəfdən ticarət sövdələşməsini həyata keçirən səlahiyyətlilərimiz apara, nəzərə ala bilməyib, yaxud da almaq istəməyib”.

“Axı Belarus Rusiya və Polşaya satdığı vaqonları Azərbaycana nədən 9 dəfə baha satıb? Bəlkə, bu fantastik qiymət fərqi Azərbaycan Dəmir Yolları rəhbərliyinin diqqətindən yayınıb? Heç inandırıcı deyil…” -deyə iqtisadçı alim bildirib.

N.Əliyevin sözlərinə görə, məsələni dramatikləşdirən növbəti bir hal ondan ibarətdir ki, Belarus ilə Azərbaycan arasında həyata keçirilən vaqon ticarətində Azərbaycanın ziyanına kəskin qiymət fərqi yalnız 2019-cu ilin yanvar-mart dövründə deyil, əvvəlki illərdə də yaşanıb: “2018-ci ilin yanvar-dekabr dövründə Belarus Respublikası əmtəə nomenklatura kodu 8603 olan 31 ədəd vaqon ixrac edib. Bir vaqonun orta ixrac satış qiyməti Belarus üzrə 1,149 milyon dollar olub. Buna baxmayaraq, 2018-ci ildə Azərbaycanın Belarusdan satın aldığı bir vaqonun qiyməti bu orta qiymətdən 3 dəfə baha olmaqla 3,533 milyon dollar təşkil edib. Nəticə çıxarmaq baxımından çox ibrətamizdir ki, Rusiya 2018-ci ildə Belarusdan satın aldığı vaqonun birinə 985,3 min dollar ödəyib. Azərbaycan eyni vaqona görə Rusiyanın ödədiyindən 3,6 dəfə çox pul sayıb.

Vaqonların orta ixrac satış qiyməti Belarus üzrə 2017-ci ildə 1,5 milyon dollar, 2016-cı ildə isə 2,4 milyon dollar olub. 2016-cı ildə Polşanın 2,0 milyon dollara, Gürcüstanın 2,8 milyon dollara, Rusiyanın isə 2,2 milyon dollara satın ala bildiyi vaqona Azərbaycan 3,4 milyon dollar xərcləyib.

Həm ölkələr, həm də illər üzrə aparılan təhlillərin ortaya çıxardığı bu rüsvayçı mənzərə süni qiymət şişirtmələri, israfçılıq, yeyinti, korrupsiya, tutduğu vəzifədən sui-istifadə və sairə hallar üzrə Azərbaycan Dəmir Yollarının həyata keçirdiyi ticarət sövdələşmələrinin çox ciddi şəkildə yoxlanılmasını zərurətə çevirir. Odur ki, Maliyyə Nazirliyi özünü doğrultmalı, Hesablama Palatası hərəkətə keçməlidir. Heç olmasa bu dəfə öz vəzifələrini icra etməli, havaya sovrulan milyonların büdcəyə qaytarılmasını təmin etməlidirlər. Çünki indiki zamanda həm dəmiryollarının, həm orada çalışan yüzlərlə insanların, həm də dövlət büdcəsinin itkiyə verilən o milyonlara ehtiyacı böyükdür. Nəzərə almaq vacibdir ki, Azərbaycan Dəmir Yollarının xərclərinin, borclarının böyük hissəsi dövlət büdcəsi hesabına ödənilir. Dövlət büdcə vəsaitləri hesabına bu sahəyə iri həcmli investisiya yatırımları həyata keçirilib. Odur ki, burada kiməsə, hər hansı güzəşt olmamalıdır”.

Ekspert Belarusun öz ticarət partnyorları arasında bu dərəcədə ayrı-seçkilik yaratmaq istəməsini də inandırıcı hesab etmir. Hətta vaxtilə Azərbaycan dövlətinin Belarusa çətin vəziyətdəykən 900 milyon dollar borc verməsini xatırladaraq qeyd edib ki,  hər hansı güzəşt olardısa, bu ilk növbədə Azərbaycana edilməli idi: “Borc verərək düşdüyü çətin vəziyyətdən çıxardığımız bir ölkənin digər partnyor ölkələr ilə müqayisədə Azərbaycana 9 dəfə baha qiymətlər tətbiq eləməsi heç inandırıcı deyil. Odur ki, Belarusla Azərbaycan arasında həyata keçirilən vaqon ticarətində gizli, qaranlıq məqamların olmasını inkar eləmək əsla mümkün deyil”.

Ekspertin bu geniş yazısına “Azərbaycan Dəmir Yolları” QSC çox qısa və yarımçıq cavab verib. Açıqlamada bildirilib ki, “2019-cu ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Belarus Respublikasından hər hansı vaqon alınmayıb”.

Həmin açıqlamanın tam mətnini təqdim edirik: “Son günlər bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti ilə bağlı yayılan qərəzli və həqiqətə uyğun olmayan məlumatlara dair aşağıdakıları bildirməyi zəruri hesab edirik:

2018-ci ildə Belarus Respublikasından 2 ədəd sərnişin vaqonu deyil, İsveçrənin “Stadler Rail Group” şirkətindən onun Belarus Respublikasındakı zavodunda komplektləşdirilmiş hər biri 4 vaqondan ibarət olan 2 ədəd ən müasir texnologiyalar ilə təchiz edilmiş ikimərtəbəli “KİSS” markalı elektrik qatarları alınmışdır. Sözügedən qatarlar Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edirlər. Şəkilləri əlavə olunur.

Eyni zamanda məlumat üçün bildiririk ki, Avropada dəmir yolu xətlərinin standartı 1435 mm, Azərbaycanda isə 1520 mm təşkil edir. İsveçrənin “Stadler Rail Group” şirkətinin Azərbaycan standartlarına cavab verən qatarları isə həmin şirkətin məhz Belarus Respublikasındakı zavodunda komplektləşdirilir. Bu barədə ətraflı məlumatı həmin şirkətin rəsmi internet səhifəsindən əldə etmək olar.

https://www.stadlerrail.com/ru/o-nas/podrazdeleniya/zao-shtadler-minsk/110/

Aradakı fərqin daha aydın anlaşılması üçün nümunə olaraq Belarus Respublikasının özünün istehsal etdiyi vaqonların şəkillərini diqqətinizə təqdim edirik:

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məsələ ilə bağlı həqiqəti əks etdirməyən, ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyan qeyri-peşəkar məlumatların yayılması olduqca təəssüf hissi doğurur”.

Şəkillərə baxdıqda, əlbəttə, Azərbaycana satılan vaqonun daha müasir formada komplektləşdirildiyi görünür. Ancaq bu fərqin 13.5 milyona çıxmasına  (Polşa və Rusiyanın 1,7 milyon dollara satın aldığı vaqonu Azərbaycanın 15,2 milyon dollara alıb) əsas verirmi?  Belə böyük fərqin yaranmasının obyektiv səbəbləri varmı? 2018-ci ildə Belarusdan alınan vaqonlar Polşa və Rusiyanın aldığı vaqonlardan heç nə ilə fərqlənməyibsə, niyə onlar 1 ədədinə 1,7 milyon, “Azərbaycan Dəmir Yolları” QSC 3,533 milyon dollar ödəyib?  Əgər həmin vaqonlar da komplektləşdirilibsə niyə onda 2018-ci ildə Belarusa 1 ədədinə görə 3,533 milyon dollar, bu il isə 15,192 milyon dollar ödənilib?

“Azərbaycan Dəmir Yolları” QSC doğrudan da ictimaiyyəti ortada korrupsiyanın olmadığına inandırmaq istəyirsə, bu suallara əsaslı şəkildə cavab verməlidir. Hər halda 2 şəkillə 13,5 milyonluq fərqi izah etmək mümkün deyil!

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …