Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / 16 yaşlı nəvəsinin cinsiyyət orqanını kəsən baba: “Sübut etmək üçün kəsdim”- Təfərrüat

16 yaşlı nəvəsinin cinsiyyət orqanını kəsən baba: “Sübut etmək üçün kəsdim”- Təfərrüat

Nəvəsini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib. Ağdam rayon sakini 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu boğaraq amansızlılqa qətlə yetirməkdə təqsirli bilinir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Rakif Bayramovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmədə şahidlər ifadə verib.
İlk şahid Rakif Bayramovun qudası Həsənov Saleh olub.
S.Həsənovun ifadəsində məlum olub ki, öldürülən şəxsin meyidi onun maşınında Ağdamın Çəmənli kəndinə aparılıb. Amma o deyib ki, meyidin maşına qoyulmasından xəbəri olmayıb.
Həsənov məhkəmədə hadisənin təfərrüatlarını belə danışıb: “Məni evə çağırdı. Dedi ki, “uşağı öldürüb, gecə saat 2-də evinin qabağına gətirib qoyublar”. Məni həyəcan boğurdu. Axı bu uşağı niyə öldürüblər deyə soruşdum? Dedi ki, “heç kimə heç nə demə”. Evdə arvadı da var idi. Mən də uşağın Çəmənlidə olduğunu bilirdim. Dedi, gəl rayona sənin maşınınla gedək. Nəvəsinin yasına getdiyimizi demişdi. Yolda maşından iy gəlirdi. Dedim ki, Rakif bu nə iydi? Dedi ki, “fikir vermə, sür”. Yolda arvadı da ağlayırdı. Soruşdum ki, bəs bu uşağı öldürüblərsə, meyidi hanı? Qayıtdı ki, “meyit maşındadır”. Dəli oldum. Başladım qışqırmağa, onunla tutaşdım. Dedim, gəl qayıdaq, meyidi verək hökumətə. Belə meyit aparmırlar, deyək görək bu uşağı kim, niyə öldürüb? Mən nə qədər yalvar-yaxar elədimsə, fikir vermədi. Maşını mən sürürdüm. Yolda maşını sağa-sola elədim ki, bəlkə polis saxlasın. Mən də düşüb, qaçım. Amma polis saxlamadı. Gəlib kəndə çatdıq. Mənim meyidə əlim də dəyməyib. Özləri yuyub-basdırdılar, icra hakimiyyətindən də adamlar gəldi, yasda başsağlığı verdilər. Ona qədər də uşağı kimin öldürdüyünü bilmirdim. Bir neçə gün keçdi. Binəqədi polisindən gəldilər. Dedilər ki, bu qətldir və uşağın basdırılması iz itirmək üçün edilib. Araşdırmalara başladılar, meyiti çıxardılar. Məlum oldu ki, uşağı Rakif öldürüb. Başımı itirmişdim. İndi də inana bilmirəm ki, uşağı Rakif öldürüb”.
Şahid Saleh Həsənov suallara cavab verərkən qudası ilə münasibətlərinin yaxşı olduğunu deyib.
O, mərhumun ailəsini incitdiyini və problemlərin yaşandığını da söyləyib: “Qudam deyirdi ki, uşağın tərbiyəsi ilə məşğul ola bilmir. Dəfələrlə atasına deyib ki, gəl uşağı apar, yetkinlik yaşına çatıb. Tərbiyəsi ilə ciddi maraqlanmaq lazımdır. Biz də eşidirdik ki, uşaq nəsə pis əməllər tutur”.
Prokuror şahidə sual verib: “Niyə meyidin maşında olduğunu bildikdən sonra polisə müraciət etməmisən? Kəndə çatanda polisə gedə bilərdin”.
Şahid Həsənov bildirib ki, yolda qudası onu hədələyib, öldürəcəyini, qətli onun üstünə atacağını deyib: “Mən kənddə çatana, polislər gələnə qədər Turalı kimin öldürdüyünü bilmirdim. Amma Rakif dedi ki, heç nə danışmayım. Mən də qorxdum”.
Təqsirləndirilən R.Bayramov da bu haqda danışıb və deyib ki, qudasını bu işə özü məcbur edib: “Ağsaqqal adamam, nə demişəmsə, inandılar. Nəvəmi mən öldürmüşəm. Şəhid oğlumu söydü, mən də öldürdüm. Salehi də qorxutdum ki, səsini çıxarmasın”.
Hakim şahid Saleh Həsənova xatırladıb ki, onun cinayəti bilib gizlətməsində şübhələr olduğuna görə barəsində cinayət işi açılın.
Prokuror Rakif Bayramovun istintaqa ifadəsinin bir hissəsini elan edib.
Rakif Bayramov ifadədə deyir: “Nəvəmin evə narkoman dostlarını gətirdiyini öyrəndim. Artıq onun hərəkətlərindən bezmişdim. Nə qədər xəbərdarlıq etsəm, başa salsam da, xeyri yox idi. Hadisədən bir gün əvvəl onun evə narkoman dostunu gətirdiyini eşitdim. Əsəbiləşdim, arvadım da evdə idi. Onu bazara göndərdim. Uşaqla mübahisə etdim. Şəhid olan oğlumun gorunu və məni söydü. Üstümə gələndə bir yumruq vurdum. Yerə yıxıldı. Tez əllərini bağladım. Ağzına parça salıb iplə bağladım ki, qışqırmasın. Mətbəxdən bıçaq gətirib cinsiyyət orqanını kəsdim. Sonra iplə boğub, öldüyünə əmin oldum. Yorğana büküb, yatağın altına qoydum”.
R.Bayramov məhkəmədə isə deyib ki, nəvəsini öldürəndən sonra cinsiyyət orqanını kəsib. O, nəvəsinin cinsiyyət orqanını kəsməsini belə izah edib: “Oğlumun qəbrini, mənim də ağzımı söydü. Mən də sübut etmək üçün kəsdim. Amma öləndən sonra kəsmişəm”.
Məhkəmədə digər şahid Rakif Bayramovun oğlu Vaqif Bayramov olub.
O deyib ki, hadisə günü evə gələndə atasını, anasını və bacısı Ballını görüb: “Evə girərkən sellofan torbaya bükülmüş nəsə gördüm. Amma nə olduğunu soruşmadım. Turalın harada olduğunu soruşanda isə dedilər ki, xəbər yoxdur. Bir müddət keçəndən sonra öldürüldüyünü dedilər”.
Prokuror şahidin qətl hadisəsinə bu dərəcədə soyuqqanlı şəkildə yanaşmasına diqqət çəkib və deyib: “Necə ola bilər ki, bacınızın oğlu ölüb, bu dərəcədə soyuqqanlı reaksiya veribsiz? Adamın bir manatı itəndə aləmi dağıdır”.
Prokurorun istəyi ilə Vaqif Bayramovun istintaqa ifadəsi elan edilib.
Vaqif Bayramov istintaqa ifadəsində deyib: “Turaldan iki gün idi xəbər yox idi. Bacım Ballıdan soruşanda deyirdi ki, görməmişik. Mən dedim ki, polisə müraciət edək. Anam və bacım polisə deməyimizi istəmədilər. Bir neçə gün sonra evə gedəndə gördüm ki, bir nəfəri salafan torbaya büküb qapının girəcəyinə qoyublar. Nə olduğunu soruşdum. Dedilər ki, öldürüblər. Bizi də öldürəcəkləri ilə hədələyiblər. Atam evdə yox idi. Dedilər ki, heç kimə heç nə demə. Sonra evə qayıtdım. Öz ailəmlə Çəmənliyə getdik. Biz çatanda artıq molla gəlmişdi. Meyit yuyulmuşdu. Sonradan polislər gəldi. Araşdırma aparılanda məlum oldu ki, atam öldürüb”.
O, istintaqda və məhkəmədə dedikləri arasında ziddiyyətlər olmasını izah edə bilməyib.
Məhkəməyə həbs edilən Rakif Bayramovun böyük oğlu Rövşən Bayramov da çağırılıb. O, istintaqa ifadəsini təsdiq etdiyini söyləyib.
Məhkəmənin növbəti iclası yanvarın 27-nə təyin edilib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın