Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / 14 saylı cəzaçəkmə müəssisəsində baş verənlərlə bağlı hədə-qorxu

14 saylı cəzaçəkmə müəssisəsində baş verənlərlə bağlı hədə-qorxu

Ötən ilin dekabrında Penitensiar xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalaraq öldürülən Elşad Babayevin qohumu kimi özünü təqdim edən Şəhla Rüstəmova Conflict .az saytına məktub ünvanlayıb. Məktubda Ş. Rüstəmova mərhumun bacısı Simuzər Babayeva ilə bir çox yerlərə şikayətə getdiyi üçün təzyiqlərlə üzləşdiyini, ölkədə olmadığına baxmayaraq qohumlarına təzyiq edildiyini, özünün və 2 övladının polislər tərəfindən axtarıldığını bildirir. Conflict.az-ın poçtuna daxil olan məktubu olduğu kimi oxuculara təqdim edirik:

“Mən Şəhla Rüstəmova mərhum Elşad Babayevin yaxın qohumuyam. Elşad Babayevin ölümündə günahkar olan 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarının cəzalandırılması üçün mən mərhumun bacısı Simuzər Babayeva ilə bir çox yerlərə şikayətə getmişəm. Hər yerdə bizə olumsuz cavab verərək işi ört-basdır etməyə çalışıblar. Həmin vaxtdan mənə qarşı da təzyiqlər başlandı. Məni orda iki uşağımla hədələyərək təhdid etdilər. Hal-hazırda mən ölkədə deyiləm. Lakin mənim orda yaşayan yaxın qohumlarımın evinə gedilir, onlara təzyiqlər edilir, məni və uşaqlarımı axtarırlar. Hesab edirəm ki, orada qohumlarıma qarşı hər an xoşagəlməz hadisə baş verə bilər. Bu qanunsuz hərəkətlərə, qohumlarıma qarşı polis özbaşınalığına və təzyiqlərə son qoyulmalıdır. Düşünürəm ki, gələcəkdə baş verəcək hərhansı bir xoşagəlməz hadisənin qarşısını almaq üçün məsələ ictimailəşməlidir və sizdən köməklik göstərmənizi xahiş edirəm “

Xatırladaq ki, ötən il Penitensiar xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib. Məhkum 31 yaşlı Elşad Babayev cəzasının bitməsinə 6 ay qalmış dünyasını dəyişib. Mərhumun yaxınlarının çəkdiyi şəkillərdə Elşad Babayevin çoxsaylı bədən xəsarətləri alması əks etdirilmişdi. Dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində qiyam qaldırıldığı söylənilirdi. Rəsmi açıqlamaya görə bir qrup məhkum daxili nizam-intizam qaydalarını pozaraq qaydalara zidd hərəkətlərə yol vermişdilər. Təsadüfi deyildi ki, məhkum Elşad Babayevin də ölümü məhz həmin günə, dekabrın 22-ə təsadüf edir.

Bu fakt bəzi ehtimalları ortaya qoyur. İddialardan biri budur ki, məhkumlar elə Elşadın öldürülməsinə etiraz edərək, qiyama cəhd ediblər. E.Babayevin bacısı Simuzər Babayevanın söylədiklərindən bəlli olur ki, E.Babayev həqiqətən də işgəncə ilə öldürülüb və məhbuslar da bu amansızlığa etiraz ediblər. S.Babayeva “Yeni Müsavat”a bildirib ki, qardaşının meyiti üzərində çoxsaylı işgəncə izləri olub. Bununla bağlı yayılan məlumatlarda deyilirdi ki, E.Babayevə qarşı müəssisədə məsul post tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə amansız rəftara yol verərək onun ölümünə səbəb olublar. Penitensiar Xidmət isə müəssisədə qiyam olduğunu təsdiqləsə də, bunun səbəbini məhbusların intizam qaydalarını pozmağa cəhdilə izah etmişdi.

Yazıda adı keçən bütün tərəflərin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın